22 yanvar 2016-cı il Çəpərüstü söhbət


22 yanvar 2016-cı il Çəpərüstü söhbət- Qıza, böyüklər deyir ki, hər bir işin tarixi var. Lap bu, kef-əhval tutmağın da. Düzdür, lap qədimlərdə insanların heç nə kefinə olmayıb - internet yox, televizor yox... Elə hamı quldurun, mülkədarın, bəyin, xanın qabağında ikiqat əyilib: “Ağa, nökərinəm, qulunam, mənə nə buyuruğun?” - deməklə gününü keçirib. (Elə indi də bu yolla arvad-uşaq saxlayan dəyərli ziyalılarımız az deyil). Sonra zaman dəyişdi. Ötən əsrin əvvəlində adamlar bir-birini görəndə deyirdi: “Nə xəbər var, Məşədi?”. Sonra bu xəbərləri pıçıldaşa-pıçıldaşa deyib Nikolayın hökumətini yıxdılar. Ona görə indi camaat pıçıldaşanda onun “qulağını” kəsirlər.
- Rəng vermə, sonrakı tarixi danış.
- Sonralar “Cəhbədən nə xəbər?”, “Qarabağdan nə xəbər?” deyə soraqlaşdılar. 5-10 il əvvəl isə insanlar qaz, işıq olmayanda kef-əhval yerinə soruşardılar: “Evdə odunun var?”, “Sizin işıq gündə neçə dəfə sönür?” və sairə. Daha hamısını saymıram. İndi isə adamlar kef-əhvaldan öncə soruşurlar ki, bu gün dollar neçəyədir, hansı rayonda mitinq olub, polis neçə nəfəri atdı içəri? Və sair.
- İstəyir dünya kəllə-mayallaq olsun, adamlar danışmağa, kef-əhval üçün təzə sual, mövzu tapmağa imkan tapacaq. Gəl, biz də eşitdiyimizdən, bildiyimizən danışıb bu devalvasiyalı günlərimizdə oxucularımızı mebalvasiya (mənasın heç özüm də bilmirəm) eləyək.
- Bayaqdan elə sən danışırsan. Ona görə indi əvvəl mən başlayım. Bilirsən ki, bizim millət pulsuz nəfəs ala bilmir, rüşvətsiz də yaşamaq böyük problemlər yaradır. Maliyyə nazirimizin 4 illik qənaət təklifinə uyğun olaraq mən də təklif edirəm ki, hər rayonda onlarla mənasız ştat saxlamaq əvəzinə icra başçılarının yanında elə 5-10 kassir ştatı saxlasınlar, işlər yoluna düşsün. Məsələn, rayon rəhbərinin bələdiyyə üzrə kassiri, kadr üzrə kassiri, dükan yeri və digər torpaq sahələri üzrə kassiri, dəllalların, üzədüranların, iş verənlərin və yalanların maliyyələşməsi üzrə kassiri... və sair. Bunlar üçün də bir feyzbuk səhifəsi açılsın, bütün qiymətləri ora yerləşdirsinlər, xalq işini-gücünü bilsin. Yoxsa, elə vəzifələr yaradıblar ki, adam axıra qədər onun adını deyənə kimi təngnəfəs olur.
- Hər il ölkə dekabr ayında xalqa yeni vədlər verir, güzəşətlər edir ki, insanları daha çox sevindirsin. Bizdə isə hətta uşaqların bayram hədiyyələrinə tamah salanlar da var. Bu, azmış kimi dekabr ayında az qala bığa-saqqala da cərimə müəyyənləşdirdilər - məsələn, gecə 12-dən sonra qışqıra-qışqıra danışana cərimə, dərsə gəlməyən uşağa cərimə, otaqda siqaret çəkənə cərimə və sair, ilaxır. Bu cərimələrin də çoxu işləmir.
- O cərimələrin necə işləyib-işləmədiyini deyə bilmərəm, amma bir vacib sahəni unudublar. Gərək kimliyindən asılı olmayaraq axşamlar xoruldayanlar, adam içində əsnəyənlər, asqıranda ağzını tutmayanlar, cəmiyyət içində yerə tüpürənlər... üçün də cərimələr tətbiq edəydilər.
- Ay evi tikilənin qızı, başqa ölkələr milləti üçün nə edir, biz nə edirik. Böyrümüzdəki Gürcüstan hər il öz vətəndaşına 9 min tibbi sığorta pulu verir ki, get, harada istəyirsən, müalicə etdir. Finlər hər ay vətəndaşına heç nəsiz 800 dollar pul verir, get, kef elə. Qonşu Türkiyə dirilər bir yana, ölülərin də qayğısına qalır. Ərzurum qışda çox soyuq olduğu üçün xoş havalarda hər il 1800 qəbir qazdırır ki, ölüləri basdırmaq rahat olsun.
- Onlar ona görə belə edirlər ki, təhsilləri yüksəkdir, ziyalıları “kitayski” deyil, həqiqidir. Yoxsa, bizdəki kimi, hara baxırsan, ziyalı cəmiyyətidir, amma 5 nəfər normal ziyalı tapmaq olmur. Bunlar təhsilə hələ də Hitlerin düşüncəsi ilə baxırlar.
- Hitler nə deyirdi ki?
- Hitler deyirdi ki, təhsil xalqı şikəst edir, ziyalılar cəmiyyətin tör-töküntüləridir və s.
- Sən heç olmasa, belələrinin yadına rəhmətlik, dəyərli ziyalımız Xudu Məmmədovun fikirlərini xatırlat. Bilirsən, o nə deyirdi?
- Haradan biləcəm, ay bacılı, biz bu çəpəri quranda o dünyasını dəyişmişdi. Sən de, biz də bilək.
- O rəhmətlik deyirdi ki, ay tələbələr, dərsini pis oxuyan tələbə dostlarınıza da kömək edin, zaman gələcək onlar sizin müdirləriniz olacaq. Bax elə də oldu. Tarixçi alim Cəmil Həsənli də belələrini görüb haray çəkdi ki , heç vaxt bu qədər nadan, axmaq adam, indiki kimi eyni vaxtda vəzifədə olmayıb
- Məni yandıran bilirsən nədir? Adamlarımız heç yerə özləri getmir, onları aparırlar. Bax, şəhidlər günü, matəm günləri, bayraq günü, nə bilim konsertlər, YAP-ın iclasları, mitinqlər... hamısına adamları zorla aparırlar.
- Elə mən də buna məəttələm. Niyə icra başçısının görüşünə adamları zorla aparırlar, amma cümə günləri məscidin qabağında maşın əlindən tərpənmək olmur?
- Bunun səbəbini bilməyə nə var ki? Başçının iclasına gedənlər günah qazanırlar, yalanlara dözür, saxtakarlıqlara əl çalırlar, oradan da məscidə gedib bu günahlarını yumaq üçün Allaha dua edirlər. Bizim açdığımız o Kitab Evi var idi ha, mənə çox mətləbləri açıqladı. Biri budu, daha başa düşdüm ki, mənəviyyatdan nə qədər uzağıq. Söhbət ondan getmir ki, kiməsə 5-10 kitab satıb 5-6 manat qazanacağıq. Bu, özünü ziyalı sayan şəxsin mədəniyyət göstəricisidir – xeyir-dua verməyə nə var imiş ki!? Bu gileyimi bir dostuma dedim, o da maraqlı cavab verdi. Dedi ki, kitabı, birincisi, təhsil şöbə müdiri oxumalıdır, digərləri də ona baxmalıdır. Lap “Kitab evi”ni də onlar açmalı idi. Amma bunlar ancaq ferma, “zapçast” dükanı, aptek, ərzaq mağazası, baqqal dükanı açmaqla məşğuldurlar. Qınamasalar, bir masaj salonu da açıb... Əgər bunların əsas işi qisasçılıq, təlxəklərini müdafiə etmək, dostluğu, qardaşlığı bir dükan yerinə qədər, pullarına toxunana qədər imişsə, digərlərindən nə gözləyəsən? Bu işləri onlar elə bilir, camaat çit çırığı ilə dəftər çırığını ayıra bilmir.
- Sənə neçə dəfə demişəm, belə şeylərlə özünü yorma. Bizimkilərin hər şeyə bir bəhanəsi var. Desən ki, rayonun küçələri niyə belə xarabadır, deyəcəklər, ölkənin paytaxtının küçələrində gölməçələr dizdəndir. Paytaxtdakılara giley edəcəksən, deyəcəklər, Allahına şükür elə, Yaponiyada sunamiləri, Avropada daşqınları görmürsən? Nə olsun, hər yer xarabadır - əsas odur ki, burada sabitlikdir, şükür elə. Sən də deyə bilmirsən ki, elə ən sabit yer qəbiristanlıqdır, bəlkə, könüllü olaraq gedib uzanaq orda?
- Elə bəzi, hətta təhsil işinə rəhbərlik edən müdirlərin, müavinlərin söyüşlərini eşidəndə deyirsən, elə normalı qəbirdir.
- Gəl, bu ağır günlərdə söhbəti qəbir-filanla bitirib camaatın qanın qaraltmayaq. Elə söyüşlə bağlı bir yaxşı lətifə var, onu danışım, camaat gülüb kef eləsin.
- Sənin də bu lətifələrin qurtarmır ki, de gəlsin.
- Deməli, ötən əsrin sonlarında şəhər məktəblərinin birində yaşlı müəllimlərdən biri daim söyüşlə danışırmış. Məktəbə təzə direktor verirlər, o da yığıncaq keçirir. Bu müəllim orada yenə söyüşlə danışır. Direktor bunu ona irad tutur. Həmin müəllim isə deyir:
- Yoldaş direktor, siz Allah, bağışlayın, iclasda olduğumu unutdum, elə bildim sinifdəyəm.
Elcan ZahirR4suloffR4suloff

OXUNMA SAYI :2854

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff