• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Kəndin ən böyük problemi: bu fənlərdən dərs deyən yoxdur, şagirdlərsə... – Müsahibə


Sosial şəbəkələrdəki aktivliyi ilə tanınmış, Astara rayonunda Tarix müəllimi işləyən Həbib Əlizadə bəzi sualları cavablandırıb.

- Həbib müəllim, kəndlərdə pedaqoq azlığının başlıca səbəbi nədir?

- Ötən illərlə müqayisədə kəndlərdə müəllim azlığının müşahidə edilməsi nisbətən aşağı düşüb. 2015-ci ildə müəlllimlik üzrə işə qəbul imtahanına daxil olanların sayı təxminən 22 min idisə, 2018-ci ildə bu rəqəm 50 minə çatıb. Burda işə qəbul olunanların sayı 5-6 minə çatır. Onların arasında kifayət qədər müəllimlər var ki, hər il kəndlərə işləməyə gedirlər. İşə qəbul prosesində ilk daimi, sonra isə müvəqqəti plan yerləri doldurulur.

- Hansı fənlərdə müəllim azlığı müşhidə olunur?

- Hazırda kənd məktəblərində fizika, kimya, biologiya fənləri üzrə müəllim çatışmır. Dəqiq və texniki fənlərdə, xüsusilə təbiət yönümlü fənlərdə ciddi problemlər var. Riyaziyyat fənnində də böyük əskiklik görünür. Müəllimlər var, sadəcə bu fəndən nəticələr bəzən yetərli olmur. Eyni zamanda, xarici dil fənnindən buraxılış imtahanları ilə bağlı çox problemlər yaşanıb. Kəndlərin ən böyük problemi budur ki, uşaqlar heç cür xarici dili mənimsəyə bilmirlər. Bu da həm mühit, həm də müəllimlə bağlıdır.

- Rayondan şəhərə müəllimlik üzrə təhsil almağa gələn gənclər niyə geri qayıtmaq istəmir?

- Burada infrasktruktur, kommunal şərait, məktəbin imkanları kimi səbəblər başda durur. Eyni zamanda, Bakıda sosial çevrəsi olan müəllim həmin mühiti tapa bilmədiyi üçün geri qayıtmaq istəmir.

- Kəndlərə gələnlər arasında kişi, ya qadın müəllimlər üstünlük təşkil edir?

Adətən kənd məktəblərində, xüsusilə ucqar kəndlərdə kişi müəllimlər daha çoxdur. Uzaq olmayan məsafələrdə, rayon mərkəzində, aran-düzən kəndlərdə qadın müəllimlər üstünlük təşkil edir. Bilirik ki, ölkədə müəllimlik sahəsində gender bərabərliyi yoxdur. Amma gənclərin işə qəbulundan söz gedirsə, son illərdə ucqar kəndlərdə bu bərabərlik var. Doğrudur, bəzən xanımlar getsə də, çətinliklərə görə tez uzaqlaşırlar. Elə kişi müəllim də var ki, 3-5 il işləyir.

- Rayonda işləyən müəllimlərə müəyyən güzəştlər tətbiq olunur. Verilən məvacib onları nə dərəcədə qane edir? 

- Bəli, təxminən 10 ilə yaxındır ki, bəzi güzəştlər var, əmək haqqından əlavə həvəsləndirici (H1, H2, H3) məvaciblər verilir. Məsafədən asılı olaraq bu məbləğ dəyişir. Yolu 20 kilometrdən uzaq olan rayon məktəblərinə görə 160 manat, 20 kilometrə qədər məsafə üçün isə 60 manat həvəsləndirici maaş verilir. Amma hazırkı vəziyyətdə bu məbləğ yetərli sayılmır. Buna əmək haqqının azlığı da təsir edir. Yeni işə başlayan müəllim 10 saat dərsə görə 240 manat məvacib alırsa, 20 saat dəsə görə bu 480 manat edir.

Kənddə sinif azlığı ucbatından kimya, biologiya, coğrafiya, informatika fənnindən saat az olur və problem burada yaranır. Əmək haqqı saatla əlaqəli olduğu üçün bu, müəllimlərə kifayət etmir, ya da ümumiyyətlə gəlmirlər.

- Uzaq məsafədən gələn müəllimlərin qalması üçün şərait yaradılırmı?

- Bayaq qeyd etdiyim kimi, maaşdan əlavə həvəsləndirici məbləğ verilir. Düzdür, kənddə işləməyə gələn müəllimə torpaq verilməsi nəzərdə tutulsa da, mən hansısa müəllimin torpaqla təmin edilməsinə rast gəlməmişəm. Qanunda nəzərdə tutulsa da, bunun tətbiqi çətin məsələyə çevrilir.Yəqin buna müəllimin getdiyi yerdə yaşamaq istəməməsi və ya torpağın azlığı da səbəb ola bilər. Gələn müəllimlər əsasən hansısa məktəb işçisinin evində, yaxud da kirayə evdə qalırlar.

- Sizcə, gənc müəllimlərdə həvəs yaratmaq üçün hansı addımlar atılmalıdır?

- Hazırda gənc müəllimlərin sosial şəbəkələrdə, mediada aktivliyi müəllimliyə marağın artmasının səbəblərindən biridir. Müəllimlər daha çox öz innovativ fəaliyyətlərini bölüşməlidir. Televiziyada, sosial şəbəkələrin məşhur səhifələrində müəllimlərin həyat hekayəsi xətti paylaşılmalıdır. Həmçinin, qeyd etdiyim həvəsləndirici məvaciblər ən azı iki dəfə artırılmalıdır. Bunu 3 kateqoriyaya bölmək mümkündür: Məsafə 30 kilometrdən uzaqdırsa H3 kateqoriyası tətbiq edilsin, 300 manat, hazırda 160 manat olan H2 kateqorisyası 250 manata, H1-ə isə 100 manat əlavə məvacib alsın.

Eyni zamanda məktəb direktorlarına, işləyən təcrübəli müəllimlərə gənclərə şərait yaratmaları tapşırılmalıdır. Belə olduqda kəndlərə üz tutan müəllimlərin sayı daha da artacaq.

teleqraf.com
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter