Bəzən yaxşı işlər də adamı utandırır







“Ərkivanın “rəhmət"ə gedən “Arkivan.az” saytı”





Gücün ola-ola gücsüzlüyünə necə utanmayasan?

Son vaxtlar Masallının Köhnə Alvadı və Kolatan kəndlərində bələdiyyələrin gördüyü uğurlu işlər barədə yazdığlarım, oxuduqlarım məni çox utandırdı.

Mən ərkivanlıyam. Həmişə ərkivanlı olduğum üçün qürur duymuşam. Niyə də öyünməyim?

- Olduqca zəngin və qədim keçmişi var;

- Münbit torpaqları, meşələri, dərələri, bulaqları və yüksəklikdə yerləşməsi ona daha da şöhrət və yaraşıq gətirir;

- Akademiki, 50-dən artıq alimi;

- Olduqca dəyərli din xadimləri;


- Onlarla yüksək dərəcəli idmançıları;

- Maraqlı və ölkə şöhrətli iş adamları;
Onlarla qədim peşələrin yaradıcıları;

(Yeri gəlmişkən Masallı mətbuatının başlanğıcı da, bu günü də ərkivanlılarla bağlıdır).


- Xeyriyyəçiləri və sair.


Bəs bu qədər gücə və şöhrətə malik qəsəbənin sakini olduğum üçün niyə utandım?

Köhnə Alvadı və Kolatan kəndlərinin birgə əhalisi Ərkivanın əhalisinin yarısından bir az çoxdur. Bu kəndlərdə bələdiyyələrin gördüyü yaxşı işləri sadalamaqla qurtarmır. Hər iki kənddə bələdiyyələrin işıq, yol, ağac əkilməsi, sakinlərin istirahəti üçün gördüyü işlərin məbləği 100 min manatları keçir.

Kolatanda təkcə kəndin işıqlandırılmasına 70 min, yollara asfalt və çınqıl döşənməsinə 130 min, Köhnə Alvadıda da kənd yollarının asfaltlanmasına 100 min manatdan artıq pul xərclənib. Təkcə bir xeyriyyəçi Köhnə Alvadı kəndinə yol çəkilişinə 30 min dollar vəsait sərf edib.

Daha ətraflı bu linklərdə tanış ola bilərsiniz.

http://cenubxeberleri.com//837-kohne-alvadinin-teze-ter-ishleri.html

http://cenubxeberleri.com/sosial/885-papaq-altinda-oglanlar-var-imish-misalinin-kolatan-numunesi.html

Bəs Ərkivan qəsəbəsində?

17 min əhalisi olan bir qəsəbə min əziyyətlə yaradılmış arkivan.az saytının yaşamasına aylarla 200 manat tapa bilmədi.

Kəndarası yollar bir yana, Qızılavardan Ərkivan döngəsinə qədər olan bir neçə kilometr yola işıq lampaları quraşdıra bilmirlər.

Bir-iki gənc pulsuz paltar aksiyaları təşkil edir, əlillərə araba alır, kimsəsizə ev tikir, bələdiyyə sədri gəlib, quru “sağ ol” da demir.

Bu gün Masallının ən bərbad gündə olan Uşaq Bağçası, ən bərbad məktəbi (ən qədim C. Cabbarlı adına olan 1 saylı məktəb), bəzi məhəllələrdə bərbad yollar, altı da, üstü də saxtakarlıqla satılan əkinə yararlı torpaqlar. Budur Ərkivan bələdiyyəsinin "göstərici"ləri.


Hansını deyəsən? Bələdiyyə şurası Ərkivanda və bir sıra kəndlərdə oyuncaq qurumdan başqa bir şey deyil. 2-3 nəfər işbazı başlarına toplayıb, ancaq torpaq satmaq, ona-buna “xox” gəlməklə məşğuldurlar.

Adama deyən də yoxdur ki, get, bacardığın işlə məşğul ol.

Habil Əliyevlə bağlı lətifə yəqin ki, çoxlarının yadındadır. Deməli, müğənnilərdən biri gəlib Habil Əliyevə deyir ki, mənə Əməkdar Artist adı verdilər. Habil müəllim də deyir ki, onlar bu adı sənə verdi, bəs sənin
qabiliyyətinə nə gəlmişdi, layiq olmaya-olmaya bunu aldın.

Görürsən, bacarmırsan, səriştən yoxdur, youtube sənin saxtakarlıqlarınla dolu süjetlərlə doludur və təkzib edə bilmirsən. Get, əvvəlki kimi mal-qaranla, toyuq-yumurtanla məşğul ol da.

Anar Rəcəbovun saxta işlərini ört-basdır etmək üçün xərclədiklərini bir yerə toplasa idilər qəsəbənin bütün yollarına işıq lampaları asmaq, bir neçə kasıba ev tikmək olardı.


Yuxarıda adlarını sadaladığımız kəndlər bu uğurlara həmin ərazilərin Rusiyada və başqa yerlərdə yaşayan həmyerlilərini bir araya gətirməklə nail olurlar. Anar Rəcəbov kimilər isə heç valideynləri ilə, bələdiyyə üzvləri ilə bir araya gəlməyi bacarmırlar.

Başqa kəndlərdə bələdiyyələr kənd üçün gördüyü uğurlu işlərlə, burada isə bələdiyyə ətrafında dolaşan bəzi “işbazlar” hansı “toçkada” neçə xanımı himayə etməkləri ilə öyünür.

Məhz belə təsadüfi adamların qəsəbədə birlik yarada bilməməsinin nəticəsidir ki, bu vaxta qədər 10 min seçicisi olan Ərkivan öz ərazisindən bir ərkivanlını da deputat seçə bilməyib.



Eyni sözləri Masallı şəhər, Qəriblər və digər bələdiyyələrin, daha doğrusu onların sədrlərinin barəsində də demək olar.

Bəli, Ərkivanın və Masallı şəhər bələdiyyəsinin onlardan qat-qat zəif ərazilərlə müqayisədə səriştəsizliyini, insanlarla iş birliyi qura bilməmək “istedadını”görüb çox utandım.

İstər-istəməz sovet dövründə eşitdiyim bir əhvalat yadıma düşdü. Deməli, sovet dövründə bir qrup gənc sovetlərin işğal etdiyi Demokratik Almaniyaya səfər edir. Gənclər bir kolbasa dükanın girib 20-30 adda kolbasa görürlər. Gənclərdən biri bu vəziyyəti müşahidə edib hönkür-hönkür ağlayır. Qrup rəhbəri olan şair ondan bunun səbəbini soruşur. Qız deyir ki, axı, biz bunları məğlub etmişik, biz qalibik, niyə bizdə cəmi 1-2 çeşiddə kolbasa olur, bunlarda 30 çeşiddə? Şair yazır ki, düşündüm, nə yaxşı bu tələbə hələ ADR-dır, AFR-də deyil.

Bəli, bu qədər imkanlı, güclü övladları olan Ərkivan qəsəbəsi, Masallı şəhəri belə bərbadlığa dözürsə, Köhnə Alvadı, Kolatan bələdiyyələrinin işlərinə həsədlə baxırsa, görəsən, Avropanın, ən azından Türkiyə bələdiyyələrinin işlərini görsə, nə edər?

Buna görə, gücümüz ola-ola gücsüzlüyümüzə utandığım üçün məni qınamayın.


Zahir Əmənov
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 464

Təcili satılır!

  • 04:07
  • 1 924
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter