3 iyun 2015-ci il. Çəpərüstü söhbət


3 iyun 2015-ci il. Çəpərüstü söhbət- Qıza, bu yaxınlarda bir neçə maraqlı söhbətə qulaq asandan sonra tam başa düşdüm ki, bu dünyada düzəlməyən iş yoxdur, təki ona hansı istiqamətdən yanaşmağı bacarasan. İnanmırsan, misallar da deyim. Deməli, bizim hörmətli alimimiz, müəllimimiz, hazırda yaşı 80-i haqlamış Şirməmməd Hüseynov gənclik illərində ev məsələsinə görə Azərbaycan KP-nin Məkrəzi Komitəsinə, yəni indiki Prezident Administrasiyasına Azərbaycan dilində bir məktub yazır, cavab vermirlər. Bir müddət sonra eyni məzmunlu məktubu rus dilində yazıb həmin ünvana göndərir, yenə cavab olmur. 3-cü cəhddə həmin məktubu ingilis dilinə çevirtdirib, yenə həmin ünvana göndərir, yenə cavab gəlmir. Nəhayət, biganəlikdən bezən Şirməmməd müəllim həmin şikayəti Çin əlifbası ilə yazıb Mərkəzi Komitəyə ünvanlayır. Heç 2-3 gün çəkmir ki, onu MK-ya dəvət edib soruşurlar ki, bu nə məktubdur belə? Şirməmməd müəllim də deyir ki, daha Azərbaycan, rus, ingilis dillərində yazdım, çavab olmadı, dedim, bəlkə, buradakılar Çin əlifbası ilə işləyir. Qısası, problem qısa müddətdə həll olunur.
- Hörmətli Şirməmməd müəllimimizin belə maraqlı işləri çoxdur. Bilirsən də, o, Şəki rayonunda boya-başa çatıb. Şəkiyə gedəndə də həmyerlisi Mirzə Fətəli Axundovun həmin şəhərdəki ev-muzeyinə baş çəkir. Belə səfərlərin birində ev-muzeyində M.F.Axundovun nəvəsi ilə rastlaşır. Kef-əhvaldan sonra deyir ki, qızım, nə çətinliyiniz var? Axundovun nəvəsi də deyir ki, ay Şirməmməd əmi, Axundov boyda sənətkarın balaca bir ev-muzeyi var, ona da damır, yağış yağan kimi ev selin-suyun içində olur. Hara şikayət edirik, baxan yoxdur. Şirməmməd müəllim heç nə demir, əyləşir maşına, düz sürdürür o vaxtlar Şəhər Sovetinin sədri adlandırılan şəxsin evinə. Şəkidə hamı onu tanıyıb hörmət etdiyindən ərklə evin xanımını çağırır. Salam-əleykdən sonra evin xanımından soruşur ki, qızım, sizin evə damır? Evin xanımı da deyir ki, ay Şirməmməd əmi, bura Şəhər Soveti sədrinin evidir, heç bura damar? Şirməmməd müəllim deyir ki, qızım, M.F.Axundov ondan da böyük adamdır, amma onun evinə damır. Daha sonra Şirməmməd müəllim o vaxtkı ispolkomun, kommunxoz sədrinin, lap sonda raykomun 1-ci katibinin, yəni indi icra başçısı sayılan şəxsin də evinə gedib, onlardan da soruşur ki, sizin evə damır? Deyirlər, yox. O da əlavə edir ki, M.F. Axundov onların hamısından uca bir insandır, amma onun evinə damır. Beləliklə, səhəri gün rayonda fövqəladə iclas çağırılır, məsələ həll olunur.
- Bacı qurban, ağıllı insanlar hər yerdə var da. Bizdə bu, namus məsələsinə baxan idarə var e, deyəsən, adına insan alverinə baxan idarə deyirlər. Deməli, bu idarə otellərə, istirahət mərkəzlərinə hər il yay ərəfəsi reyd edib, namus keçikçisi rolunda “o məsələ” ilə məşğul olanları cəzalandırır. Həm də elə qəşəng formalardan istifadə edir ki, gəl görəsən. Gah bir çadralı qadınla bir kişi, gah polis paltarlı qadın-kişi... gəlir kortecə, yer istəyir və 15-20 dəqiqədən sonra namus keçikçilər orada peyda olur. Bir-iki otel işçisini qandallayıb atırlar maşına, səhəri dədə-baba qaydası ilə hallaşır və məsələni bitirirlər. Bu il isə onlar daha maraqlı formadan istifadə ediblər. Deməli, Bakıdan bir nəfər Masallıdakı hörmətli sahibkar-hacılardan birinə zəng edir ki, sizin rayona dostlarım qonaq gəlir, onları filan oteldə, istirahət mərkəzində yerləşdir. Hacı da düşür bunların qabağına, aparır həmin yerlərə, deyir, bunların bütün yeyib-içməkləri, yataq xərcləri mənlikdir, onları qəbul edin. Onlar da razılaşır. Yarım saat keçməmiş hay qalxır ki, sən demə, bu qadın-kişi içəridə “o məsələ” ilə məşğul olurmuş və həmin məqamda da yaxalanıblar. Aləm dəyir bir-birinə. Yenə həmin dalğa, həmin koordinat - işi bağlayırlar. Amma Hacı qalır ortalıqda. Ortaya nə qədər and-aman, Quran-kitab gətirilir ki, bu işdə Hacı sadəcə qonaqpərvərlik edib, amma qarşı tərəf inanmır. Nəinki ondan bu məsələni çürütmək üçün çəkdikləri xərci istəyirlər, həm də təmiz adlarına gələn xətaya görə ona möhkəm qınaq edirlər. Qısası, məsələ çox qəliz bir hala gəlib.
- Doğrudan da, maraqlı təcrübələrdir. Əslinə qalanda bizim rəhbərlərin kadr təcrübəsi də son illər təkmilləşib. Əvvəllər vəzifəyə kadr yerləşdirəndə 5-ni puluna görə təyin edirdilərsə, 5-ni də ağlına, savadına görə edirdilər. İndi təkcə pul keçmir, gərək güclü arxan da ola. Tutaq ki, kasıbı verdin filan posta rəhbər, elə 1-2 il öz dərd sərinin qayğısına qalacaq, bu posta keçmək üçün aldığı borcları qaytarmaqla məşğul olacaq. Arxalıya, pulluya isə öncə ad lazımdır. Ehiyat fonddan vəzifənin xərcin çəkir, hələ xeyriyyə işlərinə pul xərcləməyə, bəzi xüsusi tapşırıqları icra etməyə də vəsait tapır. Həm də belələrinə kimsə söz deməyə cürət etmir.
- Deyirəm, nə gözəl zəmanə gəldi – bütün nöqsanlar adiləşdi, hamı taleyi ilə barışdı, qurdla quzu ənənəvi və qeyri-ənənəvi yolla da olsa, bir yastığa baş qoydu, heç biz qəzetçilərin də yazmağa sözü qalmadı. Hamı bilir ki, hamı alır. Düzdür, təkdənbir rola girib düzlükdən, saflıqdan danışanlar da olur, amma fakt da fakt olaraq qalır. Bir ifadə artıq aforizmə çevrilib – almasan, çırpışdırmasan, yaşamaq mümkünsüzdür. Elə özümüzdən götürək, qəzeti çap etmək üçün pul lazımdır, amma heç kim buna görə pul vermək istəmir. Nəşriyyat isə qəzeti pulla çap edir. Nə etməli? 1-2 nəfərdən alıb yüzlərlə insanı qəzetlə sevindirməyin nəyi pisdir ki? Həm də mən araşdırmışam ki, bizdə qəzet oxuyanlar 3 cürdür. 1-ci qrup zorla abunə yazdırılanlardır – xoşu gəlsə də, gəlməsə də, otağa gələn qəzetin heç olmasa günc-bucağın oxuyur. 2-ci ürəkdən qəzet oxuyanlardır – gedib, kioskda pulunu verib, qəzetini alır (belələri çox azdır). 3-sü müftə qəzet oxyanlardır – havayı versən, 2-ni istəyəcək, pulla olsa, parasını da almayacaq.
- Deyirəm, Allah bu internet çıxardanın da evini yıxsın. Yazırdın ki, filan müdir filan iş üçün 500-1000 manat alıb, adamların gözü kəlləsinə çıxırdı. İndi internetdə yazırlar ki, filan oliqarx 2 milyonluq villa tikib, o birisi banka 100 milyon atıb, bu birisi milyardlarla pulu girovsuz kredit verib... ,qısası, milyon manat olub şirinçay. İndi bu vurhavurda biz yazsaq ki, filankəs filan müdirə 3-4 min verib, bu, kimin marağına səbəb olacaq?
- İndi belə çıxır ki, sən bundan sonra heç tənqid yazmayacaqsan?
- Yazacam e... elə-belə şeylərdən. Məsələn, gedirəm rayondakı Heydər Əliyev parkına, görürəm, qəşəng oturacaqlar, ətrafda rəngbərəng güllər-çiçəklər, amma günorta vaxtı kölgələnməyə bir yer yoxdur. Oradan gəlirəm Mədəniyyət Evinin qarşısındakı Nizami meydanına. Burada da gözəl oturacaqlar, kölgələnəcək yoxdur. Keçirəm yaxınlıqdakı Xətai parkına - hər tərəf kölgələnəcək, amma normal oturacaqlar yox.
- Söz ki Xətai parkından düşdü, bir məqama da mən toxunum. Deməli, rayon rəhbərliyi qəzetin təklifini nəzərə alaraq bu parkda ağsaqqallar üçün bir çardaq tikib. Açılışına da rayon rəhbəri özü gəlmişdi. Ordan-burdan, rayonda görülən və görüləcək işlərdən xeyli danışdılar. İki-üş nəfər ağsaqqal maraqlı təkliflər də söylədi. 1-2 nəfər isə elə yaltaq çıxışlar etdi ki, az qala parkın ab-havası dəyişsin. Bizim kişi də həmin tədbirdə olub. O da çıxış edərək başçıya deyib ki, bu yollar da, digər texniki qüsurlar da bir gün düzələr, imkan olsa, artıq kütləvi hal alan yaltaqlığa bir əncam çəkin. Çünki yaltaqlar çoxalanda onların ailəsində də problem olacaq, yəni uşaqları da, yaxınları da yaltaqlığa öyrəşəcək, hətta düzləri də əyməyə çalışacaqlar. Hələ bir misal da çəkib ki, vaxtı ilə bir tanınmış yazıçı Atatürkün əlini öpmək istəyəndə o deyib: "Sənətkar əl öpməz, sənətkarın əlini öpərlər".
- Bəs sonra nə olub? Tədbirdən çıxandan sonra yəni?
- Heç nə. Həmin yaltaq çıxış edənlərdən biri bizim kişiyə yaxınlaşaraq deyib ki, əla çıxış elədin. Kişi də utanıb ona desin ki, ay yaltaq, çıxışımda elə sənin kimiləri nəzərdə tutmuşdum da.
- Allah səni rəhmət eləsin, Mirzə Cəlil. O da elə o vaxtlar deyırdi ki, bunları oxuyan zaman gülsəniz, elə bilməyin ki, başqalarına gülürsünüz, elə özünüzə gülürsünüz.
- Ay bacılı, elə həmin o yaltaqlardır da, deyirlər, bu hökumətin çörəyini yeyirsən, day demirlər ki, hökumət xalqın çörəyi ilə yaşayır.
- Əşi, belə tərs-avand işlər çoxdur. Məsələn, rayon ərazisində harda avtobus var, orda dayanacaq yoxdur, harda dayanacaq var, orda avtobus yoxdur. Köhnə “stayankaları da” bəlli, elə seçiblər, harada marşurut yoxdur, ora dayanacaq qoyublar... yaxud, harda insanlar avtobus gözləyir, orada dayanacaq yoxdur.

Zahir ElcanR4suloffR4suloff

OXUNMA SAYI :2603

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az