15 iyul 2015-ci il. Çəpərüstü söhbət


15 iyul 2015-ci il. Çəpərüstü söhbət- Qıza, yadındadır da. keçən ilki söhbətlərin birində sənə həyasızlığın necə olduğunu çörəkli bir iş danışmışdım. Demişdim ki, həyasızların açdığı qapını, həll etdiyi məsələləri neçə-neçə ziyalı, həkim, müəllim, hətta alimlər həll edə bilmir. Bir çox məmurların zibil işi o qədərdir ki, polisdən, prokurordan elə qorxmurlar, amma bu peşəkar həyasızlar onların başlarına bir dəfə qışqıran kimi qanın rəngini qarışdırırlar.
- Yaxşı, bunları bildik. İndi ilin, günün bu vədəsində bu həyasız məsələsi nədən yenidən yadına düşdü?
- Necə deyərlər, bəziləri həyasızlıqla pul qazandığı kimi, bəzi məmurlar da utana-utana (guya), adamları elə minir, elə soyur, heç ruhu da incimir. Söhbəti çox uzatmayıb, keçək mətləbə. Biz qadınların yolu hərbi komissarlığa az-az düşsə də, ora gedən kişilərdən biri mənə həmin idarənin rəhbəri ilə bağlı maraqlı söhbət danışdı. Deməli, bu kişi, özü də bölgədə tanınmış qəzetin redaktoru olan şəxs gedir bir şikayəti araşdırmaq üçün həmin komissarın qəbuluna. Komissarın köməkçisi vasitəsi ilə kəmali-ədəblə özünü təqdim edir ki, komissara deyin, filan ağsaqqal gəlib. Beləliklə, keçir içəri. Komissar özünü elə aparır, elə dartır ki, kənardan baxan zənn edər içəri insan yox, bir qarışqa girib. Qəbula girən şəxs komissarın bu “utancaqlığından”, mıx kimi dayanıb yerindən tərpənmədiyindən elə zənn edir ki, Qarabağ dərdi bu kişini büküb. Necə olsa, 20 faiz torpağımız işğaldadır, 1 milyon qaçqınımız var, 2 gündən bir evlərə şəhid tabutları gəlir və sair.
- Bəs jurnalistin reaksiyası nə olur?
- Deməli, bu jurnalist qardaşımız bir az məsələni qurdalayan kimi bəlli olur ki, hörmətli komisarın “utancaqlığının”, xəcalətli dayanıb yerindən tərpənməməyinin səbəbi başqa imiş. Belə ki, o rayona gələndən sonra saxta hərbi biletin, möhlət hüququnun, təkrar komissiyanın “tas”ları dəyişməsə də, burada “neqodni”lərin, yəni hərbi xidmətə yarasız olan gənclərin sayı ilbəil artır. Belə ki, ölkə üzrə bu göstərici 21 faizdirsə, bizim komissarın rəhbərlik etdiyi rayonda bu rəqəm 35 fazidir. Loru dildə desək, həmin rayonda hərbi xidmət yaşı çatan hən 3 nəfərdən biri, qısası, hər 100 nəfərdən 35-i xəstə imiş. Həmin hərbi komissar da bunun xəcalətini çəkirmiş
- Bəs jurnalist qardaşımızı komissarın həmin kobudluğunun, yerindən tərpənməməyinin cavabını verməyib?
- -Niyə verməyib? Elə şey olar. Demək rəhmətlik xanəndə Hacıbaba Hüseynovdan ona misal çəkib. Deyib ki, Hacıbaba müəllimdən dərs almağa gələn şagird içəri girən kimi qocaman xanəndə xalça üstündən ayağa qalxıb onu qarşılarmış. Şagird deyir ki, ay ustad, sən mənə görə ayağa duranda çox utanıram. Hacıbaba müəllim də deyir ki, sən kimsən ki, mən sənə görə ayağa duram, mən öz ədəbimi yerinə yetirirəm.
- Komissar bu misaldan görəsən bir şey anlayıb?
- Hə, utana-uta deyib ki, vallah heç bilmirdim burada belə qəzet çıxır. Jurnalist qardaş da xatırladıb ki, Avropa ölkələrində kimsə hansi vilayətə rəhbər gedəndə öncə oranın bazarına baş çəkir, sonra da orada çıxan ən azı son bir ildəki qəzetləri vərəqləyir. Siz isə maşallah nə bazara gedirsiniz (bazarlığınızı ona-buna elətdirirsiniz), nə də qəzet oxuyursunuz (yatmış vicdanları oyanmasın deyə), hardan biləsiniz ki, bu vilayət nə ilə nəfəs alır? Qısası, bu avropalıların ağlı yoxdur e, daim təbəssümlə gəzirlər, bizim bəzi məmurların isə içindən elə bil zəhər tuıuğu asılıb. Bunlar unudurlar ki, əvvəllər də burada bir komissar olub, o qədər iyrənclikıər edib ki, o işdən çıxandan sonra işçilər onun qızının toyunda yeyib-içib, sonra əvəz çıxmaq üçün toya pul atmayıb gediblər, o da sarayın pulun borclu qalıb. Bir az keçmiş zamanda isə cənubda yekaxanalığına görə bir rayon rəhbərini eşşəyə tərsə mindirib həmin ərazidən qovublar. Rəhmətlik Seyid Sadiq demişkən bunlar olub e.

- Bacı qurban, bu komissarın “utancaqlığından” danışmaqla qurtaran deyil. Hətta öz işçiləri də ondan bezib. Keçək o biri utancaqlara. Deməli, bizim bu qonşu Cəlilabad rayonunda çox əndrabadi işlər baş verir. Məsələn, Cəlilabadın əhalisi Masallıdan təxminən 10 min nəfər az olsa da, orad şagirdlərin sayı Masallıdakından bir neçə min nəfər çoxdur. (4 il öncə isə 8 min nəfər çox idi). Bu isə onlarla yeni sinif, yüz minlərlə əlavə pul deməkdir.
- Bəs Masallının təhsil başkanı niyə bu qabaqcıl təcrübəni öyrənmir?
- Hörmətli Astan müəllim daha böyük işlərlə məşğuldur. Deməli, Masallının təhsil kralı gedir istirahətə. Buradakı nöqsanlara görə cınqırı çıxmasa da, orada sanatoriyanın direktorun kəskin etiraz məktubu yazır. Səbəb də nə olsa yaxşıdır – həmin müdirin 4 gündən artıq burada müalicə almasına baxmayaraq ona orada, Rusiyada lülə və tikə kabab verilməyib. Qarın davası edən bu müdirin əhvalatı orada elə dastana dönüb ki, adamlar bununla yanaşı getməyə utanırmış.
- Deyirəm, gül olub başımıza, gör kimlər təhsilimizə rəhbərlik edir e.
- Elə bizim camaata bu da azdır. Biz nə bilirik e, yaxşılıq nədir. Uzaq rayonların birində hələ insaf-mürüvvətin itirməyən sahibkar restoran açır, əhalinin də vəziyyətin nəzərə alaraq öz təsərrüfatında bəslədiyi mal-qaranı kəsib orada kababın bir porsunu 2 manatdan satır. Yerli cammat tez şaiyə yayır ki, görəsən, onun kabab adı ilə satdığı at, eşşək əti zad deyil ki, belə ucuz verir. Yazıq az qalır bankrot olsun, məcbur olub qiyməti 2 dəfə qaldırır. Başqa birisi küçəyə öz pulu ilə bir maşın çınqıl tökdürür, şaiyə yayırlar ki, yəqin 4-5 maşın çınqılın pulun yeyib, 1-də bura tökdürüb
- Buna görə bizim camaatla gərək başqa cür rəftar edəsən. Məsələn, il boyu onun min manatlarla haqqını yeyib, sonra orucluqda 200 manatlıq ehsan verəsən, olasan səxavətli kişi.
- Lap düz deyirsən. Görmürsən, çoxları adama nə irad tutur – hökumətin çörəyin yeyirsən, onu niyə tənqid edirsən? Ay başına dönüm, hökumət mənim çörəyimi yeyir e, mən onun yox. Həmin hökumətdəkilər mənə əmək haqqı adına verdiyi qəpik-quruşun manatlarını, yüzlüklərini özünə götürüb mülklər tikdirir, kef-damaq içində yaşayır. 40-50 il can qoymuşam, sağlamlığımı fəda etmişəm, indi mənim bu vətənin çörəyin yeməyə haqqım yoxdur?
- Əlbətdə haqqın var, amma gərək incə məqamlara da fikir verməyi bacarasan. Məsələn, sən DSMF-dən narazı adam tapa bilərsən? Yox. Nə olsun səndən rüşvət alırlar, zato, saxta pensiya da düzəldirlər və neçə illər havayı pul alırsan. Nə bilim, lay divar övladın saxta yolla hərbidən yayındırıb evdə buğlandırırsan, komissardan niyə narazı olmalısan. Ünvanlı yardım da elə. Könülləri olanda işıq dirəyinə də yardım yazırlar, bığlarının altından keçməyənə isə min bəhanə düzəldirlər. Məslən, kreditin var, sənə olmaz. A kişi maaş yox, yardım yox, canın dişinə tutub kredit götürüb, onu da buna mane sayırsan. Hanıs zalım balası kefindən kredit götürər? Qısası, əndrabadi işləri saymaqla qurtaran deyil e.
- Bütün bunlara görə hər sahədə təkmilləşmə aparılmalıdır. Hətta təklif edərdim ki, bəzi məmurlar üçün xüsusi kurslar açılsın – insanları daha maraqlı formada necə şərləmək olar, hansı bəhanələrdən istifadə etmək daha faydalıdır, Şeytanın həyat yolundan nələri öyrənmək lazmdır, necə maskalanmaq lazımdır ki, üzünə tüpürəndə izi qalmasın və sair. Ən başlıcası isə aşkarlıqdan qaçmaq lazmdır. Ramiz Rövşən demişkən, bir gün hava qəfil işıqlnasa, o vaxt görünər ki, kimlər əyilə-əyilə kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır.
Elcan Zahir
R4suloffR4suloff

OXUNMA SAYI :3865

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az