Bazara hücum||--||


Bazara hücum||--||

Bir neçə saat ərzində bazardakı köşklər darmadağın edilib. Bütün bunlar barədə bizə məlumat verən bazarın direktoru Sərxan Nadirov bildirdi ki, bu bazar davası çoxdan gedir. Daha doğrusu, bu bazarla üzbəüz hissədə tikilən, Fəzailin bazarı adlanan obyekt inşa ediləndən sonra buradakı satıcıların oraya köçürülməsi üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Biz də arxayın idik ki, ölkə başçısının sahibkarların işinə müdaxilə etməmək haqqında sərəncamı var (bu sərəncamlardan biri də ötən həftə verilib) və buna görə heç kim burada işimizə mane olmaz. Lakin belə olmadı.

Hər şey aprelin 17-dən başladı. Həmin gün səhər Masallı rayon polis şöbəsi rəisinin müavini Əlifağa Kazımov məni otağına çağırtdırıb, acıq-aşkar narkotiklə hədələməyə, şərləməyə başladı. Onunla mənim aramda çox kəskin söhbət oldu. Həmin günün axşamı isə İcra hakiminin şəhər üzrə nümayəndəsi Laçın Əsgərli məni çağırıb bildirdi ki, bu bazarda çalışan satıcılar oradan çıxarılmalıdır. Mən də etiraz etdim. Aprelin 18-də, bazar günü bir qrup polis bazarın qapısını açmağa bizə mane oldu. Lakin əhalinin təpkisini görüb geri çəkildilər. Daha sonra isə hiyləyə əl atıb bildirdilər ki, sadəcə bazarın içində cərgələrarası piyada yolu çox dardır, bəzi köşkləri söküb həmin yerləri genişləndirmək lazımdır. Biz də razılaşdıq. Daha sonra isə onlar aranı qatışdırıb bazarın içindəki 100-dən artıq köşkün hamısını söküb dağıtmağa başladılar. Heç kimə heç nəyi başa salmaq olmurdu. Təsəvvür edin, bazar günü 100-dən artıq insan bir tikə çörək qazanmaq üçün bazara gəlib. Bunlar isə açıq-aşkar özbaşınalıq edir. Burada çalışan onlarla qadının qarğışı, ah-naləsi adamın ürəyin ağrıdırdı.

Həmin günün 2-ci yarısında Cənub xəbərləri qəzetinin əməkdaşları, ölkə televiziyasının bir neçə kanalından operatorlar və jurnalistlər bura gəldi. Polislər onları görən kimi qeybə çəkildi. Jurnalistlər şikayətçiləri dinləyəndən sonra qarşı tərəfin nümayəndəsi kimi şəhərin meri Laçın Əsgərlini də axtardılar. Dəfələrlə zəng edildikdən sonra nəhayət o gəlib çıxdı və jurnalistlərə tam yanlış məlumat verməyə başladı. O bildirdi ki, bazarda baş verənlərdə onun qəti iştirakı yoxdur. Nə polis görüb, nə bazarın rəhbərini. Bazardakı köşklərin sökülməsindən isə qəti xəbəri yoxdur. Belə çıxır ki, bazarın 100-dən artıq satıcısı, bazar günü, alverin daha yaxşı getdiyi vaxt, birdən-birə havalanaraq əziyyətlə quraşdırdıqları köşkləri sökməyə başlayıb. Şəhərin meri onu da deyib ki, biz yaxın vaxtlarda bu bazarı məhkəməyə verib, söküntü haqqında qərar alıb, sonra həmin köşkləri dağıdacağıq. Jurnalistlər də haqlı olaraq soruşub ki, sən haradan bilirsən ki, məhkəmə sənin xeyrinə qərar verəcək. Sual cavabsız qalıb.

Biz satıcılarla da söhbət etdik. Demək olar ki, hamısı bir ağızdan bildirdi ki, biz Fəzailin bazarına getmək istəmirik. Birincisi, orada rüsum haqqı çox yüksəkdir. Burada isə az rüsum verib, daha çox güzəşt görürük. İkinci, biz orada 2-ci mərtəbədə yer ayırıblar, alıcıların da ora qalxacağı şübhə altındadır. Alıcılarımız bura öyrəşib. Çoxumuz da kasıb, xəstə, borca mal götürən, güclə gündəlik çörək pulunu qazanan imkansız adamlarıq. Orada heç rüsum pulunu çıxarda bilməyəcəyik.

Bazarın işçisi Əlihüseyn isə bildirdi ki, bu bazarda 300-ə yaxın şəxs çalışır. Onların 100-dən çoxu bazarın bu sökülən, qapalı hissəsində alver edir. Hamısının da müqaviləsi var. Bura dövlət layihəsi ilə tikilən bir obyektdir. İndi Fəzailin bazarı adlanan hissə isə kustar yolla inşa edilib. Belə ki, burada döşəmələr köhnə İnturistin sınıq-salxaq panelləri döşənilib. Yeri tökmə torpaqdır ki, hər an çökə bilər. İkincisi, bunlar belə qanunla iş görəndirsə, yoxlasınlar, görək həmin bazarın inşasında 1 ildən yuxarı işləyən 100-dən artıq fəhlədən hansı üçün sosial müdafiə fonduna, vergilər idarəsinə pul köçürülüb. Burada aylarla elektrik-qaynaq işi aparılıb. Lakin 1 qəpikdə enerji haqqı ödənilməyib. Niyə ölkə qanunlarına bu qədər hörmətsizlik edəni qanun keşikçiləri müdafiə edir, lakin vaxtlı-vaxtında rüsumları, digər vergiləri ödəyən bizə belə qərəzli yanaşırlar?

Bazar rəsmiləri onu da bildirdilər ki, yayılan söhbətlərə görə Fəzailin bazarının rəhbərləri ilə şəhər meri arasında yüksək məbləğli sövdələşmə olub ki, köhnə bazardakı satıcıları təzə obyektə köçürdəcəklər. Bu həngamə də onun üçündür.

Sonda bazarın sahiblərindən biri Məhəmməd Hüseynov bildirdi ki, Azərbaycan qanunları çərçivəsində hüquqlarımızın qorunması üçün mübarizə aparacağıq. Onların hədə-qorxuları bizi bu işdən çəkindirə bilməz. Yaxın vaxtlarda isə bu zorakılığa şərait yaradanların keçmişi və bu günkü çirkin işləri haqqında qəzetinizə ətraflı müsahibə verəcəyəm. 

R4suloffR4suloff

OXUNMA SAYI :846

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az