31 yanvar 2015-ci il. ÇƏPƏRÜSTÜ SÖHBƏT


31 yanvar 2015-ci il. ÇƏPƏRÜSTÜ SÖHBƏT
- Heç vaxt yazın gəlişini belə səbirsizliklə gözləməmişdim.
- Nədir belə, çöl-çəmən üçün, şır-şır axan şəlalələr üçün, deyəsən, darıxmısan?..
- Yox, ay qıza, ortada başqa məsələ var. İndi bir tapmaca desəm, sənə hər şey aydın olar. O yanı qaya, bu yanı dirək, içində teyxə palçıq.
- Bəlkə, bir az xırdalayasan?
- Deməli, Ərkivan - Masallı yolunda ötən il möhtəşəm işlər gördülər. Belə ki, burada sərt döngələr sadələşdirildi, Qala timsalı olan gözəl divarlar hörüldü, yolun ortasında qoşa işıqlı dirəklər, həmin yolun o başında - bu başında gur işıqlı projektorlar quraşdırıldı. Yol kənarında yaşıllıq salındı. Amma türklər demiş, malisef... Hamı bilir ki, yolun əsas funksiyası orada rahat gediş-gəlişin olmasıdır. Bu bərli-bəzəkli yoldan isə palçıq əlindən piyada keçmək mümkünsüzdür. Bəziləri işıq dirəklərinin ortası ilə atıla-atıla, digərləri normal səki olmadığı üçün yolun ortası ilə getməli olur.
- İndi bunun yaz fəslinə nə dəxli var?
- Dəxli odur ki, deyirlər yaz gələndə, havalar yaxşılaşan kimi bu yola əməlli-başlı asfalt döşənəcək, yolun palçıqlı tərəfləri belə sahmana düşəcək və burada maşınlar qoşa-qoşa hərəkət edə biləcəklər.
- Allah ağzından eşitsin, bunu istəməyən daşa, kəsəyə dönsün, canımız da palçıqdan qurtarsın. Demək, bu yaz özgə yaz olacaq.
- Yaxşı, başa düşdük, xalq kef edəcək, bəs iqtidar nə edəcək?
- İqtidar elə kef-damaq deməkdir də. Kimdə hökumət möhürü var, onu hara vurur, altından pul fışqırır. Allaha şükür, iqtidardakıların hamısının kənddə, şəhərdə, paytaxtda, bir çoxlarının Türkiyədə, Dubayda, Praqada evi, villası. Hər bir vəziyyət üçün daşı da əridən bəhanələri, yalanları. Bərkdən danışanların da çoxu Kürdəxanıda. Nə etsələr də, səsin çıxardan olmayacaq.
- Buna bir misal deyə bilərsən?
- Misal minlərlə. Elə söz açaq Saatlı rayonunun icra başçısından. Ölkə mətbuatının yazdığına inansaq,
bu icra başçışı ondan şikayət edənləri otağında döyür, sonra da şərləyir. Belə ki, otağında sınıq telefon, stol, stul... saxlayır və şikayətçini döyəndən sonra polisə zəng edir ki, ay aman, şikayətçi məni buradakı əşyalarla döyür, köməyə gəlin. Sonra da həmin şəxsləri saldırır qoduqluğa. Ondan yuxarılara şikayət edənlərin də məktub və teleqramlarını poçt aradan çıxartdırır. Ona görə, hansı icra başçısı sizi süründürməçiliyə salır, yalan vəd verir, firladır... buna şükür edin; bəzi icra başçıları kimi döymür, şərləmir, yalandan həbs etdirmir ki? Qonşu İmişlidə də buna bənzər işlər az deyil. Bir şikayətçi yazır ki, İmişlidəki şəkər zavodunda AZƏRSUN işçilərini qul kimi, gündə 18 saat işlədir, saatına da ən yaxşı halda 50-60 qəpik pul verirlər.
- Beləsini verəsən məhkəməyə, bizim ədalətli hakimlər də bu cür rəhbərləri cəzalandıra.
- Sən də kefdən danışırsan. O cür hakimlər kinolarda olur. 2 il öncə, cənub rayonlarında bir oyuncaq hakim var idi, oradakı vəkillərdən birinin dediyinə görə, bu hakim günorta çağı ayaqyolunda çimirmiş.
- Bəs xalq belə-belə işlərə nə deyir?
- İndi hamı etiraf edir ki, bizim xalqı elə-belə işlərlə tərpətmək mümkün deyil. Allah bizim xalqı yaradıb ki, qarşısına 1-2 kiloqram semiçka qoysun və onu çırtlaya-çırtlaya, gic-gic seriallara baxsın.
- Bəs deyirlər, biz müdrik xalqıq.
- Belələri də az deyil. İntəhası onlardan bəziləri dirilərdən çox, ölülərlə məşğuldur. Bir də görürsən ki, yüzlərlə insan tələsə-tələsə qəbiristanlığa yollanır. Amma bu adamlara desən ki, həmin qəbiristanlığa gedən yolun üstündə yerləşən məhkəmə binasında hər gün onlarla insanın haqqını tapdalayırlar, ağı-qaraya yamayırlar, varlılara yarınıb, kasıbları tapdalayıb keçirlər, gəlin 4-5 sözü keçən kişi bu dəstədən ayrılıb, gedib o dirinin haqqını tələb etsin, beləsini çətin tapasan, yüz bəhanə deyib, sənin özünü günahkar çıxardacaqlar.
- Bəlkə, buna da bir misal deyəsən?
- Niyə demirəm ki. Çaxırlıdan Osandıq adlı bir yaşlı qadın var. 2 il bundan öncə övladı ilə bağlı verilmiş məhkəmə qərarını onlardan ala bilmir. Səbəbi də sadədir. Bu qadın kasıbdır, şəp-şəpi ilə gəzir, dərman almağa pulu yox, mobil telefon nədir bilmir, xəstəxanada xadimə işləyir, hər günü əzablı keçir.
- Hərdən eyvanda oturub fikirləşirəm ki, bəzi aforizmlər, atalar sözləri bizdə çoxlarının boyuna biçilib. Məsələn, ötən əsrlərdə Höte adlı bir yazıçı olub və o deyib ki, kimsə var-dövlətini itirirsə, çox az şeyini itirir, kim vicdanını itirirsə, çox şeyini itirir, kimsə şərəf və ləyaqətini itirirsə, o hər şeyini itirir.
- Bacı qurban, çox dərinə getdin? Bu Höte də sağ deyil ki, yapışıb xirtdəyindən, soruşasan ki, bəzi müdirlərdə şərəf və ləyaqət qalıb ki, hələ bir onu da itirsinlər?
- Heç dərinə-zada getmirəm. Mən idarə müdiri tanıyıram, maşınının “zerkalni” nömrələri göz deşir, aptekinin, fermasının, xırdavat-dükanlarının gəlirləri günbəgün çoxalır, amma rəhbərlik etdiyi sahə günbəgün çökür. Onun üçün şərəf və ləyaqət sıfıra bərabərdir.
- Dərdimiz azdır, indi bunu da özümüzə dərd eliyək?
- Dərd eləmək istəmirsən, elə bəzi gürcülər kimi yaşa.
Deməli, bir gürcü qaqaş cındır paltarda zibillikdə eşələnərmiş. Yeyib-içən oğlanlardan biri ona yaxınlaşıb, məzələnərək deyib ki, qaqaş, sənə 1 milyon dollar versəm, dünyanı kefinə qoyarsan? Qaqaş da deyir ki, sağlığına heç indi də dünyanı kefimə qoymuram.
- Qıza, onsuz indi haqlı da özünü haqlı sayır, haqsız da. Hər xeyirdə bir ziyan, hər ziyanda bir xeyir var. O vaxt rəhmətlik Mirzə Cəlil də təəssüflə bildirmişdi ki, qadınlar çadranı atanda o qədər sevindim və sevindiyimdən papağımı göyə atdım. Və həmin vaxtdan papağımı tapa bilmirəm. Elə buradan da görünür ki, hansı xeyrin içində hansı şər gizlənib.
- Bacı qurban, bu dəfəki söhbətimiz çox qəmli keçdi, bəlkə, söhbətimizə Hikmət Əliyev adlı oxucunun şirin bir şeiri ilə son verək:
Dəyişib dövrü-zaman
hamı gümandan danışır.
Molla rüşvətxanadan,
kafir imandan danışır!
Bir zaman eşşəyimiz
arpa bəyənməzdi bizim.
İndi ölüb eşşəyimiz,
at da samandan danışır!
Qalmayıb sevgi, məhəbbət
işığından bir ümid,
Məcnun artistlik edir,
Leyli yalandan danışır.
Keçmişdə məşhur olan
Qəhrəman aslanlarımız
meşəyə girmək üçün
indi siçanlar danışır!
İstədim dillənib
öz haqqımı isbat eləyim!
Dedilər: pulsuz olan insan
haçandan danışır?!
Elcan ZahirR4suloffR4suloff

OXUNMA SAYI :1001

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff