40 ilin boksçusu


40 ilin boksçusuGah Lənkəran, gah cənub boks məktəblərinin atası, yaradıcısı sayılan Əlizadə Əsədova qarşı hansı təxribatlar hazırlanır? Bu işdə hansı saxtakarlıqlara meydan verilir? Hələ məktəbli olarkən sabiq ölkə başçısı Heydər Əliyev ona hansı vədi verib?
Öncə “səbəbkar”, 55-60-cı illik ömrünün azı 40 ilini idmana həsr edən bu insan- Əlizadə Əsədov haqqında cənublu oxucularımıza ətraflı məlumat vermək istəyirik.
Dəfələrlə ölkə birinciliyinin, ümumittifaq yarışlarının qalibi olmuş, cənubda yüzlərlə boksçu yetişdirmiş (hansı ki, onların arasında dünya çempionları da var), vaxtilə evində pulsuz boks məktəbi açmış, sonralar onlarla təltifə layiq görülmüş bu insanın az qala ömrünün hər anı idmanla bağlıdır.
Əlizadə Əsədov 1955-ci ildə Lerik rayonun Züvüc kəndində anadan olub. Atası təyinatla Lənkərandan bu ucqar dağ kəndinə işləməyə gəldiyindən ailənin bir neçə övladı da dünyaya bu kənddə göz açıb. Onun atası 15 il həmin kənddə müəllim işləyib. Əlizadə hələ ilk yaşlarından taledən ağır zərbələr alır. Belə ki, o, 5 yaşında olarkən atası cavan yaşında vəfat edir. 17 yaşında isə anası dünyasını dəyişir. 4 bacı və 2 qardaşı, necə deyərlər dişlə-dırnaqla həyatda özlərinə yol açmalı olurlar. Hələ ilk yaşlarından Əlizadənin döyüşkənliyi, mübarizliyi cəsarəti çoxlarının diqqətini cəlb edirdi. Müəllimləri də, yaxın qohumları da etiraf edirlər ki, o, idman üçün yaranıb. Əlizadə idmanı çox sevməklə yanaşı həm də yaxşı təşkilatçılıq nümunəsi də göstərirdi. Belə ki, o “Alov” adlı bir futbol komandası da yaratmışdır. Tez-tez qonşu kəndlərlə futbol yarışmasına çıxardılar. Çoxları onun yaxşı futbolçu olacağını güman edirdi.
Əlizadənin sonrakı taleyi isə Bakı ilə bağlıdır. Belə ki, çörək qazanmaq üçün, bir peşəyə yiyələnmək ümidi ilə orta təhsilinin son illərində o, Bakıya gəlir. Burdakı Peşə Texniki məktəbində tokar peşəsinə yiyələnməyə başlayır. Eyni zamanda idmandan da ayrılmır. Həmin məktəbdə idman müəllimi işləyən Həsən Qarayev bu işdə ona güclü yardımçı olur və onun fizki imkanlarını, döyüşkənliyini lazımınca dəyərləndirib. Məsləhət bilir ki, idmanın futbol yox, boksa növü ilə məşğul olsun.
Beləliklə, Əlizadə taleyinə boks bağladı. 1971-ci il, 16 yaşı tamam olan həmin il Əlizadə üçün uğurlu oldu. Belə ki, o öz yaşıdları arasında ölkə üzrə 1-ci oldu. 1972-1973-cü illərdə o bu uğurunu daha 2 dəfə təkrarladı.
Daha sonra hərbi xidmət illəri başladı. Murmanski vilayətinə ustalığa namizəd kimi gələn Əlizadə ordudan keçmiş SSRİ-nin idman ustası kimi qayıtdı. Keçmiş SSRİ-nin onlarla şəhərində rinqi qalib kimi tərk edirdi, uğurlarının sayını günbəgün artırırdı.
Nə qədər uğur qazansa da doğma yurdu Lənkəran heç yadından çıxmırdı. Xüsusən, Azərbaycanın o vaxtkı rəhbəri Azərbaycanın KP MK-nin 1 –ci katibi Heydər Əliyevin ona söylədiyi ümidverici sözlər yaddaşında həmişəllik həkk olunmuşdu. Belə ki, 1972-ci ildə Heydər Əliyev onun oxuduğu peşə məktəbinə gəlir. “Şərəf lövhəsi”ndə bir neçə qabaqcıl gəncin, o cümlədən, Əlizadənin şəkilini də görür, sonra onlarla görüşür. Görüş zamanı Əlizadədən soruşur ki, boksun sirlərini harda öyrənib, rayonda, ya Bakıda? Əlizadə də deyib ki, rayonda boks üçün imkan yoxdur. Sabiq ölkə başçısı isə əlini onun çiyninə qoyaraq bildirib ki, Lənkəranda da boks olacaq, mütləq olacaq.
Sonrakı həyat yolunda bəzi təsadüflər Əlizadəni boksa daha çox bağlayıb. Belə ki, hərbi xidmətdən Lənkərana qayıdan Əlizadə burdakı 7 saylı ərazi nəqiliyyat kontrunda tokar işləməyə başlayıb.Təsadüf elə gətirib ki, bu idarədə mühəndis işləyən Fəxrəddin Məmmədov də boks üzrə idman ustalığına namizəd imiş, daha doğrusu “boks xəstəsi” imiş. Beləliklə, tokar və mühəndis tezliklə “dil” tapır, Lənkəranda ilk boks məktəbi yaratmağa başlayırlar. Texniki imkanlar zəif olduğu üçün Əlizadə ilk boks məktəbini şəxsi evinin zirzəmisində yaradır və onlarla uşağa təmənnasız boks öyrətməyə başlayır. Tezliklə onun evindəki boks məktəbinə Lənkəranın özündən və ətraf kəndlərindən 80-ə yaxın uşaq yazılır.
Əlizadə Əsədov o günləri çox nisgillə xatırlayır:
- İndi adama yuxu gəlir. Sanki ətrafdakı bütün gənclər az qala boksla nəfəs alırdı. Bütün canımla-ruhumla, tokarlıqdan qazandığım vəsaitlə rayonda boksun inkişafına çalışır, boksun sirlərini uşaqlara öyrədirdim. Çox fəxr edirəm ki, indi şagirdlərimin özünün belə onlarla bacarılqı şagirdi var.
Onlardan biri Zahid Mehdiyev hazırda Almaniyanın fəxri vətəndaşı, həmin ölkənin boks üzrə yığma komandasının A kateqoriyalı məşqçisi, müəllim kimi fəaliyyət göstərir. Digəri, İlkin Ağayev isə 2006-cı ildə yeniyetmələr arasında dünya çempionu adını qazanmışdır.
Əlizadənin tərcümeyi halında maraqlı məqamlardan biri də onun 70-ci illərdə boks üzrə SSRİ yığma komandasınının məşqçiləri heyətinə daxil edilməsidir.
Göründüyü kimi Əlizadənin tərcümeyi halı olduqca zəngindir. Təkcə faktları sadalasaq, gərək qəzetimizin bir neçə səhifəsini ona həsr edək. Lənkəranın tanınmış yazarı İltifat Saleh onun haqqında kitab yazıb, onlarla qəzetdə onun haqqında geniş məqalələr çap edilib.
Amma bu uğurlara gedən yol elə də asan olmayıb. Əlizadə Əsədov:
- Evimizin zirzəmisindəki boks məktəbi 5 il fəaliyyət göstərdi. Uğurlarımızın sayı-hesabı yox idi. Nəinki Ümumittifaq yarışlarında, eləcə də qonşu ölkələrdə keçirilən Beynəlxalq yarışlarda dəflərlə qalib adını qazandıq. Bu uğurlarımızı görüb Lənkəranın o vaxtkı 1-ci katibi İsa Məmmədov bizim üçün idman zalı quraşdırmağa qərar verdi. Bunun üçün xüsusi qurlaşdırılmış, orjinal konsturuksiyalı bina inşa edilməyə başladı. Vəsaiti o vaxtkı payçılar qoyurdu. Lakin sonra maddi imkansızlıqdan payçılar bura vəsait qoymağı dayandırdılar.
Bu arada Əlizadə ali idman təhsili almaq üçün Bədən Tərbiyəsi İnstitutunun əyani şöbəsinə daxil olur. Axşamlar işləyib, gündüzlər təhsil alır. Onun ali məktəbdə müəllim saxlamaq istəsələr də, razılaşmır. “Gedirəm Lənkəranda idman inqilabı etməyə”-deyə yenidən Lənkərana gəlir. O, geri qayıdandan sonra isə artıq İsa Məmmədov AZ.KP MK-ya katib təyin edilmişdir. Onun əvəzləyən Yaşar Rzayev və Dilruba Camalova həmin kompleksin tikintisinə ara-sıra kömək etsələr də, işləri tam başa çatdırmaq mümkün olmayıb.
Əlizadə: - Heç nə asanlıqla başa gəlmirdi. Hər ay onlarla qapını döyməli olurdum. Hətta ölkə və Ümumittifaq televiziyasında çıxış edib burada boksun inkişafına laqeyd münasibətdən dəfələrlə danışdım. Ancaq çıxışlarından sonra rayon rəhbərliyi yenidən Lənkəranda boksa diqqəti artırdı.
Əlizadə Həzi Aslanova ehtiramını necə ifadə edirdi?
- Düz 12 il həmyerlimiz, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə boks üzrə ümumittifaq yarışları təşkil etdim. Bu yarışa keçmiş SSRİ-nin 10-a yaxın şəhərlərindən gənc boksçular gəlirdi. Ən çox Həzi Aslanovun döyüşdüyü şəhərlərdən qonaqlar qəbul edirdik. Onu da deyim ki, Həzinin xatirəsini əziz tutaraq bura gələn 200-ə yaxın idmançı bütün yol, yatmaq və yemək xərclərini özləri ödəyirdi. Mən isə öz şəxsi vəsaitimdən yarışın təşkili, qaliblərin təltifi, qonaqların gəzintisi (hətta gəmi gəzintisi) üçün pul ayırırdım. Bəzən 1 həftə, bəzən 10 gün davam edən bu yarışlar Lənkəranda əsil bayrama çevrilirdi. Təəssüf ki, indi bu işlər ancaq bir xatirəyə dönüb.
Həmin vaxtlar keçirilən, mənim rəhbərliyim altında hazırlanan “Məhsul” bayramlarındakı idman kompozisiyaları da xeyli rəğbətlə qarşılanırdı.
Süleyman Mikayılovun Lənkərana rəhbər təyin edilməsi bu saəhədə işləri daha da canlandırdı. Bir də ki, onun özünün mənimlə tələbə yoldaşı olması işə xüsusi təkan verdi. Əlizadə həmin vaxtlar burada “Neftçi” idman klubu yaradıb və həmin boks kompleksi də bu klubun balansına verilib.
Bir vaxtlar bu komöleksi saqqız zavodu, tikiş sexi, maşın təmiri emalatxanası etmək istəsələr də, Əlizadənin gərgin mübarizəsi nəticəsində həmin arzular reallaşmayıb. 3 il öncə isə həmin kompleks müasir tələblər səviyyəsində əsaslı təmir edilib.
Əlizadə Əsədov hazırda “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Lənkəran Şəhər Şurasının sədri, “Neftçi” idman klubunun təsisçisidir. 3 oğlu var. Onlar müxtəlif sahələr üzrə ali təhsil alsalar da, hər 3-ü idmana möhkəm bağlıdır. Əlizadə inanır ki, hətta 3 oğlan nıəvələri də onun şərəfli idman yolunu davam etdirəcəklər.
Son söz əvəzi
Bu günlər, ömrünün 55-(60)-cı payızını yaşayan Əlizadə 40 illik zəhmətinin bəhrəsini görmək əvəzinə, təzyiqlərlə, təxribatlarla, saxtakarlıqlarla üz-üzə qalıb.
Əlizadə:- nə qədər ağır olsa da, deməliyəm ki, keçmiş şagirdlərimin bəzisi yerimə göz dikib. Mən hələki onların adını çəkməyə utanıram. Amma mənim də səbrimin hüdudu var. İnsan nankor olmamalıdır. Mənim burada təmannasız məşqlər etməyimin bir çoxlarının gözü götürmür. İstəyirlər buranı bazara çevirsinlər. Hətta bir dəfə mənim işdən çıxmağım haqqında əmr verilməyə də nail olmuşdular. Yaxşı ki, rəhbərlər səhvlərini başa düşüb 1 gün sonra imzaladıqları əmri cırıb atdılar.
İndinin özündə də bu şantajlar davam edir. gah imzasız məktub yazır, gah böhtan dolu teleqramlar vurur, gah tələbələri aldadıb bir məktub oxutduraraq başqa məktuba imza atdırırlar. Gah da bu gün yazdıqlarına görə sabah üzr istəyirlər.
Mən rinqdə necə məharətlə boks oynamışamsa, neçə idmançını nokauta salmışamsa, həyatda da yolunu azanları eləcə nokauta sala bilərəm. mən bütün həyatımı bu işə sərf etmişəm. İndi əməllərində cinayət tərkibi olanlar məni yolumdan çəkindirə bilməzlər. belə təzyiqlər və şantajlar davam edərsə, yaxın vaxtlarda qəzetinizdə daha konkret faktlarla çıxış etməyə məcbur olacağam. R4suloffR4suloff

OXUNMA SAYI :5478

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az