Çəpərüstü söhbət 30 noyabr 2014-cü il||--||


Çəpərüstü söhbət 30 noyabr 2014-cü il||--||

- Yaxşı deyiblər ki, qulaq hər gün təzə söz eşitməsə, içinə milçək girər. Bizim qulağımız isə pis-yaxşı, hər gün yüzlərlə söz eşidir və milçək problemimiz də olmur.

- Düz deyirsən. Son vaxtlar eşitdiyim ən yaxşı söz isə şişirtməklə bağlıdır. Danışırlar ki, alimlər elə aparat kəşf eləyib ki, indi almanı, armudu, əzgili də şişirtmək olurmuş.

- Elə mən cücənin iynə ilə şişirdilməsini görəndə ürəyimə dammışdı ki, bu şişirtmə əməliyyatı bütün həyatımıza möhkəm daxil olacaq.

- Dədə-babalarımız danışır ki, 30-40 il əvvəl rəqəmləri şişirdərdilər. Heyvanlar üçün palıdgilə yığımının şişirdilməsi, sonra süd, pomidor, kələm və sairə aid rəqəmlər şişirdilirdi. Hətta məktəbdəki bəzi “alim” təhsil şöbə müdirləri təbaşiri də “yeyib” rəqəmini şişirtdilər. Bu şişirtmələrin hesabına onlarla sovxoz direktoru, idarə müdiri, aparat işçisi... “şişdi” və “partladı”.

- Hətta elə adam var ki, özü-özünü şişirtdi – mənə filankəs deyərlər, filankəs dedi, kişi adamsan, filan adam dedi, sənin kimi mərd adam görməmişdim, mənim filan titullarım var və s.

- O biri şişirtmələri də bilirsən də - kimi dodağını, kimi “nar”larını, kimi güngörməzini, kimi maşınlarını, kimi imarətlərini şişirtdi.

- Hər şeyi şişirdə-şişirdə gördük ki, biz lap bapbalaca imişik ki, çılpaq kral nağılında

olduğu kimi

- Amma bu şişirtmə məsələsini çox da dərd etməyə dəyməz. Allah dərd verəndə dərman da verir. Deyirlər, başqa təzə bir qurğu çıxıb, hansı meyvəyə yaxınlaşdırırsan, o dəqiqə məlumat verir ki, bu saxtadır, ya yox.

- İndi biz o aparatı saxta dodağa, saxta buruna, eləcə də saxta diploma, saxta mənəviyyata, saxta qəhrəmanlara da... tuşlasaq, onun halal, ya haram, yaxud təmiz, ya natəmiz olduğu bilinəcək?

- Bunu gələcək göstərəcək.

- Deyirəm, çox qəribə zamanlara gəlib çıxdıq. İnsanların çoxu artıq heç nəyin fərqində deyil. Nə “lal”ın qeydinə qalırıq, nə “danışan”ın. Dağ boyda kişiləri tutub içəri basırlar, 3-4 nəfərdən başqa kimsənin səsi çıxmır. Nəinki demirlər, niyə susursunuz, səsin çıxardana da deyirlər ki, lal olsan məsləhətdir. Hamı tənqid istəyir, hamı ədalət istəyir. İndi həmin haqq deyən, ədalət deyən kişilərdən, qadınlardan gör neçəsi – İntiqam Əliyev kimi ideal insan, Rəsul Cəfərov kimi saf bir gənc, nə bilim Rauf Mirqədirov, Seymur Həziyev, Pərviz Həşimov və başqa onlarla cəsarətli jurnalist, hüquq müdafiəçisi həbsdə zillət çəkir, amma, o tənqid, ədalət istəyənlərin əksəriyyəti onların taleyi ilə maraqlanmır. Demirəm ki, Kürdəxanıdakı türməyə gedib onlara ərzaq aparsınlar, heç olmasa onların müdafiəsi üçün olan müraciətlərə, bəyanatlara bir imza atalar, sosial səhifədə bir bəyənmə edələr.

- Bunlar bir yana, heç onların çoxunu tanımırlar. Biri arandan, biri dağdan qışqırır, filan şeydən yazmadılar, filankəsdən yazmadılar. Daha özünə sual vermir ki, o yazan, indi darda olan insanlar üçün nə etdim? İndi gözü çıxan qardaşının taleyini görən jurnalist nə etməlidir?

- Bəzilərinə də elə gəlir ki, bütün işlərin günahkarı icra başçısıdır. Onu tənqid etsən, “yıxıb sürüsən”, iş düzəlir. Maraqlı sual doğur, ölkədəki bütün icra başçıları hamısı pisdirsə, oğru, quldursa, bəs onları bu vəzifədə saxlayan kimdir? Kimsə niyə bunu araşdırmır, bu barədə niyə susur?

- Qıza, özünü niyə incidirsən, camaatın könlü tənqidlə xoş olursa, sən də heç nədən bir tənqid düzəlt də. Yaz ki, icra başçılarının hamısı xalqı talayır, tikintidə rəqəmləri şişirdir, vəzifələri pulla satır, müxtəlif adlar altında müdirləri, müdirlər də tabeliyində olanları soyurlar...

- Yaxşı, bunları tutaq ki, yazdın, icra başçılarından biri də yapışdı boğazından soruşdu ki, sübut elə, ortaya fakt qoy.

- Fakt var! 3-4 min müəllimdən bəyirdə-bəyirdə ildə 2 dəfə 20-30 manat oxumadığı qəzetlər üçün pul yığırlar, birinin cınqırı çıxmır. Ünvanlı yardımla bağlı o gün 5 nəfərin şikayətini dinlədim. Dedim, gəlin sözünüzü qəzetlə deyin, 3–ü heç bilmədim haçan aradan çıxdı. O gün bir ünvanlı yardım dəllalını mənə göstərib deyirlər ki, bu adamda 20 nəfərin ünvanlı yardım kartı var. Hərəsinə görə ayda 250 manat götürür, bu da ildə 6 min manat (20-yə vuranda ildə 120 min) edir. Kartların sahiblərinə isə ildə 400-500, uzağı ümumilikdə o 120 mindən 4-5 min verib, qalanını çırpışdırırlar. Belə dəllalların sayı isə 10-a yaxındır. İndi bunu kimə sübut edəsən. DSMF-in rayon şöbələrində kəsilən “baş”ların sayı Teymurləngin kəsdiyi başlardan çox olub. Bunu da hamı görür, hamı susur. Hətta o günlərdə biri mənə tənə edir ki, bu pensiya məsələsini niyə çox şişirdirsən, qoymursan camaat hökumətin havayı pulunu alsın. Başqa birisi deyir ki, xəstə uşaq adı ilə alınan pulları az səsə sal, qoy müəllimlər dolansın, əlavə qazanclarına xələl gəlməsin.

- O gün Lənkərandan gələrkən, bu beynəlxalq yoldakı çala-çuxurlardan bezən məqamda yanımdakı şəxs deyir, bunu bilə-bilə edirlər ki, adamlar maşınları yavaş-yavaş sürüb ətrafdakı mənzərələri daha yaxşı seyr edə bilsinlər. Başqa birisi deyir ki, niyə bazarkomların hamısının qoşa-qoşa maşınları, imarətləri, “leviy-leviy” sevgililərinə xərcləməyə pulları çatır, amma bazarların içinə palçıqdan girmək olmur. İndi bunu yazıb onlarla düşmən olaq? Axı bunu deyənlər həmin bazarkomlarla dodaq-dodağa öpüşürlər.

- Çoxlarını tənqid etdikcə dəriləri daha da qalınlaşır. Adama dirsək göstərirlər ki, yazdın, nə oldu ki, ifşa etdiklərimizin çoxuna vəzifə, orden, medal verirlər, biz də qalırıq cızıldaya-cızıldaya.

- Bu camaat da qəribədir e. Biz müxalifət təşkilatı deyilik, QHT deyilik, nə bilim, ziyalı cəmiyyəti deyilik, jurnalistik, kim dəlilli - sübutlu bir tənqidi yazı gətirdi, biz qaytardıq, vermədik? Ay bacı qurban, bu millət mədəniyyətinə, tarixinə dair yazılar istəmir, elə deyir, ancaq böyükləri tənqid elə.

- Görürsən də, ətrafımızda necə insanlar var? Yadımda ikən sənə bu barədə bir əhvalat danışım. Deməli, qədim zamanlarda səfərə gedən bir tacir bir torba qızılı Qazının yanında qoymaq istəyir. Qazı deyir, problem deyil. 3 dəftər gətirib hər birində bu barədə ətraflı qeydlər edir. Daha sonra 10 şahid çağırır və hər bir şahid ucadan deyir ki, biz gördük, bu tacir sizə əmanət kimi saxlamaqdan ötrü bir torba qızıl verdi. Bir neçə ildən sonra tacir geri qayıdıb Qazıdan qızıllarını istəyir. Qazı daş atıb başını tutaraq deyir ki, məndə nə qızıl var, nə dəftər-filan. Sonra da şahidləri çağırırlar. Həmin 10 şahid qızılların Qazıya verilməsinə necə şahidlik etmişdisə, indi də şahidlik edirlər ki, biz bu adamı tanımırıq, onun Qazıya qızıl verməsini də görməmişik. Şahidlər gedəndən sonra Qazı tacirə deyir: - Görürsən də, necə alçaq, ləyaqətsiz adamlarla işləyirik.

- Görəsən, bəziləri bu məsəldən ibrət götürdümü?

- Nəsihətlə düzəlsəydi, İran düzələrdi, tənqidlə iş sahmana düşsəydi “Molla Nəsrəddinin” yaradıcısı Mirzə Cəlil kimi sənətkar ömrünün son günlərində otağını qızdırmağa odun tapmadığı üçün əlyazmalarını yandırmazdı.

Elcan Zahir


 


 


 

R4suloffR4suloff

OXUNMA SAYI :846

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az