Professor Qulu Məhərrəmlidən mükəmməl rəy



Dəyərli alimimiz, BDU-nun professoru, filologiya elmləri doktoru, respublikanın

əməkdar jurnalisti Qulu Məhərrəmli “Cənub xəbərləri” qəzetinə qarşı qaldırılmış iddia

ilə bağlı mükəmməl rəy bildirib. Həmin rəyi izləyicilərimizə təqdim edirik

Professor Qulu Məhərrəmlidən mükəmməl rəy

Masallıda çıxan “Cənub xəbərləri” qəzetində çap edilmiş və haqqında məhkəmə iddiası qaldırılmış (14.08.2017) “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?” adlı tənqidi məqalədə işlədilən ifadələrin hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, habelə nalayiq formada qəsdən alçaldan, yaxud böhtan xarakterli ifadələrin olub-olmaması barədə Vəkil sorğusu (22.08.2017) ilə bağlı

MÜTƏXƏSSİS RƏYİ

Giriş:Adı çəkilən yazıda uzun tarixçəsi olan torpaq mübahisəsi və bununla bağlı yaranmış qonşu münaqişəsindən bəhs olunur. Yazının müəllifi, ölkədə müstəqil və istedadlı jurnalist kimi tanınmış Zahir Əmənov məqaləni faktik materiallara istinad edərək, münaqişə tərəflərindən birinin şikayəti və mövcud mübahisə ilə bağlı əvvəllər çıxarılmış məhkəmə qərarları əsasında yazmışdır.

Yazılanlar təxəyyülün məhsulu və uydurma deyildir, müəllif yalnız mövcud faktlardan çıxış edərək Ali Məhkəmənin qonşuların (R.Quliyev və A.Nəzərova) münaqişəsi ilə bağlı bir qərarının yerli – Masallı rayon məhkəməsinin hakimi tərəfindən dəyişikliyə məruz qoyulmasını işıqlandırır, həmçinin vəzifəli şəxs kimi həmin hakimin fəaliyyətini açıq tənqid edir.

Yazıda işlədilmiş söz və söz birləşmələrini şərəf və ləyaqəti təhqir etmək kimi qiymətləndirmək olarmı?


1. Əvvəlcə, əsas anlayış kimi “təhqir”, “şərəf” və “ləyaqət”, “işgüzar nüfuz” ifadələrinin mənasına diqqət yetirək.

Ərəbcədən alınmış “təhqir” sözünün kökü “həqir”, tərcüməsi “aşağı”, ondan düzəlmiş “təhqir”in tərcüməsi isə “aşağılama” deməkdir.

“Şərəf” insanın ona etibar edilmiş ictimai sahədə öz səriştəsi, bilik və bacarığı ilə qazandığı mənəvi mərtəbədir.

“Ləyaqət” isə layiq olduğu yerdə fəaliyyət göstərən, öz işində ictimai əxlaq baxımından başqalarına örnək olan şəxsin keyfiyyət göstəricisi, həm də adamın özünün özünə verdiyi qiymətdir.

“İşgüzar nüfuz” dedikdə isə şəxsin təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə görə cəmiyyətdə, kollektivdə və iş mühitində tutduğu mövqe başa düşülür.

Göstərilən ölçülərlə yanaşdıqda haqqında söhbət gedən yazıda bir kimsənin şərəf və ləyaqətini alçaldan söz və ifadəyə rast gəlmədik. İşgüzar nüfuz barədə isə danışmağa dəyməz, çünki iddia qaldırmış şəxs (R.Quliyev), ictimai-işgüzar fəaliyyətlə məşğul deyildir.

2. İkincisi, yazının sərlövhəsindən də göründüyü kimi tənqidin hədəfi məhkəməyə iddia ilə müraciət etmiş R.Quliyev yox, yuxarı instansiya məhkəməsinin əvvəllər qəbul etdiyi qərara “düzəliş” etmiş hakim Nemət Musayevdir.

Məqalə məhz bu motiv üzərində qurulmuş və məhkəmə təcrübəsində rast gəlinməyən bu cür davranış tənqid edilmişdir. Tənqidi yazıda faktlar sadalanmış, məhkəmə sənədlərində əksini tapmış ifadə və izahatlardan, həmçinin hadisəyə aidiyyatı olan şəxslərin mövqe bildirən rəylərindən istifadə olunmuşdur.

3. Üçüncüsü, tənqidi yazıda istifadə olunan leksik vahidlərin heç biri təhqiramiz səciyyə daşımır, yalnız mənfi çalarlı söz kimi “savadsız” ifadəsi işlənir ki, bu da şəxslərə aid deyil, məhkəmə qərarının tərtibinə aid edilmişdir.

Hətta, şəxsə aid edilmiş olsa belə bu, qətiyyən təhqir deyil, fərddə müəyyən keyfiyyəti (xüsusiyyəti) bildirən anlayışdır.

Yəni yazı müəllifi mənfi hesab etdiyi hal və xüsusiyyətləri mətbuatda yol verilən etik çərçivədə tənqid etmiş və bu zaman heç bir təhqirə yol verməmişdir.

4. Dördüncüsü, davranışları qiymətləndirərkən müəllifin işlətdiyi hansısa sözün ləkələyici olmasını iddia etmək linqvistik və məntiqi baxımdan doğru deyildir.

Əvvəla, haqqında söhbət gedən mətndə belə sözlər, sadəcə yoxdur, ikincisi isə linqvistik təhlil təcrübəsində hər bir ifadəyə və ya onların məcmusunun ifadə etdiyi anlama ümumi kontekstdə qiymət verilir.

Jurnalist Z.Əmənovun yazdığı tənqidi məqalənin konteksti, faktlar barədə açıqlamaları, eləcə də qiymətləndirici mülahizələri birmənalı şəkildə təsdiq edir ki, məqalədə heç bir təhqir və aşağılayıcı məqam yoxdur, sadəcə qanunlara hörmətsizlik göstərən şəxslərə tənqidi münasibət vardır.

5. Beşincisi, mütləq nəzərə alınmalıdır ki, publisistik yazılarda faktla qiymətləndirici mülahizənin mühüm fərqi vardır.

Əsas fərq ondadır ki, faktın doğru və ya yalan olduğunu sübut etmək mümkündür. Qiymətləndirici mülahizənin isə doğruluğunu və ya yalanlığını sübut etmək olmur.

Yəni istənilən yazıda (həmçinin Z.Əmənovun bu yazısında da) doğru faktlara əsaslanıb müəyyən subyektiv mülahizələr yürütmək mümkündür.

Məhz buna görə də hüquq təcrübəsində hər hansı yazıda və ya çıxışda söylənilən hansısa mülahizəyə görə kiməsə qarşı iddia qaldırmaq və onun üzərinə sübut etmək yükü qoymaq yolverilməz sayılır.


Nəticə: Əvvəldə deyilənlərə əsaslanaraq belə hesab edirəm ki, “Cənub xəbərləri” qəzetində çap edilmiş və haqqında məhkəmə iddiası qaldırılmış “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?” adlı məqalədə hər hansı şəxsin şərəf və ləyaqətini qəsdən alçalda biləcək, nüfuzuna xələl gətirə biləcək, onu ləkələyəcək, nalayiq formada aşağılayacaq heç bir təhqiramiz ifadə işlə-dilməmişdir.

Yazıda heç bir təhqirə və böhtana yol verilməmişdir.

Qulu Məhərrəmli

(BDU-nun professoru, filologiya elmləri doktoru, respublikanın əməkdar jurnalisti)



Zahir Əmənovdan: Öncə dəyərli professorumuza qəzetimizlə bağlı məhkəmə davasına həssaslıqla yanaşdığına və mükəmməl rəy bildirdiyinə görə təşəkkür edirik.

İkincisi, bir məqama aydınlıq gətirmək istəyirəm. Məhkəmə müstəvisinə çıxarılan yazıda işlədilən “savadsız” sözü iddiaçıya yox, hakim Nemət Musayevə aiddir.

Hələ 2010-ci ilin sentyabr ayında Masallı məhkəməsində bizə qarşı açılan davada “xüsusi icraat qaydası ilə xüsusi iddia icraatı qaydasını” bir-birindən ayırd edə bilməməklə bu hakim ciddi savadsızlıq nümayiş etdirmişdi.

09 sentyabr 2010-ci il tarixli sayımızda “Hakim qərardadını ləğv edib” adlı yazıda bu məqamlara tam aydınlıq gətirmişdik.

N. Musayevin Apellyasiya Məhkəməsindən qayıdan onlarla işini də bura əlavə etsək, bəlli olar ki, həmin “savadsız” kəlməsi təsadüfən işlədilməyib.
R4suloffR4suloff

OXUNMA SAYI :536

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az