Əyalətin əyaləti||--||


Əyalətin əyaləti||--||

- Bu gün elə əyalət şəhərləri var ki, orada bəzi obyektlərə baxıb az qala özünü Parisdə hiss edirsən. Təkcə cənub bölgəsinə gəlsəniz, Cəlilabad şəhərindəki Seyrəngahı, Lənkəran şəhərindəki musiqili fəvvarəni, Masallıdakı Dəştvənd otelini.., yol boyu sıralanmış İdman komplekslərini, Müalicə-Diaqnostika Mərkəzlərini görüb heyrətlənə də bilərsiniz.

... Elə magistral yoldan 15-20 km. kənara dönməyiniz kifayətdir ki, Cəlilabadın Kövuzbulaq, Astaranın Sım, Masallının Dəmbəlov... kimi kəndlərinin xaraba yollarında özünüzü XVII əsrin səyahətçiləri sırasında duyarsınız. Lerikin, Yardımlının kəndlərini bilərəkdən bu sıraya daxil etmədim. Çünki bu dağlıq rayonlarda elə kəndlər var ki, həmin yaşayış məntəqələrindən təkcə rayonun mərkəzinə gəlmək üçün 30-40 kilometrlik bərbad yolları qət etməli olursan. İşsizlik, yoxsulluq, ümidsizlik, savadsızlıq... az qala burada yaşayanların əbədi sirdaşına çevrilib. Bir neçə il öncə Lerikin Ambudərə kəndində olanda bizə bildirdilər ki, kənddə cavan qalmadığı üçün bu il toy olmayacaq, 1-ci sinfə getməyə də uşaq qalmayıb, çünki kəndin cavanları çoxdan bu yurdu tərk edib-kimi Rusiyada, kimi Qaradağda daş karxanasındadır.

...Regionlarda son illər görülən bir sıra müsbət işləri danmaq insafsızlıq olardı-ən ucqar kəndlərin bir çoxunda yeni məktəblər tikilib, yaranışından bəri ilk dəfədir ki, Masallı-Yardımlı və Lənkəran-Lerik yolları yüksək səviyyədə təmir olunaraq çox rahat bir yola çevrilib, yeni istirahət mərkəzləri, xəstəxanalar inşa edilib.

...Regionların inkişafı ilə bağlı Dövlət Proqramının təqdimatı da reallıqla uzlaşmır. Belə ki, iqtidar qəzetləri və iqtidaryönlü qəzetlər görülən işləri o qədər təmtəraqla təqdim edir ki, adamlar bilmir gördüklərinə inansın, yaxud təqdim olunanlara. Eləcə də müxalifət qəzetləri bu proqramı elə kəskin tənqid edirlər ki, insanlar çaşıb qalır.

Hər şeyi öz adı ilə desək, daha ədalətli olar. Məsələn, təkcə cənub bölgəsində hər il 10-dan artıq dünya standartlarına uyğun məktəb tikilir. Lakin həmin məktəblərin əksəriyyətində istilik sistemi bərbad vəziyyətdədir. Hətta Lənkəran, Masallı, Cəlilabad kimi rayonların şəhər mərkəzindəki aparıcı məktəblərində istilik məsələsi dözülməz bir həddə çatıb.

İndi bütün, hətta ən ucqar dağ kəndindəki məktəblərə də kompüterlər verilib. Bu çox yaxşıdır. Lakin bu da həqiqətdir ki, hər 10 məktəbin 7-8-də həmin kompüterlər lazımsız bir avadanlığa çevrilib; nə layiqli mütəxəssis var, nə də kompüterləri normal saxlamağa şərait.

Bu qədər gözəl məktəblər tikilir, şagirdlərə pulsuz dərsliklər verilir. Lakin peşəkar mütəxəssislər çatışmır. Məhz bunun nəticəsidir ki, cənub bölgəsində fəaliyyət göstərən 356 məktəbin 62-sindən 6 ildir ki, bir nəfər də ali məktəbə qəbul oluna bilmir. 26 məktəb isə 6 ildə cəmi bir nəfər ali məktəb məzunu yetişdirib.

Əgər onlarla kənddə stadion, ən sadə idman qurğuları, hətta futbol topu, voleybol toru və sair tapılmırsa, 15-20 milyonluq idman kompleksi həmin insanların marağında olmur

...Ölkə başçısının regionların inkişafı ilə bağlı sərəncamı bir sıra uğurlara gətirsə də, onlarla kəndə maye qaz, telefon, içməli su xətti və sair çəkilsə də, görüntü xatirənə görülən işlər də az olmadı. Regionların İqtisadi İnkişaf Proqramına start verilməsindən 6 ildən artıq vaxt keçsə də, tamamlanması 2006-cı ilin sonuna nəzərdə tutulan işlərin bir çoxu hələ də reallaşmayıb. Konkret rəqəmlərə müraciət edək:

- Astaranın Sım kəndindən, 48 km. məsafədən şəhərin mərkəzinə içməli su xətti çəkilməli, həmin kəndə gedən bərbad yol təmir olunmalı, bu ərazidə və ətraf kəndlərdə turizm kompleksi inşa edilməli idi. Cüzi işlər görülsə də, bu layihə gerçəkləşmədi. Hansı ki, bu layihə insanlara nə qədər rahatlıq, iş yeri və qazanc gətirərdi.

- Dövlət proqramında nəzərdə tutulmuşdu ki, bütün cənub rayonlarının kanalizasiya sisteminin əsaslı təmiri 2006-cı ilin sonuna kimi başa çatmalı, bütün yaşayış məntəqələri içməli su və maye qazla təmin olunmalı idi. Lakin bu işlərin bir çoxu reallaşmadı. Xüsusilə Lənkəran, Cəlilabad, Masallı rayonlarının mərkəzlərində kanalizasiya sisteminin yenidən qurulması barədə vədlər elə vəd olaraq qaldı.

Yardımlı və Lerikin elektrik enerjisi ilə təminatının yaxşılaşacağı da vəd edilmişdi. İndi həmin rayonlarda vəziyyət daha acınacaqlı olub. Balaca külək əsən kimi hər iki rayon günlərlə işıqsız qalır. Lerik İcra hakimiyyəti başçısının müavini Habil Məlikov mətbuata bildirir ki, 60-cı illərdən bəri bu dirəklər dəyişməyib. Halbuki proqramda 2008-ci ilədək bu rayonlarda bu sahədə əsaslı işlər görülməsi nəzərdə tutulmuşdu. Cəlilabadın Göytəpə şəhərində Mədəniyyət Evinin tikintisi, Cəlilabad şəhərində Doğum Evinin inşası da bu Proqrama görə 2008-ci ilədək istifadəyə verilməli idi. Lakin bunlar da icrasına hələ başlanmayan tikililərdəndir. Lerik və Yardımlı rayonlarının mərkəzi bu gün də içməli sudan xeyli əziyyət çəkir. Və bu işlərin nə vaxt reallaşacağı dəqiq bəlli deyil.

Regional proqramda reallaşacağı vəd edilsə də, Lənkəran kimi gözəl təbiəti, geniş iqtisadi imkanları olan rayonda nə Haftonidəki 150 yerlik sanatoriya istifadəyə verildi, nə Dəniz Limanının tikintisi başa çatdı, nə də köhnə binanın əsasında yenidən qurulan Gənclər Evi gənclərin üzünə açıldı.

Əyalət təkcə parıltısı göz deşən bir neçə rayon mərkəzindən ibarət deyil. Bu gün əyalət insanları necə istirahət edir, necə məlumatlanır, onların asudə vaxtı, mənəvi tərbiyəsi sahəsində hansı işlər görülür? Hələ kəndləri demirik, Masallıda veteranlar rayon mərkəzində adicə domino oynamağa yer tapmır. Çünki icra başçılarının Sizə Veteran Evi tikəcəyik vədi illərdir ki reallaşmır. Hətta Dövlət Proqramına salınsa belə (2006-cı ildə başa çatmalı idi) Masallıdakı keçmiş Nəriman Nərimanov adına kino-teatrın binası Gənclər Evinə çevrilmədi. Ümumiyyətlə, 1 milyona yaxın əhalisi olan cənub bölgəsində Gənclər Evi adına bir bina belə yoxdur. Halbuki, Sabirabad rayonunda bu sahədə olduqca gözəl nümunə var.

2006-cı ildə Yardımlı rayonunda açılmalı olan tibb və pedaqoji texnikumlarından da əsər-əlamət yoxdur. İndi əyalətdə əksər insanların mədəni mərkəzi dükan qabağı və çayxanalardır. 6-7-ci sinifdən evdə oturan işsiz qızların isə ər gözləməkdən başqa məşğuliyyəti yoxdur.

Cəlilabadda olduqca gözəl avtovağzal tikilib. Lakin əhalisi 200 minə yaxın olan rayonda kəndarası avtobuslar işləmir. Kəndarası yollar o qədər bərbad vəziyyətdədir ki, orada yaşayan insanlar cəhənnəmini bu dünyada çəkir. Masallı kimi böyük potensialı olan rayonun şəhər mərkəzində 2 küçədən biri, Köhnə Bazar küçəsi sözün həqiqi mənasında it günündə, xaraba vəziyyətdədir.

Kənd klub və kitabxanaları kağız içində itib. Bu müəssisələr dolayısı ilə bəzi şəxslərə mədəni xidmət yox, mədəni yardım funksiyasını yerinə yetirir. Təsəvvür edin ki, analoqu olmayan iqtisadi inkişafdan danışılan Azərbaycanda kənd kitabxanalarına qəzet və jurnallara abunə üçün pul tapılmır. Belə vəziyyətdə hansı müsabiqələrdən, mahnı festivallarından, ədəbi axşamlardan danışmaq olar.

Bu sıraya icra hakimiyyətlərinin sərəncamında olan internet saytlarının kasıblığını və qeyri operativliyini, heç bir cənub rayonunun sanballı salnaməsinin olmamasını da əlavə etmək olar.

Məşhur iqtisadçı Rövşən Ağayevin regionların iqtisadi inkişafı ilə bağlı fikirləri də maraq doğurur:

Azərbaycan hökuməti deyir ki, biz 5 ildə 500 min iş yeri açmışıq, yüzlərlə müəssisə işə düşüb. Bəs onda niyə 5 illik Proqramın nəticəsində regionların az olan büdcəsi daha da azalıb? Regionun topladığı vergilərin büdcədəki payı cəmi 3 faizdir. Regionun inkişaf Proqramı o vaxt uğur qazanar ki, yığılan vergilərin məbləği heç olmasa 5 faiz artardı. Bir ölkədə ki ümumi daxili məhsulun 75, büdcənin 97 faizi Bakıda formalaşır, bu ölkədə ali məktəbə daxil olanların ən azı üçdə ikisi Bakı məzunlarının payına düşür, bu ölkədəki kəndlərin 85 faizində əhali hələ də sovet dövründən qalmış bərbad yollardan istifadə edirsə, hətta şəhər mərkəzlərində bütün evlərə normal maye qaz verilə bilmirsə, kanalizasiya sistemi problem olaraq qalırsa, mən regionların inkişafından danışmağa çətinlik çəkirəm.


Redaksiyadan: Bu yazı KİV-ə Dəstək Fondunun Novruz Bayramı ilə bağlı elan etdiyi müsabiqəyə (Regionların dünəni, bu günü bölümünə) təqdim etmək üçün hazırlanmışdı. Lakin biz Fondun sədri Vüqar Səfərovun ədalətinə və obyektivliyinə inanmadığımız üçün bu yazını müsabiqəyə təqdim etmədik. Ötən il keçirilən müsabiqədə 32-35 bal toplayanlar qaliblər sırasına düşsə də, biz 50 xalla kənarda qaldıq. Artıq hamıya indidən aydındır ki, qaliblərdən bir neçəsi Fondun sədri Vüqar Səfərovun himayə etdiyi Mövqe qəzetinin əməkdaşları olacaq. O da bəllidir ki, fond bir neçə aparıcı müxalifət qəzetini mükafatçılar sırasına saldığından onlar fondun tənqidi ilə bağlı heç bir yazı vermirlər. Ötən müsabiqədə mükafatdan kənarda qalan jurnalist Təranə xanım bizimlə söhbətdə bildirdi ki, müsabiqənin bitdiyi gün sənəd verənlər sırasında 32-ci olsa da, nəticələr elan olunanda məlum olub ki, Fonda 84 sənəd verilib. Qalan 52 sənəd haradan peyda oldu? Niyə münsiflər heyətinin tərkibi sonda elan olunmur və təzələnmir?

Fondun fəaliyyətində bürokratçılıq baş alıb gedir. Yazı müəllifindən əmək kitabçasının surəti, VÖEN-nin surəti, bank rekvizitləri tələb edilir. Yazını nə elektron, nə də adi poçtla yollamaq olmaz. Mütləq bir neçə yüz kilometr məsafəni qət edib yazını Bakıda şəxsən təqdim etməliyik. Daimi iş yeri olmayan və stajı az olan jurnalistlər müsabiqəyə yaxın qoyulmur. Təsəvvür edin ki, Muğam müsabiqəsinə də bu meyarlarla yanaşılsa idi onda 10 yaşlı Elməddin qaliblər sırasına düşə bilərdimi?

Region mətbuatı isə KİVDF-nun qara siyahısındadır. Elə qaydalar müəyyənləşdirilib ki, region mətbuatı bu müsabiqənin elə bələyində boğulur. Əvvəllər də qeyd etdiyim kimi, həftəlik çıxmayan qəzetlərdə çap olunan yazılar müsabiqəyə buraxılmır. Əyalətdə isə həftəlik qəzet buraxmaq olduqca müşkül işdir.

Bütün bunları nəzərə alıb hələ ki Fondun müsabiqəsinə yazı yollamamağı qərar aldım. Çünki mənə çatan məlumata görə, Vüqar müəllim Lənkərandakı tədbirdə onun ünvanına etdiyim tənqidi unutmayıb.

Bu yazını da təsəlli üçün yazdım-quyuya danışılan yuxular kimi. 

R4suloffR4suloff

OXUNMA SAYI :1044

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az