Pulum, səni necə qoruyum?


Pulum, səni necə qoruyum?Əmanətçilər aldanmamaq üçün nələri bilməlidir?
Tanınmış vəkil Əkrəm Həsənovla müsahibə

Bu gün hər bir rayonda ən yaraşıqlı, səliqə-sahmanlı, müasir tələblər səviyyəsində texniki təminatlı binalar banklara məxsusdur. Təəssüf ki, bu yaraşıqlı binalarda yerləşən banklarla əməkdaşlıq edən şəxslərin ağrı-acıları həmin təm-təraqla üst-üstə düşmür. İndi çox az ailə tapılar ki, onun banka (hətta bir neçə banka) borcu olmasın. Belə ki, son vaxtların məlumatlarına görə, ölkə vətəndaşlarının banklara borcu 1 milyarddan çox olmuşdur. Banklarla bağlı lətifələrdən tutmuş intiharlara qədər, insanların məlumatsızlığından alıb-aldanılmalarına qədər çoxlu faktlar, məlumatlar var. Biz isə bugünki müsahibədə bank sistemi üzrə uzun müddət çalışmış, bu sahədə ölkəmizin tanınmış vəkillərindən sayılan, bank problemləri ilə bağlı vaxtaşırı maraqlı və dəyərli yazılarla çıxış edən, əslən cənub (atası Lerik rayonundandır) bölkəsindən olan Əkrəm Həsənovla söhbəti sizə təqdim edirik.

1977- ci ildə anadan olub. Hüquq üzrə magistrdir. 2001-2005-ci illərdə Azərbaycan Mərkəzi Bankın Hüquq Departamentində işləmiş (həmin təşkilatda son vəzifəsi Ümumi Qanunvericilik şöbəsinin rəisi olmuşdur). 2005-2007-ci illərdə "Bank of Baku"nun Hüquq Departamentinin direktoru, 2007-2011-ci illərdə Bank VTB (Azərbaycan)-ın İdarə Heyəti sədrnin müavini işləmiş, 2011-ci ildən IJS Hüquq Firmasında çalışır, hazırda bu firmanın idarəedici partnyoru, Vəkillər Kollegiyasının üzvüdür. Ailəlidir. 4 övladı var.

Əkrəm müəllim, öncə oxucularımızı bank tarixindən qısaca məlumatlandırardınız.

- Müasir tipli banklar XVII əsrdən yaranmağa başlayıb. Həmin vaxta qədər, sələmçilik hər yerdə qadağan olunmuşdur. Çünki sələmçilik səmavi dinlərin hamısında yasaq edilib. İlk bankirlər zərgərlər olub. Onlar insanların pulunu (qızıl və gümüş) saxlamağa qəbul edib, əvəzində kağızla iltizam verirdilər. Yavaş-yavaş həmin kağız, pul funksiyasını oynadı. Buna görə də zərgərlər saxladıqları qızıl və gümüşdən artıq kağız pul buraxmağa başladı. Məsələ aşkarlananda əhali pulunu geri götürdü və ilk bankirlər müflis oldu. Sonradan bankirlər saxladıqları pula görə faiz ödəməyi öhdələrinə götürdülər. Bank əmanəti belə meydana gəldi. Banklar cəlb etdikləri pula görə başqalarına daha yüksək faizlə kredit verməyə başladı. Beləliklə, bank işi yarandı. İndikindən fərqi o idi ki, banklar kağız pulu özləri buraxırdı. Amma XVII-XIX əsrlərdə dövlət mərkəzi bank yaradaraq kağız pul emissiyasını inhisarına aldı. Mərkəzi banklar da artıq kağız pul buraxa bilməzdi. Yəni, bank xəzinəsində olan qızıla bərabər kağız pul buraxa bilərdi. XX əsrdən etibarən iki dünya müharibəsi nəticəsində bu qayda da tədricən aradan qalxdı. Ötən əsrin ortalarında yalnız ABŞ dolları qızıla, qalan valyutalar isə dollara bağlandı. Amma ilk zərgərlər kimi ABŞ da topladığı qızıldan artıq dollar buraxmağa başladı. Bütün dünya dollarlaşandan sonra Fransa başda olmaqla bəzi ölkələr ABŞ-dan qızılı geri vermək tələb olundu. ABŞ da öz növbəsində 70-ci illərin əvvəlində dollar əvəzində qızıl verməkdən imtina etdi. Başqa sözlə, hamını aldatdı. O vaxtdan bəri dünyada pul adi kağızdır. Mərkəzi banklar istədikləri qədər pul buraxır. Buna görə də inflyasiya problemi çox ciddidir. Müasir bank işinin əsas xüsusiyyəti də məhz budur. Banklar kağız parçası hesabına hamını özlərinə borclu ediblər. Hazırda bu sistemdə ciddi problemlər əmələ gəlir. Çağdaş qlobal böhran bu modeli dəyişəcək. Bu baxımdan maraqlı dövrdə yaşayırıq.

- Qəzetlərdə və saytlarda tez-tez belə başlıqlara rast gəlirik – “Banklar çökür”. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?

- Bankların problemli kreditlərinin həcmi son vaxtlar xeyli artıb. Bu, bankların məsuliyyətsiz və acgöz kredit siyasətinin məntiqi nəticəsidir. Onlar borclulara adekvat güzəştlərə getməsələr, kreditlərin böyük hissəsi qaytarılmaya, bilər,bu da ölkəmizdə bəzi bankların çökməsinə zəmin yaradar. Çünki kreditlər qayıtmasa, banklar da əmanətləri və xarici borclarını geri qaytara bilməyəcək. Yəni, bu sahədə vəziyyət doğrudan da çox ciddidir.

- Siz də etiraf etdiniz ki, problemli kreditlər getdikcə çoxalır? Bu problemi banklar üçün kimlər yaradır - istehlak krediti götürən adi vətəndaşlar, ya külli miqdarda kredit əldə edən böyük sahibkarlar, bank rəhbərləri?

- Bəli, qeyd etdiyim kimi, problemli kreditler günbəgün, aybaay çoxalır. Bu problemləri ilk növbədə bank səhmdarları və rəhbərləri yaradıb. Külli miqdarda kredit götürən sahibkarların payı əlbəttə daha çoxdur. İstehlak kreditlərinin payı isə onlara nisbətən azdır.

- Son vaxtlar milyonluq kreditlər götürən, həbsə atılan və qısa müddətdə həbsdən azad edilən kreditorlar barədə nə deyə bilərsiniz? Onlar doğrudanmı milyonları xaricə ötürürlər?

- Öncə onu deyə bilərəm ki, belələri götürdükləri kreditləri təyinatı üzrə istifadə etməyiblər, əvvəlki borclarını yeni kreditlərlə ödəyərək piramida yaradıblar. Onlar, bir qayda olaraq, Azərbaycanda uğurlu biznes qurmayıblar. Buna görə də, belə çıxır ki, kredit vəsaitləri xaricə ötürülüb. Əks halda sual yaranır: vəsaitlər hanı?


- Sığortalı banklar kifayət qədər təbliğ olunur. Doğrudanmı, pullarını əmanət şəkilində sığortalanmış əmanətləri üçün tam arxayın ola bilər, necə deyərlər, rahat nəfəs ala bilərlərmi?

- Əmanətlər hüquqi statusu və pulları necə idarə etməsi bəlli olmayan, faəliyyəti qeyri-şəffaf olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu Fond dövlət qurumu deyil. Yəni, həmin Fondun özü sabah müflis olsa, əmanətlərə görə heç kəs, o cümlədən dövlət cavab verməyəcək. İndi özünüz deyin: dövlət məsuliyyət daşımır, Fondun da fəaliyyəti qapalıdır, şəffaf deyil. Hər hansı xoşagəlməz hadisə baş versə, deməli, əmanət batacaq. Belə vəziyyətdə əmanətçi necə arxayın olsun?


- Ölkəmizdə “Bank sirri” haqqında qanun var. Tam əmin olmaq olar ki, əmanətçilərin bank sirləri qorunur?

- Bəli, “Bank sirri” haqda tələb həm Mülki Məcəllədə, həm də “Banklar haqqında” Qanunda var. Hələ ki, bankların əmanətçilərə dair bu sirri pozması haqda ciddi siqnallar olmayıb. Amma banklar bəzən borclulara dair bank sirrini pozurlar. Məsələn, problemli kredit haqda məlumatı borculaların iş yerinə, yaxınlarına verirlər. Borclu olanın iş yerinə gəlib hay-küy salır, hətta yaxın qohumlarına təsir edirlər. Halbuki, məhkəmə prosesinədək bu qəbildən olan məlumatlar sirrdir.

- Niyə biz ölkədə pul dəyərdən düşdüyü zaman eyni vəziyyəti yaşayan Türkiyədə və Rusiyada əmanətçilər daha çıxılmaz duruma düşmədi? Həmin ölkələrdə də kreditlər, o cümlədən mənzil kreditləri dollarla verilirmi?

- Pul dəyərdən düşəndə əmanətçilər üçün bizdə də problem olmadı. Problem borclular üçün yarandı. Çünki gəlirləri manatda ola-ola, krediti dollarla qaytarırlar. Dollar isə kəskin bahalaşdı. Rusiyada, xüsusilə də Türkiyədə bu problem azdır və ya yoxdur. Çünki həmin ölkələrdə kreditlər əsasən milli valyutada verilir, dollarla yox. Buna görə də dolların bahalaşması borclulara təsir etmədi. Bizdə isə etdi. Səbəb də odur ki, bizim Mərkəzi Bank öz banklarımıza manatla kredit vermir. Banklar da xaricdən dollarla kreditlər cəlb etməyə məcburdur. Buna görə də özləri də krediti dollarla verir.

- Konstitusiya Məhkəməsində dollarla verilmiş kreditlərin müzakirəsi doğrudanmı bankların tədbiri, yaxud sifarişi idi? Doğrudanmı, Konstitusiya Məhkəməsi bu istiqamətdə qəbul etdiyi qərarda kredit götürənlər üçün heç bir şans qoymadımı?

- Konstitusiya Məhkəməsi indiyədək heç bir işə belə tez, sürətlə baxıb qərar qəbul etməmişdi. Deməli, onu tələsdirən var idi. Qərar bankların xeyrinə olduğu üçün tələsdirənin banklar olduğunu ehtimal edirəm. Bununla belə, tələskənlik ona gətirdi ki, qərarın 6-cı bəndi borclulara gözəl şans verdi. Həmin bəndə əsasən borclular banklardan bəzi güzəştlər, məsələn, faizin endirilməsini, müddətin uzadılmasını və s. tələb edə bilərlər. Banklar maliyyə imkanları daxilində bu güzəşti verməlidir. Bu güzəştlərdən imtina edən zaman isə hər bir bank maliyyə imkansıszlığını sübut etməlidir. Məlumdur ki, banklar əmanət cəlb etmək üçün daim hay salırlar ki, vəziyyətimiz yaxşıdır. Yaxşıdırsa, buyursunlar, güzəştə getsinlər. Onların imkanlı olub-olmamasını həmin bankların saytlarından da görmək mümkündür.

- Əkrəm müəllim, konkret nümunə təqdim edə bilərsiniz ki, vətəndaş bankdan güzəşt tələb, ya xahiş etmək üçün hansı formada ərizə yazmalıdır?

- Ümumi şəkildə ərizə formatını təklif edə bilərəm. Amma təbii ki, ərizəyə dəyişikliklər və hər kəsin özünə uyğunlaşdırılması da zəruridir. Təxminən bu məzmunda ərizə yazmaq olar ;

____Bankın ___ filialına.
Aramızda bağlanmış ____ taixli Kredit müqaviləsinə (“Müqavilə”) əsasən mənim Sizə ABŞ dollarında ___ borcum var.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədə müvafiq hesab edilsin.”
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı ölkə ərazisində məcburi qüvvəyə malikdir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4-cü və 66.1-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, çünki qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (“MM”) 422-ci maddəsinə (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.
Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
Təbii ki, manatın kəskin devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Bu, Rusiya məhkəmə təcrübəsi ilə də təsdiq olunur. Belə ki, bizim MM-in sözügedən 422-ci maddəsi Rusiya Mülki Məcəlləsinin 451-ci maddəsi əsasında tərtib olunub. Məhz həmin maddəyə istinadən bu yaxınlarda Rusiya məhkəməsi ipoteka kreditinin valyutasını dəyişmiş, yəni ABŞ dollarını rublla əvəz etmişdir.

Buna görə də qarşınızdakı kredit öhdəliyimin aşağıdakı şəkildə restrukturizasiya edilməsini təklif edirəm:

1)Kredit müddəti FİLAN aya qədər uzadılsın;
2) Aylıq faiz dərəcəsi FİLAN % azaldılsın;
3) Kredit üzrə ödənişlər FİLAN ay müddətinə dayandırılsın;
4) Kredit qalığı məbləği cari məzənnə ilə manatda ifadə olunsun.

5) Bankınızın internet səhifəsində yerləşdirilən hesabatlarınızdan görünür ki, cari maliyyə imkanlarınız sözügedən güzəştlər üçün tam yetərlidir.
Eyni zamanda Müqavilənin bəzi hüquqi məqamlarını da ilkin müzakirə etmək və aydınlıq gətirilməsi üçün diqqətinizə çatdırıram:
6) Kreditimin məqsədi əmlakın alınmasıdır. Əmlakın dəyərini manatla ödəsəm də, kredit mənə nədənsə ABŞ dollarında verilib. Təbii, Siz əmlakın dəyərinin manatla ödəniləcəyini bilirdiniz. Həm də ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarı da bu yanaşmanı təsdiqlədi: hər hansı əmlakın dəyəri yalnız manatla ödənilməlidir. Ona görə də sual yaranır: bilə-bilə ki, mənə manat lazımdır, Siz niyə mənə krediti ABŞ dollarında vermisiz? Buradan həm də o nəticəyə gəlmək olar ki, mən Müqaviləni aldatma (Mülki Məcəllənin 339.2-ci maddəsi) və vacib əhəmiyyətli yanılmanın təsiri altında (Mülki Məcəllənin 347-ci maddəsi) bağlamışam.
7) Müqaviləyə əsasən kredit məbləği və ona hesablanmış faizlər ayda bir dəfə ödənilməlidir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə uyğun olaraq faizlər ildə bir dəfə ödənilməlidir. Bu isə o deməkdir ki, Müqavilədə faizlərin ayda bir dəfə ödənilməsinin nəzərdə tutulması qanuna ziddir;

8)Mənim indiyədək ödədiyim faizlərin böyük hissəsi kredit məbləğinin özünün qaytarılması hesab edilməli, yəni hazırdakı borcumun məbləği azaldılmalıdır. Digər tərəfdən, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən həmin Məcəllənin 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır.
9) Müqavilədə Sizin Müqaviləyə vaxtından əvvəl xitam vermək və krediti qaytarmağı tələb etmək hüququna malik olduğunuz bir neçə hal müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsi əsasən borcun vaxtından əvvəl tələb edilməsi üçün yalnız borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi halını müəyyən etmişdir. Bu, imperativ hüquq normasıdır. Deməli, Müqavilədəki digər hallar qanuna ziddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən isə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən həmin Məcəllənin 743-cü maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır.
İmza. Tarix.

- Əhali kreditlərlər bağlı əsasən nələri bilməli, eləcə də bu sahədə uğura nail olmaq üçün nələr edilməlidir?

- Əhali bilməlidir ki, banklar kredit müqavilələlərində bir sıra qanun pozuntusuna yol verirlər. Məsələn, qanun tələb edir ki, kredit üzrə faizlər ildə bir dəfə tutulsun. Amma banklar ayda bir dəfə tutur. Təkcə bu əsasdır ki, kredit müqaviləsi etibarsız hesab edilsin və borclunun ödədiyi bütün faizlər və komisyon haqlar ona geri qaytarılsın. Başqa məsələ: Mülki Məcəllənin 422-ci maddəsinə əsasən borclu vəziyyətin əhəmiyyətli şəkildə dəyişməsini əsas gətirərərək kredit müqaviləsin dəyişiklik edilməsini tələb edə bilər: məsələn, kreditin valyutasının dollar əvəzinə manat olmasını.
Ümumiyyətlə isə ölkəmizə istehlak kreditləri haqda qanununun qəbulu lazımdır. Aparıcı ölkələrdə belə qanun var və həmin qanun istehlakçıları qoruyur. Bizdə belə qanun yoxdur, buna görə də banklar əhalinin başına oyun açır.

- Dində sələmə pul vermək günah sayılır, bəs qanunçuluqda necədir? Kimsə faizlə pul verirsə, bu qanunsuzluqmu sayılır?

- Bəli, həm yəhudilərdə, həm xaçpərəstlərdə, həm də müsəlmanlarda sələmçilik günah sayılır. Bizin qanunvericiliyimiz dünyəvi olduğu üçün bunu qadağan etmir. Amma dünyəvi dövlətlərdə belə islam bankçılığı da var. Yəni insanlara seçim verilir. İslam bankçılığının mərkəzi İngiltərədir.

- Yeri gəlmişkən, söz ki, islam bankçılığından düşdü, mümkünsə izah edərdiniz ki, islam bankçılığının digər banklardan fərqi nədir?

- Əsas fərq sələmçiliyin qadağan edilməsidir. Məsələn, adi bankçılıqda insan banka 1000 manat əmanət qoyur 10 faizlə. İlin sonunda 100 manat gəlir əldə edir. Eyni ilə bank insana 1000 manat kredit verir 25 faizlə və il ərzində 250 manat gəlir götürür. Yəni faiz mütləq ödənilməlidir. İslam bankçılığında isə hər şey qarşı tərəfin gəlirinə bağlıdır. Məsələn, insan banka 1000 manat əmanət qoyur. Bankın fəaliyyətinin uğurundan asılı olaraq əmanətçi heç nə qazanmaya da bilər, az (məsələn, 100 manat) da qazana bilər, çox da (məsələn, 500 manat) qazana bilər. Eyni ilə bank sahibkara kredit verir 100 000 manat və bununla da sahibkarın gəlirinə şərik olur. Sahibkarın işi uğurlu olsa, bank xeyli qazanc əldə edir. Olmasa, az qazanır və ya heç nə qazanmır. Yəni ənənəvi bankçılıqda olduğu kimi müflis olmuş sahibkardan yapışmır ki, dəxli yoxdur, mənə faizimi ödə və s.


- Dükanlardan nisyə mal alanların hansı hüquqları var və yaxud bu hüquqlar necə pozulur?

-Onların pozulan əsas hüquqlarından biri odur ki, bağladıqları müqavilə kredit müqaviləsi adlanır. Bu, düzgün deyil. Bu, nisyə alqı-satqı müqaviləsidir. Mülki Məcəlləyə əsasən belə müqaviləyə uyğun olaraq alıcı ödəniş qrafikinə riayət etməyə bilər. Yəni, nisyə aldığı malın qiymətini müddətin sonunda da ödəyə bilər. Lakin alıcıların bu hüququ həmin sahədə kütləvi şəkildə pozulur.

- Bütün bu məlumatları aldıqdan sonra, yəqin ki, əlində müəyyən qədər pulu olan şəxs öz-özünə sual verə bilər – pulum, səni necə qoruyum? Siz bu sualı cavablandırmaqda belə düşünən insanlara necə kömək edə bilərsiniz?

- Müasir dövrdə kağız pul etibarsız aktivdir. Onu nəinki banklara etibar etmək, hətta cibdə də çox saxlamaq təhlükəlidir. Ən azı ona görə ki, dəyəri daim azalır. Buna görə də var-dövləti qızılda və ya daşınmaz əmlakda saxlamaq daha məsləhətlidir.

- Olduqca maraqlı cavablara görə sizə təşəkkür edirik.

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının elan etdiyi müsabiqəyə təqdim edilmək üçün hazırlanıb.

Müsahibəni hazırladı; Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :5839

PAYLAŞ
Digər Xəbərlər

Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff