72 şühədadan biri azərbaycanlı olub||--||


72 şühədadan biri azərbaycanlı olub||--||

Cənub bölgəsi, xüsusən Masallı rayonunun Ərkivan qəsəbəsi həmişə tanınmış din xadimləri ilə məşhur olub. Bu torpaq Fazil Lənkərani Şeyx Məhəmməd, Şeyx Qüdrət, eləcə də onlarla din xadiminin vətənidir. Bu gün də ənənələr davam edir.

Hazırda Masallı rayonunda 220 məscid var. Mollaların sayı isə 300-dən artıqdır. Masallı rayonunun Ərkivan qəsəbəsi bu gün də tanınmış din xadimləri ilə öndədir. Hacı Əlihəsən, Hacı Mirkərim buna nümunədir. Ərkivanda boya-başa çatmış mollalardan biri də Axund Hacı Həmid Məmmədovdur.


Hacı Həmid 1965-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı İslam Universitetini bitirərək �İmam axund və şəriət müəllimi� ixtisasına yiyələnib. 2008-ci ildə Həcc ziyarətində olub. Onunla kiçik müsahibəni sizə təqdim edirik:

- Hacı, necə oldu ki, din təbliğatçısı yolunu seçdiniz?

- Elə bir fövqəladə hal olmayıb. Sadəcə bir təsadüfdən yaranıb. 5-ci sinifdə oxuyurdum. Babam Məmmədgilə getmişdim. Oradakı Quran kitabı və babamın Quran oxuması diqqətimi çox çəkdi. Söz verdim ki, Quranı öyrənəcəm. Orta məktəbi qurtarana qədər yerli mollaların yanına getdim. Orta məktəbi bitirəndə artıq Quranı sərbəst oxuyub, mütaliə edirdim. Daha sonra peşə məktəbində təhsil aldım, hərbi xidmətdə oldum. Bir müddət sovxozda çilingər, tikinti təşkilatında sürücü işlədim. Bu müddətdə daim dini ədəbiyyatı, eləcə də dünyəvi ədəbiyyatı mütaliə etmişəm, bu sahədə bilgilərimi təkmilləşdirmişəm.

- İlk dəfə hansı hüzr məclisini idarə etmisiniz?

- Bu, 2000-ci ildə, 35 yaşımda olub. Ərkivanda Murad Bəşirovun dəfn mərasimini idarə etmişəm. 2005-ci ildə İslam Universitetinə qəbul olmuşam, 2010-cu ildə bitirmişəm. Fars,

ərəb və rus dillərini normal şəkildə bilirəm, fars dilində isə tərcümələr edirəm. Bir neçə il öncə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi attestasiyadan keçəndən sonra axund adı almışam. (Onu da xatırladaq ki, hazırda Masallıda 20-yə yaxın axund var.-Red).

- Sizin daha da tanınmağınızda �Tarixi-Nadir� kitabının yeni nüsxəsinin tapılması mühüm rol oynadı. Bəlkə, bu barədə daha ətraflı danışasınız. Bu kitabın tərcüməsi nə vəziyyətdədir?

- Həmin kitabı mən Bədəlan kəndindəki kitab təmirçisindən hələ uşaq olanda götürmüşdüm. Onun tarixçəsi, tanınması isə əsasən, elə sizinlə bağlıdır. Təxminən 5 il öncə siz �Azadlıqradiosu�nun müxbiri Fərəh Sabir qızı ilə bizə gəlmişdiniz. Mən həmin radioya �Cəmiyyət və din� mövzusunda müsahibə verdim. Söhbət əsnasında zarafatca, hamının cəmi 3 səhifə bildiyi �Tarixi-Nadir� kitabının adı çəkildi. Mən bildirdim ki, həmin kitab 3 yox, 147 səhifədir. Bu, jurnalistlərin böyük marağına səbəb oldu. Mən onlara həmin kitabı, ona vurulmuş möhürü göstərdim. Jurnalistlər təqdim etdiyim şəkillərin surətini çıxardıb ölkə mətbuatında yaydılar. Bundan sonra demək olar ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziyalar ayrı-ayrı vaxtlarda bizə gəlib məndən bu kitabla bağlı müsahibə aldılar.

- Bəs nəticə nə oldu?

- Daha sonra Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutundan mütəxəssislər gəldi. Təsdiq olundu ki, kitab orijinaldır, məşhur sərkərdə Nadir şahın həyat yolunu əks etdirir. Bu kitaba görə Masallı rayonunun İcra başçısı Rafil Hüseynov da məni qəbul etdi. Bir saatdan artıq söhbət etdik. Tövsiyə etdi ki, kitabı tərcümə edim, onun çapını da öz üzərinə götürdü. Hazırda kitabın tərcüməsi üzərində çalışırıq. Məlumat üçün onu da bildirim ki, bu yaxınlarda Bakıda, Beynəlxalq Mətbuat Klubunda Cahangir Hüseyn Əfşarın �Azərbaycan Nadir Əfşar dövləti� kitabının təqdimat mərasimi keçirildi. Dəvətlilər arasında mən də var idim. Tədbirdə nadir nüsxəsi məndə olan �Tarixi-Nadir� kitabından da bəhs edildi. Filologiya elmləri doktoru, professor Nizami Cəfərov böyük əminliklə bildirdi ki, həmin kitabın tərcüməsinə hər cür köməklik göstəriləcək. Adı çəkilən təqdimat mərasimində mən də çıxış etdim. Məndə olan nadir tarixi kitablar təkcə �Tarixi-Nadir� deyil. �Töhfətül-məcales� adlı kitab da şəxsi kitabxanamda xüsusi yer tutur. Həmin kitabda qeyd olunub ki, Kərbəlada İmam Hüseynin dəstəsində Müslüm ibn-Ovsəc Azərbaycani adlı şəxs də olub, imamın dəstəsində vuruşub. Yaxın vaxtlarda mətbuatda bu barədə geniş açıqlama verəcəyəm. Tədbir iştirakçıları mənim bu məlumatımı alqışlarla qarşıladılar. (Red- Məlumat üçün onu da bildirək ki, Məhəmməd Fizuli də öz əsərlərində bildirib ki, 2 nəfər-ata-oğul olan azərbaycanlı Kərbala müsibətində şəhid olub. Lakin fars mənbələri bunu təsdiqləmir)

- )

- Bu gün dinin təbliği sahəsində hansı problemlər var?

- Təəssüf ki, savadlı, aydın düşəncəli, dediyi ilə əməli düz gələn din təbliğatçıları çox azdır. Məsələn, bəzi din xadimləri hər yerdə çadranı təbliğ edir, lakin öz ailəsində onu tətbiq edə bilmirlər. Nəinki tətbiq edə bilmir, övladlarının geyimi bir çox əndazələri keçir. Bəzi ölkələrin də Azərbaycana mənfi təsiri şəksizdir. Bu gün vəhabilərin, nurçuların zərərli fəaliyyəti çoxlarına bəllidir.

- Bəzi məqamlara aydınlıq gətirməniz maraqlı olardı. Kəbin məsələsinin bəzən rəsmi nikahı üstələməsi açıq-aydın hiss olunur. Bu barədə fikirləriniz?

- Hər bir vətəndaşın yaşadığı hökumətin qanun-qaydalarına hörmət etməsi vacibdir. Bəzi ailələrin tez dağılmasına səbəb də rəsmi nigahın olmamasıdır. Kəbin nədir? Dini nikah. Kəbində yaş həddi həddi-buluğa çatandan sonradır. Yəni, qızın, ya oğlanın fiziki imkanları imkan verirsə, müəyyən yaşlarda kəbin kəsdirə bilər. Şəxsən, mən 18 yaşı tamam olmayan, rəsmi nikahı qeydiyyatdan keçməyən gənclərə kəbin kəsmirəm. Bununla yanaşı kəbinin bəzi məqamlarını izah etmək istəyirəm. Kəbin kəsilən zaman qız oğlan qarşısında şərtlər qoya bilər. Qız şəhərlidirsə, şərt qoya bilər ki, məni kəndə aparmayacaqsan, yaxud ali məktəbdə oxuyursa, onu bitirməyi şərt kimi irəli sürə bilər. Həcc, Kərbəla və sair yerlərə ziyarət etməyi şərt kimi qoya bilər. Hər iki şəxsin bir-birinin sağlamlığının araşdırılması imkanının yaradılmasını tələb edə bilər. Hətta oğlan və qız biri-birinin dişlərinə qədər yaxın ola bilər. Oğlan narkotik, alkoqol aludəçisi olduğunu gizlədirsə, bu kəbin şərti pozula da bilər. Kişi ticarətlə məşğuldursa, bununla bağlı tez-tez səfərə gedirsə, qadın şərt qoya bilər ki, bu səfərlər, ayrılıqlar 1 aydan, yaxud 3 aydan çox olmasın.

- Son vaxtlar abort, uşaqsaldırma mövzusu ciddi müzakirələrə çevrilib. Bu məsələ dində öz əksini necə tapır?

- Uşaqsaldırma dində haram sayılan məsələlərdəndir.

- Heç bir istisna yoxdur?

- İstisnalar var. Birincisi, hamiləliyin qarşısını almaq ərin razılığı olarsa, icazə verilir. Elə ki, ana bətnində mayalanma baş verdi, onu ləğv etməyə islam qanunları icazə vermir. Kim mayalanmış nütfəni aradan aparırsa, 20 dinar (13 qram qızıl) cərimə verməldir. Bundan sonra nütfə ana bətnində laxtalanmış qan formasına keçərsə, 40 dinar (26 qram qızıl), digər aylarda, yəni 3-cü ay 80 dinar (200 qram qızıl), 4-cü ay 100 dinar (225 qram qızıl), bundan əlavə, yəni 4 aydan sonra, uşağın bədəninə ruh daxil olarsa və həmin uşağı saldırarlarsa, oğlandırsa 100 dəvə, qızdırsa 50 dəvə cərimə ödənilməlidir. Bundan sonra həmin uşağı məhv edən şəxs uşaq qatili sayılır. Əgər hansı uşaq məcburən saldırılarsa, həmin şəxsin valideyni Cənnətə belə getsə, o uşaq mələk kimi onun qarşısını kəsib:�Bu, qatildir, onu Cənnətə buraxmayın�,- deyər.

- Həmin cərimə pulları hara ödənilir və necə xərclənir?

- Bunu ata-ana edibsə, 2-ci cərimədən əldə edilən vəsait 2-ci dəstə varislərə ödənilir. Əgər uşaq zinadan əmələ gəlibsə, o uşağın atası məcbur edirsə ki, uşağı saldırsın və qadın da bunu edirsə, bunun cəriməsi varislərə deyil fəqirlərə veriləcək.

- Heç belə cərimə ödəyən olub?

- Təəssüf ki, yox.

- Siz hansı mənbəyə əsasən belə deyirsiniz?

- Bunları Xomeyninin �Şəri suallara cavab� kitabı əsasında deyirəm.

- Bu günlərdə Masallı şəhər Cümə məscidinə Axund vəzifəsinə sizin də namizədliyiniz irəli sürülmüşdü. Lakin müəyyən narazılıq yarandıqdan sonra bu məsələ açıq qaldı. Niyə?

- Bu məsələnin qanuni tərəfi odur ki, Qafqaz Müəslmanları İdarəsi kimisə attestasiyadan keçirəndən sonra həmin şəxsi yerli icma çeçməlidir. Bu icmalarda əsasən, 11-50 nəfər arası dindar olur. Yəni icma üzvü olmayan şəxslər burada səsvermədə iştirak edə bilməz. Masallı cümə məscidinə seçkidə isə xeyli qaranlıq məqamlar var idi. Bu barədə açıq danışmaq istəmirəm. Çünki bəzi şəxslər dindən daha çox, şəxsi maraqlarını önə çəkirdilər. Yəqin ki, yaxın vaxtlarda bu məsələyə daha obyektiv yanaşılacaq.

- İndiki hüzr məclislərinə münasibətiniz?

- Burada əsas söz hüzr sahibinindir. Hüzr sahibi icazə versə, bu məclis 3 gün də ola bilər, 2 gün də. Şəriətdə bunun üçün xüsusi qanun yoxdur. Hüzr sahibi camaatı, camaat də hüzr sahibini nəzərə almalıdır. Cənubda artıq Astara, Lənkəran, Cəlilabadda, eləcə də Masallının Yuxarıbaş

məhəlləsində hüzr məclisləri 3 gün olur. Yəqin ki, yaxın vaxtlarda digər yerlərdə də bu nümunədən istifadə ediləcək.

Hazırladı: Əlizaman 

R4suloffR4suloff

OXUNMA SAYI :1469

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az