20 yanvar 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


20 yanvar 2011-ci il ÇƏPƏRÜSTÜ  SÖHBƏT - Bacılı, bizim belə dərdlərimiz onlarladır. Benzinə qaz vururuq, qaza hava. Mənə elə gəlir ki, əgər adamlara qaz yox, hava lazım olsa idi, o vaxt həmin borulardan ya qaz çıxardı, ya da təmiz havanın əksinə olan havayabənzər başqa bir şey. Çünki bizdə hər şey tərsinədir. Məsələn, hərbi xidmətə gedənləri müayinə edən zaman kor, kar, dabansız olan çağırışçılar xəstə-şikəst olduğunu sübut edə bilmirlər. Yox, əgər sən polisə işə düzələrsənsə, sağlam olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırsan.
- Qıza, bu yaxında Allah məni gicəltdi, gedib bir kitab aldım. Kolunbiyalı kişi var e, Markez, onun kitabını. Bu kişi deyir ki, dünyada ən çox o əsərlər sevilir, yaşayır ki, onu atalar da sevir, onların övladları da, nəvələri də. Dərhal fikirləşdim ki, belə əsərləri elə biz tərəflərdə də yaratmaq olar. Məsələn, işıq və qaz məsələsindən babalarımız da əziyyət çəkib, atalarımız da, indi biz də əziyyət çəkirik. Elektrik işığından yazdıqlarımız məqalələri dirəyə, məftilə çevrilsəydik, böyük bir meydana yerləşməzdi. Amma çifayda. İşıq məsələsi düzəlmir ki, düzəlmir. Deyirlər, kompüter əsrində yaşayırıq. Bu bədbəxt kompüteri necə işlədək? Axşamlar kənddə internetə girmək olmur, gündüzlər də işığı 4-5 dəfə söndürürlər.
- Dərd təkcə bunlar deyil e. Bu işləri törədənlər utanıb-qızarmaq əvəzinə, hərəyə bir qəbz göstərirlər ki, sənin 3 il, 5 il bundan əvvəl işıq borcun var imiş. Deyən də yoxdur ki, bəs harada ölmüşdünüz ki, bu müddət borcu olanın qapısını döyməmisiniz. Elə bil camaat arxiv idarəsidir ki, 5-10 il əvvəlin də işıq, yaxud qaz pulunun qəbzlərini saxlasınlar.
- Sən də belə-belə şeylərdən az danış da. Nəyinə lazımdır? Bu cürə danışırsan , hamı da bizdən inciyir.
- Cərə incisinlər, cəhənnəmə incisinlər. Hərənin çörəyi bir işdən çıxır, bizim də çörəyimiz bu “çəpər”dən çıxır. İndi 1-2 ağzıgöyçəyə görə, neçə ilin “çəpər”ini sökən deyiləm ki.
- Onda bəzi məsələlərə fərqli yanaş da. Necə deyərlər, tərsinə fırlat. Məsələn, son vaxtlar tez-tez deyirsən ki, məktəblərin çoxunda yalancı siniflər var. İndi nəzərə alsaq ki, bir sinfin illik saxlanılmasına hökumət azı 7-8 min manat xərc çəkir və bu 7-8 min manatı 50-60 məktəbə vuranda 300-400 min manat pul edir, bunu da yazanda aləm dəyəcək bir-birinə. Məktəb var heç həmin yalançı siniflərin şagirdi bir yana, o sinif otağı haradadır, bunu bilmir. Bütün bunlara baxmayaraq, biz həmin məsələni ağartmamalıyıq. Tutaq ki, bu 300-400 min manata büdcədə qənaət edildi. Nə olacaq ki? Oliqarxlardan biri gedib özünə təzə bir villa, yaxud yeni yaxta alacaq. Elə yaxşısı bu başdan 500 manat verib, həmin pulları el arasında bölüşdürməkdir.
- Elə “VTK” məsəlsi də bu cürdür də. Bir çoxları elə bağırır ki, yalançı pensiyaçıların hesabına büdcənin pulu dağıdılır, hökumətə filan min manat ziyan vurulur və saır. Lap belə əcəb edirlər. Hökumət “kündə”ləri sayır, yəni hökumət işində çalışanlara simvolik əmək haqqı verir, onlar da “kündə”dən kəsir, yalançı siniflər, yalançı pensiyaçılar və sair adlarla həmin pulları dolayısı ilə hökumətdən qopardırlar. Əbəs yerə demirlər ki, xalqımız müdrik xalqdır.
- Deyirəm, ay bacı, hərdən özgə planetdən olan məxluqlar uçan boşqabla gəlib bizdəki bu rüsvayçılıqları görsələr, xəcalətdən başımızı harada gizlədərik?
- Heç ağlın olmadı da. Bizimkilər ATƏT-i, BMT-ni, Avropa Şurasını aldadır, ucan boşqabdakılar kimdir ki, onları fırlatmasınlar. Yadında saxla, nəinki uçan boşqabla, lap uçan teştlə, uçan vedrələrlə də gəlsələr, bizim odda yanmaz, pulda batmaz məmurlarımıza bata bilməzlər.
Zanir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :458

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az