Polis məni döyərək zorladı||--||


Polis məni döyərək zorladı||--||

Bir neçə gün öncə Cəlilabadın Göytəpə şəhərindəki poçt şöbəsində işləyən Əlisahib Niftullayevlə həmin kəndə yollandıq. Göytəpədən bura cəmi 9 kilometr məsafə olsa da, yol o qədər xaraba gündə idi ki, onu yarım saata güclə qət etdik.


Bir qədər söhbətdən sonra məlum oldu ki, təkcə bu kəndin yolu yox, bəzi məmurların üzdəniraq əməlləri nəticəsində mənəviyyatı da bərbad vəziyyətdədir.


...Zərərçəkən Rəna Niftullayevanın yaşadığı koma (ona ev demək mümkünsüzdür ), Ağdaş kəndinin lap girəcəyində, kanalın yaxınlığında yerləşən 1-ci evdir. Həmin komanın yaxınlığında isə bir neçə yarımçıq tikili var. Bu komaya ən yaxın ev təxminən 200 metr aralıda yerləşir. Digər evlər isə bu komadan təxminən 1 kilometr aralıdır.


Rəna Niftullayevanın 32 yaşı var, 3 uşaq anasıdır. Həyat yoldaşı həbi xidmətdən sonra ciddi xəstələnib. Hazırda Rusiyadadır.


Rəna başına gələn bəlanı nəql etməzdən əvvəl bildirdi ki, o, həyatda heç vaxt xoş gün görməyib, başı həmişə müsibətlərdə olub.


Bir neçə il əvvəl tikilən bu evin hələ də elektrik xətti yoxdur. 6, 8, 11 yaşlı üç uşaqla bu komaya sığınan Rəna televizora, soyuducuya həsrətdir. İstilik olmadığı üçün uşaqlar soyuqdan bir küncdə büzüşmüşdülər. XXI əsrin 10-cu ilinə lampa işığında qədəm qoymağa hazırlaşan bu ailə çay dəmləmək üçün yaxındakı göldən gətirdiyi bulanıq suyu dəmləyib, balalarına çay verir. Çörək tapanda yavanlıq tapmır, yavanlıq tapanda çörək. 2 balaca otaqdan birinin hələ də tavanı və döşəməsi yoxdur. Mebel adına otaqda cəmi bir sınıq stul və stol var. Dediyinə görə qışda axşamlar çaqqalların, tülkülərin, yayda ilanların qorxusundan çölə çıxmağa çəkinsə də (bu yay uşaqların birini ilan çalsa da xoşbəxtlikdən onu ölümdən qurtarmaq mümkün olub), diş-dırnaqla da olsa torpağı qamarlayıb balalarını böyüdür. Dediyinə görə təkcə bu yay 3 ilan öldürüb.


Bütün bu müsibətlər azmış kimi Rənanın dediyinə görə o həmkəndlisi, polis işçisi Ravin Niftullayevin təcavüzünə məruz qalıb.


Hər şeyi Rəna Niftullayevanın öz dilindən eşidək:


- Minbir zülmlə kəndin girəcəyində balaca bir koma tikib 3 balamla burada yaşayıram. Qayınatamın, yaxın qohumlarımın verdiyi şorun, göyərtinin hesabına günümü birtəhər keçirirdim. Son 5-6 ayda ancaq Qurban bayramında dilimizə ət dəyib.


... Bu Ravin adlı adamı mən heç tanımırdım. Bir-iki dəfə yol qırağında olan evimizin yanından keçəndə axmaq-axmaq hərəkətlər edirdi. İlk dəfə 2007-ci ilin noyabr ayında evə soxuldu. Hətta dostunu da çağırdı ki, pivə almışam, gəl burada içək. Güclə evdən qovdum. Bundan sonra da hər 2-3 aydan bir məni kimsəsiz görüb narahat edir, evə soxulmaq istəyirdi. Bəzən olub ki, əlini dişləyib qovmuşam. Mən uşaq vaxtından polisdən qorxurdum. O da evə polis formasında gəlir, tapançanın qabına əlini atıb səni öldürərəm, bıcaqlayaram və sair hədələrlə qorxudurdu ki, məni narahat etdiyini heç kimə deməyim. Amma zorla da olsa həmişə onu evdən qovmuşam. Hey fikirləşsəm də, bu işdən çarə tapmamışam. Dedim ki, qayınatama, qayınlarıma deyərəm, ortaya dava-dalaş düşər, həyat yoldaşım da evdə deyil, kənddə söz-söhbət yayılar, biabır olaram. Heç bilmirdim tülküdən, çaqqaldan, ilandan qorunum, ya bu polisdən. Bu darısqal, işıqsız komada həmişə qorxa-qorxa, zillət içində yaşamışam. Heç qarın dolusu çörək yemədim.


Ötən il oktyabrın 23-dən 24-nə keçən gecə, təxminən saat 12-də isə başıma müsibət gəldi. Yenə də həyətdə səs eşitdim. Elə bildim tülküdür. Aşağı düşəndə gördüm ki, yenə Ravindir. Məni görən kimi həyət qapısının balaca taxta parçasından olan cəftəsini sındırıb toyuqlar üçün hin düzəltdiyim balaca yerə soxuldu və dərhal da mənə cumub döyməyə başladı. Gah sinəmə, gah böyrümə, gah kürəyimə, sonra da başıma elə yumruqlar ilişdirdi ki, huşumu itirdim. Sonra nə olub bilməmişəm. Bir də o qapıdan çıxanda özümə gəlib gördüm ki, rüsvayçı vəziyyətdəyəm.


O gedəndə gecə saat 1-ə yaxın olardı. Nə edim, başıma haranın daşını töküm? Ən yaxın ev bir neçə yüz metr aralıda yerləşir. Ətraf da zülmət, qaranlıq. Birtəhər səhərin açılmasını gözləyib ən yaxın qonşunun evinə gedib, onların mobil telefonu ilə 1 kilometr aralıda yaşayan qayınatama zəng vurmaq istədim. Lakin ona zəng çatmadı. Bilirdim ki, 8-9 arası qayınatam buradan keçib Göytəpəyə işə gedir. O gələn maşını saxlatdırıb müsibətimi qayınatama danışdım. Ona qoşulub birlikdə Cəlilabad rayon prokurorluğuna gəldik.


Bu yerdə söhbətə Göytəpədəki poçt şöbəsində işləyən Rənanın qayınatası Əlisahib Niftullayev qoşuldu:


- O vaxtkı prokuror Ceyhun müəllim bizi çox yaxşı qarşıladı. Ay onu belə asacağam, belə kəsəcəyəm, onu ... elətdirərəm, butulka belə gəldi, nə bilim daha nə... Biz də inandıq ki, nə ədalətli adama rast gəlmişik. Gəlindən izahat alanda isə məni çölə çıxartdılar.


Rəna Niftullayeva: - Elə dil tökdülər ki, dedim bunlardan yaxşı adam yoxdur. Prokuror mənə dedi ki, necə lazımdır sənə kömək edəcəyik. Amma sən bəzi şeyləri biz deyən kimi danış Yəni, de ki, o sərxoş olub. Sonra da bildir ki, o bir dəfə yox, bir neçə dəfə evinə girib səninlə yaxınlıq edib. Bir dəfə olub yazsan, onu çox cəzalandıra bilmərik. Nə yazmaq bilirəm, nə də bu əlifbanı oxumaq. Nə yazdılar, nə pozdular bilmədim. Ora qol çək, bura qol çək, mən də çəkdim.


Sonra həkim ekspertin yanına getdik. Sağ olsunlar, nə qədər zədələrim vardı, göyərmiş, xəsarət almış yerlərim vardı, hamısını qeydə aldılar, özümüzə də oxudular.


Əlisahib kişi: - Bir neçə gündən sonra prokurorluğa gedəndə isə başqa bir mənzərə gördük - prokuror da, müstəntiq də tamam başqa söhbətlər edirdilər. 3 günə verilməli olan həkim rəyini biz heç cür əldə edə bilmirdik. Həkimlər deyirdi göndərmişik, prokurorluqda deyirdilər gəlməyib. Nəhayət Səhiyyə nazirliyinə şikayət edəndən sonra, yəni müayinədən 2 ay keçmiş həmin sənədi aldıq. Məlum oldu ki, Rənanı aldadıb ona özlərinə sərfəli formada yazdıqları izahata qol çəkdirənlər az qala gəlinin özünü günahkar çıxarmışlar. Guya bu Ravin nə gəlinimi döyüb, nə də onunla zorla yaxınlıq edib. Guya bunlar son bir ildə könüllü şəkildə 4-5 dəfə görüşüblər. Elə bəzəmişdilər ki, elə bil kinoya baxırsan. Yaxşı, əgər belədirsə, onda Ravin gəlini niyə ölümcül döyüb? Hansı ki həkim rəyi də bunu təsdiq edir. Həm də gəlinin həmin döyülmələrdən aldığı zədələr, xüsusən belində olan ağrıları hələ də sağalmayıb. İkincisi, gəlin onunla könüllü görüşürdüsə, niyə elə həmin gün prokurorluğa şikayət etdi? Niyə həkim rəyi bizə müayinədən 2 ay sonra verildi. Bu sualların cavabını verən yoxdur. Etirazlarımıza baxmayaraq göz-görəti quldurluq etmiş, namusa toxunmuş polis işçisini ancaq vəzifəsindən kənarlaşdırmaqla kifayətlənib, onu cinayət məsuliyyətinə cəlb etməyib işə xitam verdilər.


Daha şikayət etmədiyimiz yer qalmadı  Prezident Aparatından, Baş Prokurorluqdan tutmuş Ombudsmanadək. Əhəmiyyət vermirdilər. İcra başçısı Əziz Əzizovun da qəbulunda oldum. Məni qucaqladı, təsəlli və vədlər verdi, lakin heç köməyi olmadı. Ancaq rayona yeni prokuror gələndən sonra həmin işə yenidən baxıldı. Prokurorun həmin məsələni təzələməklə bağlı qərarı ilə sizi də tanış edirəm:


Material öyrənilərkən müəyyən edilmişdir ki, bir sıra xüsusatlara obyektiv və tənqidi qiymət verilməmiş, şikayət olunmasına və hadisənin baş verdiyi günə qədər hadisələrin axarı məntiqi baxımdan düzgün təhlil edilməmişdir.


Şikayət faktının özündə dərhal cinayət işi başlanmasını zəruri və vacib edən kifayət qədər amillər mövcud olmasına baxmayaraq cinayət işi başlanılmadan yalnız material qaydasında araşdırılma aparılmışıdır.


...Buna görə də obyektiv həqiqətin yalnız istintaq hərəkətlərinin aparılması yolu ilə müəyyən edilə bilməsinin mümkünlüyü nəzərə alınaraq cinayət işi başlanmasının rədd olunması haqqında qərar ləğv edilməli və cinayət işi başlanılması məqsədəmüvafiq sayılmalıdır.


Beləliklə, məsələ ilə bağlı Cəlilabad rayon prokuroru Mobil İsmayılovun qərarı əsasında yenidən cinayət işi başlanılır


...İşimizi etibarlı tutmaq üçün Bəxtiyar adlı bir nəfərlə də nümayəndə kimi razılaşdıq ki, bizim hüquqları müdafiə etsin ki, yenə də aldanmayaq. Onsuz da pul yox idi. Heç bilmirdim ki, 13 nəfərlik ailəyə bir tikə çörək aparım, ya şikayət teleqramlarının pulunu ödəyim. Allaha and olsun, elə olub ki, kənddən rayon mərkəzinə kimi 25 kilometrlik yolu gəlinlə pay-piyada getmişik. Buna baxmayaraq ondan-bundan 200 manat borc alıb həmin Bəxtiyara verdik. Hansı ki, hələ də o borcu qaytara bilmirəm. İstintaq zamanı bu Bəxtiyar elə bizdən kənar müstəntiqlə pıçı-pıçı etdi, sonra da dedi ki, bunlarla çörək kəsmişəm, başqa hərəkət edə bilmərəm. Bir-iki şahid var idi. Hansı ki, Ravin həmin şəxslərin maşını ilə həmin evə gəlib. Yaxın qohumlarıdır. Üzləşmədə bir şey dedilər, izahat verəndə başqa şey.


Mənə və başqa qohumlara nə qədər pul təklif edirdilər ki, bu namussuzluğa göz yumaq. Razılaşmadıq.


Bir ildən çoxdur ki, bu idarələrin qapılarında sürünürük. Hər yerdə yalan, saxtakarlıq, riyakarlıq... Bilirsiniz, prokurorluq işçiləri bizə nə deyirdi? Bir işdir olub da, yəqin əri Rusiyada gəzir, bu da burada gəzişsin. İndi bu işə görə o cavanı həbs edəsi deyilik ki. Boşa, qov, sənin də canın qurtarsın.


Bu ilin iyun ayında təzələnmiş cinayət işinə xitam veriblər, amma bu barədə düz 5 ay sonra, noyabrın 25-də bizi məlumatlandırıblar.


Bu böyüklükdə namussuzluq edilib, lakin cinayət edən şəxs azadlıqda gəzir. Nəinki gəzir, yenə gəlinin evi qarşısından siqnal verə-verə, maqnitofonda mahnı oxutdura-oxutdura, digər oğluma yandı-yandı verə-verə gəzir, hamıya meydan oxuyur. Belə cəzasızlığın nəticəsidir ki, son illərdə təkcə Ağdaş kəndində 5 ailə namussuzların təcavüzünə məruz qalıb, kiminin gəlininə, kiminin xəstə qızına təcavüz edilib.


Bu Ravinin polisdə yüksək vəzifəli qohumları var-Raci Niftullayev və Yasər Abdullayev. Onlara arxayın olub bu özbaşınalığı edir.


İndi oğlum Rusiyadadır. Bəziləri deyir ki, Ravinin qohumları onu orada tutdurub. Oğlan da oradan sifariş yollayır ki, gəlib Ravini də, gəlini də öldürəcəyəm. Mən də daha kənd içinə çıxa bilmirəm. Məcburam ki, gəlini də boşayaq.


Rəna isə deyir ki, dəfələrlə istəmişəm özümü yaxınlıqdakı bu kanala atıb boğum. Ancaq bu tifillər gözümün qabağına gəlib, dayanmışam.


...Söhbət zamanı məlum oldu ki, az qala dilənçinin pay verdiyi bu ailəyə hələ də ünvanlı yardım verilmir. Onlardan dədə-baba qaydası ilə (50-50-yə) pay umulur. Yəqin ki, Cəlilabadda təminat şöbəsinərəhbərlik edən YAP Cəlilabad şöbəsinin sədri, Seyid Hacı Süleyman bu evin qapısını açacaq və görəcək ki, Hacılıqdan daha vacib əməllər üçün yaxınlıqda meydan var. Biz İcra hakimiyyətinin binasından buradakı Seyrəngahı seyr edən icra başçısı Əziz Əzizovu da insanlıq xatirinə məhv olmaq təhlükəsi ilə üzləşmiş bu ailəyə dəvət edirik.


Yəqin ki yaxın vaxtlarda redaksiyanın hesabına bu bədbəxtləri Bakıya aparıb Mətbuat konfransı keçirib bütün hüquq müdafiəçilərinin, bütün jurnalist həmkarlarımızın diqqətini insanlığa sığmayan bu faciəyə cəlb edəcəyik.


Rəna və onun tifillərinə hər hansı formada (avadanlıq, geyim, ərzaq, pul və sair) yardım etmək istəyənlər olsa redaksiyamıza müraciət edə bilər.




Yazıda adları hallanan şəxslərin istintaqa təqdim etdiyi izahatlarına istinad etsək də, həmin şəxslərin yenə deməyə sözü olarsa, qəzetimizdə onlara, eləcə də olaya münasibət bildirmək istəyən oxucularımıza imkan yaratmağa hazırıq. 

R4suloffR4suloff

OXUNMA SAYI :1128

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az