Region mətbuatı - mətbuatımızın ögey övladı


Region mətbuatı - mətbuatımızın ögey övladıBurada informasiya verməkdən daha çox,
informasiyanı boğmağa maraqlıdırlar.



Ölkəmiz müstəqillik əldə edəndən sonra paytaxt mətbuatı yüksəlişə nail olsa da, yüzlərlə qəzet həyata vəsiqə alsa da, region mətbuatı daha çətin duruma düşdü. Vaxtı ilə öz mətbəələri olan, rayonlarda həftədə 3 dəfə olmaqla, hər dəfə 10-15 min tirajla çıxan 4 səhifəlik “hökumət qəzetləri” sanki uçuruma yuvarlandı.
Bəziləri tamam-kamal bağlandı, bəziləri isə simvolik 500-1000 tirajla ayda, 2 ayda bir çıxmağa başladı.


Həmin dövrdə paytaxtda 100-ə yaxın müstəqil qəzet fəaliyyət göstərsə də, regionlarda cəmi 2 qəzet – Masallıda “Masallı xəbərləri” (Əvvəllər “Masallı” adı ilə, sonralar “Cənub xəbərləri” adı ilə), Mingəçevirdə “Mingəçevir işıqları” qəzetləri işıq üzü gördü.

Çoxlu təzyiqlərə, məhkəmə çəkişmələrinə baxmayaraq bu qəzetlər dayanıqlığını zəif də olsa, bu gün də saxlayıb.


Bəs bu gün region mətbuatının mənzərəsi necədir?

Ətraflı bilgilər əldə etmək çətin də olsa, məndə olan məlumatlara görə, bir-iki dağ rayonu istisna olmaqla hər rayonda tirajı 500-1000 olmaqla ayda bir neçə dəfə çıxan “hökumət qəzetləri” var.

Bu qəzetlərə zorla abunələr, digər yardımlar təşkil edilir. Təkcə satışa qalsa, həmin qəzetlərin heç 10 nüsxəsi belə özünə alıcı tapa bilməz. Heç bu qəzetlərin ölkə üzrə monitorinqi də aparılmır ki, biləsən, hansı qəzet nə səviyyədə çıxır, tirajları, texniki imkanları, kadr potensialı hansı səviyyədədir və sair.

Bəs müstəqil qəzetlər?

Hələ də ölkədə müstəqil regional qəzet deyiləndə “Cənub xəbərləri” və “Mingəçevir işıqları” qəzetlərinin adı çəkilir. (arabir isə “Region-ŞƏKİ “adlı
qəzetdən də soraqlar gəlir).

Niyə bizdə müstəqil region qəzetlər azdır?

Niyə onlar güclənə bilmir, onların sırasına yeni qəzetlər
qoşula bilmir?

Bu istiqamətdə xeyli araşdırmalar aparmışıq.

Təxmini nəticələr belədir:

- Regionda tərif yazan qəzetləri demək olar ki, heç kim oxumur.
- Regionda ciddi tənqid yazan regional qəzet əksər rayonlarda icra başçısının, digər məmurların təzyiqlərinə məruz qalır.
- Region qəzeti üçün xaricdən qrant almaq da müşkül məsələdir. Dərhal damğa vururlar ki, “şpiyondur”, xaricə işləyir.
- Region qəzetinin reklamla da dolanması mümkünsüzdür - monopoliya olduğu üçün kimsə fərqli informasiyanı yaymağa maraqlı deyil.


Güman qalır dövlətin yardımına

Necə deyərlər, gəldik əsas mətləbə.
10 ilə yaxındır ki, KİV-ə Dəstək Fondunun vasitəsi ilə hər il qəzetlərə bir neçə milyon manat pul ayrılır. Jurnalistlərə mənzillər verilir. Lakin nə verilən pullarda, nə verilən mənzillərdə bir region qəzetinin də adına rast gəlmək mümkün deyil.

Təxminən 10 il öncə bir dəfə hər region qəzetinə 1000 manatlıq avadanlıq verdilər ki, həmin məhsulların real orta bazar qiyməti 500- 600 manatdan çox deyildi.

Bunun adı nədir?

Lətifəvari bir deyim var- deyirlər ki, atanız kasıbdırsa, bu sizin günahınız deyil, qayınatanız kasıbdırsa, bu sizin günahınızdır.

Əgər hər hansı region qəzeti zəifdirsə, KİV-ə dəstək fondunun şərtlərini ödəməyə qadir deyilsə, bu həmin qəzetin problemidir. Yox, ölkədəki bütün region qəzetləri həmin səddi aşa bilmirsə, bu hökumətin günahıdır. Sadə müqayisə aparaq.

Hər il dövlətdən 50-60 min manat, bəlkə də bir az da çox yardım alan qəzetlərin bir neçəsini “Cənub xəbərləri” qəzeti ilə yanaş qoyaq bir köşkə, görək hansının çox alıcısı olacaq?

Biz kimdən öyrənək?

