Bu seçkinin gözəllikləri və özəllikləri


Bu seçkinin  gözəllikləri və özəllikləri
Sağ olsun, hökumətimiz, hər seçki öncəsi yeni texnologiyalar tətbiq edir, insanlara maksimum az əziyyət verir.
Bizdə seçki texnologiyası elə ustalıqla qurulub ki, hətta ruhi xəstələr də başa düşür, indi həbsdə olan Nemət Pənahov deymişkən, dünyanın heç yerində deputatı xalq seçmir.
Bu il isə, Allahtərəfi, deputatlığa namizədləri “bələkdə” boğmaqda əla elədilər. Adam var, hay-küyə düşüb, evin, mal-qarasın satıb və bu oyuna girib, dost-tanışı da pis vəziyyətdə qoyub, hədərən-pədərən söhbətlər edir, sonda da bağrı çatlayır. Bütün ağıllılar elə başlanğıcdan bildi ki, köhnə hamam, köhnə tas olacaq. Bir-iki atlanıb-düşən var idi, bəzisinin topladıqları imzaları saxta çıxartdılar, bəzilərini tinə çəkib, qulağına dedilər ki, qaqaş, bir-iki addım da qabağa atsan, filan-filan vəzifəli qohumların cızıqdan kənarda olacaq. Al 3-5 min manatını, otur oturduğun yerdə.
Bəziləri yalandan seçkiyə qoşulanda ona elə gəlirdi ki, heç olmasa, 2-3 min verib deyərlər ki, lal ol. Ya da 5-10 yerə şəklini vurarlar ki, guya dünyada belə adam da var. Bu il isə yuxarıdan razılıq alanlar 12 “imama” yalvarınca tək “Allaha” yalvar prinsipini əsas götürüb, əl-ayağına dolaşanlara heç nə vermədilər, heç şəkillərini lövhəyə vurmağa imkan da yaratmadılar. Amma əksini deyənlər də var. Yəni ki, elə bəxşiş üçün seçkiyə qatılanların bəzisini “qapı ağzında” qarşılayıb, dədə-baba qaydası ilə yola salıblar. Buna görə bəzi odlu-alovlu alternativlər rəqibdən qardaşa dönüb, YAP-ın əsl namizədinin görüşlərində səbəbkarla dodaq-dodağa öpüşməkdən də çəkinməyiblər.
Bu seçkilərdə mənə ləzzət eləyən tamam başqa məqamdır. Belə ki, razılaşdırılmış əsas namizədlər özlərinin real rəqiblərini o qədər kənarlaşdırdılar ki, bir də gördülər, özlərindən başqa namizəd qalmayıb. Başladılar öz köməkçilərindən, qohum-qardaşlarından, dostlarının qoltuğunda olanlardan özlərinə alternativ düzəltməyə. Dünyanın harasında görünüb ki, deputatın köməkçisi, illər boyu onun təbliğatını aparan, buna görə hər ay 500 manat alan onun alternativi olsun. Belə çıxır ki, bu deputatların bütün köməkçiləri, dostları onların düşmənləri imiş. Çox da xırdalamıram, lap iyrənc məqamlara çıxır. Sonra gördülər, bu da pis görünür, onlara işarə etdilər ki, geri götürün.
İndi təşviqat lövhələrimə baxıram, 5-6 namizəd
sırasında hökumətin dəstəklədiyi namizədin şəkli geniş formatda, geydirmə namizədlərin şəkli ondan 3 dəfə balaca formada vurulub. Yəni bunlar sizin kiçiyinizdir.
Bəzilərinin ““filankəslərin gölgəsi” olmağa razılaşması heç də ləyaqətli iş deyil” fikri ilə də razı deyiləm. Böhran vaxtıdır, kasıbcılıqdır, kişinin çörəyi bundan çıxırsa, bunun nəyi pisdir?
Bu seçkidə ən çox uduzan 2-3 başlı oynayanlar oldu. İndi onları adam yerinə qoyan da yoxdur. Qardaş, iş bişib qurtarıb, istəyirsən səs ver, ya vermə.
Namizədlərə pulsuz efir vaxtının verilməməsi, yaxud pullu evirin bir saniyəsinin 50 manat olması xəbəri isə başqa aləmdir.
Düzdür, mənim dediyimi vecinə alan yoxdur, amma qulaq asan olsa idi, təklif edərdim ki, bütün pullu namizədlər qeyd-şərtsiz qeydə alınsın, onlara heç olmasa, seçki ərəfəsi xeyriyyəçilik etməyə imkan verilsin ki, kim yol çəkir, körpü salır, xəstəxana, uşaq bağçası və sair tikir, bunları etsin, sonda kimi istəyərsiniz, onu da seçərsiniz.
Seçki ilə bağlı fikirlərimi bir düşünməli və gülməli söhbətlə bitirirəm.
Bir nəfəri seçkiyə 1 il qalmış DSK-ya sədr təyin etmək istəyirlər və şərtlərini bildirirlər – biz deyəni edəcəksən, ya yox? Həmin şəxs də deyir ki, ayıb söhbətdir ki, istəyirsiniz arzu etdiyiniz protokolu indidən, 1 il öncə imzalayıb verim. Sonra səsləri düzüb, qoşarıq.
Bu, gülməli söhbət idi. Düşünməli isə aşağıdakıdır:
ABŞ milyarderi Soros 5-10 il əvvəl deyirdi ki, elə ölkələr var, orada seçkiyə maya qoymaq, ümumiyyətlə seçki keçirtmək lazım deyil. Çünki hər seçkidən sonra xalq daha da ruhdan düşür, müxalifət daha çox əzilir, hakimiyyət daha da aqressivləşir.
R4suloffR4suloff

OXUNMA SAYI :3068

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff