10 aprel 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Bu fikir hardan yadına düşdü?
- Bizim təzə poçt müdirinin iş üsulu bu fikiri yadıma saldı. O, işə başlayan kimi bütün işçilərə güldən ağır da söz demədi. Sadəcə, bir-bir çağırıb səbəbsiz–filansız dedi ki, “səninlə işləmək istəmirəm”. Hər şeydən hamıdan tez xəbər tutan poçtalyonlar dərhal aydınlaşdır-dılar ki, müdirin bu ifadəsinin “tas”ı cəmi 100 manatdır. Kim o pulu tez gətirsə, təzə müdirin onlarla işləməsi problem deyil. Buna görə 100-dən artıq poçtalyon həmin 100 manatı dərhal çatdırdılar və müharibə qansız başa çatdı. Düzdür, 1-2 nəfər razılaşmadı. İndi onlar “Cəhənnəm-Cəhənnəm“ marşrutu ilə məktub paylayırlar.
- Ağıllı oğanlar var da. Yoxsa dəllal tut, töhmət ver, işdən qov, nə bilim, nə. Bizdə zirək oğlan çoxdur e. Kimi zəhərdən, kimi daşdan pul çıxardır. Məsələn, həkim var xəstənin ciyərini çıxartmaq üçün pul alır, həkim var meyitin ciyərini çıxartmamağa görə ondan 5 dəfə çox qazanır. Nə səbəbə? Çünki pul qazanmağın elmi yollarını bilir.
- Bu, çox geniş söhbətdir, sonra əməlli–başlı çözələyərik. İndi isə, gəl sənə başqa bir xəbər deyim. Deyirlər ki, əmioğullar yaxın qohumları olan şəhər bələdiyyəsinin sədrini icra başçısına xoş gəlmək üçün qurban vermək, yəni işdən çıxartmaq istəyir, hətta onu YAP-dan da qovdurmaq ictəyirlər. Yerinə də bu biri tərəfdəki deputatın vəkilini yerləşdirməyə çalışırlar.
- Bəs başçı onların xidmətlərini necə dəyərləndirir?
- Görmürsən ki, nə qədər zir-zibil işlər var, hamısını vurur qulaq ardına. Ondan döyüşçü olmaz. Allah onu yaradıb dükan–bazar söküb satmağa. Düz demirəm?
- Bu sualın cavabını bilmirəm. Amma onu bilirəm ki, dünən bir-birinin başına and içənlər, indi pula görə bir–birinin başında bardaş qurub, and içdiyi başın təpəsinə daş da sala bilmirlər. Yaxud da əksinə, bir-birinə “taxtabaş “deyənlər, indi həmin ”taxta”dan “bözbaş” düzəldib yeyirlər.
- Bəs nə bilmişdin? Bizimkilər təkcə özümkülərinə “atmır” ki, hökümətə də “atırlar”. Məsələn, möhtəşəm abadlıq işlərində çalışanlar var a, onların əksəriyyətinə əmək haqqı çöldən–çölə verilir. Yəni, bunlardan vergi-filan tutulmur, hökumətin cibinə min manatlarla ziyan vurulur.
- Bəs bunlar qorxmurlar ki, sabah onları cəzalandıra bilərlər?
- Ay avam, haçan görmüsən oğru oğrudan tuta. Bir də bizimkilər elə müdrik adamdır ki, bu işləri tapşırırlar 70-75 yaşlı adama. Hökumət bu məsələni araşdırana kimi, bir də görürsən, həmin adam o dünyadan teleqram göndərir ki, daha mən sizin qeydiyyatda deyiləm. Nə vaxt siz də bu dünyaya gəlsəniz, bir yerdə cavab verərik.
- Gör nələr olur e.
- Bəs nə bilmişdin? Elə buna görə 50-60 nəfər müdrik insan mənə müraciət edib ki, bu rüşvət-müşvət söhbətin yığışdır. Elə öyrəşmişik ki, hələ 10-15 il məmurlar özləri almasalar da, güclə ciblərinə bir şey qoyacağıq. Sən belə şeyləri başa düşməzsən; nə almırsan, nə vermirsən, rüşvətin dadını–duzunu haradan biləsən.
Zahir Əmənov
.
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter