Xəbərsiz aləmdən xəbərlər||--||


Xəbərsiz aləmdən xəbərlər||--||

Digər yerlərdə olduğu kimi cənubda da Azərbaycan Jurnalistlər Birliyinə üzv yazılanların, Qızıl qələm mükafatı alanların sayı aybaay artır. Lakin yazı yazan yoxdur. Orada-burada titulunu gözə soxan bu jurnalistlərin əksəriyyəti xalqın dərd-sərindən, başının bəlasına çevrilən problemlərdən, özbaşınalığı, rüşvətxorluğu göz deşən məmurlardan yazmaq məqamı gələndə quzuya dönür. Belələri nəinki cəmiyyətin bəlalarından yazmır, hətta bu işə rəvac verənlərin tərənnümçüsünə çevrilir.

Son vaxtlar isə əksəriyyət kitab yazmaq xəstəliyinə tutulub. Biz bir neçə dəyərli kitabı çıxmaq şərti ilə digər kağız parçalarını kitab adlandırmağa xəcalət çəkirik. Çünki bəzilərinin səviyyəsi elədir ki, təki bu kitab yazana 5-10 manat ver, lap sənin itini də, pişiyini də tərifləsin. Bir çox adamlar tərif xəstəliyinə elə tutulub ki, nə qədər desən pul verməyə razıdır, təki adları bir kitabın səhifəsinə düşsün. Bu kitabı oxuyan var, yoxdur, tirajı neçədir, müəllifin yazı bacarığı varmı, yoxmu? Bütün bunlar onlar üçün fərq etmir. Elə bilirlər ki, ucuz yolla özlərini təriflətdirmək, cəmiyyətə xeyriyyəçi, səxavətli, dobrıy papadonunda təqdim olunmaq onların illər boyu etdiyi çirkinliyi, murdarlığı ört-basır edəcək. Belələri məşhur mahnılardan birinin sözlərini unutmamalıdır  

Hörməti var el içində,

yaxşının da, yamanın da.

Hər bir kəsi öz donunda

görənləri min yaşasın!.

Bəs biz, cəmiyyətə real və obyektiv informasiya vermək istəyən jurnalistlər nə etsin, nədən yazsın? Elə gözləyək ki, kim özün asacaq, ya hansı avtomobil qəza törədəcək, yaxud yumurtadan çıxan cücə 5 ayaqlı olacaq?..

Bizdən təzə xəbər gözləyən dost, sənin iqtidarın da, müxalifətin də, qeyri hökumət təşkilatın da sükunət, biganəlik içində çabalayır. İstəyirsən ki, dirilər qəbiristanından sənə canlı reportaj hazırlayaq?

Bizi qınayan oxucu, göstər - kimdir bu yurdun cəfakeşi, haqq sözünü deyəni, ziyalı kimi ziyalılıq edəni, hacı kimi hacılıq edəni? Deyə bilmirsən, amma Hind filmlərində olduğu kimi istəyirsən sənə toz içində çiçək tapaq!

Bəs nələr olmalıdır, olmur? Vaxt var idi hər məktəbdən bir soraq gələrdi - filan yerdə filan yazıçı ilə görüş keçirilib, filan məktəb filan-filan mövzularda disputlar təşkil edib, nə bilim mahnı festivalları, rəsm əsərlərinin sərgisi təşkil olunub. Bəs indi nə eşidirik? Filan məktəbdə gündəliyi belə satdılar, müəllimlərin əmək haqqından filan manatı belə oğurladılar, abunə adı ilə müəllimlərin qulağını belə kəsdilər, attestat adı ilə uşaqlardan filan qədər pul yığdılar...

İcra hakimiyyətləri əvvəllər əsasən vəzifə satardı, indi uşaq bağçasının yumurtasına, vermişelinə də göz dikirlər. 2-3 cümləni quraşdırıb deyə bilməyən icra başçısından bütün cəmiyyəti silkələyən, insanları daha işıqlı, inamlı həyata səsləyən çıxışmı gözləyirsən? Elə son Novruz bayramında Masallıda keçirilən kütləvi şənliyə nəzər sal. Bəzi hüzr məclisləri həmin tədbirdən daha təmtəraqlı keçir.

Hamı gözləyir. Kimsə yoxdur ki, araşdırsın ki, bu qədər intiharın səbəbi nədir? Ata oğlunu, qardaş bacını, gəlin qayınananı, ər arvadını, arvad ərini niyə öldürür, niyə yaralayır?...

Hələ iqtidarı, QHT-ləri qoyaq bir tərəfə. Hansı müxalifətçi cəmiyyətin bir problemini araşdırıb, təhlillər aparıb. Elə ağızlarını açan kimi rejim belə gəldi, rejim belə getdi deməklə, az qala bərk asqırmağına görə də hakimiyyəti günahlandırmaqla işini bitmiş hesab edirlər. İşlədiyi məktəb direktorunun bəd əməllərindən yazmağa cəsarəti olmayanlar indi prezidenti daha asanlıqla tənqid edir.

Əziz oxucu, belə məqamda özün de, biz nədən yazaq ki, sənin xoşuna gəlsin? Biz kimdən yazaq ki, onun şəklini qəzetdə görüb bizi söyməsinlər, qınamasınlar? 

R4suloffR4suloff

OXUNMA SAYI :971

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az