• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

“Totuq müəlliməmiz bizim birimizlə eşq macərası yaşamaq istəyirdi” - Casusun memuarından


Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb.

Cenub.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir:

***

Partiyada və DTK-da adamın əxlaqi keyfiyyətləri barədə təsəvvürlər çox mühafizəkar idi. Kursantlar səllimi cinsi həyat yaşaya və ya şübhəli tanışlıqlar yarada bilməzdilər: əgər bizdən kimsə bu qaydaları pozsaydı, biz bu barədə  məktəb rəhbərliyinə dərhal məlumat verməliydik.

Digər tərəfdən, bizim rəhbərlik bilirdi ki, subay oğlanların əksəriyyəti öz aləmlərində ciddi şəkildə evlilik haqqında düşünürlər və onlar buna xeyirxah niyyətlə yanaşır, bizə “həyat yoldaşı axtarmağı” tövsiyə edirdilər. Rəsmi səviyyədə homoseksualizm barədə söhbət getmirdi. Kəşfiyyatda bu mövzunu tamamən rədd edirdilər və məktəbimizdə uşaqbazlıqla bağlı problemlər baş qaldırmırdı. DTK-nın 2-ci baş idarəsində isə məsələ başqa cür idi, orada bu, hamının agah olduğu bir şey idi – bu idarə gənc homoseksualistlərin xidmətindən yararlanırdı. Onları şantaj niyyəti ilə, sonradan əməkdaşlığa cəlb etmək məqsədi güdərək  gəlmə əcnəbilərin yanına göndərirdilər. Əgər kişilər arasında intim əlaqə barədə söhbət çıxırdısa, o zaman bu, hamı tərəfindən növbəti, real həyatla bağlılığı olmayan lətifə kimi qəbul edilirdi.

Məktəbdə bizi seks haqqında fikirləşməyə kiçik dil qrupumuzun müəlliməsi, bizə İsveç dilini öyrədən Nadejda Aleksandrovna özü təhrik etdi. O, totuq, gözəl mavi gözləri olan, qırx yaşlı qadın idi. Gümanıma görə, onun əri bir müddət İsveçdə yaşamışdı. Qadın orada yerli dili öyrənsə də, xeyli səthi mənimsəmişdi. Nadejda Aleksandrovna İsveç dilində pis danışırdı, bizə də bu dili eyni cür pis şəkildə tədris edirdi. Ancaq qrupda cəmi üç adam olmağımız sayəsində, biz, nə qədər olmasa da, İsveç dilini babat öyrənə bildik.

İş müəllimənin məşğələyə gətirdiyi İsveç romanlarını üzündən oxumağa gələndə, tezliklə fərq etdik ki, əsərlərin hamısı güclü erotik mətnaltı mənalara malikdir. Belə anlaşılırdı ki, bu kitablar o zamanlar Skandinaviyanı çulğamış seksual inqilab dalğasında nəşr olunublar. Müəllimə əsərlərin müzakirəsini bizimlə açıq-aşkar zövq ala-ala aparırdı. Bir müddətdən sonra Feliks qeyd etdi: “Uşaqlar, mənə elə gəlir ki, Nadejda Aleksandrovna seks yanığıdır”. O, bir neçə gündən sonra bu mövzuya qayıdaraq dedi: “Hər şeydən görünür ki, Nadejda Aleksandrovnanın əri onu bir kişi kimi təmin etmir”.

Bir qədər sonra isə Feliks öz yekun rəyini bildirdi:

— Dostlar, şübhələnirəm ki, bizim əziz müəlliməmiz bizdən biri ilə daha yaxın münasibətlər qurmağa meyllidir.

— Yaxşı, Feliks, bu meydan, bu şeytan, — mən dedim. — Sən yaraşıqlı oğlansan, sağlamlığın yerindədir. Elə sən də onunla məşğul ol.

— Yox-yox, — o, köks ötürərək cavab verdi. — O, yaxşı şeydir, amma mən ailəli adamam və öz arvadımı sevirəm.

O zaman Felikslə mən Yuriyə təklif etdik ki, öz xoşbəxtliyini sınasın, ancaq o, özünün yaraşıqsız görkəminə (o, saçının yöndəmsiz qırxılmasına görə bu hala düşmüşdü) baxmayaraq, əxlaqi baxımdan dayanıqlı və sevən ər çıxdı. Bu halda Feliks mənə müraciət etdi:

— Bəs sən özün necə, Oleq? Sən bizim axırıncı ümidimizsən.

Bəli, mın nikahda deyildim, amma iyirmi iki yaşımda olmağıma baxmayaraq, utancaq idim və yaşı artıq qırx civarında olan qadınla özümü necə aparacağımı təsəvvür etmirdim. Beləcə, şübhəsiz ki, Nadejda Aleksandrovnanın dərin təəssüfünə səbəb olsa da, onun bariz eyhamları bizdə lazımi cavab reaksiyası doğurmadı.

Bu arada fervral gəldi, 23 fevral – ordu günü yaxınlaşdı. Bolşeviklərin qırmızı ordusu məhz 1918-ci ili həmin günü yaranıb deyə bu münasibətlə kişilərə hədyyələr verilməsi qaydaya çevrilmişdi və Nadejda Aleksandrovna da bizə hədiyyələr hazırlamışdı.

Biz əlbəttə, o hədiyyələri qəbul etməli, buna zarafat səciyyəsi verməliydik, ancaq biz onun bu diqqətindən utandıq və hədiyyədən imtina etdik. Nadejda Aleksandrovna bizim imtinamızı şəxsi həqarət kimi qəbul etdi, bizdən çox incidi. İki həftədən sonra 8 Mart – beynəlxalq qadınlar günü ərəfəsində, kişilərin qadınları təbrik etdiyi vaxt biz Nadejda Aleksandrovna üçün hədiyyələr aldıq və onu təntənəli şəkildə təqdim etdik. Ancaq müəlliməmiz bu hədiyyələri qəbul etmədi və bunu bizim onun hədiyyələrini rədd etməyimizlə əsaslandırdı. Biz onu nə qədər dilə tutsaq da, ona öz dərin hörmət və ehtiramımızı hər cür izhar etsək də, o, qətiyyətindən dönmədi. İlk günlərdən aramızda yaranmış ilıq, dostyana münasibətlər pozuldu, onun yerini gərginlik aldı. Görünür, qarşısında oturan üç gənc oğlan bu qadını həyəcanlandırırdı və o, ən azı onlardan biri ilə sevgi macərası yaşamağa ümid edirdi. Biz isə öz növbəmizdə müəlliməmizin seksual qayğılarını çox maraqlı hesab edirdik, hər halda onun dərs vəsaiti kimi istifadə etdiyi kitablar bizim məşğələlərimizə xüsusi gözəllik qatırdı.

Məktəbimizin rəhbərliyi qızlarla tanışlığı hər cür təşviq etdiyi üçün mən istirahət günləri məktəbdən ayrılaraq, hər hansı bir gözəl qızla rastlaşmağı arzu edirdim. Uzun müddət bəxtim gətirmədi, nəhayət, mən bir tələbə qızla tanış oldum. Demək olar ki, bütün şənbə axşamını biz kafedə, iki qədəh şərabla keçirdik. Görünür, şərab başımızı bərk gicəlləndirmişdi və biz vidalaşarkən öpüşəndə qız dodağımı elə möhkəm dişlədi ki, dodağımda qançır qaldı. Onun ehtiraslı öpüşündən sonra dodağım təkcə sızıldamırdı, həm də göyərmişdi. Birinci gün səhər sinifə girən Nadejda Aleksandrovna dərhal halımı anladı və qadınlara məxsus kinlə soruşdu:

— Oy, dodağınıza nə olub? — və əlavə etdi: —Nəysə, belə də aydındır.

Tədrisin sonunda biz üç imtahan verməliydik: dil üzrə, marksizim-leninizmin əsasları üzrə və peşəkar ustalıq üzrə. Bizimki kimi kiçik dil qrupu üçün İsveç dilindən imtahan vermək sırf formal səciyyə daşıyırdı. Marksizm-leninzm imtahanıyla bağlı da məsələ eyniydi. Ən ciddi imtahanımız isə peşəkar ustalıqdan idi. Fəqət, bizim ümumi təəccübümüzə rəğmən, cavab verməli olduğumuz sualların nisbətən asan olduğu məlum oldu. Bizə təhkim edilmiş kurator bizi tədris prosesində elə səylə ora-bura qovmuşdu ki, heç bir kursant bu predmetdən kəsilmədi. İmtahan verdiyimiz vaxta qədər artıq kurator hər birimizi yaxşı tanıyırdı – biz daima onun gözünün qarşısında idik, o, xüsusi məsul anlarda, məsələn, partiyaya daxil olanda, bizi ata kimi himayə etmişdi, ailəli kursantların evində olmuş, evdə hansı atmosferin hökm sürdüyünü öyrənmişdi.

Məktəbdə olduğumuz axırıncı günlərdə hey buraxılış gecəsi haqqında söhbətlər gedirdi. Bununla yanaşı, bizim sələflərimizin sərxoş olaraq buraxılış gecələrində nə qədər dava-dalaş salmaları da xatırlanırdı. Belə görünürdü ki, bizim buraxılış onların hamısından daha ayıq olub. Məktəbdəki son gündə biz gecəyə kölgə salmadıq – gələcək işimizə dair düşüncələrlə yavaş-yavaş evimizə dağılışdıq. Məktəbdə mənə operativ əməkdaş ixtisası verdilər. Amma bu kiçik operativ əməkdaş statusu deyildi, bir pillə yuxarıydı. 1963-cü ilin yayında mən DTK-da işə başladım.

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter