20 may 2010 Çəpərüstü söhbət


-20 may 2010     Çəpərüstü söhbət    Deyirəm, hər yerin özünə görə təbiəti, hər yerin özünə layiq rəhbəri olduğu kimi, hər yerin də özünə görə hədə-qorxuları olur. Məsələn, Lənkəran rayonunda uzun illər kimi ləkələmək istəyirdilər, ona xox gəlirdilər ki, bu Əlikramın adamıdır. Elə indi də bu silah pis işləmir. Lerikdə bəzilərini qorxutmaq üçün rəhmətlik Xanış kişinin adından istifadə edirdilər. Yəni, ona deyərəm, səni birtəhər edər. Bu gün Masallıda əsas xox silahı Abıyevlərdir. Kim kimə badalaq gəlmək istəyirsə, icra başçısına informasiya ötürür ki, bu Abıyevlərin adamıdır.
- Başçı da inanır?
- İnanmasa da, özü üçün kayf edir ki, nə qırdırıram bunları bir-birinə. Çünki özü Abıyevlər haqqında rəsmi tribunadan bu vaxta qədər bir kəlmə tənqid deməyə cəsarət etməsə də, daim saman altdan su yeridib, özgələri onun üstünə qaldırsa da, belə şeylərlə özünə təsəlli verir.
- Eşitdiyimə görə, bəzi mollalar səndən inciyib?
- Yaxşı, əqidəli, imanlı mollalara can qurban - dirimiz də, ölümüz də onların əlindədir. İntəhası, bu adla alver eləyənlər var ha. İcra başçılarının bu böyründən girib, o böyründən çıxırlar. Hər hesabat iclasında başçını bir ağız tərifləyib bir budka yeri alır, yaxud öz uşaqlarına, hətta qardaşı və əmisi uşaqlarına çörəkli işlər düzəldirlər ha, beləsinin portretini yaratmaq vacibdir.
- Sən onlara nə deyirsən ki, onlar səndən küsürlər?
- Elə sənə dediklərimi. Deyirəm ki, zülmkarların, şərəfsizlərin qabağında baş əyməyin. Heç onların verdikləri ehsanları qəbul etməyin. Nə vaxta qədər min il əvvəlin Yezidini, Şümürünü söyəcək, amma minbərdən düşən kimi bu günün şümürləri, yezidləri qarşısında ikiqat olacaq, xalqına min bəla gətirən məmurların ətəyindən öpəcəksiniz. Qurbanı olduğum İmam Hüseyndən 100 dəfə danışana qədər, siz də onun cəsarətinin mində biri qədər nümunə göstərin, xalq da bilsin ki, siz də dediyinizə əməl edirsiniz. Arağı necə lənətləyirsinizsə, adını Hüseyn qoyub rəzillik edənləri də elə lənətləyin.
- Deyirəm, yəqin buna görədir ki, yurdumuzda eşşəyin quyruğuna bağlanan dəvələrin sayı günbəgün artır.
- Bu lap köhnə söhbətdir. O vaxtkı dəvələrdə bir az qeyrət, namus, şərəf var idi. Heç olmasa eşşəyin quyruğuna bağlananda bunu dərd edir. Qaş-qabaq tökür, öləndə bu əməli sahibinə halal etmirdilər.
- Bəs indikilər neynir?
- Qıza, daha neyniyəcək? Sən də bəziləri kimi hər şeyi mənim dilimdən eşitmək istəyirsən. İndiki dəvələr özləri hırıldaya-hırıldaya eşşəyin ayağı altına yıxılır. İpi özləri evdən gətirib eşşəyə verir, xahiş edirlər ki, sən Allah məni də quyruğuna bağla. Hətta bəzi eşşəklər naz edib anqırır, ağanayır ki, bu qədər dəvəni quyruğuma necə bağlayım. Amma onu da deyim ha, indiki eşşəklər də eşşəkdi ha. Elə geyinir, elə qalstuklar vurur, elə maşınlarda gəzir, əsil-nəcabətin tanımasan heç deməzsən ki, eşşəkdir.
- Bütün bu işlərdə bizim də günahımız var. Görürük bu nakişidir, nə bilim gözü ilə... amma yenə də onunla salam-əleyk edirik. Nə vaxt ki bizə qarşı da şərəfsizlik edirlər, həmin vaxt narahat oluruq.
- Arada bizə Yaşıl Burun adalarında bağışlanan kitabdan parçalar söyləyirdin, o kitabın axırı nə oldu? O Qırmızıboyun Ubuş oğlunun cındır xatirələrini deyirəm.
- Hə, o kitabdan sonra mənə xeyli zənglər gəldi. Oxucular irad tutub dedilər ki, qəzetdə tənqid edəndə heç olmasa kişiləri tənqid elə, nakişiliklə, özündən böyüklərə quyruq bulamaqla ev-eşik saxlayan nakişilərin adını qəzetə salıb səhifələri murdar etmə, qəzetin heyif deyil? Ona görə də həmin Qırmızıboyun Ubuş oğlunun yeni çapdan çıxan “Biz necə nakişi olduq?” adlı kitabını tulladım zibilliyə.
- Bacı qurban, bəlkə, bu ürəkağrıdan söhbətləri qoyaq kənara, bugünkü məclisimizi xoş əhvalla qurtaraq.
-Nə olar. Xoş xəbər deyim də. Bu günlərdə rayonumuzdakı böyüklər üçün xeyli qızıl aftafa gətiriblər. İndi qırğındır, aşağıdakı məmurlardan biri deyir, aftafanı mən tutacam, o birisi deyir ki, yox mənim yaltaqlıq stajım daha çoxdur, mən tutacam. Neçə yerdə aftafanın lüləsi bir yaltağın, dəstəyi o biri riyakarın əlində qalıb, böyüklər də bilmir ki, aftafasız necə iş görsün. Sərraf Zahir R4suloffR4suloff

OXUNMA SAYI :711

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az