• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Azərbaycanda qalmaqalla istefa verən ilk deputat və mümkün yeni parlament

Dünən Azərbaycanda bir ilk baş verdi. 

Şirvandan deputatRafael Cəbrayılov deputat mandatından imtina etdi. Cəbrayılov həm də hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. 

Əvvəllər də bəzi müxalif siyasətçilər seçildikdən sonra və deputat olmamışdan əvvəl parlamentə getməkdən imtina etmişdilər. Amma onlar siyasətçi idilər, özü də müxalif. Onlardan bu jesti gözləmək olardı. 

Bu dəfəki deputat isə müxalifətçi yox, bitərəf idi. Parlamentdəki bitərəflər isə çox vaxt, beynəlxalq təşkilatların təbirincə desək, "hakim partiya ilə eyni səs verirlər".

Deyilənlərə görə deputat Milli Məclisin ona verdiyi vəsiqəni girov qoyub əvəzində bir xanımdan pul götürüb sonra isə qaytarmayıb. 300 min dollar. 

Nə az nə çox. 

Deputatlar çox işlər görür. Bir çox ölkələrdə parlamentdə olmaq o deməkdi ki, sənin yaxşı şəbəkən olur və bəzi işləri görə bilirsən ki, ondan özünə və qohum əqrəbana gün ağlayırsan. 

Bir dəfə tanınmış deputatlardan biri demişdi ki, parlamentdə iki növ deputat var. Biri peşəkarlardı, müxtəlif sahələrdə və adətən hüquqşünaslar. İkinci kateqoriya biznesmenlər. Bir ara deputatlar arasında ikinci kateqoriya artdı, çünki onlar seçildikləri ərazilərdə bəzi sosial-iqtisadi problemləri öz pulları ilə həll edirdilər və hakimiyyət maraqlı idi ki, belə deputatlar olsun. 

Və təbii ki, arada cürbəcür qalmaqallar da olur. 

Siyasətçilərin həyatında qalmaqal həmişə var, necə ki adi insanların həyatında vaxtaşırı problemlər olur, siyasətçilər də bundan sığortalanmayıb. 

Sadəcə bəzən o problemləri həll etmək olur, bəzən isə yox. İş böyüyüb ictimaiyyətə, mətbuata və necə deyərlər internetə çıxanda isə lap qəliz olur. 

Amma ilk dəfə idi ki, Azərbaycanda kimsə qalmaqal nəticəsində istefa verirdi. Yəni pis əməl törətdiyinin fərqinə varıb vəzifəsini təslim edirdi. Deputat hətta öz müraciətində seçicilərindən və Azərbaycan xalqından üzr istəyib. 

Çox aydındır ki, artıq dözümsüzlük artıb. Əgər əvvəl belə halları yoluna qoymaq mümkün idisə, indi hakimiyyət xalqın qəzəbindən çəkinir. 

Burada başqa məsələ də var. Ölkədə gedən dəyişiklər yeni keyfıyyət standartları yaradır. Bu standartlar digər sahələrlə yanaşı təmsilçiliyə də aid edilməyə başlayır. Burada birinci mərhələ hökumət və idarəçilik idi. Yeni paralel hökumət qurumları, yeni simalar, yeni retorika. Bu haqda çox danışılır və yazılır. 

Buna paralel olaraq məhkəmə-hüquq sahəsindəki cəhdlər var. Hələ o qədər də effekt yaratmayan cəhdlər. Burada vəziyyət daha çətindi. Bunun səbəbləri ayrı yazının mövzusudu, amma qısaca demək mümkünsə, burada sistemdaxili müqavimət daha çoxdu. 

Növbədə isə qanunverici orqan olaraq parlament gəlir. Artıq cəmiyyətdə güclü bir rəy formalaşır ki, parlament dəyişəcək. 

Parlamentin aqibəti nə olacaq, ölkədəki transformasiya ora necə təsir edəcək? Bu suallar get-gedə daha aktual olmağa başlayır. 

Hiss edilən odur ki, hazırki parlament hakimiyyəti qane etmir. 

Amma bu narazıçılıq sanki daha çox insanlardandı, nəinki parlamentin bir təsisat kimi zəif olmasından. Yəni ayrı-ayrı deputatlar həm keyfiyyət, həm də aidiyyat baxımından hakim elitanı qane etmir. 

Amma yuxarıda dediyimiz zəiflik problemi hakimiyyəti narahat edirmi? Azərbaycan parlamenti zəif təsisatdı və regionda bir sıra başqa parlamentlərlə eyni taleyi yaşayır - prezident administrasiyasının "notariusu" olma problemini. Yəni qanunları yaradan yox, təsdiqləyən orqandır. 

Əslində ölkədə daha müasir, daha təmsilçi, daha məşvərətçi parlamentə ehtiyac var. 

Amma bəzi suallar hələ də açıq qalır. Məsəl üçün, parlamentdəki mümkün dəyişiklik siyasi partiyaları yenidən parlamentə qaytaracaq mı? Yoxsa daha çox yeni, amma daha təmsilçi, cəmiyyətdə nüfuzu olan fərdlər üzərində qurulacaq parlament? 

Çünki birinci halda hakim partiyanın və ya qrupun digər siyasi elita(lar) ilə hakimiyyəti bölüşmə elementi var. Buna iqtidar hazırdımı? 

Yoxsa iqtidar bu prosesi sadəcə yeni fərdlər prizmasından görür? Bu sualın cavabı vacibdi, çünki bu həm yeni parlamenti, həm də ölkənin yeni siyasi modelini müəyyən edəcək. 

Rusiya təcrübəsi 

Rusiya hakimiyyəti bu problemi özünəməxsus tərzdə həll edib. Dövlət Dumasını, yəni Rusiya Parlamentinin alt palatasını "notarius" statusunda saxlayaraq, başqa bir qurum yaradıb - İctimai Palata. 

İctimai Palatanın əsas işi vətəndaşlarla dövlət qurumları arasında əlaqə yaratmaqla birincilərin hüquq və azadlıqlarını təmin etmək, onların maraqlarını təmsil etmək və dövlət qurumlarının işi üzərində ictimai nəzarəti təşkil etməkdən ibarətdir. 

Palataya ictimai nüfuzu olan insanlar, vətəndaş cəmiyyəti, QHT-lər, hüquq-müdafiəçiləri də daxildir. Palata hər üç ildən bir yenidən formalaşır və 168 nəfər üzvü var. Onlardan 40 üzvü prezident təklif edir, 85 nəfər regional ictimai palataları təmsil edir, 43 üzv isə ictimai təşkilatların təmsilçisidi. 

Bundan əlavə İctimai Palata ilə Duma arasında olan sazişə görə bütün sosial əhəmiyyətli qanun layihələri Palatanın ekspertizasından keçib rəy almalıdır. 

Palata ölkə üzrə müxtəlif tədbirlər, ictimai dinləmələr, dəyirmi masalar, səyyar iclaslar və sairə keçirir. Hər il yüzlərlə ictimai tədbir keçirilir, ildə 3-4 dəfə də plenar iclaslar olur. 

Yəni hakimiyyət müstəqil və bəzən də müxalif elitadan bəzi fərdləri dövlət idarəçiliyinə cəlb edir, amma eyni zamanda qrup olaraq onlara bu imkanı vermir. 

Xalqın ovqatını dəqiq hiss edə bilmək ehtiyacı

Ümumiyyətlə, Rusiya hakimiyyəti vətəndaşla birbaşa əlaqə qurmağın tərəfdarıdı. Bunun üçün ölkədə buna uyğun qurumların mexanizmi yaradılır. 

Amerikalı jurnalist Willian Dobson 2013-cü ildə yazırdı ki, Kremlin bütün yerli idarəçiləri ona sadıq olduğu üçün və bütün media hökumətin nəzarətində olduğu üçün bir məsələdə çox ciddi ehtiyacı yaranıb. 

Bu da "xalqın ovqatını dəqiq hiss edə bilmək" ehtiyacıdı. 

Maraqlıdır ki, bu ehtiyac demokratik təsisatların məhdudlaşdırıldığı vəziyyətdə daha da çox kəskinləşir. Dobsona görə bu xalqın ovqatı məsələsi bir qaranlıq sahədi və bir çox avtoritar sistemlərin ən zəif yeridi. 

Hakimiyyəti mərkəzləşdirmək sizə daha çox nəzarət imkanı verir, amma eyni zamanda bir çox filtrlərdən məhrum edir ki, onların köməyi ilə yaxşını pisdən ayırmaq olur. 

Rusiya hakimiyyəti bu təhlükəni sezdi və bəzi mexanizmlər qurdu. 

Onlardan biri ölkə üzrə ictimai qəbul ofisləri yaratmaq oldu. Bu qurumlar imkan yaradır ki, vətəndaşlar öz problemləri ilə bağlı hakimiyyətlə birbaşa əlaqə qura bilsinlər. Müraciətlər dərhal mərkəzə ötürülür və hökumət pensionerlərin, gənclərin, qadınların, və sairə qruplara aid insanların hansı problemləri olduğunu görür, yəni ki hansı problemlərin prioritet olduğunu müəyyən edir. 

Hökumət iki mindən çox belə mərkəz qurub və bir ildə bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət edib. 

Dobson belə nəticəyə gəlir ki, əgər Qərbdə ictimai fikir seçki, parlament və vətəndaş cəmiyyəti vasitəsilə ilə izlənilir və öyrənilirsə, Rusiyada bu vacib işi yuxarıda göstərilən hökumət qurumları edir. 

Tənqid

Rusiyada İctimai Palata 2005-ci ildə yaranır və ekspertlərin fikrinə görə, bu, tam zamanında baş verir, çünki parlament artıq bir müzakirə yerini xatırlatmırdı, seçicilər isə öz təmsilçiləri kimi deputatlardan narazı idilər. Hal-hazırda isə müstəqil ekspertlər Palatanın işindən o qədər də razı deyillər, çünki düşünürlər ki, Palata hakimiyyətdən öz müstəqilliyini qoruya bilmir. 

Tanınmış rusiyalı politoloq Ekaterina Şulman deyir ki, başlanğıcda cəmiyyətlə əks-əlaqə üçün yaranmış bir qurum indi daha çox hakimiyyətin təyin etdiyi insanlardan ibarətdi və bu da Palatanın ilkin funksiyasının icrasına ciddi mane olur. 

Eyni zamanda İctimai Palata Dövlət Dumasını əvəzləyən qurum yox, ona əlavə paralel qurum kimi işləməli idi, deyir politoloq. 

Milli MəclisFotonun müəllifiAZERTAG
Image caption"Deputatlar çox işlər görür. Bir çox ölkələrdə parlamentdə olmaq o deməkdi ki, sənin yaxşı şəbəkən olur və bəzi işləri görə bilirsən ki, ondan özünə və qohum əqrəbana gün ağlayırsan."

Buna baxmayaraq, Şulman İctimai Palatanın saxlanılmasının tərəfdarıdı və düşünür ki Palata islah olunaraq işini davam etməlidi. "Çünki istənilən ictimai meydanın olmağı olmamağından daha yaxşıdı". 

Hüquq eksperti Valentin Qefter isə deyir ki, Palata təmsilçi yox, ekspert qurumu kimi fəaliyyət göstərməlidi. Eyni zamanda Palata hakimiyyətə nə çox yaxın, nə də çox uzaq insanlardan ibarət olmalıdır. Birinci halda müstəqillik olmur, ikinci halda isə hakimiyyət bu rəylərə qulaq asmır. 

Azərbaycanda parlament seçkiləri

Rusiya təcrübəsi göstərir ki, yeni dövlətlər yeni eksperimental formalardan istifadə edərək fərqli təcrübə yarada bilirlər. Hansısa təcrübənin uğursuz olması da əslində təcrübədi. 

Özümüzə qayıdaraq düşünürəm ki, bizim halda da Rusiyaya çoxlu bənzərliklər var. Həm dövlətin vətəndaşla əks-əlaqəni gücləndirmə cəhdləri, həm də "təmsilçilik yoxsa ekspertlərdən ibarət yeni formanın" yaranması. Burada əsas problemlərdən biri də yəqin ki, parlament ənənəsinin olmamasıdır. Parlament elitalar arasında siyasi mübarizə və konsensus qurma təsisatı olmayıb və bu gün də bu yolu çox məhdud şəkildə oynaya bilir. 

Gələn ilki parlament seçkilərinin ayaq izlərini artıq eşitməyə başlamışıq. Düşünürəm ki, burada vətəndaş cəmiyyətinin və müstəqil insanların rolu çox vacibdir. Onlarin necə bir parlament və ya başqa formada təmsilçi-ekspert qurumu görmək istədikləri çox vacibdi. 

Bu müzakirələr ictimai fikri formalaşdırmalıdır. 

Yeni parlamentin forması və məzmunu sadəcə siyasi partiyalar tərəfindən yox həm də vətəndaş cəmiyyətin fərqli seqmentləri tərəfindən müzakirə olunmalıdır. 

Görünən odur ki, azad və ədalətli seçkilər nəticəsində formalaşacaq parlament fikri yumşaq desək, çox optimist fikirdir və təcrübə göstərir ki, bu variantın şansı azdı. Yuxarıda dediyim demokratik ənənənin olmaması burada çox böyük rol oynayır. 

Ona görə də, cəmiyyət olaraq müzakirə olunan sosial sazişə ən yaxşı alternativ üzərində düşünmək və danışmaq, fərqli formaları sınaqdan keçirmək daha faydalı olardı. 

   BBC.com
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter