Masallılı zabitin müəmmalı ölümü||--||


Masallılı zabitin müəmmalı ölümü||--||

Ortada xeyli şayiələr dolaşırdı. Biz yazının sonunda bu barədə danışacağıq. Mərhumun qohumları isə adi söhbətdə bu barədə kəskin çıxışlar etsə də, mətbuata açıqlama vermək istəmir, jurnalistlərə gözləməyi məsləhət bilir, səbəb kimi ekspertizanın rəyini gözlədiklərini bildirirdilər.

Belə bir məqamda bu gün mərhum zabitin anası Zahirə Şirəliyeva Arqument.Az-a oğlunun öldürülməsi ilə bağlı sensasion məlumat verib. O bildirib ki, mərhum zabit səhhəti ilə əlaqədar ordudan yayındığı üçün axtarışda olub. Ölümündən iki gün öncə Hərbi Polisin əməkdaşları onu qulluq etdiyi hərbi hissəyə aparmağa evə gəldiklərini bildirib.

Zahirə Şirəliyeva deyir ki, oğlu Xalid Şirəliyevi bu il, 31 oktyabr saat 10:00 radələrində şəxsən özü Hərbi Polisin əməkdaşlarına təhvil verib. Özü Biləcəridə yerləşən Hərbi Polisə gedərək orada polkovnik-leytenant Feyzi Hüseynovla görüşüb. Feyzi Hüseynov özünü ona Hərbi Polisin rəisi kimi təqdim edib. Həmin binanın 5-ci mərtəbəsində Feyzi Hüseynov Şirəliyevaya deyib ki, heç bir narahatlıq yoxdur: "Orada bildirdilər ki, Xalidi qulluq etdiyi qornizona göndərəcəklər. Dedi ki, hər şey yaxşı olacaq. Axşama doğru isə Xalid zəng edərək "Papanin"dəki hospitalda olduğunu, buraya müayinəyə gətirildiyini dedi. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmadı. Mən yenidən Biləcəridəki Hərbi Polisə gedib Feyzi Hüseynovla görüşmək istədim. Dedilər ki, burada belə bir adam yoxdur. Mənə orada Xalidin artıq Bərdəyə aparıldığını bildirdilər. Qohumlarımız Bərdədəki hərbi hissəyə getdilər. Orada isə demişdilər ki, hərbi hissəyə bu zabitin ölməsi barədə məlumat veriblər. Feyzi Hüseynovun mənə verdiyi mobil nömrəyə zəng edib əlaqə saxlamağa çalışdım. Həmin gündən indiyədək onun telefonuna zəng çatmır".

Zabitin anasının sözlərinə görə, Xalidi Hərbi Polisə təhvil verdiyindən 3 gün keçdikdən sonra onun nəşi "Semaşko" xəstəxanasının morqundan tapılıb. Amma bununla bağlı ailəsinə heç bir məlumat verilməyib. Anası bildirir ki, Xalid Şirəliyevin meyitinin morqa necə gedib çıxması və onun kimlər tərəfindən öldürülməsi müəmmalı olaraq qalıb.

Anası iddia edir ki, oğlunun meyitinə baxış zamanı çəkilən fotolardan onun işgəncə ilə öldürüldüyü açıq görünür: "Başında ağır kəsilmiş yara, bundan əlavə bədənində zərbə izləri də var idi. Bütün bədəni göyərmişdi".

Z. Şirəliyeva bildirir ki, cinayət olayı ilə bağlı iş Nəsimi Rayon Prokurorluğundadır. Amma hələ ki, onlara heç bir məlumat verilmir.

Nəsimi Rayon Prokurorluğundan isə məsələyə münasibət öyrənə bilmədik. Prokurorluğun xanım əməkdaşı bildirdi ki, məsul şəxslər günün ikinci yarısında işdə olacaqlar.

Məsələ ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan bildiriblər ki, onlarda Xalid Şirəliyevin öldürülməsi ilə bağlı heç bir məlumat yoxdur və bu məsələdən ümumiyyətlə, xəbərsizdirlər.

Zahirə Şirəliyeva isə hadisə ilə bağlı şəxsən Baş Prokuror Zakir Qaralova müraciət olunduğunu deyir: "Hadisədən sonra nə zabitin qeydiyyatda olduğu Masallı Rayon Prokurorluğundan, nə Müdafiə Nazirliyindən, nə də hər hansı bir dövlət qurumundan məsələyə münasibət bildirilməyib. Heç oğlunun dəfni zamanı da onlarla maraqlanan olmayıb. Masallı Rayon Prokurorluğuna da bu cinayət olayı ilə bağlı məlumat verilib".

Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi isə nə bu məsələ barədə onlara məlumat verib, nə də baş verənlərlə qəti maraqlanmayıb.

Müəmmalı şəkildə dünyasını dəyişən zabitin anası ölkə başçısı İlham Əliyevdən kömək istəyir. O, Prezidentə müraciət edərək oğlunun qanının batırıldığını deyir və ümid edir ki, ölkə başçısı bu məsələnin obyektiv araşdırılmasına, əsl həqiqətin ortaya çıxarılmasına yardım edəcək: "Mən cənab Prezident İlham Əliyevdən kömək istəyirəm. Neçə gündür qapıları döyürəm. Hərbi Prokurorluğa müraciət etmişəm. Baş Prokurorluğa teleqram vurmuşam. Heç kəs mənimlə maraqlanmır. Masallı rayonunda bir neçə gün qaldım, başım dəfnə qarışmışdı. Amma heç bir rayon rəsmisi də gəlib maraqlanmadı ki, nə baş verib? Faktiki oğlumun qanını batırırlar. Mən xəstə adamam. Bir oğlum həbsdədir, birini də belə öldürdülər. Mən kimsəsiz qalmışam. Nə qədər qapı döymək olar? Ümidim cənab Prezidentədir. İndi ancaq ondan kömək istəyirəm. Qoy səsimə səs versin, oğlumun qanı batmasın".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Arqument.Az-a bildirdi ki, hadisə Bakının Nəsimi rayonunda baş veribsə, vətəndaş aidiyyatı üzrə Nəsimi Rayon Prokurorluğuna müraciət etməlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O bildirdi ki, məsələ ilə bağlı nazirliyə sorğu göndərilməlidir. Bundan sonra məsələ araşdırılıb açıqlama veriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Rəsul Quliyev isə bildirdi ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur: "Dəfndə ona görə iştirak etməmişəm ki, mənə məlumat verilməyib. Bilirsiniz ki, bu zabit barədə cinayət işi açılmışdı. Üç ay idi, ordudan yayınırdı. Bu üzdən bizim şəxsi heyyətin siyahısından çıxarılmışdı. Mənə qohumları məlumat verdilər ki, 3 gün öncə Nəsimi rayonunda meyiti tapılıb. Bu məsələ artıq bizlik deyil, çünki o, bizim şəxsi heyyətin siyahısından çıxarılıb və zabit kimi yox, mülki şəxs kimi ölüb".

Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının rəhbəri, hazırda həbsdə olan jurnalist Cavid Şirəliyevin qardaşıdır.

Bir neçə gün sonra isə Müdafiə Nazirliyi Masallı rayon sakini, Azərbaycan Ordusunun zabiti Xalid Ələsgər Oğlu Şirəliyevin müəmmalı ölümü ilə bağlı Arqument.Az-ın sorğusuna cavab verib.

Nazirlikdən bildirilir ki, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır: "Müdafiə Nazirliyinə göndərdiyiniz elektron müraciətinizə cavab olaraq bildiririk ki, faktla bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır".

Lakin hələ də bəzi suallar cavabsız qalıb. Xalid Şirəliyev nədən ölüb? O, doğrudan da öldürülübsə, buna səbəb nədir? Niyə Xalidin ölümü ilə bağlı valideynləri vaxtında məlumatlandırılmayıb, yaxud onlara yanlış məlumatlar verilib? Özünü polis rəisi kimi təqdim edən şəxs kimdir? Və sair.

Hələ ki, ortada öz təsdiqini tapmamış şayiələr var. Yayılan söhbətlərə görə Xalid həqiqi hərbi xidmətdən sonra yenidən könüllü sürətdə zabit kimi ordu sıralarına getdərkən bir sıra haqsızlıqların şahidi olub. Guya komandir tərəfindən öldürülən bir əsgərin güya ermənilər tərəfdən açılan atəş nəticəsində ölməsi barədə məlumat yayıblar. Başqa bir əsgər komandirin pul gətirmək tələbini yerinə yetirmədiyinə görə güllələnib. Bütün bunlar Xaliddə ciddi sarsıntı yaradıb və o, xəstəliyə tutulub. Bu səbəbdən o, xəstəxanaya yerləşdirilib. Daha sonra isə Xalid xəstəxanadan qaçıb. Hərbi hissə onu axtarışa verib. Axtarış zamanı evlərinə olan zənglərdən birinə Xalid özü cavab verib və razılaşıblar ki, səhəri gün o, könüllü olaraq Biləcəriyə gəlib onu axtaranlarla görüşəcək. Belə də ediblər. Sonrakı hadisələr isə onun anasının danışdığı kimi davam edib?

Bütün bu söhbətlərin nə dərəcədə doğru, yaxud yalan olması yəqin ki, istintaqın gedişində dəqiqləşəcək.

Vasif

 

R4suloffR4suloff

OXUNMA SAYI :870

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff