Astara yollarından nə xəbər?


Astara yollarından nə xəbər? Astara yollarından nə xəbər?

Qəzənfər Ağayevin Masallıya rəhbərliyi ilə Astaraya rəhbərliyi arasında hansı fərqlər qəribə görünür?

Qəzənfər Ağayev 13 ilə yaxındır ki, cənub rayonlarına rəhbərlik edir. İcra başçılıq estafetini Yardımlı rayonunda qəbul edən Qəzənfər müəllim orada qısa müddət işləyəndən sonra 2006-cı ildə Masallı rayonuna icra başçısı təyin edildi. Və 6 ilə yaxın 200 mindən artıq əhalisi olan rayona rəhbərlik etdi. Bu illər Azərbaycanda neft pullarının əsl mənada fontan vurduğu illər idi. Bu imkanlardan gen-bol istifadə edən Qəzənfər müəllim Masallıda onlarla məktəbin, tibb məntəqəsinin, digər sosial obyektlərin inşasına və təmirinə nail oldu.
Bundan əlavə Qəzənfər Ağayevin Masallıda mənfi mənada da xeyli yadda qalan işləri olmuşdur.


Astara yollarından nə xəbər?Gəlişinin ilk illərində köhnə bazar deyilən ərazidə yüzlərlə dükanın qanuni, qanunsuz sökülməsi;
- Seybətin döngəsindən üzü bəri, eləcə də rayonun Mərkəzi Parkında çoxlu miqdarda uca boylu ağacların qırılması;
- “Çingizin bazarı” deyilən ticarət mərkəzi, Xallıcallı kəndində balıqçılıq hovuzu ilə bağlı qalmaqallar, bəzi haqsız həbslər və digər buna bənzər işlər ona heç də başucalığı gətirmədi.

Qəzənfər Ağayevin Masallıda yol çəkilişi ilə bağlı gördüyü işlər də həsəd aparılası deyildi.
Köhnə bazarın arxası deyilən xaraba yolun fotosunu 14 dəfə qəzetimizdə ardıcıl çap edəndən sonra, nəhayət oranın abadlaşdırılmasına sərəncam verildi. (Hazırda həmin yol yenə bərbad haldadır, az qala Masallının rüsvayçılıq simvoluna çevrilmək üzrədir).
17 kilometrlik (17 milyon manatlıq) Ərkivan-Boradigah-Rüdakənar yolunun da bərbad halda çəkilməsi, burada milyonların səmərəsiz xərclənməsi, dəfələrlə təmir olunsa da yenə də rayonun ən xaraba yollarından biri kimi qalması Qəzənfər müəllimin günahlarının ön sırasındadır.

Yəqin ki, oxucular maraqlanacaq ki, Qəzənfər müəllimin bəzi pis və yaxşı əməlləri birdən birə haradan yada düşdü?

Qəzənfər müəllim Astaraya Masallıdakı 6 illik hakimiyyətindən sonra-2012-ci ilin aprelindən Astaraya gedəndən sonra sanki bir az başqa adam, başqa rəhbər oldu. Sanki Masallıdakı günahlarını yumağa çalışırdə-nə ağacları qırdırdı, nə dükanları sökdürdü. Əksinə Astarada cənubun ən gözəl istirahət yerlərindən birinə çevrilən Dənizkənarı Bulvar yaratdı. Astaranın ən bərbad dağ yollarından biri olan (vaxtı ilə həmin istiqamətə səfərim zamanı “Cənnətə gedən cəhənnəm yolları” adlı yazı da yazmışdım) Ərçivan - Pəlekeş -Sım yolunu abadlaşdırdı.
Bu günlərdə ölkə başçısı Astarada Dənizkənarı bulvarın daha yaxşılaşdırmaqla bağlı yeni sərəncam imzaladı – 3 milyon manat vəsait ayırıb. Mətbuatda Astarada yeni yolların çəkilişi ilə bağlı yayılan məlumatda oxuyuruq:

“Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi davam etdirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, artıq Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsinə başlanılıb. Qısa müddətdə yolun 1 km-dən çox hissəsinə alt və üst qat asfalt döşənib.

Layihəyə əsasən ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12,4-cü kilometrində yerləşəcək.

Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar açılacaq”.
Əlbəttə sevindirici xəbərdir. Ələt-Astara yolunun da istifadəyə hazır olduğu bir məqamda turizm üçün çox əlverişli olan bu dağ kəndlərinə gedən yolların təmiri yeni istirahət obyektlərinin yaradılmasına, yüzlərlə iş yerinin təşkilinə təkan verə bilər.
Bütün bunlar o demək deyil ki, Astarada digər cənub rayonları üçün xarakterik olan rüşvətxorluq, saxtakarlıq, sahibkarların bu və digər formada “kruçoka” salınması, kadr məsələsində səriştəsizlərin meydan sulaması halları aradan qalxıb. Əlbəttə yox.


Sadəcə olaraq, Qəzənfər müəllimin Masallıya rəhbərliyi ilə Astaraya rəhbərliyi arasında yaxşı mənada maraqlı fərqlər görünür. Qəlbimdən isə qəribə arzu keçir- görəsən, Qəzənfər müəllim təzədən Masallıya icra başçısı gəlsə, Boradigah-Rüdakənar yolunun bərbadlığını aradan qaldırıb günahını yuya, yaxud onun dövründə yarım milyon vəsait sərf edilsə də hələ də bərbad gündə olan Xətai parkını da Astara bulvarı kimi abadlaşdıra bilərmi? Onsuz da Masallıdakı indiki kadrların əksəriyyəti onun əli ilə vəzifəyə gətirilən insanlardır.

Zahir


R4suloffR4suloff

OXUNMA SAYI :616

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff