Payçılar, yaxud payı bəlli olmayan payıbəllilər||--||


Payçılar, yaxud payı bəlli olmayan payıbəllilər||--||

 


20 ildən artıqdır ki, bir söz leksikonumuzda xeyli populyarlaşıb - payıbəlli torpaq. Bu sözün mənasını çoxları bilsə də, payıbəlli torpağa hamının əli çatmır, əli çatanlar da onu əlində saxlaya bilmir


Torpaqların vətəndaşlara paylanması

hansı zərurətdən doğdu?


1990-cı illərin ilk illərində kənd təsərrüfatı böhranlı vəziyyətdə idi. Ölkədə müharibə gedirdi, torpaqları əkib-becərməyə texnika, gübrə, vəsait tapılmırdı, kolxoz və sovxozlar çox dağınıq bir hala düşmüşdü. Əkinə yararlı, lakin əkilməmiş torpaqların əhaliyə paylanması ciddi zərurətə dönmüşdü.


Payıbəlli torpaqların verilməsi - uğurlar, qüsurlar


Əkinə yararlı torpaqların əhaliyə heç bir ödəniş olmadan paylanmasına ölkə başçısının fərmanı olmadan öncə, 1995-ci ildə Masallıdan başlandı. Adını Fermer-Kəndli Təsərrüfatı qoyub, hər kəndin torpaq sahəsini həmin kəndin əhalisinin sayına böldülər. Beləliklə, torpaqları təmənnasız olaraq kənd sakinlərinə paylamağa başladılar. Bəzi kəndlərdə adambaşına 0,3-0,4 ha, bəzi kəndlərdə isə 0,60-0,65 ha pay torpağı düşürdü. İlk uğurlar da oldu, qüsurlar da. Uğur o oldu ki, kəndli aldığı torpaqda dərhal taxıl əkdi, ilin tamamında tonlarla məhsul əldə etdi. Torpağı əkib-becərmək imkanı olmayanlar da imkanlı torpaq sahibləri ilə razılışıb payıbəlli torpağını onlara icarəyə verdi və heç bir xərc çəkmədən ilin sonunda qapısında tonlarla taxıl gördü.


Bəs qüsur nədə idi?


Kənd təsərrüfatı mütəxəssisi Aydın Əliyev hesab edir ki, bu işdə hədsiz tələskənliyə yol verilmişdir. Torpaqların paylanmasına rəhbərlik etməli olan Aqrar İslahat Komissiyaları yaradılmadan, onlar ilkin hazırlıq işlərini görmədən bu ciddi kompaniyaya start verilmişdi.

1. Paylanacaq torpaqlar inventarlaşmamışdı. Hansı ki sovet dövründə rəqəmləri şişirtmək üçün 10 hektardan götürülən məhsulu 8 hektardan götürülən məhsul kimi sənədləşdirirdilər ki, guya məhsuldarlıq yüksək olub. Yəni sənəd üzərində göstərilən əkin sahəsi ilə əkilmiş faktiki torpaq sahəsi fərqli idi.

2. Həyətyanı sahələr ölçülməmişdi ki, kimin həyətində nə qədər artıq torpaq sahəsinin olması bilinsin.

3. Hardasa kənd qəbiristanlığı üçün, məscid üçün, kənd yolu üçün qeyri-rəsmi, heç bir sənədləşdirilmə aparmadan verilən torpaqlar dəqiqləşdirilməmişdi.

4. Hər kənddə torpağın neçə hektarının 1-ci, yaxud 2-ci kateqoriya olduğu dəqiq müəyyənləşdirilməmişdi.

5. Bələdiyyələrin, gələcək inkişaf fondu üçün ayrılan torpaqların sərhədləri bəlli deyildi.

6. Əksər əkin sahələrinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. Müvafiq qanunvericiliyə görə, yüksək gərginlikli elektrik xəttinin altında olan sahələrdə 25 metr enində torpaqdan istifadə etmək olmaz. Lakin buna əməl edən yoxdur.




1996-cı ilin 2 avqustunda torpaqların əhaliyə paylanması ölkə başçısının fərmanı ilə rəsmiləşdirildi


Ölkə başçısının fərmanında göstərilən qaydalarla torpaqların özfəaliyyət şəklində paylanması qaydaları bəzi məqamlarda üst-üstə düşmürdü.

Fərmana görə, hər vətəndaşa torpaq verilərkən onun istifadəsində olan torpaqlar dəqiqləşdirilməli idi. Yəni 5 nəfər ailə üzvü olan şəxsə 1 hektar payıbəlli torpaq düşürsə, bu adamın da həyətyanı torpaq sahəsi 0,06 yox, 0,26 hektardırsa, vətəndaşın digər yerdə də zəbt etdiyi torpaq sahəsi varsa, bütün bunlar artıqlaması ilə onun payından çıxılmalı idi.

Bədəlan kənd sakini Asif Abbaslı bildirir ki, eyni kənddə bir neçə sovxoz var idi. Kənd yolunun bu tərəfində yaşayan kəndli bir sovxozdan, digər tərəfində yaşayan isə o biri sovxozdan pay almalı idi. Eyni kəndin sakini olsalar da, yolun bu üzündə yaşayan bir ailənin qızı yolun o biri üzündəki sovxozun ərazisində yaşayan ailəyə gəlin köçmüşdü. Yaxud qonşu kəndin sakini ilə ailə həyatı qurmuşdu. Bu adamların adı əksər yerlərdə bir neçə siyahıdan keçirdi. Çünki onların qeydiyyatı dəyişdirilməmişdi.


Zakir Abuşov (Sabiq ərazi nümayəndəsi): -Torpaqlar əvvəl naturada, yəni torpaq üzərində sənədləşib, müəyyənləşib, sonra xəritələrə köçürülməli idi. Lakin əksinə oldu. Kompüterdən istifadə etmək bacarığı olmayan bir çox direktorlar torpağı naturada bölmədən kompüterdə necə gəldi bölürdülər. Bəzi şəxslərə verilən payıbəlli torpağın eni 80 metr, uzunu 300-800 metr idi. Bəzi adamlar zarafatca bunu tramvay xətti adlandırırdı.

Beləliklə, bir sıra yerlərdə payıbəlli torpaqların verilməsində qatışıqlıq yarandı. Yüzlərlə insan xəritədəki torpağını naturada tapa bilmirdi.


Çay kolları niyə məhv edildi?


Vətəndaşlara payıbəlli torpaqlar paylananda üzə maraqlı məqamlar da çıxdı. Bəzilərinə boş torpaq sahələri verilsə də, bəziləri torpağı mülkiyyətlə birlikdə, yəni üstündə çay kolları və üzüm tingləri ilə birlikdə aldı. Və qısa müddətdə əksər payıbəlli torpaqlardakı çay kolları məhv edildi. Səbəb nə idi? Çayçılıqla məşğul olan Sərçuvar kənd sakini, kənd təsərrüfatı mütəxəssisi Fərasət Mikayılov bu məqamı aşağıdakı kimi izah edir:

-Torpaqları boş sahələrdə yerləşən pay sahibləri taxıl əkib qısa müddətdə çoxlu gəlir əldə etdilər. Sahəsində çay kolları olanlar isə ona baxa-baxa qalmışdı. Nə çay plantasiyalarına qulluq üçün vəsait ayıran var idi, nə də onu normal qiymətə qəbul edən emal müəssisəsi. Yəni yaşıl çaya çəkilən xərci onun qazançı ödəmirdi. Buna görə əksəriyyət bu çoxillik bitkiləri məhv edib, dərhal qazanc verən taxıl əkininə üstünlük verdilər.

... Çay kollarının məhv edilməsinin itkiləri bu gün də hiss olunur. Masallıda keçmiş çayçılıq sovxozlarının ərazilərindəki payıbəlli torpaqların 70-80 faizi istifadəsiz qalıb.

Müstəqil ekspert Əbdül Əsgərlinin araşdırması nəticəsində bəlli olub ki, Mahmudavar kəndində 928 hektardan 718, Türkoba kəndində 600 hektardan 600 (!), Tüklə kəndində 596 hektardan 590, Hişkədərə kəndində 325 hektardan 310 hektarı istifadəsiz qalıb.

Bu siyahını xeyli genişləndirmək də olar. Səbəb də sadədir - bu torpaqlarda uzun illər çay plantasiyaları olduğu üçün torpaq qələviləşib və o sahələrdə taxıl yetişdirmək olmur. Çay kollarını bərpa etmək isə çoxlu vəsait tələb etdiyindən sakinlər buna maraqlı deyil. Buna görə həmin kəndlərdə yüzlərlə hektar torpaq ya kol-kos içində itib-batır, ya da ən yaxşı halda örüş sahəsi kimi istifadə edilir. Əksinə, rayonun Muğan zonasındakı kəndlərin pay sahibləri torpaqların demək olar ki, 80-90 faizindən istifadə edə bilirlər.


Paysız payıbəllilər


Bu gün Masallıda, Lerikdə, Yardımlıda elə kəndlər var ki, hələ də onlarla insan payıbəlli torpaqlarını ala bilmir. Lerik rayonunun Züfüc kənd sakinləri Xudaqulu Əliyev və həyat yoldaşı Güldəstə Əliyeva deyirlər ki, kəndin bütün payıbəlli torpaq sahələri imkanlı tayfanın başçıları olan 7 nəfərin əlində cəmləşib. Şəxsən bizim ailənin 3,20 hektar payıbəlli torpağı olsa da, heç mal-qaramızı otarmağa örüş yeri tapmırıq. Bizim kimi bu kənddə onlarla ailə var. Şikayət etmədiyimiz yer qalmasa da, tədbir görən yoxdur. Masallı rayonunun Sirəbil kənd sakini Zadil deyir ki, bacıma 2 övladı ilə birgə verilməli olan 0,72 ha payıbəlli torpaq onlara hələ də verilməyib. Yerli ərazi nümayəndəsi və bələdiyyə sədri də bildirir ki, vətəndaşın tələbi haqlı olsa da, onlara verməyə torpaq yoxdur.

Masallı şəhərindən 14 kilometr aralıda, dağlıq Zuvand kəndində yaşayan Çingiz Cabbarov isə bildirir ki, 20 ilə yaxındır bütün kənd payıbəlli torpaqlarını ala bilmir. Kəndin 1200-ə yaxın əhalisi, 165 təsərrüfatı var. Burada həyətyanı yer almaq isə sadəcə mümkünsüzdür. Əksəriyyət aşağı kəndlərə köçür. Belə getsə, kəndin gələcəyi yoxdur.

Payına düşən torpağı ala bilməyən, torpağı çalpaşıq düşən, payıbəlli torpağına yolu olmayan insanlar hər rayonda yüzlərlədir.

Ən maraqlısı isə odur ki, artıq payıbəlli torpaqların bölüşdürülməsi ilə məşğul olan Aqrar İslahat Komissiyaları ləğv edilib. Guya onlar işlərini bitiriblər. Vətəndaş nə qədər haqlı olsa da, hətta əlində məhkəmə qərarı olsa belə, tələbini reallaşdıra bilmir.

Lənkəran rayonunda da eyni problemlər yaşanır. Torpaq islahatından 20 ilə yaxın vaxt keçsə də, bu rayonun 6 kəndində islahat aparılmayıb. 10 mindən artıq şəxsə torpaq payı verilməsə də, bu torpaqlar ucuz qiymətə sənədləşdirilərək, 40, 50 dəfə bahasına pullulara satılır.


Bu kəndlərin ikisində - Velədi və Sütəmurdov kəndlərində olarkən məlum oldu ki, həmin ərazinin ləğv edilmiş sovxozlarının əkin sahələrində istirahət zonası, restoranlar, şadlıq evləri, supermarketlər inşa edilib. Halbuki həmin sahələr o ərazidə yaşayan kəndlilərə torpaq payı kimi verilməli idi. Sütəmurdov kənd sakini Əsgər Miriyev deyir: Biz də torpaq islahatı istəyirik. Biz deyirik ki, nə üçün bütün kəndlərdə torpaq islahatı gedib, bizim 6 kənddə torpaq islahatı aparılmayıb. Bunlar bizə pay torpağı kimi verilməli olan yerləri istədikləri adamlara, istədikləri qiymətə satıblar, daha doğrusu, ucuz qiymətə sənədləşdirib, baha qiymətə sövdələşiblər. Həm də bu torpaqlar əvvəlki tarixə - 2002-ci ilə sənədləşdirilib. Sütəmurdov kəndində 467 hektar torpaq sahəsi var. İstəyirik, gec olsa da, bizim torpaq payımızı versinlər.

Əsgər Miriyevin deməsinə görə, bu torpaqları şəhəri genişləndirmək bəhanəsi ilə saxlayıblar: Əslində isə bu torpaqları satıb külli miqdarda pul qazanırlar.

0,97 ha torpağı 4 min 800 manata sənədləşdirib, amma 40 dəfə bahasına - 200 min manata satıblar. Guya burada torpağın sotu 50 manatdan da aşağıdır, amma 100 dəfə bahasına satılan torpaqlar da var. Bunlar bu cür qazancı qoyub, xalqa torpaq verərlər? Deyirik, nə üçün vermirsiz, deyirlər, belə istəyirik, vermirik. Hətta heyvanların otlaq sahələrini satıblar. Kənd camaatına vermirlər. Kim pul verir, ona şərait yaradırlar.

Velədi kəndinin Bakı-Astara yolunun kənarında yerləşən əkin sahələrində də tikinti gedir. Qalan sahələr isə əkilmir. Velədi kənd sakini Camal Abıyev deyir: Kənddə yaşayanın torpağı, mal-qarası olmalıdır. Torpaq verməyiblər, mal-qara da yoxdur. Belə olan halda bir yol qalır, köçüb getmək, ya da özünə qəsd etmək. Burada torpaq islahatı getməyib. Mən icarədaram. 17 ildir torpaqla, tərəvəzlə məşğulam. Dəfələrlə icra hakimiyyəti başçısının yanında olmuşam. Deyir ki, biz torpağı şəxsi adamlara satırıq. Sizə payıbəlli torpaq düşmür. Bələdiyyənindir. Gedin bələdiyyədən alın. Bələdiyyə mənə 6 sot torpağı 2000 dollara satdı. Bələdiyyənin də 52 hektar torpağı qalıb. Şəxsi adamlara, hətta kənar adamlara da satır. Mənim torpağımı kənar adama nə üçün satırlar. Velədiliyə satsın da.

Lənkəran Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri N. Quliyev də 6 kənddə torpaq islahatının aparılmadığını təsdiq etdi. Onun sözlərinə görə, bu kəndlərin torpaq sahələri Lənkəran şəhərinə yaxın ərazilərdə yerləşir. Buna görə də bu torpaqlar şəhərin genişlənməsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, torpaq islahatı artıq başa çatıb. Aqrar İslahat Komissiyaları 2000-ci ildə fəaliyyətlərini başa vurublar. Kənd sakinləri bu məsələni vaxtında qaldırmadıqlarına görə onu həll etmək mümkün deyil.

Sütəmurdov kənd bələdiyyəsinin sədri Emil Məmmədov da torpaqların şəhərin genişləndirilməsi üçün sənədləşdirildiyini bildirdi. Onun dediyinə görə, bu, aqrar islahat komissiyasının qərarıdır. O deyir ki, torpaqlar qanunda nəzərdə tutulmuş qaydada satılır. Torpaq satışında kənd sakinlərinə üstünlük verilir.

Lənkəran şəhərinin sabiq icra hakimiyyəti başçısı Hüseynqulu Məmmədovun bildirdiyinə görə, kəndlərdə bilərəkdən islahatlar reallaşmayıb ki, sonrakı illərdə həmin torpaqlardan yüz minlərlə manat qazananlar olsun. Kəndlilər isə torpağını itirdi. Torpaqsız kəndli isə qanadsız quş kmidir: Sütəmurdov kəndi dənizin kənarında yerləşən bir kəndir. O ərazidə yerləşən gülçülük sovxozu əslən lənkəranlı olmayana torpaq kimi satıldı. Özü də satış qanuni yolla yox, saxta yolla həyata keçirildi. İndi orada varlı nazirlərin, komitə sədrlərinin çox böyük villaları var. Deyirdilər ki, kəndlilərin torpağı şəhərə qatılacaq, orada zavodlar, fabriklər tikiləcək, əhali də işlə təmin olunacaq. Hanı bəs?.

Hüseynqulu Məmmədov həmin ərazilərin öz sahiblərinə qaytarılacağına inanmır. Nə mərkəzi, nə də yerli hakimiyyət buna imkan verməyəcək.

Mütəxəssis, vaxtı ilə yerli aqrar islahat komissiyasının sədri olmuş Salman Rəhmanov həmin ərazilərdə torpaqların kəndlilərə verilməməsini qanuna zidd hərəkət sayır: Mərhum Prezident Heydər Əliyevin fərmanına əsasən torpaq islahatı gedib. Kolxoz, sovxoz ərazisində yaşayan vətəndaşlara həmin ərazidəki torpaqlar pay kimi verilməli idi. Rayon Aqrar İslahat Komissiyasının qərarı ola bilər ki, şəhərin genişlənməsi üçün müəyyən qədər torpaq ayırsın, daha 6-7 kəndin ərazisini yox. O vətəndaşlar tələblərində haqlıdırlar. Həmin ərazidə yaşayan, işləyən vətəndaşların pay torpaqları var. O, mütləq sahiblərinə verilməlidir.


Onu da xatirladaq ki, ölkə başçısının Aqrar İslahat Komissiyaları haqqında fərmanında qeyd olunur ki, bu fərman qüvvəyə mindiyi gündən, yəni 1996-cı ilin 2 avqustuna kimi həmin ərazidə qeydiyyatda olan, daimi yaşayan hər bir şəxs ərazidə olan müvafiq torpaq sahəsinin əhalinin sayına bölünməsilə alınan əkinə yararlı payıbəlli torpaq ala bilər. Bələdiyyələrə isə həmin ərazidəki əkinə yararsız torpaqlar və ya əkinə yararlı torpağın 5 faizə qədəri verilə bilər. Aqrar İslahat Komissiyası isə təkcə rayon mərkəzində deyil, həmin kəndlərdə də yaradılır. Söhbətlərdən belə məlum olur ki, bu kəndlərdə AİK formal fəaliyyət göstərib, onun fəaliyyətindən, qərarlarından yerli sakinlərin xəbəri olmayıb. Əgər bu torpaqlar şəhərin genişlənməsi üçün ayrılacaqdısa, bu da həmin kənd sakinlərinin razılığı ilə reallaşmalı idi. Buna görə məsələnin məhkəmə müstəvisində həll olunması məqsədəmüvafiqdir. Bundan əlavə, torpaqlar satılırsa, bu, aşkarlıq şəraitində olmalı, əhali bu barədə vaxtaşırı məlumatlandırılmalıdır.




Həyətyanı torpaq bəlası


İnsanlar daim yeni evlər tikməyə ehtiyac duyur. Ailələr böyüyür, boş torpaq sahələri isə ilbəil azalır. 210 minə yaxın əhalisi olan Masallıda da həyətyanı torpaq sahəsi böyük problemə çevrilir. Məlum olduğu kimi, payıbəlli torpaqda ev tikmək olmaz. Mövcud olduğu 15 il ərzində isə bələdiyyələr öhdələrində olan ehtiyat fondu üçün ayrılmış torpaqların demək olar ki, hamısını pay-püş ediblər. Hacıtəpə kənd sakini Əlizaman Baxışov:

- 3 övladım ailə həyatı qurub, özləri üçün ev tikmək istəyirlər. Payıbəllidə də ev tikməyə icazə vermirlər. Bələdiyyə də deyir ki, həyətyanı verməyə torpaq sahəmiz yoxdur. Biz nə etməliyik?


İndi yerli sakinlər ev yeri ala bilməsələr də, yayılan məlumata görə rayonun və qonşu rayonların əksər bərkgedən məmurları və kommersantları Masallıda onun-bunun adına onlarla həyətyanı torpaq sahəsi alıb və dəbdəbəli imarətlər tikiblər. Qanuna özünəməxsus düzəlişlər edənlər də var. Belə ki, təkcə Masallıda 2000-dən yuxarı şəxs payıpəlli torpaqda ev tikib. Rayonun Sığdaş, Kolatan, Bədəlan, Alvadı, Şıxlar və sair kəndlərində bu, daha kütləvi şəkil alıb. Hətta iş o yerə çatıb ki, Masallı Rayon İcra Hakimiyyəti ötən il payıbəlli torpaqda qanunsuz ev tikən 500-dən artıq şəxsi (bəzi məlumatlara görə belələrinin sayı 2 mindən yuxarıdır) məhkəməyə vermişdi. Lakin məhkəmə iddianı qəbul etməyib. Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayev bildirir ki, bu evlərin bəziləri 10-15 ildir ki, tikilib. Bəs həmin vaxt yerli ərazi nümayəndələri, bələdiyyələr, digər əlaqədar qurumlar hara baxırdı?


Torpaq Məcəlləsi: Müvafiq qanunçuluğa görə payıbəlli torpaqda olan tikilidən təyinatı üzrə istifadə edilməyəndə həmin tikili sökülməli, torpağın münbit qatı bərpa olunmalı, həmin vətəndaş isə cərimələnməlidir. Lakin bunların heç biri olmadı, qanunsuz tikililərdən heç biri sökülmədi.

İndi Əlizaman müəllim ortaya maraqlı sual qoyur:

- Payıbəlli torpaqda ev tikib qanunu pozan cəzalandırılmır. Bu günümüzdə həmin qanunu yenə də pozub payıbəllidə ev tikənə necə demək olar ki, əvvəlkilər tikib, amma sən tikmə?


Əksər bələdiyyə sədrləri bilmir ki, onun bu gün həyətyanı sahə verməyə nə qədər torpaq sahəsi var? Gələcək nəsillər harada ev tikəcək? Bu suallara hələ ki, konkret cavab verənlər tapılmır.

Məcburiyyət qarşısında saxtakarlıqlara da əl atanlar olur. Belə ki, dolaşan məlumatlara görə, hələ də keçmiş sovxozların, Kəndli-Fermer Təsərrüfatlarının möhürlərini, yaxud möhürlənmiş blanklarını özlərində saxlayan keçmiş təsərrüfat rəhbərləri köhnə tarixlərə torpaq verməyi də unutmur.


Payıbəlli torpaqların neçə faizi ilk sahibindədir?


Konkret rəqəm demək çətin olsa da, amma çoxlarına bəllidir ki, bütün cənub rayonlarında elə kənd və qəsəbələr var ki, onun əksər sakinlərinin torpaqları ya payıbəlli torpaq sahiblərinin iqtisadi ehtiyaclarından istifadə edilərək, ya da yarıxoş-yarıgüc, imkanlı şəxslər tərəfindən çox ucuz qiymətə onların əlindən alınıb. Bu proses hazırda da davam edir. Şum və əkin üçün vətəndaşlara ayrılmış yanacaq pulu şum və əkindən 3-4 ay keçməsinə baxmayaraq, hələ də əkinçiyə verilmir. Taxıl yığımı vaxtı kombayn məsələsi əsl müsibətə çevrilir. Belə davam edərsə, çox az adamın əlində payıbəlli torpaq qalacaq.

Masallı Rayon İcra Hakimiyyətinin müavini Nəsir Muxtarlı yuxarıda sadalanan məsələlərə münasibətini aşağıdakı fikirlərlə bildirdi:

- Payıbəlli torpaqların verilməsində, istifadəsində, həmin payıbəlli sahələrdə şəxsi evlərin tikilməsində doğrudan da, bəzi problemlər var. Lakin kəndlinin torpağa bağlanması üçün ciddi işlər də görülür. Məsələn, bu il Böyük Kolatan kəndində 100 hektar sahədə çay plantasiyası salınıb, orada emal müəssisəsi də inşa ediləcək. Həmin sahəyə işçilərin və mütəxəssislərin normal gediş-gəlişi üçün 14 kilomtrlik yola asfalt döşənib. Yaxın illərdə isə belə çay sahələrinin həcmi 1200 hektara çatdırılacaq. Biz daim yeni iş yerlərinin yaradılmasına maraqlıyıq. Bu məsələni isə kəndlinin torpağa daha çox bağlanması müqabilində reallaşdırmaq istəyirik. Xırda müqayisə aparaq. Kəndli 10 min hektar sahədə taxıl əkərsə, bundan 4-5 milyon manat qazanc edər və bu işlərin görülməsinə 100-120 nəfər işçi cəlb olunar. Amma cəmi 10 hektar sahədə şitillik salınsa, bundan həmin 4-5 milyon manat qazancı əldə etmək mümkündür və həmin sahədə 500-600 nəfər işlə təmin edilər. Bu gün kəndli narahatdır ki, əkdiyi taxılı biçməyə kombayn tapmayacaq, yetişdirdiyi məhsula müştəri tapmayacaq və sair. Məlumat üçün bildirim ki, artıq rayona 4 ədəd müasir tipli yeni kombayn gətirilib. Rayonda fəaliyyət göstərən Aqro-servis yenidən qurulub və bu günlərdə açılışı olacaq. Bu, o deməkdir ki, mövcud texnikadan daha səmərəli istifadə ediləcək. Yaxın vaxtlarda müasir tipli soyuducuları olan tədarük mərkəzlərinin tikilməsi məqsədilə təkliflər hazırlanıb. Və inanırıq ki, təkliflərimiz yaxın vaxtlarda reallaşacaq, əkinçi becərdiyi məhsulu yığmaq, yaxud saxlamaq üçün problemlə üzləşməyəcək.

... İcra başçısının müavini çox nikbindir. Biz isə bir tərəfdən bu nikbin fikirlərə rəğmən sabaha ümidlə baxır, bir tərəfdən də istifadəsiz qalan min hektarlarla sahəni, həmin sahələrin yaxınlığında yaşayan yüzlərlə işsizi xəyalımızda canlandıra-canlandıra yazıya nöqtə qoyuruq.

Zahir Əmənov

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin elan etdiyi Torpaq sahələri və evlər üzərində mülkiyyət hüququ:

qanunvericilyin tətbiqinin aktual məsələləri

mövzusunda müsabiqəyə təqdim olunmaq üçün təqdim olunur 

R4suloffR4suloff

OXUNMA SAYI :2025

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az