• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Dəvət olunmadığım tədbirdən qeydlər


Masallının yeni icra başçısının yerli sakinlərlə görüşündə nələr danışıldı, amma nələr deyilmədi?

Öncə başlıqdan başlayaq. İcra başçısı çıxışında xüsusi vurğuladı - bu toplantı ilə bağlı göstəriş vermişdim ki, ən azından şəhər və 2 qəsəbənin ən hörmətli şəxsləri bu tədbirə dəvət olunsun.

Maraqlıdır ki, bir çox ölkə səviyyəli (hətta xarici ölkələrdəki) tədbirlərə öncüllər sırasında dəvət alsaq da, aylıq 700 mindən artıq izləyici olan bir saytın rəhbəri kimi yığıncağı bizə layiq bilməmişdilər. Amma “üzdülüyümüzə” salıb getdik. İcra başçısı Şahin Müəllimin yuxarıdakı fikrindən sonra zala nəzərə saldıqda məlum oldu ki, təkcə Ərkivan qəsəbəsindən Doktor Zabit, olduqca fəal insanlar- Elşən Hacızadə, Afər Cahangirov, rayondan qeydiyyatdan keçmiş ərkivanl QHT rəhbərlər Fidan Abbaslı, Raci Səfərov, digər ərazilərdən Hacı Həsən, Alzaman Baxışov( Hacıtəpə)  Əlipaşa Rəhimov və onlarla rayonda adı hörmətlə çəkilən şəxslər bu tədbirə dəvət almayıb.


Amma illərlə toyda da, yasda da, qısası, hər tədbirdə başda olan “nişanlanmış ağsaqqallar” yenə ön cərgələrdə idi. Nə isə, keçək mətləbə.

İcra başçısı çıxışının çox hissəsini 

təhsilə həsr etdi

Masallının yeni icra başçısı Şahin Məmmədov təxminən bir saatlıq çıxışının çox hissəsini  rayondakı təhsil problemlərinə həsr etdi. Xeyli statistik rəqəmlər sadaladı. Rayona rəhbərlik etdiyi müddətdə 10 məktəbdə, onlarla sinifdə olduğundan , yüzlərlər şagirdlə görüşdüyündən danışdı. Əvvəllər rəhbərlik etdiyi Ağcabədi rayonu ilə müqayisələr aparmağı da unutmadı. Həmin müqayisələrdən belə nəticə çıxdı ki, Ağcabədidə təhsil, xüsusən qızıl medal alanlar, 700 bal yığanlar, hər min nəfərə görə ali məktəbə girənlər Masallıdan xeyli çoxdur. (Əslində bu dolayısı ilə əvvəlki icra başçısının bostanına daş atmaq idi).


Şahin müəllim xeyli nümunələr gətirdikdən sonra qeyd etdi və sadaladı ki, Masallıda 26 qəzalı, əsaslı təmirə ehtiyacı olan, uyğunlaşdırılmış binalarda yerləşən məktəblər var. Eləcə də  belə məktəblərə diqqət göstərilməsi üçün Nazirlər kabinetinə, digər əlaqədar təşkilatlara ünvanlandığı məktubları oxudu.

Təəssüf ki, həmin bərbad məktəblər siyahısında Ərkivan qəsəbəsindəki 5 məktəbdən 4-ü nün adı var idi.

İcra başçısının çıxışından bəlli oldu ki, ən yaxın vaxtda bəxti açılacaq bərbad məktəblərdən 2021-ci ildə 100 yaşını qeyd edəcək Şərəfə  tam orta məktəbinin təmiri üçün ilkin razılıq alınıb.

Cənab icra başçısı həmçinin məktəblər üçün  avadanlıqların – 2500 partanın, eləcə də çoxsaylı stol-stulun, kompüterin, printerin, yazı taxtasının, elektron lövhələrin alınması üçün də müvafiq təşkilatlara ünvanlan məktubların tam mətnini oxumağa tənbəllik etmədi.

“30-dan çox ölkədə olmuşam”


İcra başçısı Şahin Məmmədov əvvəllər Bərdə rayonunda bir neçə il İHBN-nin müavini, daha sona 1 il Samuxda, 14 il Ağcabədidə icra başçısı işlədiyini məmnunluqla qeyd etdi. Dünyanın 30-da artıq ölkəsində-Sinqapurda, cənubu Koreya, Latviya, Litva, Estoniyada  və digər ölkələrdə olduğunu xatırladaraq, həmin ölkələrin həyatından nümunələr səsləndirdi. Məsələn, dedi ki, ərazisi bizim qədər olsa da, Cənubi Koreyada 50 milyondan artıq əhali yaşayır və onlar hər qarış torpağın belə qədrini yaxşı bilirlər.

 “Ağac əkilməsinə, hər küçənin sağında-solunda xiyabanlar salınmasına ciddi səy göstərəcəyəm”

İcra başçısı ağac əkininə,  hər kənddə mərkəzi küçələrin sağ və solunda xiyabanlar salınmasına daim diqqət yetirəcəyini xüsusi vurğuladı. Qeyd etdi ki, məndən əvvəl 4 min ağac əkilib, biz də 1000-dən artıq ağac əkmişik və 3 min də əkəcəyik. (Amma heyf ki, talan edilən Masallı meşələrindən söz açmadı).

“Hər yerdə təmizlik olmalıdır”

“Masallıdakı asma körpünün yaxınlığında o qədər zibillik gördüm ki, dəhşətə gəldim. Yaxşı ki, indi bildirirlər orada təmizlik yaradıblar.

 Qəsəbə və kəndlərə 250 maşından artıq çınqıl və “şebel” tökdrümüşük (kəndbəkənd sadaladı) və bu iş davam edəcək”.

“Köhnə bazar” ətrafındakı səliqəsizlikdən daha ağrılı danışdı

  • Mən Masallıya təyinat alandan 2 gün sonra şəhərin küçə və prospektlərini gəzdim. Xüsusən Heydər Əliyev prospektinin Köhnə bazar hissəsindən keçən ərazisində gördüklərim ürəyimi ağrıtdı. Köhnə paltar satanların əlindən yolu keçmək mümkünsüz idi. Təcili oranın təmizlənməsi haqqında tapşırıq verdim. Həmin bazarın rəhbəri Sərxana tapşırdım ki, bazarda talvarlar tikib onların normal alverinə şərait yaratsın.
  • Eləcə də bazarın arxasından keçən küçənin bərbadlığı dözülməz idi. Bu gündən başlayaraq ora asfalt vurulur. Oradakı səkilər də abadlaşacaq. Masallımız gözəl olmalıdır.
  •  
  • “1 saylı masallılı mənəm”

 

  • İstəyirəm Masallımız, onun hər güşəsi gözəl olsun. İnsanlar bir-biri ilə mehriban dolansınlar. Mənasız şikayətlərlə vaxt almasınlar.

 

  •  
  •  Başçının xahişi – hüzrləri imkan daxilində 3 gün edin

 

  • İcra başçısı çıxışının sonunda zalda əyləşənlərə müraciət etdi ki, imkan daxilində hüzrləri 3 gün edib, lap mollaya 7 günün haqqın verin, amma deyin, hüzrü 3 gün etsin.

O həmçinin Ağcabədidə tikdiklərindən, Masallıda da Tütün tədarük və emalı fabriki inşa etdirəcəyindən danışdı.

  • Şahin müəllim  görüşü maksimum səmimi, arabir zarafat etməklə, xoş əhval ruhiyyədə keçirməyə çalışdı. Bir-iki dəfə zaldan alqış sədaları gəldi.
    1.  3-4 nəfərin yerdən replikaları nəzərə alınmazsa, tədbirdə iştiraçıların çıxış etməsinə çağırış olmadı. (İmkan verilmədi də demək olar). Elə özü danışdı və özü də sağollaşdı.

İcra başçısı nələri demədi?

 10 gündən sonra ölkənin hər yerində olduğu kimi Masallı rayonunda da bələdiyyə seçkiləridir. Gözləmək olardı ki, İcra başçısı bəyan edəcək ki, seçkiləri ədalətli keçirin, layiqlilərə səs verin. Amma demədi. Bir məqama diqqət yetirək. Masallıda hər yerdə bələdiyyə seçkilərinə ancaq YAP-dan namizəd olanların şəkli vurulub, müstəqil namizədlərin heç birinin şəkli yoxdur.  İnsanlar bilmir ki, digər namizədlər kim olacaq. 

Seçki beləmi olur? Namizədlər hansı zalda, hansı meydanlarda özlərinin təbliğat kompaniyasını aparacaqlar, yaxud aparırlar? Seçicilərin nəzərindən düşmüş, özünü rüsvay etmiş keçmiş sədrlər yenə həmin kürsülərdə əyləşəcəkmi?

Düzdür, bunlar rəsmi şəkildə icra başçısının səlahiyyətlərinə daxil olmasa da, bura Qafqazdır, icra başçısından xəbərsiz burada quşlar da qanad çalmır.

İkinci gileyimiz odur ki, icra başçısı müasir dövrdə həyatımıza daxil olmuş internet resurslarından heç söz açmadı. Məsələn, sadaladı ki, filan-filan kəndlərdə qazın artımına nail olub, filan kəndlərin yoluna çınqıl döşənib və sair. Bu siyahıları icra hakimiyyətinin saytına və fb səhifəsinə qoysunlar ki, hanı oxusun, görsün. realdır, ya yox. Elə həmin tədbirdə bəziləri dedi ki, siz sadalasanız da, bizim kəndə çınqıl gəlməyib.

Başçı çıxışında nə səhiyyədən, nə mədəniyyətdən, nə idmandan, nə yaşayış yerlərində baş alıb gedən oğurluqlardan,  nə meşələrin talan edilməsindən... məsələlərdən bir kəlmə də söz açmadı. (Viləş) çayının sahilində göz dağı kimi qalan bulvardan da danışmadı.

 

Biz icra başçısından əsl aşkarlıq gözləyirik.

  • Yaxşı olardı ki, icra başçısı bütün sahələr üzrə öz platformasını internet resuslarında paylaşsın, Imkan eləsə canlı yayıma çıxsın, xalqla birbaşa təmasda olsun.
  • Hər bir başçıya arzuladığımız, amma sonadək görmədiyimiz inamı xalqa qaytarsın.
  • Nazirliklərə göndərilən məktubları oxumaq bizcə hələ göstərici deyil. O vaxt sevinəcəyik ki, o məktublarda yazılanların ən azı yarısını reallıqda görək.

İnanırıq ki, icra başçısının digər tədbirlərinə müstəqil düşüncəli insanların da dəvət edilməsi unudulmayacaq.

 

Hörmətlə:

tədbirin dəvətsiz iştirakçısı-Zahir Əmənov

Rəy yaz
  1. Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день Сайт: t.co/588xCBrOyU




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 2 010

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter