“Cənub xəbərləri” ilə bağlı “şərəf-ləyaqət” davası davam edir



Məhkəmə hakiminin “hamının şərəfi var” ifadəsi nə qədər qanunidir?


“Cənub xəbərləri” ilə bağlı “şərəf-ləyaqət” davası davam edir


Bu gün, sentyabrın 13-də, saat 11-də Masallı Rayon Məhkəməsində “Cənub xəbərləri” qəzetində çap olunmuş “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?”” məqaləsi ilə bağlı “Şərəf və ləyaqət” davasına görə keçirilən hazırlıq iclasından sonra ilk iclas başladı.

İddiaçı Zahir Əmənovun ona ünvanladığı “Siz şərəf və ləyaqət” sözlərinin fərqini bilirsinizmi?” sualını cavablandıra bilməyib, sadəcə “bilmirəm” dedi.

Təsəvvür edin, adam qəzet redaktorunu şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə çəkir, amma həmin sözlərin mənasını bilmir.

Məhkəmənin hakimi Anar Alməmmədov onun köməyinə çatıb əlavə edir ki, hamının şərəfi var.
Digərləri şərəfsiz deyil ki?


İndi isə məhkəməyə təqdim etdiyimiz professor, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin həmin yazı ilə bağlı verdiyi rəydə “şərəf” sözünün açmasına baxaq:

“Şərəf - insanın ona etibar edilmiş ictimai sahədə öz səriştəsi, bilik və bacarığı ilə qazandığı mənəvi mərtəbədir”

Hörmətli hakim, hörmətli Anar müəllim, indi sizə aydın oldumu, şərəf sözünün mənası nə deməkdir?

Amma sizin anlamınızdan yanaşsaq, yəni “hamının şərəfi var” fikrini əsas götürsək, belə aydın olur ki, quldurun da, “həyat qadının” da, azyaşlını zorlayanın da, fırıldaqçıların və sair şəxslərin də şərəfi var.

Həmin məntiqlə yanaşsaq, hamının şəxsiyyət vəsiqəsi var - ruhi xəstənin də, fahişənin də, qaniçənin də...- indi bunlar hamısı şəxsiyyətdir?


Zahir Əmənov məhkəmədəki çıxışında bu və digər məqamları hakimin diqqətinə çatdırdı. Bildirdi ki, bu məhkəmə hakim Nemət Musayevlə bağlı başlanmış narazılıqdan doğan qərəzin bir hissəsidir, mənə qarşı təzyiqin mədəni formasıdır.

Normalda prokurorluq hakimə qarşı irəli sürdüyüm iddiaya görə məqaləni araşdırmalı, hakim günahkar idisə onu, mən günahkar idimsə, məni cəzalandırmalı idi.

Hörmətli Anar müəllim məhkəmədə açıq-aşkar həmkarı Nemət Musayevin tərəfdarı kimi çıxış edirdi. Çıxışlarına nə qədər səmimiyyət donu geyindirmək istəsə də,... Nə isə..

Deməli, iddiaçı xeyli sağa-sola manevr edəndən sonra bildirdi ki, guya biz ona yazıda “vəhşi” demişik.

Yazıdakı sitatı təkrar edirik:

Nəzərovlar ailəsinin üzvü Zaman Nəzərov: “...Məhkəmə bir neçə ay davam edəndən sonra zərərçəkən tərəf anam - Nəzərova Arifə humanistik göstərərək, gələcəkdə qonşuluqda sülh olsun deyə Rabiti, onun qohumlarını - bizim ailə üzvlərini vəhşicəsinə döyənləri bağışlayır və nəticədə arvad-uşağı döyənlər həbsdən xilas olur, Rabitə 2 il şərti cəza verilir. Həmin vaxt Rabit anamdan dönə-dönə üzr istəyir”

İndi isə Məhkəmə qərarındakı ifadəyə nəzər salaq:

“Quliyev Rabit Suleyman oğlu ...mübahisə zamanı əlindəki boru parçası ilə Arifə Nəzərovanın bədənin müxtəlif nahiyələrindən vuraraq başın ənsə, təpə, gicgah nahiyəsində 3 ədəd şişginlik, beyin silkələnməsi və sol yanaq nahiyəsində qançırla nəticələnmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olub...”

Digər zərərçəkənlər də təxminən eyni izahatlar vermişdir.

... Görəsən, yaşlı qadını belə döyən şəxsin hərəkətlərini “vəhşicəsinə döyərək” adlandırmaq çox təhqirdir, ya həmin qadınları döyüb, onlara xəsarət etmək?

Zahir Əmənov məhkəmədə digər müqayisələr də apardı. Bildirdi ki, ölkədə yeganə olaraq Masallıda “Mətbuat Evi” tikilir, bu biri tərəfdə isə jurnalistin “evi yıxılır”, ondan, yazısında olmayan təhqirə görə 10 min manat təzminat istənilir.

İndi Anar müəllim, tutaq ki, siz Nemət Musayevə sədaqət borcunu yerinə yetirib, bu iddianı reallaşdırdınız.
Bilirsiniz ki, iş Apellyasiyaya, oradan da Ali Məhkəməyə və sonda Avropa Məhkəməsinə veriləcək, bütün ölkə mətbuatı, müstəqil telekanallar bundan yazacaq və nəticədə Masallı məhkəməsinin qanunlarla oyun oynadığı daha böyük auditoriyaya bəlli olacaq.

Ümumilikdə özünü jurnalistlərin dostu sayan, hər il onlarla jurnalistə süfrə açan Masallının imicinə ciddi zərbə dəyəcək
.

Zahir Əmənov məhkəmədə Anar müəllimə yaxın keçmişi də xatırlatdı:

- Biz sizinlə 2-ci dəfə qarşılaşırıq. Birinci dəfə bir torpaq davasına görə çəkişməmiz oldu. Dediniz ki, vallah bizlik deyil, İcradan bir kəlimə desinlər, işi qoyaq kənara. İndi də ortada həmkarınız Nemət Musayev var. Qalanı yəqin ki, bəllidir.

(Məhkəmədən dərhal sonra iddiaçının küçəyə çıxarkən Nemət Musayevin maşınına tərəf qaçması da maraqlı görüntülərdən idi)

Biz professor Qulu Məhərrəmlinin ekspert rəyini hakimə təqdim etdik.

Son qərar bu oldu ki, mübahisəli yazı Linqvistika Mərkəzinə göndərilsin və onların rəyindən sonra ümumi rəyə gəlinsin.

Daha geniş yazıb, vaxtınızı almaq istəmirik. Hərənin bəxtinə bir şey düşür, bizim də bəxtimizə çox savadlı, şərəf və ləyaqət sözlərinin dəqiq mənasını bilməyib, lakin şərəf və ləyaqət davasını müzakirə edən hakimlər düşüb.


Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :593

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az