Elə “kadr, kadr” deyirlər||--||


Elə “kadr, kadr” deyirlər||--||

Kadr məsələsi həmişə gündəmdə olan mövzu olub. Son illər isə kadr qıtlığı daha kəskinliyi ilə necə deyərlər “göz deşir”. Hətta Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir neçə dəfə bu sahədəki problemləri dilə gətirib.

İşin məhkəməyə düşəndə peşəkar vəkilin olmamasından narazı qalırsan. Xəstəxanada səriştəsiz həkimin əməllərindən əziyyət çəkməli olursan. Məktəbə gedirsən, 2-3 nəfərdən özgə işinin ustası olan müəllim tapmırsan. Bəzən, məcburiyyət qarşısında elə şəxsləri məktəb direktoru qoyurlar ki, gözün kəllənə çıxır. Çünki özünə hörmət qoyanların əksəriyyəti məktəb direktoru olmaq istəmir. Mənə doğma olan məktəblərdən birində direktorun səviyyəsizliyi, rüşvətxorluğu, səriştəsizliyi, digər mənəviyyatdan uzaq hərəkətlərindən xəbərdar olmayan yoxdur. Hətta iş rayon rəhbərliyi səviyyəsinə çatıb. Rəhbərlik bildirib ki, biz o direktoru bu dəqiqə vəzifədən kənarlaşdırmağa hazırıq, yerinə kimi təklif edirsiniz, onu deyin. 50 nəfərlik pedaqoji kollektivi olan məktəbdə direktorluğu bir nəfər olsun belə istəmir. Doğrudanmı, bu böyüklükdə kollektivdə direktorluğa bir nəfər də layiq deyil? Düzünə qalsa, 2-3 nəfər var. Həm savadlı, həm mədəni müəllimlərdir. Lakin onlar evdə şagird hazırlamaqla ayda min manatdan artıq qazanırlar. (Məktəbdə təhsilin səviyyəsi aşağı düşdükcə ev müəllimlərinin tası günbəgün artır). Belə müəllimlərə məktəb direktorluğu təklif olunanda gülümsəyib deyirlər -dəli deyiləm ki, hazır qazancımı atıb, həftədə 4-5 dəfə iclasa gedəm, abır-həyamı atıb ildə 2 dəfə heç kimin oxumadığı qəzetlərə müəllimlərdən abunə pulu yığam. Daha paltar pulu, “inspektor pulu”, “metodist pulu”, “mühasib pulu”, “müdir pulu” və digər “daxili imkanlar” üçün “müqəddəs” yığımları demirəm.

Məhz buna görə direktorluğu 2-3 nəfərdən başqa yüksək pedaqoji ustalığı olan yox, yaxşı çapıb-talamağı, vəziyyətə görə qudurmağı, yaxud yaltaqlanmağı, lazım gələndə söyüşməyi bacaranlar can atır. Çox təəssüf ki, son vaxtlar məktəb direktorluğuna təyinat alan qadınlar da həmin çirkaba tez bulaşırlar.

Deyəsən, məktəb direktorluğu məsələsinə çox yer ayırdıq. Bu da səbəbsiz deyil. Çünki bütün bəlalarımızın kökü nadanlıqdan, savadsızlıqdan başlayır. Əksər filosofların fikri belədir ki, o yerdə təhsil bərbad vəziyyətdədirsə, orada hər şey bərbaddır. Təsəvvür edin, minlərlə müəllim ordusu olan rayonun təhsil şöbəsinə intellekti, savadı az qala sıfıra bərabər olan şəxs rəhbərlik edir. Bəlkə də haradasa o, yaxşı maldar, alabula dana alverçisi, babat biznesmen ola bilərdi, lakin o, 100 məktəbə rəhbərlik edən təhsil şöbəsinə müdirliyə layiq olan şəxs deyil. 5 il öncə hətta ən məşhur baxıcı belə belələrinin təhsil şöbə müdiri olmasını təxmin edə bilməzdi. Amma oldu. Təəssüf ki, belələri tək deyil. Ötən il dağlıq rayonlarda təhsil şöbələrindən birinin müdirini bir gənc onun otağında döymüşdü. Səbəb isə olduqca ürəkbulandırıcı idi. Təhsil şöbə müdiri həmin gəncə təkidlə təklif edib ki, get, çox qəşəng xanım olan xalanın mobil telefonunun nömrəsini öyrənib mənə de. Həmin gənc də gedib və 1 saatdan sonra əlində armatur parçası geri qayıdıb və təhsil şöbə müdirini elə kabinetindəcə armatur parçası ilə yaxşıca döyüb. Döyənə bir neçə il həbs verilib. Bəs döyülən təhsil şöbə müdiri? O, yenə də gənc nəslin “tərbiyəsi” ilə məşğuldur və sabaha kadrlar “hazırlayır”. Ən başlıcası isə belə miskinliklərə təhsil nazirliyi də, yerli icra hakimiyyətlərinin rəhbərləri də dözür. (Təhsil şöbə müdirini göstər, bilək necə rəhbərsən - misalı bu gün hədəfə daha çox dəyir ).

Belə olanda hansı kadr islahatından danışırıq? Bir qədər əvvəl də yazmışdıq – müəllimləri attestasiyadan keçirincə belə təhsil şöbə müdirlərini, məktəb direktorlarını attestasiyadan keçirin, onda görərsiniz ki, kimləri kimlərin quyruğuna bağlamısınız. (Məşhur rəvayət yəqin ki, çoxlarının yadındadır. Dəvə ölərkən hər şeyi sahibinə halal edir, lakin çayı keçərkən onu, yəni dəvəni eşşəyin quyruğuna bağlamağı halal etmir). Belələri ilə 10 dəqiqə söhbət etmək kifayətdir ki, onların illərlə kitab oxumadığını, dünyagörüşünün nə qədər cılız olduğunun şahidi olasınız.

Yerlərdə hökumətin təmsilçiləri olan əksər ərazi nümayəndələrinin də savadı, səviyyəsi pul yığmaqdan və pul paylamaqdan kənar işlərdə bütün cılızlığı ilə özünü göstərir. Yəqin, bu sahədə elə kadr qıtlığının nəticəsidir ki, bir sıra kəndlərdə əvvəllər ərazi nümayəndəsi işləmiş şəxsləri bir neçə ildən sonra yenə həmin vəzifəyə gətirirlər.

Bir qəzet sahibi kimi biz də peşəkar kadrlarla bağlı problem yaşayırıq.

Keçmişdə ehtiyat kadr deyilən bir təcrübə var idi. Hər vəzifə sahibinin yerinə bir, bəzən 2-3 kadr nəzərdə tuturdular ki, sabah vəzifə dəyişikliyi olanda onları əvəzləyə bilsinlər. İndi vəzifə tutan nazirlərin, başqa rəhbərlərin 10 illərlə həmin vəzifədə qaldığını nəzərə alsaq, bu ehtiyat kadrların 5-ci nəsli də dünyadan köçəndə onları yada salan olmur. Yaxud da rəhbərlik biləndə ki, filankəs onun yerinə sahib ola bilər, bütün vasitələrlə həmin şəxsi məhv edir.

Milli Şuranın sədri Cəmil Həsənlinin maraqlı bir fikri var ki, heç vaxt indiki qədər axmaq adam eyni vaxtda vəzifədə olmayıb.

İndi bəzi rəhbərlərin ağlı ona çatır ki, öz səviyyəsi 50-sə, özünə ondan 5-10 faiz aşağı şəxsi müavin götürsün. Beləcə, hərə öz səviyyəsindən aşağıları işə götürdükcə görürük ki, bütöv bir aparatın səviyyəsi sıfıra bərabərdir. İki sözü ardıcıl yaza bilməyənlər, iki kəlməni adam dilində tələffüz edə bilməyənlər, özü zay kadr ola-ola böyük bir rayonda kadrların taleyini həll edir. Bəzən elə gülünc səbəblərə görə layiqli kadrlar kənarda qalır ki, adamın millətə yazığı gəlir.

Dünyada kadr seçiminin sınanmış bir yolu var -seçkilər. Əgər biz seçkiləri saxtalaşdırıb, hətta zır savadsızları da bu vəzifəyə “seçiriksə”, başqa işlərdən nədən danışırıq? 30-40 ərazi nümayəndəsini bir yerə yığıb hərəsinə 3 dəqiqəlik çıxış versək, onda görərik ki, taleyimizi kimlərə tapşırmışıq.

İnkişaf etmiş ölkələrdə isə kadr bolluğu elə çox olur ki, hətta “kölgə kabineti” də yaradırlar. Yəni müxalifətin hazır kadr komandası olur ki, hakimiyyət dəyişən kimi həmin kadrlar müvafiq vəzifələrin icrasını layiqincə yerinə yetirirlər. Təəssüf ki, bizdə müxalifət elə küncə sıxılıb ki, öz strukturlarına (məclis üzvlüyünə, hətta sədrliyinə, təftiş komissiyasına, seçkidə müşahidəçiliyə) nümayəndə-kadr tapa bilmirlər. Buna görə də müxalifətin əsas işi bir-birinin toyunda, yasında iştirak etməkdən uzağa gedə bilmir. Müxalifət necə deyərlər, az qala xeyir-şər idarəsi funksiyasını yerinə yetirir.

Belə hallar isə açıq desək, çoxunun ürəyincədir. Bizim üçün ən xoş söhbət bir-birimizi günahlandırmaq, bir-birimizi qınamaqdır. Tanınmış jurnalist Hüseynbala Səlimov bizim bu halımızı daha dəqiq təsvir edib: “Hazıra nazir olmaq bizim xislətimizdədir. Yalnız orada, Avropada biz dönüb adam ola bilirik. Daha doğrusu, bizi adam olmağa məcbur edirlər...

Burada isə hər şey tərsinədir. Ən maraqlısı da bilirsiniz nədir? Hamı bunları görür, hamı deyinir, hamı gileylənir, amma heç kim özü dönüb adam olmaq istəmir. O mənada ki, özünə qarşı adama olan münasibət tələb etmir. Məni ən çox özümdən şıxaran bilirsiniz nədir?

Hamı deyir ki, biz düzələn deyilik və bunu elə deyirlər ki, dərhal hiss edirsən ki, heç kim bizim düzəlməyimizi istəmir, hamı bir gündən qorxur - qorxurlar ki, birdən möcüzə olar və biz düzələrik, dəyişərik, onda indki oyun qaydaları dəyişər, daha hamı biri-birini aldatmaz...

Bax, biz o gündən qorxuruq. Məcnun deyirdi ki, ya Rəbb, bəlayi-eşqilə qıl aşina məni! Bizim insanlar isə deyir ki, ya Rəbb, bizi dəyişmə, bizə belə daha asandır, imkan ver, bir-birimizi aldadaq, bir-birimizə badalaq gələk...”

Bəli, çoxumuz adam olmaq istəmirik. Yaxşı kadr isə adamdan olur.

Zahir

 

R4suloffR4suloff

OXUNMA SAYI :753

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff