Biz nə vaxt “qəhrəman” oluruq?||--||


Biz nə vaxt “qəhrəman” oluruq?||--||

Hər bir ölkə qəhrəmanları ilə fəxr edir. Onların şərəfinə heykəllər ucaldır, küçələr, parklar salır, övladlarına onların adlarını verirlər. Hətta qəhrəman qıtlığı yaşanan ölkələr də yalan-doğru özləri üçün qəhrəman “düzəldirlər”. Şərikli qəhrəmanlar da az deyil. Bu gün Dədə Qorqudu, Koroğlunu, Nizami Gəncəvini “özəlləşdirmək” üçün yaxın qonşularımız hansı addımlar atmır? İran, Türkmənistan, Türkiyə, hətta Tacikistan belə bu qəhrəmanları öz adına çıxmaq istəyir. Əmir Teymur dünyanın ən qaniçən, qəddar diktatorlarından biri olsa da, özbəklər onun bütün mənfi cəhətlərini kənara atıb özlərinə qəhrəman edib, şərəfinə heykəllər ucaldıblar.

Bəs bizim bu günün qəhrəmanları haradadır, onlar necə yetişir?

Bizdə övladlarına Qəhrəman, Cəsarət, Dəyanət və buna bənzər ad qoyanlar (təəssüf ki, adı Aciz, Məzlum... olanlar da var) az deyil. Bəs adı yox, özü qəhrəman olanlar kimlərdir? Mütləq müharibə, döyüş meydanı olmalıdır ki, kimsə qəhrəman olsun?

Bu yaxınlarda qəribə bir məqamla rastlaşdım. Rayonun aparıcı məktəblərindən birində hər iclasda indiki iqtidarı primitiv şəkildə, yaltaqcasına tərifləyən biri mətbuatdan giley edirdi ki, nöqsanlar barədə kəskin yazılar yazmırlar.

Eləmədik tənbəllik, şəhəri gün həmin müəllimin adından ölkə, rayon, eləcə də çalışdığı məktəbin rəhbərini kəskin tənqid edən bir səhifəlik yazı yazdıq. Həmin yazının üstünə bir 50 manatlıq da qoyub bu müəllimə təklif etdik ki, yazını imzalasın. Bu insanın məktubu imzalamamaq üçün özünü nə günə qoyduğunu görən olsaydı, dəsmal götürüb ağlayardı. Sən demə, heç özünün çalışdığı məktəbin tarixini bilməyən bu müəllimin yaşadığı evin yaxınlığındakı küçədə bir az qazıntı aparıblar, bu da təzə maşın alıb, həmin küçədə maşını normal sürə bilmirmiş, ona görə 5 dəqiqəlik partizan olub. (Yada sal – “Zahidin bir barmağın kəssən, dönüb haqdan qaçar”...) İndi təsəvvür edirsiniz ki, belə müəllimlər məktəbdə uşaqlara qəhrəmanlıq dərsi keçir, onlara Babəkə, Koroğluya oxşamağı tövsiyə edirlər.

Bəli, biz beləyik. 1 saat dərsimiz azalanda, ancaq öz küçəmiz palçıqlı olanda, övladımızı, ya özümüzü işdən çıxaranda oluruq qəhrəman. Bu “qəhrəman”- ların cəsarətinin ölçüsü isə məktəbin koridorundan, yaşadığı məhəllənin küçəsindən uzun olmur.

Bu gün sual etsən ki “Ziyalı kimdir?”, yalan-doğru diplomu olan minlərlə şəxs deyər ki, biri mən. Daha soruşsan ki, haqsızlığa qarşı, hüquqları, şərəfi, ləyaqəti tapdanan, nahaqdan zindanlarda çürüdülən insanların müdafiəsi üçün kim imza atmaq istəyir, kim haqq səsini ucaltmaq istəyir? Səsimizə səs verən, Aşıq Cümə demişkən, ya bir olar, ya iki.

Bu gün güclüləri müəyyənləşdirmək elə də çətin deyil. 2 il öncə Masallıda ən yaxşı müəllimi müəyyənləşdirmək istədilər. Təsəvvür edirsinizmi, 99 məktəbdən cəmi 38 məktəb yaxşı müəllimliyə öz namizədini verdi. 60 məktəb öz kollektivindən bir müəllim də tapa bilmədi ki, bu müsabiqəyə yaxşı müəllim kimi təqdim etsin. Hansı ki, həmin məktəblərdə hayı-küyü yerə-göyə sığmayan onlarla müəllim var.

Bu gün qəhrəman olmaq üçün döyüş meydanı haradır? Bizcə, öz peşəsinin layiqli ustası olan şəxs də qəhrəmandır. Ancaq bir şərtlə ki, haqsızlığa qarşı səsini qaldıra bilsin. Heç olmasa, haqsızlığa səsini ucaldana dəstək olsun.

Bəziləri qəzeti kəskin tənqid yazmamaqda günahlandırır. Əgər ətrafımızda çox yox, 10-15 əsl haqq səsini ucaldan ziyalı-qəhrəman olsa, qəzetin həddi nədir onlara meydan verməyə. Lakin kompüter, internet bilməyən, illərlə yeni ədəbiyyat oxumayan, 40 qəpik verib bir haqq sözü deyən qəzet almayan, yanında iqtidar əleyhinə söhbət olanda siçan deşiyi axtaran cücə cəsarətli “ziyalıların” qəzeti də elə onların özünə oxşamalıdır da.

Məşhur “Qurdlar vadisi” filminin baş qəhrəmanı Polad Ələmdarın tez-tez təkrarladığı bir kəlam var: ”Sonun fikirləşən qəhrəman olmaz”.

Bizim “qəhrəman ziyalılarımız” isə nə düşünür? O vaxt ki, cəsarətdən, haqsızlıqdan söz düşür, deyirlər: “Arxamda duran olacaq? Mənə bir şey olsa, kim müdafiə edəcək?” İndi bunu necə başa düşək? Demək, kimsə cəsarət göstərmək istəyirsə, gərək MTN-dən, polisdən, məhkəmədən bunun üçün aman kağızı alınmalıdır ki, bu şəxs cəsarətli çıxış edəndə ona güldən ağır söz deməyəcəklər. Nazlayıb, bələyib, qundaqlanmalı, dörd tərəfi güllə keçirməz hasardan buna taxt düzəldilməlidir ki, xain rəqiblər ona daş zad atmasınlar. Cibinə də 3-dən, 5-dən qoyasan ki, cəsarətli çıxışdan sonra babat yeyib-içə bilsin. Vəd də verəsən ki, hər həftə sizə 100 manatlıq bazarlıq göndərəcəyik.

Ziyalı arxa axtarmamalıdır, özü arxa olmalıdır. Görəsən, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin hansı müdafiəsi var idi?

Belələrinin bir arqumenti də budur ki, guya jurnalistlərin müdafiəsi var, onlar hər şeyi deməlidir. Jurnalistin necə müdafiəsi var idi ki, Elmar Hüseynovu qapısında güllələdilər, Bahaddin Həziyevin üstündən maşın sürdülər, Aqil Xəlili, Nicat Dağları bıçaqladılar, Qənimət Zahidi illərlə zindanda saxladılar, Əvəz Zeynallını hələ də həbsdə saxlayırlar. Neçə-neçə jurnalisti vətəndən didərgin saldılar. İndi “mədəsi” cəsarətli yazı istəyənlər onların taleyi ilə maraqlanırmı?

Haqsızlığa “yox” deməyə tələsməsək də, bəzən adi vəzifə borcuna yarınmağa daha tez can atırıq. Biri bu yaxınlarda məni kənara çəkir ki, DSMF-nin rayon təşkilatına təşəkkür et. Deyirəm, niyə? Deyir, arvadıma pensiyanı pulsuz düzəldiblər. Nə bilim, həkimə təşəkkür elə ki, müalicəni pulsuz edib. Daha bilmir ki, belə deməklə bu adamları söyür - yəni, bu DSMF-çi, bu həkim hamıdan pul alıb, bunlardan yox. Amma bu adam DSMF-də rüşvət gözə girəndə cınqırını da çıxartmırdı.

Axtaranda sizli-bizli hamımızda günah var. Lakin başqaları ilə o adam cəsarət davası etsin ki, heç olmasa, həmin başqasının etdiyinin 5 faizini etməyə o, tələb edən adam da özündə cəsarət tapsın.

Zahir

 

R4suloffR4suloff

OXUNMA SAYI :1084

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az