31 avqust 2014-cü il Çəpərüstü söhbət||--||


31 avqust 2014-cü il Çəpərüstü söhbət||--||

 


- Qıza, zaman keçdikcə insanlarımız yaman inkişaf edir, bizə bir-birindən maraqlı suallar ünvanlayır, yeni atalar sözləri, bəzəmələr kəşf edirlər.

- Suallardan başlayaq, ya məsəllərdən?

- Təzə atalar sözləri daha maraqlıdır. Bəri başdan bir-ikisini “xırdalayaq”, kefimiz açılsın. İndi ən dəbdə olan atalar sözü odur ki, “pulun varsa, yaşa özün üçün, yoxdursa, yaşa vətən üçün”. Başa düşürsən də?!

- Niyə başa düşmürəm? Başa düşməsəydim, bu cürə yaşamazdım ki?

- Deyirlər, kreditlə bağlı da nəsə düzüb-qoşublar.

- Hə, oxumuşam. Bu qədim şeirlərdən birinə bəzəmədi. Rəhmətlik Nüsrət Kəsəmənlinin yaddaqalan şeirlərinin birində belə misralar vardı: “Sabah o qızın toyudur, açılma, sabah, açılma”. Hə, indi həmin misraları kredit məsələsinə uyğunlaşdırıblar. Yəni belə:”Sabah kredit ödəməsinin vaxtıdır, açılma, sabah, açılma”.

- Zarafat-zarafat, elə bu gün mənim də kredit ödəyən günümdür. Söhbəti qurtarım, qaçaq banka.

- Hələ atalar sözlərini, bəzəmələri qurtarmamışam. Umeyra adlı bir xanım yazır ki, ac ol, kişi ol, məsəli düzgün deyil. Səbəbini də belə açıqlayır ki, adam ac olsa, nəinki kişi, heç arvad da ola bilmir.

- Adam belə-belə söhbətləri eşidəndə düşünür ki, elə özünü avamlığa, axmaqlığa qoysan, lap yaxşıdır. Digər məşhur atalar sözündə deyildiyi kimi, Papadan artıq katolik ola bilməzsən ki? Yəni, müxalifətdən artıq, müxalifətçi olmayacaqsan ki? Şair Hüseyn Arif demişkən, görürsən ki, Aslan susur, Tərlan susur, Qartal susur, sən də sus. (Bizim dilə “tərcümədə” – ağsaqqal susur, ziyalı susur, deputat susur, sahibkar susur, müxalifət susur, sən də sus). Yəqin oxudun da, “Asyanı” apardılar, “Gülçöhrəni” apardılar, “Soltan” bəylə “Əsgər” bəy meydanı qarışıq görüb aradan çıxdılar, indi bizə nə düşüb?

- Bir aydın danış, başa düşək, nə deyirsən?

- Burada aydın olmayan nə var ki? Bu hüquq müdafiəçiləri var idi ha – İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli, İntiqam Əliyev, Rəsul Cəfərli, Leyla Yunus, Arif Yunus, jurnalist Seymur Həzi... hə, bunlar bayırda bir-biri ilə görüşə bilmirdilər. İndi hamısını yığıblar Kürdəxanı həbsxanasına, doyunca söhbət etsinlər. Emin və Mehman Hüseynov qardaşları, Mətanət Əzizova və digərləri isə onların bu mehribançılığına dözməyib xəlvəti qaçdılar xaricə. Bircə xam düşən, naxçıvanlı hüquq müdafiəçisi İlqar Nəsibov oldu. Onu Kürdəxanıya gedənə qədər ofisinin qabağında tutub, ölümünə döydülər. sonra da şərlədilər. Hələ o cavan uşaqları, “NİDA”-çıları demirəm, “salat” yerinə getdilər, bir-ikisi özündə dəyanət tapıb “satıldı”, qalanları isə axmaqlıqlarından hələ də azadlıq, demokratiya deyə, Kürdəxanıda haray çəkirlər.

- Onda kefdir ki, sök, dağıt, heç kim daha cınqırını çıxarda bilməyəcək. Heç dərd-sərini Avropa Məhkəməsinə də deyə bilməyəcək.

-Avropa məhkəməsinin bura nə dəxli var?

- Camaatın dərdin Avropa Məhkəməsinə İntiqam Əliyevlə, Rəşid Hacılı hazırlayırdı. Birincini tutdular, ikinci də “gözü çıxmış qardaşını” görüb, fəaliyyətini dayandırdı.

- İndi, deyirsən, adam özünü bu zəmanədə avamlığa qoysa, hər şey yağ kimi gedəcək?

- Əlbəttə! İstəyirsən nümunə də deyim. Biri gedir əsgərliyə. Nə qədər deyirlər “sağa dön”, “sola dön”, bu dönməyib, özün qoyur avamlığa. Guya bu “sağ-sol” bilmir. Komandir də tüləyin biri imiş. Götürüb bunun sağ əlinə bir kartof, sol əlinə bir soğan verir və çıxardır dəstənin qabağına. Başlayır, komanda verməyə - soğana dön, kartofa dön.

- Deyirsən, bizi də indi bu cürə haqq-ədalət, düzlük, cəsarət tərəfə döndərmək olar?

- Elə-belə dedim e. Bizimkinin nə kefinə. Ancaq bunu deməyi bilirlər - tənqid yaz, tənqid. Ha deyirsən ki, bu savadın, bu mütaliən, bu kompüterin, bu da “generalni

vidin-fasonun”, sən də biz deyənin heç olmasa, 5-10 faizini de, sonra söhbət edək. Nə vaxta kimi elə dəlləkxanada, çayxanada, toyxanada özünü rəhmətlik Nəsibə Zeynalova demişkən, “prıfıssır” kimi göstərəcəksən, aradabir haqq meydanına da gəl də.