Müxtəlif səfərlər, təlimlər zamanı mən Gürcüstanda, Ukraynada, Türkiyədə, Litvada və sair yerlərdə region qəzetlərinin taleyini, fəaliyyətini öyrənmişəm.
Ən azından bu ölkələrin heç birində region qəzetləri bizdə olduğu kimi bərbad, mağmın gündə deyil.
Az-çox dünya təcrübəsinə bələd olanlar bilir ki, əksər ölkələrdə insanlar paytaxt mətbuatından daha çox region qəzetlərinə böyük maraq göstərirlər. Çünki insanlar sağında, solunda baş verən hadisələrə daha çox maraqlıdırlar.

Bu istiqamətdə olduqca maraqlı təcrübələr var.

Məsələn, Ukraynanın Kremençuk şəhərinin 220 min, elə Masallı qədər əhalisi var. Burada qəzetin həftəlik tirajı 150 min idi (Bizdə təxminən 1000). Redaksiyanın 14 qəzet köşkü, onlarla işçisi, olduqca mükəmməl büdcəsi var idi.

Niyə bizdə heç kim region mətbuatının inkişafına maraqlı deyil?

Məncə bunun sadə səbəbi var. Region son nöqtədir. Məsələn, ölkə üzrə təhsil üçün nə qədər vəsait ayrılıb, deyirlər, rayon üzrə nə qədərdir, onu da bir təhər deyirlər. İndi hünərin var öyrən ki, hər məktəbin texniki işçisi, dəftərxana pulu və sair texniki vəsait üçün ayrılan vəsaiti nə qədərdir? Bax bunu öyrənmək müsibətdir.
Ona görə regionda heç kim aşkarlığı istəmir.

Başqa bir misal. Masallıda 35 bələdiyyə var. Onlardan hər hansı birinin qazandığını, necə xərclədiyini öyrənmək demək olar ki, mümkünsüzdür. Qısası, əksər məmurlar onların marağına olmayan informasiyanın yayılmasına yox, yayılmamasına maraqlıdır. Kim inanar ki, zorla 50-100 manat abunə pulu alan hökumət qəzeti o təşkilat haqqında hansısa real informasiya, hansısa işçinin giley-güzarını çap edə.

Regionda saytlar

Öncədən xatırladım ki, müstəqil qəzetlər istisna olmaqla heç bir “hökumət qəzeti”nin saytı yoxdur(2 gün öncə təqdimatı olan Astara qəzetinin “Astarainfo.az” saytı istisna olmaqla).

İndi region qəzetlərindən söz düşəndə çoxları deyir ki, daha sosial şəbəkələr, saytlar var da, qəzetə nə ehtiyac.

Bəs həmin saytların vəziyyəti necədir?

Yaxın vaxtlara qədər Masallıda 5 sayt var idi.

Masallılılar. az

Bu masallılılar.az saytı ölkəyə nümunə olacaq bir sayt idi. Hansı ki, bu Masallının elektron salnaməsi sayıla bilərdi. Olduqca maraqlı hazırlanmışdı-rayonun hər kəndinin tarixi, mədəniyyəti, tanınmışlar və sair(Bağlandı).

Arkivan.az

“Cənub xəbərləri”nin təşəbbüsü ilə yaranmışdı. Rayonun ən böyük ərazisinin, 17 minlik Ərkivan qəsəbəsinin elektron salnaməsi idi(200 manata görə bağlandı).

Cenubnews.com

Dini yönümlü olsa da, Masallı haqqında bir çox həqiqətləri operativ paylaşırdı(Bloklandı).

Masallı-ih.gov.az

İcra hakimiyyətinin saytı idi. Ayda 3-4 xəbər paylaşırdı.
Adama elə gəlirdi ki, bayramlar, matəm günləri olmasa, digər hökumət saytları kimi bu sayt da xəbər tapmaz. O da fəaliyyətini dayandırdı. 2 aydır ki, həmin sayta xəbər yerləşdirilmir.
Deyirlər, illik texniki xərci ödəyə bilmirlər. Əgər belədirsə, bu sayt niyə açılır, amma xəbər qoyulmur? Məgər Masallı Lerikdən, Yardımlıdan kasıb rayondur ki, hökumət saytının xərcini ödəyə bilmir. Sadə “kapirovka” bir saytın illik xərci nə qədər olar ki?(Guya əvəzində FB səhifə açıblar, o da bərbad.)

Bircə qalıb Cenubxeberleri.com

Bu saytı saxlamaq da artıq mümkünsüz olub. Nə işçi götürməyə, nə avadanlıq almağa, nə hostingin xərcini ödəməyə pul yoxdur. Əgər bloklanmasa, yəqin ki, bir neçə aya oynaya-oynaya “mars” olacaq.

Bəs çıxış yolu nədədir?

Region mətbuatı elə uçurumdadır ki, onu yalnız kompleks münasibət xilas edə bilər. Ya bununla bağlı xüsusi prezident sərəncamı, geniş planda dövlət proqramı lazımdır, ya da ən azından 1-2 pilot müstəqil region qəzeti seçib, onun inkişafına yardımçı olmaq lazımdır. Başqa yol görünmür.

Zahir Əmənov

“Cənub xəbərləri” qəzetinin baş redaktoru
Cenubxeberleri.com
Əlaqə telefonu 0 50 322 75 23.
R4suloffR4suloff

OXUNMA SAYI :571

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff