18 fevral 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


-18 fevral 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT Bu Hüsnü Mübarək hərəyə bir bəla gətirdi. Amma Azərbaycan üçün tamam başqa problem yaradıb. Bilirsən də, ona bizim Xırdalanda da heykəl qoyublar, xanımının adını da oradakı məktəblərdən birinə veriblər. İndi bizimkilər məəttəl qalıblar ki, bu heykəllə məktəbin adını necə “yerbəyer” etsinlər.
- Belə şeyləri dərd eləmə. Hüsnü Mübarək, onun komandası öz başının hayındadır. Hətta 50-60 milyardlıq varidatı da yadından çıxıb. Dərd bunlar deyil. Dərd, indi bizdəki korrupsiyaya qarşı mübarızə məsələsidir. Eşitmisən də, indi oğru da, quldur da, qısası, hamı korrupsiyaya qarşı mübarizədən danışır. Özü də iti öldürənə sürütdürən kimi, bu işin icrasını elə bəzi super rüşvətxorların özünə tapşırıblar.
- Bacılı, heç inanmağım gəlmir axı. Bir məsələ var e, deyir, mən nənəmsiz dözərəm, nənəm mənsiz dözəmməz. Bunlar deyir ki, heç kim rüşvət almasın, amma bizim haqqımızı vaxtında versin. Bir-ikisi var onların rüşvətlə mübarizədən danışması mənə “Mama Roza”nın namus və qeyrətdən dussertasiya yazmasını xatırladır.
- Bu barədə mənə də maraqlı xəbərlər çatır. Əvvəllər aşağıdan yuxarı və yuxarıdan aşağı hərənin haqq-hesabı dəqiq bəlli idi. Amma indi rüşvətlə bağlı kim-kimə atdı-atdıdır. Məsələn, hamı bilir ki, bizim baş həkim neçə illərdir xəstəxanadakı heç bir şöbəyə, həkim məntəqəsinə dərman vermir. Bilinmir ki, hər il yüz min manatlarla silinən dərmanın pulu hara gedir. Amma indi bu baş həkim də dərman pulunu yeyə-yeyə düzlükdən, saflıqdan nağıllar danışır, hamını korrupsiya ilə mübarizəyə səsləyir. Ən gülməlisi isə odur ki, bəzi cərrahlar, ginekoloqlar... xəstələrədən xəlvəti pul alsalar da, ondan nə texniki işçilərə, nə də baş həkimə pay vermirlər. Deyirlər ki, tapşırmısınız düz işləyin, biz də düz işləyirik. Buna görə baş həkim məcbur olub palata-palata gəzib xahiş edir ki, heç kimə pul verməyin.
- Tutaq ki buna əməl etdilər. Bəs ondan təzə parka görə boynuna qoyulan 35 min manatı (hər həkimdən 300-500 manat almaqla) haradan düzəldəcək?
- Keçən dəfə bir xəbər yazmışdıq e, filan-filan rayonlarda ünvanlı yardım məsələsini yoxlayırlar. Onun axırı nə oldu?
- Nə olacaq, Yardımlı ƏSMM-in, yəni ünvanlı yardım işinə baxan idarənin müdiri Cavanşir müəllimi işdən azad etdilər. Kişi bu sahədə nə qədər irəli gedibsə, heç yalandan da olsa, kağız-kuğaz da düzəltmirmiş. Düşünüb ki, saxta sənədi saxlamaqdansa, onu elə cırıb atmaq daha yaxşıdır. Buna görə kiminlə bazarlığı razılaşırmış, sadəcə plastik kartını əldə edib, bir plys qoyurmuş, qalanı nə ola-ola. İndi onu dəstəsi ilə birgə vəzifəsindən azad ediblər.
- Dəhşətdir ki.
- Dəhşət o deyil e. Dəhşət odur ki, ünvanlı yardım sahəsində Masallıda ən saxtakar müfəttiş kimi tanınan Ağabalanı Yardımlıya yollayıblar ki, orada “təmizliyi” bərpa etsin.
- Onu düz ediblər. Çünki Ərkivana ünvanlı yardım verməyi ondan alandan sonra yazıq çox fikir eləyirdi.
- Qıza, sən də belələrini tənqid etməkdən daha əl çək də.
- Niyə, bacılı?
- Çünki bİzdə bir çoxları tənqiddən də aşağıdır.
- Bunların hamısı bəlli. Amma ürəyimdən tamam başqa şeylər keçir. Deyirəm, elə gün ola ki, bu çəpər üstündə tənqid etməyə söz tapmayaq. Deyəndə ki, icra başçısı rüşvət alır, hamı adamı danlaya ki, yava-yava danışma, bizim başçı saf, namuslu adamdır, pula-filana əyilən namərdlərə meydan verən deyil, əsli var, nəsli var. Baş həkimin rüşvətxorluğundan danışanda həkimlər Hippokrat andını adamın gözunə soxalar ki, biz dədəmizə xəyanət edərik, amma bu kişiyə yox. İllah ki, təhsildəki rüşvətdən danışanda müəllimlər adamı daş-qalaq edələr ki, sizin başınız xarabdır, heç təhsilin müdiri də belə iyrənç yol tutar, bu mənəviyyat məbədini tamahkarlıq, üzəduranlıq, riyakarlıq, “işverənlik” yuvasına çevirər?
- Balaca uşaqlar demişkən, gop da olsa, maraqlıdır. Lap ac toyuğun yuxusunda darı görməsinə bənzəyir.
- Amma, mən inanıram. İnanıram ki, pis yatanlar da bəzən şirin-şirin, bəzəkli yuxular görəcək, eləcə də yuxu zənn etdiklərimizi bir gün həyatımızda hiss edəcəyik.
- Kaş yalansa da, doğru olsun.
Zahir Əmənov

R4suloffR4suloff

OXUNMA SAYI :616

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az