- Elə bu ikibaşlı oynadıqları üçündür ki, çoxlarının “dal nömrəsi” ilə “qabaq nömrəsi” düz gəlmir.

- Rəhmətlik Mirzə Cəlil hələ 100 il öncə “Ölülər” əsərində kefli İsgəndərin dili ilə belə “ölülərə”

xitabən haray çəkirdi. İndi belə çıxır ki, bu lal olan danışan dilləri qıdıqlamaqdansa, elə gedib qəbiristanlıqda ölüləri qıdıqlasaq, bəlkə onlardan səs-səmir çıxa.

- Bacı qurban, bu iradları hamıya aid eləmək olmaz. Hərdənbir ürəyində üsyan edənlər də var, hətta o günləri biri yaxınlaşıb mənə qəribə bir sual verdi. Dedi ki, bu qədər küçələr asfaltlanır, işıq dirəkləri basdırılır, estrada səhnələri qurulur, parklar abadlaşır və sairə. Bəs biz niyə bunlara sevinmirik?

- Bəs sən nə dedin?

- Heç ağzımı açmağa qoydular ki. Yaxınlıqdakı arvadlardan biri əlini ölçə-ölçə üzünü həmin kişiyə tutub dedi:”Ay “filosof”, az fətir qırağı sula. Bir həkimin, bir bağça tərbiyəçisinin ki məvacibi ayda cəmi 140-150 manat ola, günü 4-5 manata işləyə, xadiməsi 100 manata çalışa, onun nə kefinədir ki, hara hasar çəkilib, harada estrada səhnəsi qurulub. Yayın bu normal günlərində işıqlar gündə 2-3 dəfə, özü də saatlarla sönəcəksə, həmin 10 min manatlıq bəzəkli işıq dirəklərini gətir vur mənim təpəmə.

- Hə, yaman xatalı məkana düşübsən. Belə yerlərdən uzaq ol.

- Hərdənbir müdirlərin maraqlı iş təcrübəsini xalqla paylaşırdıq, bu barədə yenilik yoxdur?

- Niyə yoxdur? Pul çıxartmaq üçün həmişə yeniyə ehtiyac var. Keçmişdə bəziləri həmişə ehsan üçün bir qurbanlıq qoyun saxlayardı. İndi bəzi şirkətlər qurbanlıq işçi saxlayır. Əvvəldən həmin işçi ilə razılaşır ki, çətinə düşəndə, vəziyyətdən çıxmaq üçün səni söyəcəyəm, döyəcəyəm ki, guya bütün günahlar səndədir, mən tapşırmışam, sən eləməmisən, təki həm an vəziyyətdən qurtulum, sonra da gəlib söyülməyinin mükafatını alarsan. Buna görə, indi bəzi müdirlər söyüşə davamlı işçi axtarır.

- Bəs bu təhsildən nə xəbər var?

- Yəqin bilirsən ki, təhsil şöbələri ləğv edilib, sadəcə növbəti ilin 1 yanvarınadək regional şöbələr yaranacaq. Buna görə hər rayonda 30-40 təhsil işçisi elə bil tikan üstə əyləşib. Təsəvvür elə ki, hər ay az qala təhsilin süpürgəçisinə qədər məktəblərdən gələn aylıqlar, müftə qonaqlıqlar, məktəbin darvazasından keçən kimi cibinə girən onluqlar, təhsil şöbəsində az qala bir salfetkaya görə də təmənnalar... indi düşüb sual altına.

- Vallah, təhsil deyəndə mənim xəyalıma 2-3 nəfərdən başqa saxtakarlıq simvolu olan, çalışdıqları məktəblərdə min bir fırıldaq edib saxta diplomdan saxta attestata qədər alver edib, sonra da təhsilin baş idarəsinə irəli çəkilənlər gəlir. Yer-göy müəllimlərin kasıb dolanışığından ah-zar edikləri bir vaxtda təhsil şöbələrində çoxunun Bakıdanbelə 3-4 evi, göz deşən bahalı maşınları, şirkətləri, bir neçə könül sirdaşları adamın xəyalında canlanır.

- Deyirsən, indi regional olanda bunlar düzələcək?

- Mən elə dərin söhbətləri çox da başa düşmürəm. Mənimki elə cəpər dibi xırda-mırda giley-güzardır. İndi bəzi ağzı göyçəklər deyir ki, təhsil şöbə müdirliyi əvvəl 100 min imiş, indi tas qalxıb, olub 300 min. Mən belə söhbətlərə heç inanmıram. Amma dəqiq bilirəm ki, təhsilə hər il rayon büdcəsindən ayrılan 10-15 milyon yanvardan oturacaq Təhsil Nazirliyinin hesabında. Qısası, hər şey mərkəzdən idarə olunacaq.

- Bunlar hamısı öz yerində. Məni isə, necə deyərlər, “qatıq” yaman çaşdırır. Yəni, Lənkəran, Lerik və Astara təhsil şöbələri ləğv edilib, bunların yerində mərkəz Astara olmaqla regional şöbə yaradılacaq. İndi məəttəl qalmışam ki, Astarada oturub oradan 120-130 kilometr aralıda yerləşən Lerikin Züfüc kəndinə necə rəhbərlik etmək olacaq?

- Qıza, sən rəhbərlik nəyə deyirsən? Aylıq taslardır, istər 150 km aralı olsun, istər 250, ayın sonunda pulunu gətirəcək, bu da olacaq rəhbərlik.

- Çox uzağa getdin, saxla, çox da zilə çıxma.)

Elcan Zahir


 

R4suloffR4suloff

OXUNMA SAYI :680

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az