Çəpərüstü söhbət 20 mart 2010||--||


Çəpərüstü söhbət 20 mart 2010||--||

Bunları düz deyirsən. Mən də bir nəfər işverən tanıyıram. Hər dəfə ev yıxıb, birin şərləyəndə elə tor-bayram edir ki, elə bil illərlə itən qardaşını tapıb.

Bəlkə belə söhbətlərə çox bənd olmayaq. Xudavəndi-aləm kimisə yaltaq, satqın yaradıbsa, indi biz onun işinə qarışan deyilik ha. Çalışaq biz də xalqa hər hansı yolla çörək verək.

Bizdən çox xalqa çörək verən var? Bax, onlarla adam var ki, böyüklərin yanında əleyhimizə yalan-palan bir az qırıldadır, rəhbərlərimiz onlara verilən dükan yerini bir az da artırır. İndi biz gah bu tərəfin, gah o tərəfin qucağında əyləşənlərin ağlında deyilik ki? Adam var 20 yanvar, Xocalı şəhidləri günü tədbirə, abidə önünə güclə, zorla aparırsan, amma rəhbərin bir qohumu rəhmətə gedəndə... nə isə bu bir az həssas mövzudur, çox tərpətməyək.

Bayram da olsa, sənə bir iradım var. Sən bəzilərinin demokratik haqqını pozursan. Məsələn, bu vicdan filankəsindirsə, istəyir itə atır, istəyir çamırlıqda çürüdür, sənə nə?

Sən deyən düzdür e, intəhası mən hədəfə aldıqlarımın bir çoxunun heç vicdanı yoxdur. Əvvəl pis-yaxşı, prokata bir vicdan götürsün, sonra onu necə işlədər özü bilər.

Qıza, bu vicdan-zad söhbətin yığışdır. Bir dəfə vicdansızlardan yazı yazmışdıq, az qala 50-yə yaxın adam bizə giley etdi ki, niyə bizi biabır edirsən. Nə qədər inandırmaq istədim ki, bu yumoristik yazıdır, bu qəzet bir rayonun deyil, regional qəzetdir, elə təkid etdilər ki, yox, ad çəkməsən də, bizi deyirsən.

Sən belə şeylərə bənd olma. Onsuz da bu ətrafda hamı bilir ki, bu yurdun brilyant oğlanları kimdir, 100 manatlıq oğlanları kim, 50 qəpiklik (aşağı yeri də var) oğlanları kim, narkotiklə adam olanı kim. Buna görə də hərə öz mənəviyyatına uyğun qiyməti olanla qardaşlıq edir.

Bəs iki gündən bir otağımızın qabağına salafanda zir-zibil atan kimlərdir? Onlar bununla nə demək istəyir?

Yəqin ki əcdadlarının, ata-babalarının simvollarını, emblemlərini bu cür təbliğ etmək istəyirlər. Belələrinə baş qoşmağa dəyməz. Rayonda onlarla adam var ki, dünən şərəfsiz, alçaq dediyinin indi ayaqlarından öpür, hüzrünə gedib kiçikliyni göstərir. Belə xırda-para söhbətlərlə başımı qatma. Ta binayi-qədimdən belə olub-peyğəmbərləri daşa basan, təhqir edən kim idi? Nəsimini dabanından soyanlar, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri daş-qalaq etməyə hazır olanlar, 37-də Müşfiqlərin, Cavidlərin üzünə duran, onlara qara yaxan kimlər idi? - Elə bir tikə tula payına görə belə şərəfsizlik edənlər. Zaman keçdikcə bu namərdlərin şərlədiklərinə heykəllər qoyuldu, şərəfsizliklə çörək qazananlar isə tarixin zibilliyində çürüdülər.

- Nə isə. Bayramdır, barıtın çox eləmə. Elə bir leriklinin də məktubunu vərəqləyib, gedək bayramlığa. Deməli, müharibə qurtarana yaxın bir leriklini almanlarla vuruşmaq üçün əsgər aparmaq istəyirlər, lakin o getmək istəmir. Deyir ki, mən son 5 ildə qəzetlərdə müharibədə ölən almanları hesablamışam ki, bu hesabla yer üzündə alman qalmayıb. Mən kiminlə vuruşacağam.

- Bu bayram günü müharibə söhbəti haradan yadına düşdü?

- Buna səbəb lerikli qardaşımızın məktubudur. O yazır ki, hər külək əsəndə, bərk yağış yağanda, havalar çox isti olanda televiziyalar deyir ki, Lerikdə 50 dirək aşdı, 90 dirək məhv oldu. Bu hesabla son 50 ildə Lerikdə ən azı 50 mindən artıq dirək aşıb, yəni bu rayonda indiyə qədər bir salamat elektrik dirəyi olmayıb. Belə məlum olur ki, Lerik ölkənin ən uzunömürlü məskəni olsa da, ən qısaömürlü dirəklər burada basdırılır.

- Sonda bir daha hamınızın bayramını təbrik edir, arzu edirik ki, nəinki həyətləriniz, həm də mənəviyyatınız da çəpərsiz, azad, müstəqil və şərəflə yaşamağa şansınız daha çox olsun. 

R4suloffR4suloff

OXUNMA SAYI :966

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az