Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü


Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü
Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı Lənkərandakı xiyabanda nadir ağacların kütləvi şəkildə qırılması faktlarını araşdırmağa başlayıb.
Virtualaz.org saytı ötən ay bu barədə yazmışdı. Həmin məqalədə deyilirdi ki, məhv edilən xiyaban Lənkəran Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının düz qarşısında yerləşir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir.
Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü
Buradakı bütün qanunsuz işlər Lənkəranın icra başçısı Taleh Qaraşovun birbaşa rəhbərliyi ilə aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də virtualaz.org saytının əməkdaşı ilə söhbətində xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, İDEA təşkilatının nümayəndələri martın 29-da Lənkəranda nadir ağacların kəsildiyi ərazidə yoxlama aparıblar. Taleh Qaraşov bu kütləvi ağac kəsimi barədəki xəbəri təkzib etməyə çalışıb. Deyib ki, park ərazisində tikinti işlərinə başlanması barədə hər hansı sərəncam yoxdur, kəsilən ağacların yerində isə sadəcə tikintisi yarımçıq qalmış obyektlərin inşası tamamlanır.
Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü
İDEA-nın mənzil-qərargahından virtualaz.org saytına bildirilib ki, təşkilat üzvləri Lənkəranda doğrudan da yoxlama aparıblar. Təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkməyə və burada ticarət obyektlərinin tikintisinin qarşısını almağa söz veriblər. O da məlum olub ki, ağacların kəsilməsi sonuncu dəfə martın 27-də həyata keçirilib.
Lakin İDEA-nın nümayəndələri LƏnkəranə tərk edən kimi icra başçısı T.Qaraşov öz vədinə xilaf çıxaraq parkda tikinti işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb. İcra başçısının sərəncamının surəti virtualaz.org saytının redaksiyasına daxil olub.
Bu sərəncam ağacların qanunsuz olaraq kəsildiyini bir daha sübut edir. Belə ki, həmin sənəddən də görünür ki, ticarət obyektlərinin tikintisi icra başçısının müvafiq sərəncamı olmadan həyata keçirilib.
Bundan əlavə, Lənkəranın hakimiyyət orqanları icra başçısının qanunsuz hərəkətlərindən Leyla Əliyevaya şikayət edən Lənkəran sakinlərinə təzyiq göstərməyə başlayıblar. Sakinləri öz müraciətlərindən imtina etməyə məcbur edirlər.
Lənkəran sakinlərinin virtualaz.org saytına göndərdiyi şikayətlərdə göstərilir ki, icra başçısının köməkçisi şəhər sakini Kamran Məcidova və onun anasına şəxsən özü zəng edərək onları hədələyib. Deyib ki, əgər onlar İDEA-ya müraciətlərindən imtina etməsələr, onların barəsində daha amansız və sərt tədbirlər görüləcək.
Müraciətdə göstərilir ki, kəsilmiş ağacların yerində tikiləcək ticarət obyektlərinin biri Lənkəranın icra başçısının müavinni İlqar Dadaşova məxsusdur (bu obyekt başqa şəxsin adına sənədləşdirilib).
Leyla Əliyeva “Lənkəran işi”ni nəzarətə götürdü
Lənkəranın baş arxitektoru şəhər sakinləri ilə söhbətində onu da etiraf edib ki, xiyabandakı ağacların kəsilməsinin qarşısını almaq praktiki olaraq mümkün deyil, çünki parkın bütün ərazisi icra hakimiyyəti tərəfindən praktiki olaraq satılıb.
Yada salaq ki, Lənkəranın bu ərazisində tikinti işləri aparmağı nəinki Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hətta Fövqəladə Hallar Nazirliyi də qadağan edib.
ETSN-dən virtualaz.org saytına verilən məlumata görə, nazirlik hüquq-mühafizə oqranlarına bu faktla bağlı araşdırma aparmaq tələbi ilə müraciət edib.
Virtualaz.org
Qeyd: Yazilanlara onu da əlavə edək ki, Lənkəranda nadir ağacların kütləvi şəkildə qırılması ənənəsi hələ 6-7 il öncə başlanılıb. Həmin vaxtlar şəhər mərkəzində, indi el arasında “Ağ şəhər” adlanan ərazidə də onlarla nadir ağaclar kəsilmişdi və “Cənub xəbərləri” qəzeti bu barədə geniş məqalə ilə çıxış etmişdi.
Cənub bölgəsində nadir ağaclara qənim kəsilən təkcə Taleh Qaraşov deyil, hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayev də Masallıda icra başçısı işləyərkən bu rayonda 500-dən artıq ağacı məhv edərək, yerində palma əkdi.R4suloffR4suloff

OXUNMA SAYI :1454

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff