Tanınmış təhlilçi Tomas de Vaal Azərbaycandakı islahatlardan yazdı: “2020-ci il Prezident üçün sınaq ili olacaq”

Britaniyalı jurnalist Tomas de Vaal Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisidir, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. O, Azərbaycanda gedən ictimai-siyasi prosesləri yaxından izləyir və ölkəmizlə bağlı Qərb mediasında mütəmadi şəkildə çıxış edir. Musavat.com bildirir ki, onun rəyi Qərbin siyasi dairələri üçün ciddi önəm daşıyır.

Tomas de Vaal Azərbaycanda gedən son proseslər haqqında nə düşünür? Britaniyalı jurnalistin ictimaiyyətə təqdim etdiyi son məqaləsində yer alan diqqətçəkən məqamları sizlərlə bölüşürük.

Məşhur “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının müəllifi “Is Change Afoot in Azerbaijan?” (Azərbaycan yerişini dəyişirmi?) adlı məqaləsində yazır ki, ətraf ölkələrlə müqayisədə Azərbaycan dəyişikliyə heç bir maraq göstərməyən adaya bənzəyirdi. Halbuki Ermənistan, Gürcüstan, İran və Türkiyədə səs-küylü islahatlar gedirdi. Lakin ölkədə sistemdaxili nəsil dəyişikliyi-demontaj gözləntiləri artırdı, müxalifət yenidən canlandı. 2020-ci il Azərbaycan prezidenti İlham Əliyev üçün sınaq ili olacaq.

Məqalədə oktyabrın 19-u və 20-də həm siyasi, həm də iqtisadi sahədə daha çox azadlıq tələb edən müxalifətlə polisin küçədə toqquşması qeyd olunur. Üstəlik, buna paralel olaraq daha çox təşviq olunan siyasi dəyişikliyin baş verdiyi də dərhal vurğulanır. Tomas de Vaal yazır ki, İlham Əliyev on altı ildir ki, iqtidardadır. O, 1990-cı illərdən üzü bəri iqtidara xidmət edən nazir və məsləhətçiləri-qocalıb əldən düşən köhnə qvardiyanı dəyişdirməyə başlayıb. Oktyabrın 24-də prezident nəhayət ki, 1995-ci ildən bu vəzifəni icra edən və 1980-ci illərdə-sovet dönəmindən müxtəlif dövlət vəzifələrində olan Ramiz Mehdiyevi fəxri post sayılan Azərbaycan Elmlər Akademiyasının rəhbəri vəzifəsi ilə mükafatlandırdı. Sitat: “Avtoritarlığı ilə seçilən cənab Mehdiyev ölkənin ikinci ən güclü adamı və anti-Qərb siyasətinin baş ideoloqu idi.

Gedən yaşlıların əvəzinə Prezident Kabinetinə bir sıra gənc texnokrat gətirildi. Son iyirmi beş ildə ilk dəfə olaraq baş nazir vəzifəsinə peşəkarlığı ilə tanınan Əli Əsədov təyin olundu. Ən dinamik texnokrat, keçmiş təhsil naziri və daha sonra vergi naziri kimi fəaliyyətinə görə yüksək etimad göstərilən qırx üç yaşlı Mikayıl Cabbarova iqtisadiyyat naziri kimi daha geniş səlahiyyətlər verildi.

15 oktyabrda isə İlham Əliyev çoxlarına təəccüblü görünən bir çıxış etdi və gizli qalan sirlərin üstündəki pərdəni kənara çəkdi. O ad demədən yüksək vəzifəli iqtidar məmurlarını şəxsi mənafelərinə görə islahatlara mane olmaqda ittiham etdi. Belələrinin bir-birini mətbuatda şantaj etdiyini söylədi. Prezident hökumətdəki vəziyyəti” dözülməz “adlandırdı.

Aydın məsələdir ki, iqtidarda nəsil dəyişikliyi gedir. Bu, həm də Azərbaycanda böyük islahatların başlaması deməkdirmi?”

Müəllif bildirir ki, 2000-ci illərin sonlarında başlayan neft bumu 2015-ci ildə milli valyutanın devalvasiyasından sonra manatın nüfuzuna böyük zərbə dəydi. Gəlirlər azaldı və on minlərlə insan sabit olmayan kreditlər nəticəsində çıxılmaz vəziyyətə düşdü.

Ancaq o vaxtdan bəri müəyyən irəliləyişlər də var. İqtisadiyyatda qeyri-neft-qaz sektorunun payı çox olmasa da, artdı. “Trump International Hotel & Tower Baku” sövdələşməsini həyata keçirmiş keçmiş nəqliyyat naziri, güclü boslardan olan Ziya Məmmədov vəzifədən kənarlaşdırıldı və təsir dairəsi azaldı, eyni zamanda iş adamları gömrük işçilərinin son illərdə daha az korrupsiyaya uğramış olduqlarını söyləyirlər.

Azərbaycanda gedən islahatları “avtoritar modernləşmə” səyi kimi təsvir etmək olar. Bu, ictimaiyyət üçün xoş görünür, ancaq bu, kifayət edəcəkmi?

Siyasi sistemi bir çox cəhətdən Azərbaycana bənzəyən Rusiyada Mixail Qorbaçovdan Dmitri Medvedevə qədər, liderlər xalqın islahata ümidlərini artıran müəyyən yarımçıq addımlar atdılar və islahatlardan geri çəkildilər.

Müəllif yazır ki, bir zamanlar idarəçilikdə qüdrətli olmuş Ramiz Mehdiyevə məxsus Naxçıvan klanını sıradan çıxmaqdadırlar və onları hazırda Bakı əsilli iş adamları və siyasi elita əvəz edir.

Sitat: “Bu mübarizənin xalis qalibi ölkənin birinci xanımı və birinci vitse-prezidenti Mehriban Əliyevadır… İndi xanım Əliyeva hökumətdəki iqtisadi islahatlara rəhbərlik edir”.

Tomas de Vaal daha sonra yazır: “Müstəqil iqtisadçı Qubad İbadoğlu deyir ki, adi vətəndaşlara fayda gətirmək üçün iqtisadiyyatın köklü şəkildə yenidən qurulması lazımdır. Bu ilin büdcəsində xərclərin 39,9 faizi inşaata ayrılıb. Sirr deyil ki, bu, korrupsiyanın böyük meydan verdiyi sahədir, büdcənin yalnız 4,2 faizi səhiyyəyə, cəmi 0,06 faizi isə ətraf mühitin qorunmasına yönəldilib”.

Müəllif müxalifətçi Respublikaçı Alternativ Partiyası hərəkatının rəhbəri İlqar Məmmədova da zəng vurduğunu yazır: “2018-ci ilin avqustunda həbsdən çıxandan bəri yenidən siyasi meydandadır”.

Müxalifətdə bəziləri Məmmədovu “konstruktiv müxalifət” olmağa çalışmaqda ittiham və tənqid edirlər, lakin o, belə tənqidləri ciddi qəbul etmir. O, partiyasının son nümayişdə iştirak etmədiyini söyləyir, çünki “o gün etiraz aksiyası vaxtı deyildi”. Lakin o, iqtidara münasibətdə də tənqidi mövqedə dayanır.

O, deyir ki, bir ildən sonra parlament seçkilərini gözlənilir və o, seçkilərə can atır. Son 25 ildə seçkilər formal xarakter daşıyıb və Ramiz Mehdiyevin ciddi nəzarəti altında və onun müəyyən etdiyi namizədlər əsasında keçirilib. İndi isə Ramiz Mehdiyev kənarda qalıb. Siyasi məkanda bir az genişlik yaranıb. İqtidar özü də bu vəziyyətə uyğunlaşmağa çalışır.

Məmmədov seçkinin ədalətli olmadığı təqdirdə nə edəcəyini bilir. Deyir ki, ya müxalifət parlamentdə olmalıdır, ya da xalqa fəallaşaraq ortaya iradə qoymalıdır”…

Tomas de Vaal yekunda yazır ki, 2020-ci il Azərbaycanda bir sınaq ili olacaq.  /Yenimusavat/

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 241
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter