Çəpərüstü söhbət. 30 sentyabr 2014-cü il||--||


Çəpərüstü söhbət. 30 sentyabr 2014-cü il||--||

- Yaman maraqlıdır, ətraflı danış, bəlkə mənim də nənəmə lazım oldu.

- “Plana” uyğun olaraq, növbəti söhbət zamanı nənənin “Şəhərdə təzə nə xəbər var?” sualına nəvə cavabında deyir: “Can nənə, şəhərdə danışırlar ki, yaşlı arvad dişi ilə 3 qoz sındırsa, ərə gedə bilər”. Nənə deyir ki, tez gedin mənim üçün qoz alın, niyə sındıra bilmirəm ki. 4-5 gün nənə qozla çarpışsa da, ortaya bir şey çıxmır. Bir həftədən sonra yenə nəvəni sorğu-suala tutur. Bu dəfə nəvə deyir ki, camaat deyir, qoca arvad şaxtalı havada çardaqda 3 gün yatsa, o da ərə gedə bilər. Nənə tez deyir, yorğan-döşəyimi çardağa çıxardın, dişlə qoz sındırmaqdansa, şaxtalı havada çardaqda yatmaq sərfəlidir. Hə, indi həmin nənənin sualı olmasın, təzə nə xəbər var, şəhərdə nə danışırlar?

- Desəm ki, şəhərdə, kənddə domino çırpmaqdan başqa əlavə söhbət yoxdur, buna inan. Bizim kişi qarışıq, çoxu elə yuxuda da, al gəldi “qoşa altı”, “ağın biri”, nə bilim “qoşa ağ” deyə-deyə sayıqlayırlar. Tək-tük şayiə yayanlar isə qarşıdakı bələdiyyə seçkilərindən, bir az da regional təhsil şöbələrində müdirliyin “tas”ından yalan-palan danışırlar. Maraqlıdırsa, bu barədə eşitdiklərimi deyim.

- De də, onsuz da danışmağa söhbət yoxdur. Səhifəni boş saxlamayacağıq ki.

- Deməli, rayon təhsil şöbələrinin ləğvi barədə “qara xəbər” yayılandan sonra pulunu yerləşdirməyə yer tapa bilməyənlər başlayıblar regional təhsil şöbə müdirliyi üçün özünü oda-közə vurmağa. Mən inanmıram, babalı deyilənlərin boynuna, guya son günlərin məlumatına görə “tas” qalxıb 350 minə. Bu o deməkdir ki, həmin şəxs bir il yeyib-içməsə, geyinməsə, xeyrə-şərə pul xərcləməsə, heç kimi yola salmasa, istirahət-bayram günləri qatışıq hər gün ən azı min manat qazanmalıdır ki, bu haqq-hesabın yerini doldursun.

- Məni təəccübləndirən o deyil e. Bu vəzifəyə elə adamlar çalışır ki, sivil ölkələrdə beləsinə heç 4-5 dananı etibar etməzlər. Yeri gəlmişkən, bir maraqlı söhbəti yada salım. Deməli, regional təhsil şöbə müdirliyi üçün özünü yırtıb dağıdan hazırkı rayon şöbə müdirlərindən birinə misal üçün işçiləri yığışıb 10 “alma” verirlər ki, aparıb verərsən filankəsə. Bu şöbə müdiri isə o qədər tamahkar olur ki, həmin 10 almanın 3-nü yolda çırpışdırır. Yaxınları, onun oğurluğuna və cındırlığına bələd olanlar deyir ki, bu, elə adamdır, Bakıdan ona 1 kiloqramlıq yumru daş versən, rayona qədər həmin daş 200-300 qram əskik gələr. Bax indi belə cılız, nimdaş, pölüşkəmiş düşüncəli, illərlə əlinə kitab almayan adan 10 min müəllimin başkanı olmaq istəyir. Əgər ölkənin ən intellektual gənc nazirlərindən olan təhsil naziri belələrini irəli çəkəcəksə, mən adımı dəyib tozsovuran qoyacam.

- Düz deyirsən, bacı. Hərə gərək bacardığı işdə öz məharətini göstərsin. Suvaqçısan, get suvaqçılığını elə, ala-bula dana satansan, get dəllallığını elə, dananı sat.

- Yaxşı, keçək bələdiyyə məsələsinə. Deyirlər, bələdiyyələrin səlahiyyəti azaldıqca, nədənsə bu vəzifəyə gəlmək istəyənlər üçün “tas” artır. Hələ seçkilərə 1 aydan da artıq qalan vaxtda şayiələr yaymağa başlayıblar ki, guya bələdiyyə sədrliyinə bu seçkilərdə tas minimum 5, yerindən, rəqabətdən asılı olaraq 25 minədək olacaq. Guya artıq əmanəti çatdıranlar da var. Hansı bələdiyyə sədrini dindirsən, deyir, kasıbçılıqdan çatlayırıq, amma yenidən sədr olmaq üçün min cür “xod” edirlər. Bilmirəm, bu bələdiyyə seçkiləri bizim nəyimizə lazımdır? Belorusiyada bələdiyyə yoxdur, dünya dağılır?

- Sən belə incə mətləbləri başa düşməzsən. Bələdiyyə seçkilərinin birinci əhəmiyyəti odur ki, kənddə kimin yaxşı pulu var aşkara çıxır. Belələri ev, maşın, qoşa-qoşa arvadlar alandan sonra ürəklərindən vəzifəli olmaq keçir. Yerlərdə də əksər vəzifələr əbədilik zəbt edilib. Güman qalır bələdiyyə sədrliyinə. Namizəd nə qədər çox olsa, tas o qədər yuxarı olur. Birincisi, hər namizəd 200-300 adam gətirəndə bu iş əməlli başlı seçkiyə oxşayır. İkincisi, namizəd çox olanda, birinə deyirlər, filankəs 10 verir, gör sən neynirsən, belə-belə qiymət qalxır kəlləçarxa. İndi bir rayonda həmin 10-15-i vur cəm bələdiyyələrin sayına - 30-a, 35-ə, gör yüz min manatlar xəyalında necə oynaşır.

- Elə ümumi danışırsan. Bəlkə bir fakt deyəsən.

- Fakt yoxdur. Hamısı şayiə, hap-gop. Məsələn, Masallının Qəriblər kəndindən gələn şayiələrdə bildirilir ki, burada müğənnidən tutmuş, sahibkar balalarına - əbədi vəzifə xəstələrinədək bütün meşəni qırıb talayanlar, oranın daşın-qumun satanlar bələdiyyə sədri olmaq istəyir. Bu işə ən çox sevinən isə hazırki bələdiyyə sədri İsti-suyun şefi İldırım Allahyrovdur. Onun hesablamasına görə, bu namizədlər bir-birini elə qıracaq ki, sonda seçki pozulacaq, o, yenə də bələdiyyə sədri olacaq.

- Deyirəm, bacı qurban, bu bələdiyyə sədrliyidi, təhsildəki kadr oyunlarıdı, onlar olmasa, bu “levi” pulları haradan çıxartmaq olar?

- Heç yerdə pul olmasa da, “o məsələdə” həmişə pul var. Kimi deyir ki, massaj salonlarında bəzi massajçılar “klenti” ovmaqdan çox, qulaqlara qurğuşun, özlərini ovdururlar. Digərləri deyir, bu, düşmənlərin şayiəsidir. “ O məsələdə” əsas pul çırpışdıranlar Bakıdan gələn adamtutanlardır. Əvvəllər yalandan bir qız, bir oğlan yollayıb istirahət mərkəzlərini şərləyirdilər. İndi 2 öyrədilmiş oğlan yollayırlar. 5 dəqiqədən sonra da 2 yarımçılpaq qız yanlarında peyda olur. Beləliklə, əməliyyat baş tutur, istirahət mərkəzinin rəhbəri bir neçə ayın qazançını qoyur ortalığa, bununla da insan alveri həll edilir.

- Nə isə. Həmişə olduğu kimi söhbətimizi bir şad xəbərlə yekunlaşdıraq. Bu şad xəbər ondan ibarətdir ki, rayonun Digah ərazisində “danışmaq gümüşdürsə, danışmamaq qızıldır” prinsipi ilə işləyən hörmətli deputatımız Nəriman Əliyevin atası Əlibala Əliyevin adını daşıyan küçənin adı elə onun öz təşəbbüsü ilə dəyişdirilərək Digah küçəsi adlanıb. Öz təşəbbüsü ilə deyəndə, yəni o vaxt zəhmətkeşlər “məktub yazmışdı” ki, küçə Nəriman müəllimin atasının adı ilə adlansın, indi isə zəhmətkeşlər “məktub yazıb” ki, qarşıdakı seçkilər ərəfəsində bu söz-söhbətə səbəb olar, adı dəyişsək yaxşıdır. Hələ belə xəbərlər də dolaşır ki, hörmətli millət vəkili qohumu Vasif Səmədova da təklif edib ki, o da atasının adına olan Həzərxan Səmədov adına küçənin adını dəyişsin. Guya Nəriman müəllim Vasif müəllimə deyib ki, onsuz da ora bur maşın çınqıl tökdürə bilmirsən, kişinin ruhunu niyə narahat edirsən. Onu da xatırladaq ki, indiki Həzərxan Səmədov küçəsi əvvəllər masallılı, Qori seminariyasını bitirən, tək-tük cənubludan biri kimi tanınan, məşhur Bayraməlibəyovun adını daşıyırdı. İndi Lənkəranda onun adına məktəb açırlar, bizdə isə bir küçəni də onun adına da qıymırlar.

- -İndi belə xəbərlərlə insanları təəccübləndirmək olmaz. Əsas xəbər “Parabank”dan gələn xəbərlərdir. Buradakı bəzi işçilərin fırıldağı ucbatından “Parabank”ın Masallıdakı pulları para-para olub. Deyirlər, guya həqiqi qızıl əvəzinə saxta qızılı girov qoyublar. Bir də...

- Hamısını demə, tam araşdırıb, sonra efirə buraxarıq.




 

R4suloffR4suloff

OXUNMA SAYI :1132

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az