Xəstə xəstəxana||--||


Xəstə xəstəxana||--||

Bəziləri yarızarafat, yarıciddi Cəlilabad rayon Mərkəzi Xəstəxanasını o dünyaya aparan kəsə yoladlandırır. Bu rayondan Bayramov Ələddininin redaksiyaya yolladığı məktub deyilənlərin heç də təsadüfi olmadığı qənaətinə gətirir. Ə Bayramov məktubunda nələrdən yazır:

7 mart 2010-cu ildə oğlum Çingizin rayonun İran bazarı deyilən ərazisində döyülməsi barədə məlumat aldım. Hadisə yerinə gəldikdə Çingizin ağır bədən xəsarəti aldığının şahidi oldum - burnu iki yerdən sınmış, o cümlədən oğlum alın və qabırğa nahiyəsindən ağır zədələr almışdı. Onu huşsuz vəziyyətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirdik. Qəribədir ki, xəstəxanada heç kəsi tapmadıq. Bazar günü olduğundan həkim personalı dincəlməkdə idi. Yarım saata kimi gözlədikdən sonra Baş həkimin müavini Valeh Məmmədov ilə telefon əlaqəsi saxladıq, vəziyyəti izah etdikdən sonra o bildirdi ki, darıxmayın, yəqin bir adam tapılar və övladınızı müayinə edər. Bizdən başqa bir neçə xəstə - qıçı sınıq, əzginlikdən ayaq üstə güclə dayanan adamlar da növbətçi Babaxan həkimi gözləməkdə idi. Vəziyyətin ağırlığını görüb xəstəni qonşu rayonların xəstəxanasına aparmaq istəyirdik ki, aşağı düşəndə əlində yekə qaz açarı olan bir şəxslə rastlaşdıq. Ondan həkimləri soruşduqda dedi ki, mən buranın həm həkimi, həm qazovşiki, həm də suvaqçısıyam. Nə probleminiz varsa, həll edə bilərəm. Di gəl ki, nəinki iynəmiz, heç bintimiz də yoxdur, gərək hər şeyi özünüz alasınız. Çünki hökumətimiz xəstəxanaya heç nə vermir. Məcbur qalıb xəstəni onun yanına gətirdik. O, xəstənin burnunun zədə almış hissəsini bizə aldırdığı skoçla yapışdırdı.

Xəstənin halı bir yana, 200 minə yaxın əhalisi olan bir rayonun Mərkəzi Xəstəxanasındakı bu rüsvayçılıq bizi dəhşətə gətirmişdi. Düşünürdük ki, hər il səhiyyə sahəsinə xərclənənlər milyonlar hara gedir? Hər iclasda səhiyyədəki uğurlarından danışan rəhbərlərimiz görəsən dedikləri bu yalanlara görə xəcalət çəkirmi? Dinc dövrdə, dünyanın düz vaxtında bunlar belə yarıtmaz işləyirsə, müharibə gedən ölkədə bir az gərginlik yaransa, həmin vaxt hansı rüsvayçılıqların şahidi olacağıq?

Məlumat üçün deyim ki, xəstəxanada olarkən adımızı qeydiyyata salmaqdan ötrü lazım olan kitabçanı belə tapa bilmədilər. Kimi dedi Babaxan həkim nərd oynamağa gedəndə həmin kitabı özü ilə aparıb, kimisə dedi ki, burada o kitabı görən olmayıb.

Bu şəfa ocağında oğlumun burnuna skoç yapışdırmaqla işini bitirən malyar-həkimənarazılığımızı bildirib, əlaqədar təşkilatlara şikayət edəcəyimizi deyəndə isə o heç halını pozmadan bəyan etdi ki, sizin kimi çox oğlanlar gəlib burada attanıb-düşüb, bir xeyri olmayıb, gedin, hara istəyirsiniz şikayət edin.

Ümumiyyətlə, bu xəstəxanaya hər hansı göstəricisinə görə xəstəxana demək çox çətindir. Burada bir az kosmetik təmir aparılsa da, antisanitariya baş alıb gedir. Qış vaxtı istilik sistemi bərbad olduğu üçün burada yatan tək-tük xəstələr soyuqdan donur. Bu xəstəxanada adi ana südünün analizi, ürək kardioqramması çıxartdırmaq mümkün deyil. Rayonun səhiyyə şefləri işi elə təşkil ediblər ki, gərək ən adi analizlər üçün də rayondakı Nuranə adlı kommersiya klinikasına müraciət edəsən. Orada isə qiymətlər elə yüksəkdir ki, bura gedən xəstənin şəkəri, təzyiqi yüksəlir. Bu xəstəxanada adi rentgen plyonkası üçün də xəstəni Nuranə yə göndərirlər. Cənub xəbərləri qəzetində Doktor dedi ki, yalnız Nuranə ona dərmandır yazısında bu məqamlar kəskin tənqid edilsə də, rayon rəhbərləri özlərini karlığa vurdular. Bu gün də bilərəkdən Mərkəzi Xəstəxana üçün müasir avadanlıqlar almırlar ki, əhali onlarla şərikli işlədiyi deyilən Nuranə yə üz tutsunlar. Nuranə klinikası isə özəl olduğundan ağzını açıb dillənə bilməyəcəksən və süd analizi üçün 16 manatı, rentgen kağızı üçün 15 manatı, kardioqramma üçün 20 manatı rahatca çıxarıb verəcəksən.

Hələ də yerli sakinlər bir suala cavab tapmırlar ki, bir özəl şirkət sahibinin edə bildiyini, bu böyüklükdə rayon rəhbərliyi niyə edə bilmir?

Yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. Araşdırmamız zamanı məlum oldu ki, növbətçi həkim Babaxan Nəsirov həm də rayon Hərbi Komissarlığının həkimidir. Hərbi Komissarlıq daha çörəkli yer olduğundan bu yoldaş vaxtının çoxunu orada keçirir. Bazar günü olmasına baxmayaraq, Hərbi Komissarlıqla valideynlərini əsgərlikdən saxlatdırmaq istəyən valideynlər arasında şıdırğı alver gedir. Babaxan həkim də Hərbi Komissarlıqda xoşməramlı işdüzəldən funksiyasına çox vaxt itirdiyindən xəstəxanada növbətçiliyə vaxtı qalmır.

Bu gün Cəlilabad səhiyyəsi batıb gedir. Ölkə başçısı səhiyyədə hər işin pulsuz olması barədə sərəncam imzalasa da, Cəlilabad xəstəxanasında bir çöpü də pulsuz əldə etmək mümkünsüzdür. Pulun olmasa, burada meyitə dönüb ortada qalacaqsan. Ya da o qədər süründürəcəklər, get-gələ salacaqlar ki, xəstələnməyinə də peşman olacaqsan.  

R4suloffR4suloff

OXUNMA SAYI :2799

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az