Xatirə Xatunun şeirləri||--||


Xatirə Xatunun şeirləri||--||

Sən mənim nəyimi sevirsən axı


 


Yaxın gəl, sözümə qulaq as bir az,

Sən mənim nəyimi sevirsən axı?

Yüz dəfə demişəm -"bizimki tutmaz",

Sən mənim nəyimi sevirsən axı?”


 


Mən sənin qayğına qalan deyiləm,

Küsəndə könlünü alan deyiləm,

Sirdaşın, həmdəmin olan deyiləm,

Sən mənim nəyimi sevirsən axı?


 


Daha bu payızdan yay ola bilməz,

Min ulduz yığışsa ay ola bilməz

Yaşım da yaşına tay ola bilməz,

Sən mənim nəyimi sevirsən axı?


 


Sığmıram ocağa, evə, bilmirəm,

Çəkərmi bu dərdi dəvə? Bilmirəm.

Mən özüm-özümü sevə bilmirəm,

Sən mənim nəyimi sevirsən axı?


 


Daha mənim üçün ötdü bu qatar,

Qışda açan gülü şaxta, qar vurar.

Mən gedən payızam, sən gələn bahar,

Sən mənim nəyimi sevirsən axı?




Sən heç belə darıxdınmı? Düzün de!


 


Yenə düşdü xatirimə ötənlər,

Qələm yenə sətirlərdə gəzindi.

Həsrətindən o çəkdiyim sitəmlər,

Səndən sonra mənə qalan izindi.


 


Yaddaşımdan silinmədi gülüşün,

Baxışların, səsin, üzün, yerişin.

Yanağımı yandırardı öpüşün,

Göz yaşlarım salıb ordan iz indi.


 


Qayıtmadı gedən durna qatarı,

Bu il onsuz qarşıladıq baharı.

Neyləyirəm gülüstanı, gülzarı,

Baş qoyduğum ən rahat yer dizindi.


 


Dönər deyə bir gün, ümid bağladım

Əlin dəyən hər nə varsa saxladım,.

Gecələri zülüm-zülüm ağladım,

Sən heç belə darıxdınmı? Düzün de!


 


Nələr çəkdim səndən ayrı qalınca,

Sənsə rahat baş qoymuşdun balınca.

Addım-addım düşüb indi dalımca

Axtar məni, ara məni, gəz indi.


 


Sevgi oyun, tale oyun pozandı,

Görən indi kim uddu, kim qazandı.

Çəkdiklərin öz günahın, cəzandı,

Həsrətimə dayan indi, döz indi.


 


İndi daha hər xatirə bir yuxu,

Yaddaşımdan silinibdi bir çoxu.

Mən yadına düşən zaman, aç oxu

Bir şerimi, elə bu da bəsindi.


 




 

R4suloffR4suloff

OXUNMA SAYI :2751

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff