• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

(VİDEOLAR) “Kaş yenə uşaq olaydım”, yaxud, “Bir də uşaq olmaq istəmirəm”, - Zahir Əmənovun təqdimatında

Belə və buna bənzər düşünənlər onlarladır. 

Lakin bu sahədə  fikirlərin olduqca fərqli olmasından, hökumətlərin uşaqlara qayğısından asılı olmayaraq, onların romantikasından,  şirin danışığından, saflığından doğan qəribəlikləri, qeyri-adi kəlamları həmişə  unudulmazdır.

Uşaq bağçaları ilə bağlı araşdırmalarımız isə çox maraqlı məqamları ortaya çıxartdı.


Uşaq bağçalarının tarixi


Hələ XVIII, XIX əsrlərdə  Avropa ölkələri körpə balaları  üçün uşaq bağçaları açanda bizdə molla məktəblərini çıxmaq şərti ilə cəmi 3-4 dünyəvi məktəb var idi. 

Azərbaycanda ilk uşaq bağçaları Sovet hakimiyyəti qurulandan sonra təşkil edilib. 2-ci dünya savaşından sonra isə Masallı (indiki

Dadva ərazisində), Lənkəran, Cəlilabad və  digər rayonlarda uşaq bağçalarının açıldığı barədə məlumatlar var.


Bəs bu gün dünyada, eləcə də qonşu ölkələrdə 

və bizdə vəziyyət necədir?

Bu günümüzə bir nəzər


Televiziyada, internet səhifələrində tez-tez yeni tikilmiş, yaxud təmir edilmiş bağçaların açılışlarına, yarlı-yaraşıqlı mebellərinə,

burada bəxtəvərcəsinə şənlənən uşaqlara rast gəlirik. Təkcə bir kənd rayonu olan Masallıda son 7 ildə  6 uşaq

bağçası əsaslı təmir edilib və tikilib. Bunlar olduqca fərəhvericidir.


Bəs bu uşaq bağçalarından neçə nəfər faydalanır? 
Elə Masallı rayonundakı uşaq bağçalarının statistikasına nəzər yetirik.
2019-cu ilin yanvar ayının 1-nə olan statistikaya görə  (Respublika Statistika Komitəsi) Masallıda bağça yaşlı (1-5) 18 min 773 uşaq var. Bu uşaqların isə cəmi 5 faizi,  1010 nəfəri uşaq bağçalarına cəlb edilib. Rayonda  hökumətdən maliyyələşən 17 uşaq bağçası var ki,  onların da az qala yarısı, yəni 7-si 2 qruplu (40 nəfərlikdir) bağçalardır. Müqayisə üçün deyək ki, Lənkəranda yerləşən 280 nəfərlik bağçaya bu   2 qruplu  bağçalarının 7-si, yəni hamısı yerləşər.

30 minlik əhalisi olan ərazidə uşaq bağçası yoxdur

Masallı rayonun 10-dan artıq kəndini, 30 minə yaxın əhalisini birləşdirən Şərq tərəfində - şəhər
ərazisinə daxil Digahdan başlamış Banbaşı, Yeyənkənd, Xəlfələr, Abbasbəyli, Böyük Xocavar,
Köhnə Alvadı, Tatyan, Güllütəpə, Əmirtürbə, Yeni Zuvand, Yelağac
və digər kəndlərdə bir
ədəd belə uşaq bağçası yoxdur.

Tikilən, dağılan və sökülən bağçalar

Yuxarıda qeyd etdik ki, Masallıda  son 6-7 ildə 6 uşaq bağçası tikilib, yaxud əsaslı təmir edilib.
(Hazırda biri- Səmidxan kənd uşaq bağçası da təmir edilir)
Bəs son 1990-2010-cu illərdə Masallıda hansı uşaq bağçaları bağlanıb, təyinatı dəyişdirilib, bərbad günə qalıb, qrupları azaldılıb və sair? (İnfoqrafikaya diqqət yetirək)
Qısası, indi Masallıda 1000-dən artıq uşağın yerləşə biləcəyi (yəni, indi fəaliyyətdə olan   sayda  bağçalara cəlb edilən uşaqlar qədər) 10-dan artıq  uşaq bağçaları ya fəaliyyət göstərmir, ya da qrupları azalıb. Yəni, həmin bağlanmış  10 uşaq bağçasının  bərbad vəziyyəti ürək ağrıdır.
Kolatanda yeni açılmış uşaq bağçası istisna olmaqla Masallıda heç bir uşaq bağçasının son 10 ildə bir ədəd belə yeni qrupu  açılmayıb.
Ən bərbad uşaq bağçaları binalarının yerləşdiyi  ünvanlar isə  Ərkivan qəsəbəsi, Xırmandalı və Həsənli kəndlərindədir.

Bütün müqayisələr ziyanımızadır

İstər dünya, istər keçmiş SSRİ məkanı ilə müqayisələr Azərbaycanın,  Azərbaycanda isə əhali sayına görə  sayı Masallıya nisbətdə  az olan   rayonlarla  müqayisələr açıq-aşkar Masallı ilə mənfi yüklüdür.

Dünyada

Finlandiya dünya üzrə   azyaşlıların uşaq bağçalarına qəbulunun faizinə görə  ən öndə gedir.
Belə ki, bu ölkədə uşaqların 99 faizi uşaq bağçalarına qəbul olunub.
Bu rəqəm Belçikada  95, Almaniyada 82 faizdir. Norveç isə dünyanın uşaqlar üçün cənnət  sayıldığı bir məkandır.
Əhalisi təxminən Azərbaycan qədər olan, bizdən aldığı borc hesabına yaşayan Belarusiyada  azyaşlıların 81 faizini birləşdirən 4100 uşaq bağçası var. (müqayisə üçün Azərbaycanda 1679, yaxud 2, 5 dəfə az). Həmin uşaq bağçalarında 51 min  pedaqoji işçi çalışır ki, onun da yarısı ali təhsillidir.

Azərbaycanda

Azərbaycanda isə  azyaşlıların cəmi 17 faizi (Respublika Statistika Komitəsinin məlumatına əsasən ) uşaq bağçalarına cəlb edilib. Onu da xatırladaq ki, uşaq bağçalarının bir neçə yüzündə məcburi köçkünlər məskunlaşıb.

Tanınmış iqtisadçı, professor Qubad İbadoğlunun araşdırmalarına görə
  • 19 91-ci ildən 2018-ci ilədək Azərbaycanda 400 uşaq bağçası bağlanıb, bağçalarda 15 minədək uşaq sayı azalıb
  • Ölkədə boşanma çoxalır, nikah və doğuş isə azalır. Respublika Statistika Komitəsinin açıq məlumatlarına görə, təkcə Masallı rayonunda son 6 ildə yeni doğulanların sayı 1026 nəfər azalıb.


Şəhər və region uşaq bağçaları

Azərbaycanda uşaq bağçalarının hamısını eyni “tərəziyə” qoymaq düzgün olmazdı. Belə ki, Bakıda və bir sıra şəhər mərkəzlərində uşaq bağçaları olduqca gəlirli bir məkana çevrilib. Bu məkanlarda azyaşlılar  həmin bağçalara aylıq 500-700, bəzən 1000 manat ödəməklə qəbul olunur.
Hətta dövlət bağçalarının qəbulun qiyməti paytaxtda və bəzi şəhərlərdə  200-300 manatdan aşağı olmur.
Regionlarda, xüsusən əyalətin əyaləti sayılan ucqar kəndlərdə isə  uşaq bağçaları min cür əziyyətlərlə fəaliyyət göstərir, Həmin bağçalarda çalışanların bəzisi sanki gün cürüdür və daim “cinayət” içindədirlər. Dərdlərini deyəndə də bir hədə eşidirlər “İstəmirsən, ərizə ver,   çıx”.
Əgər regionda 40 yerlik uşaq bağçasının müdiri  01 oktyabr 2019-ci ilə olan məlumata görə 320-240 manat alırdısa, 6 ay öncə bu rəqəm 160-180 manat idi), Bakıda isə cəmi 1 uşağa dayəliyin  məvacibi isə 450-500 manatdır.
Biz aşağıdakı bölümlərdə region bağçalarının problemlərindən bir qisminə nəzər salmağa çalışacağıq.


Regionlarda  bağçaların əksəriyyəti 2
 qruplu olduğundan öncə onlardan söz açaq

Hər rayonda uşaq bağçalarının sayı elə də böyük  önəm daşımır. Əsas həmin bağçaların neçə qruplu olmasıdır.  Yəni, bir rayonda beş 2 qruplu bağça, digərində iki  6 qruplu bağça varsa, həmin  6 qruplu   bağça həm uşaq sayına, həm ştat vahidlərinə görə daha üstündür.
2 qruplu bağçaların pedaqojikomandasına müdir, 
2 tərbiyəçi, 1 musiqi rəhbəri2 dayə daxildir.
2 qruplu uşaq bağçalarında təsərrüfat müdir yoxdur, bu işləri də müdir icra etməlidir. Metodist yox, tibb bacısı yox. Mühasibat da birləşmiş mühasibatlıq. Bağça müdiri bilmir saatlarla menyu, anbar kitabını doldursun, ərzaq daşısın, icranın  tapşırıqların yerinə yetirsin, təsərrüfat müdirliyi etsin, tərbiyəçilik etsin, həftədə   bir neçə dəfə, hətta istirahət günləri   iclaslara, digər tədbirlərə getsin.
Ona görə, 2 qruplu bağçaların rəhbərləri açıq-aşkar, daima da günahkar olur, hər  hansı mükafatdan, təltifdən də uzaqdırlar.

Uşaq bağçalarına hansı idarələr rəhbərlik edir?

Bağçanın əsas işi  azyaşlı uşaqların tərbiyəsi ilə məşğul olmaqdır.
2012-ci ildə Uşaq Bağçaları təhsil nazirliyinin tabeliyindən ayrılıb İcra hakimiyyətlərinə veriləndən sonra uşaq bağçalarının ərzağı Ərzaq Tədarükü İdarəsinə, kadr işi icra hakimiyyətinə, təsərrüfat fəaliyyəti isə ərazi nümayəndəliklərinə tapşırılıb ki, bunların da heç biri tərbiyə işinə cavabdeh deyil.
Bağçaya nəzarətçilər isə kifayət qədərdir -“sanepstansiyadan” icra hakimiyyətinədək.
Hamı yoxlayır. Məsləhət verən, öyrədən, yardım edən azdır.

Nəqliyyat

Əksər inkişaf etmiş ölkələrdə orta məktəb şagirdlərinin belə dərsə  xüsusi avtobuslarla getdiyi vaxtda, heç kim inanmaz ki, 3-5 yaşlı uşaqlar bağçaya özləri gedir. Buna görə  isə uşağını bağçaya aparıb - gətirən valideyn   xeyli vaxt və vəsait itirir.

Uşaq bağçalarının büdcələri

Masallıda, Ərkivan qəsəbəsindəki uşaq bağçasının müdiri Reyhan Əzizova deyir ki, uşaq bağçalarının büdcələrində də qəribə hallar var.
Smeta o qədər əndrabidir ki... Məsələn, bağçada telefon yoxdur, smetada telefon xərci var. Ay ərzində bağça müdiri, tərbiyəçilər valideynlərlə danışığa görə mobil telefona 20-30 manatlıq  pul xərcləyir, amma mobil danışıqlar üçün vəsait yoxdur.
Ölkə daxili nəqliyyat üçün pul var (bağça işçiləri başqa rayonlar niyə getsin ki?). Bağça müdirləri ayda azı 10 dəfə əlaqədar təşkilatlara, müxtəlif tədbirlərə gedib-gəlir, amma bunun üçün vəsait yoxdur. Hələ su pulu və digər adı olub özü olmayan xidmətlər üçün ayrılan vəsaitləri demirik.
Hər hansı qəfil çətinlik yaranarsa, operativ addım atmaq şansları yoxdur. Yanvar ayının yanacaq, dəftərxana xərci may ayının sonunda verilir. Əlbəttə, bu çətinliklər regiona, ucqar kəndlərdəki bağçalara daha çox aiddir,

Niyə ali təhsilli pedaqoqlar region uşaq 
bağçalarında işləmək istəmir?

Müqayisə edək -  ali təhsilli, 18 ildən yuxarı iş stajı olan müəllim ayda   600 manat, həmin göstərici ilə   bağça tərbiyəçisi 290 manat alır. (1 iyun 2019-cu ilə olan məlumat)
Halbuki,  bağça tərbiyəçisi həftədə 30 saat, müəllim 18 saat işləyir.
Məktəb müəllimi iyunun 15-dən sentyabrın 15-dək 90 gün, + il boyun 3 dəfə 5 günlük tətillər (cəmi 105 gün) istirahətdə olur. Bağça tərbiyəçisinin isə bundan 2 dəfə az-42 günlük istirahət şansı var.
Belə halda – ikiqat az əmək haqq, ikiqat az istirahət müddəti və ikiqat çox dərs yükü ilə yalnız əlacsızlar bağçada çalışmağa üstünlük verir.

Bəs   uşaq bağçalarına qəbulda seçim necə edilir?

Məsələn, Ərkivan qəsəbəsinin ərazisində 700 nəfərə yaxın bağça yaşlı uşaq var. Bağça isə 40 uşaq üçün nəzərdə tutulub. Bəs qalan 660 uşaq? Seçim necə edilir?

Ən ağrılısı odur ki, həmin 40 yerlik bağçaya da uşaqlar zülmlə cəlb edilir. Niyə? Uşaq bağçasının əsas hissəsində məcburi köçkünlər yaşayır. Valideynlər bildirir ki, həmin məcburi köçkünlər gözəl, mədəni, zəhmətkeş insanlardır. Onlara diqqət göstərmək hamımızın borcudur. Onların bir neçəsi də bağçada çalışır. Amma... təsəvvür edin, uşaq bağçasının həyətində onlarla qoyun, inək, göyərçin, dovşan, hətta it saxlanılır. Ona görə, bəzən həmin bağçanın yaxınlığında yaşayanlar öz uşaqlarını bura yox, evlərindən 5-6 km.  aralı olsa belə,  daha təmirli, komfortlu olan uşaq bağçalarına aparırlar.
Məsələn, Masallıda   3 min əhalisi olan Sərçuvar kəndində Uşaq bağçası tam təmirli olduğu üçün ora o qədər uşaq gəlir ki, az qala normadan artıq qəbul etsinlər. 17 minlik Ərkivan qəsəbəsində  isə   uşaq bağçası bərbad vəziyyətdə olduğu üçün uşaq bağçasında 40 yerlik planı da bəzən dolmur.

Statistika nələri aşkarlayır?

Öncə Lənkəran iqtisadi rayonuna nəzər salaq.
Göründüyü kimi Lənkəranla Masallının əhali sayında elə ciddi fərq yoxdur. Cəmi, 2 min nəfər. Lakin Lənkəranda azyaşlıların 3 mini, Masallıda isə cəmi 1  min nəfəri uşaq bağçalarına cəlb edilib. Masallıda azyaşlı uşaqların sayının 18 mindən yuxarı olduğunu nəzərə alsaq, bundan sonra  hər il Masallıda 1000 yerlik uşaq bağçası tikilməlidir ki, 18 ilə bir rayonda bağça problemi tam həll edilsin.

Digər rayonlarla müqayisə


Bəs çıxış yolu nədədir?

Təcrübəli pedaqoq Alzaman Baxış  qeyd edir ki, öncə uşaq bağçalarına rəhbərlik ya təhsil şöbəsinə verilməli, ya da bununla bağlı ayrıca qurum, komitə təşkil edilməlidir. Bu sahə üzrə hökumətin daha çevik və işlək proqramı olmalıdır. Olduqca işgüzar debatlar təşkil olunmalıdır.
Alzaman Baxış həm də  bildirir ki, uşaqları daha kütləvi şəkildə  bağçalara   cəlb etmək üçün yeməksiz  -  bir neçə qruplu,  mobil məktəbəqədər müəssisələr yaradılmalıdır. Artıq Masallıda bunun   bir nümunəsi var. “Şəkərbala” adlanan ödənişli məktəbəqədər kursa 150-yə yaxın uşaq cəlb olunub. Burada uşaqlara üçün yemək və yatmaq təşkil edilməsə də, onlar hər gün 4 saat olmaqla kifayət qədər əylənir, şeir, mahnı, nağıl və s. öyrənirlər.
Əgər yemək verilən, dövlətin maliyyələşdirrdiyi bir  uşaq bağçasının saxlanması hökumətə 1 ildə 60 minə başa gəlirsə. Belə, yeməksiz,  2 qrupla özəl  bağçalar yemək verilmədiyi, daha az ştatda işlədiyi üçün bundan 2 dəfə az məsrəflə çalışırlar.
Masallı şəhər sakini    Elçin Mirzəyev bildirir ki, uşaq bağçalarında qaranlıq məqamların  aradan qaldırılması üçün  həmin binaların hamısında kameralar qurulmalı, bu qurumlarda aşkarlıq tam təmin edilməlidir.


Avropa İttifaqının Masallıdakı icma əsaslı  “Uşaq bağçaları”

Ötən ildən başlayaraq ölkənin bir sıra regionlarında, o cümlədən Masallı rayonundakı 19 ərazidə Avropa İttifaqının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə icma  əsaaslı uşaq bağçaları fəaliyyət göstərməyə başlayıb. Masallı Təhsil şöbəsinin məsul işçisi Abbas Abbasovun bildirdiyinə görə, hər birindən 20 azyaşlı olmaqla ümumilikdə 19 məktəbdə 21 belə qrupda  200-dən artıq uşaq cəlb olunub. Bu mini “Uşaq bağçaları” ən müasir avadanlıqlar və əyləncə qurğuları ilə təmin edilib. Ən maraqlısı odur ki, belə qrupların idarə olunmasında valideynlər də yaxından iştirak edir.  Layihə 2 illikdir.





Masallıda bir özəl uşaq bağçası da fəaliyyət göstərir 
ki,bu da bir çox özəllikləri ilə seçilir

Özəl Uşaq bağçasının rəhbəri Şəfa Allahverdiyeva  bildirir ki, bağçamız texniki təminatına (kamera, elektron lövhə, mikroavtobus və s.), olduqca orijinal tədbirləri, ekskursiyaları, təkcə ölkənin yox, qabaqcıl dünya təcrübələrində səmərəli istifadəsinə görə çoxlarının ciddi marağına səbəb olub. Məhz bizim iş nümunəsi göstərir ki, rayonun  əksər kəndlərində belə bağçaların yaranması daha effektli olar.


Vaxt var idi Masallıda 3 pioner düşərgə fəaliyyət göstərirdi

Söz ki, uşaqların tərbiyəsindən, dincəlməsindən düşdü, onu da xatırladaq ki, sovet hakimiyyəti illərində təkcə Masallıda 3 pioner düşərgəsi var idi.
Biri, indi Təkgeçid deyilən məkanda, hazırda “Meşəçi” istirahət mərkəzinin yerində yaradılan, yayda, 3 növbədə 500 nəfərə yaxın məktəblinin dincəldiyi düşərgə.
  • İkincisi, indi “Viləş” istirahət mərkəzinin yerləşdiyi ərazidə, tikintidə çalışan şəxslərin övladları üçün yay mövsümündə 350-yə yaxın uşağın dincəldiyi “İkar” adı düşərgə.
  • Üçüncüsü, Tüklə kəndində “Alov” , yay mövsümündə   300-dən artıq şagirdin pulsuz dincəldildiyi, hazırda 2 hektar ərazisi istifadəsiz qalmış, bir çox ağacları yanıb məhv olmuş “Alov” pioner düşərgəsi.

Bundan əlavə hazırda istifadəsiz qalan, keçmiş “Türkan” istirahət mərkəzinin yerində əlil uşaqlar üçün 100 nəfərlik sanatoriya fəaliyyət göstərirdi. Həmin mərkəz də istifadəsizdir.
Hələ minlərlə uşağın cəlb edildiyi Əmək və İstirahət düşərgələrini demirik. (ABŞ-dakı Kampuslar kimi)
Jurnalist 
Cəmil Nemətov xatırlayır ki, həmin vaxtlar Masallıda böyüklər üçün cəmi bir istirahət mərkəzi var idi- “İsti-Su” sanatoriyası.
İndi isə böyüklər üçün istirahət mərkəzlərinin sayı 40-a yaxınlaşır, amma uşaqlar üçün heç 5 nəfərlik də bir istirahət mərkəzi də  yoxdur

Zahir Əmənov
Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 2 010

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter