Biləsuvarlı fermer: Məhsulumuz məhv olur


Biləsuvarlı fermer: Məhsulumuz məhv olur

İcra hakimiyyəti, rayon suvarma sistemləri idarəsi tərəfindən heç bir kömək göstərilmir".

Biləsuvar rayon İsmətli kənd sakini İxtiyar Ağayev məmur özbaşınalığı ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Müəllif xatırladır ki, bu il martın 27-də dövlət başçısının rəhbərliyi ilə Saatlıda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirilib: "Orada bildirdiniz ki, Prezident kimi mənim üçün pambıqçılığın inkişafı ilk növbədə sosial layihədir, sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir. Həmçinin göstəriş verdiniz ki, pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri müvafiq qurumlar operativ şəkildə həll etsinlər".

Müəllif yazır ki, bundan sonra ailəsilə birgə digər fermerlər kimi, 4.5 ha pay torpaq sahəsində pambıq əkib və bunun 2.5 ha hissəsi Çərçili adlanan ərazidədir.

Fermer deyir ki, əkin sahələrində bol məhsul var, amma özü və qonşu fermerlər pambığın çıxışından sonra bir dəfə sahələri suvara biliblər, onun da üstündən 40 günə yaxın vaxt keçir: "Əkin sahələri məhv olub gedir, Biləsuvar rayon icra hakimiyyəti, rayon suvarma sistemləri idarəsi tərəfindən heç bir kömək göstərilmir".

Fermerin sözlərinə görə, pambıq sahələri susuzluqdan yanıb məhv olur, güllər yerə tökülür, mərkəzi icra, rayon rəhbərləri, idarə-müəssisə rəisləri, su mənbələrinə yaxın yüzlərlə, minlərlə hektar torpaq sahələrini əkib suyu öz əkin sahələrinə yönəldirlər.

İ.Ağayev bildirir ki, əkin sahələrinə gedən yollar təmir edilməyib, yay-tarla düşərgələri yaradılmayıb və fermer iddia edir ki, bu yolların təmirinə ayrılan vəsaitlər mənimsənilib.

Fermer deyir ki, belə davam etsə, Azərbaycanda kənd təsərrüfatı nəinki inkişaf edəcək, əksinə, tamamilə məhv olacaq. O, Prezidentdən kömək istəyir: "Cənab Prezident, xahiş edirik ki, əllərindən heç bir iş gəlməyən, bivec, işləyənlərə də mane olan məmurların əlindən bizi və susuzluqdan yanıb məhv olan pambıq sahələrimizi xilas edəsiniz".

"Azərsumeliorasiya" ASC-nin şöbə müdiri Əjdər Cavadov bildirib ki, adı çəkilən fermerin 4,37 ha pambıq sahəsi var, onun 2.37 ha 4 dəfə suvarılıb, 2 ha sahənin suvarılmağa isə ehtiyacı var. Amma bu, təkcə İ.Ağayevə aid məsələ deyil, indi, həmin tərəfdə Araz çayında suyun azalması ilə su qıtlığı problemi yaşanır. (Turan)
R4suloffR4suloff

OXUNMA SAYI :331

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff