Qəzeti buraxmamaq üçün 11 səbəb


Qəzeti buraxmamaq üçün 11 səbəb
Deyirlər hər xalqın özünə layiq rəhbəri olur. Bunun davamı kimi demək olar ki, hər xalqın elə özünə layiq müxalifəti və özünə layiq qəzeti olur
Yenidən qəzeti buraxmaq üçün xeyli çək-çevir etdik. Öncə bəlli oldu ki, qəzeti buraxmamaq üçün ən azı 11 əsasımız var!
- 1. Məşhur lətifədə deyilmişkən, 1-ci “top”umuz yoxdur. Yəni, maliyyə durumu bərbaddır.
2. Nəşriyyatlar qəzet çapına görə qiyməti qaldırıb, digər tərəfdən, heç kim pul verib qəzet almaq istəmir, daha doğrusu, qəzeti oxumaq istəyirlər, ancaq havayı.
3. Artıq bütün layihələrə gedən yollar bağlanıb. Xüsusən də əyalət qəzetləri üçün.
4. insanların əksəriyyəti qəzetdə ancaq tənqid oxumaq istəyir. Həm də “qan çıxardan”, sərt tənqid.
5. Hamı istəyir ki, tənqid edəndə onun özünü, yaxınlarını tənqid etməyəsən - onlar rüşvətxorun, saxtakarın yekəsi olsa da.
6. Peşəkar jurnalistika araşdırma yazılarla özünü təsdiq edir. Bunun üçünsə vaxt, maliyyə, yüksək peşəkarlıq lazımdır. Əyalətdə isə bunun üçünü bir yerdə tapmaq müşkül işdir.
7. Regionda iqtisadi, siyasi, hüquq sahələri üzrə ekspert tapmaq müşkül məsələdir. Regionun ən ciddi “tənqidçiləri” fb-də məmurlara papaq atmağa daha çox meyillidirlər. Məsələn, bu ildən əksər cənub rayonları subsidiya almayan rayonlar sırasına keçib. Görəsən, regionda hansı müxalifətçi, hansı özündənrazı ziyalı bunu araşdırır və yaxud araşdırmaq gücündədir?
8. Demək olar ki, bütün nöqsanlar adiləşib - imkanı olub rüşvət almayan idarə, şəxs varmı? Dələduzluğun, saxtakarlığın, şərəfsizliyin bütün formalarından istifadə olunub. Qəribə suallarla rastlaşırıq: bəzisi deyir ki, niyə sərt yazmırsan? Elə özü də cavab verir ki, yazı-pozuya əhəmiyyət verən var? Kimi tənqid edirsən, daha yuxarı başa çəkirlər.
9. Bəziləri məlumatsızlıqdan unudub ki, təkcə son bir ildə ANS susdurulub, Ayna, Zerkalo, Azadlıq və sair qəzetlərin fəaliyyəti dayanıb. Bütün tənqidçi saytlara giriş bağlanıb. Necə deyərlər, “Asiya”nı aparıblar, “Gülcöhrə”ni aparıblar, az qala “Sultan bəy”in özünü aparalar
bizi aparmağa nə var ki?
10. Millətimiz də maşallah elə intellektualdır ki, min il qəzet oxumasa dünya kefinə gəlməz. Elə qəzetçilik tariximizə nəzər salsaq, görərik ki, 1875-cii ildə ilk qəzetimiz “Əkinçi” işıq üzü görəndə erməni və gürcülərin 50-dən artıq qəzet-jurnalı var idi.
11. Daha bir səbəb - əksəriyyət qulağının dibində adam öldürsələr də mətbuata məlumat vermir, yazmaq istəmir.

Hər rayonda 100-dən artıq jurnalist təşkilatının üzvü – “Qızıl qələm”, “Brilyant qələm” sahibi olsa da, ortada bir araşdırma, bir ciddi yazıya rast gəlmirsən. Bütün bunlardan sonra təbii sual doğur: bunları bilə-bilə nədən qəzeti yenidən çıxartmaq qərarına gəldik? Öncə özüm-özümlə bacarmadım - içimi cırmaqlayan fikirləri qələmə almaq zorunda qaldıq. İkincisi də başa düşdük ki, nə qədər zəif yazsaq belə, hələ ki, regionda yazdıqlarımızın yarı gücündə olan belə yazılar görmədik.
Bir də ona görə özümüzdə güc tapdıq ki, bizimlə könüllü kimi əməkdaşlıq etməyə, imkanları daxilində yardım göstərməyə çalışan dostlarımız var idi. (Kölgəmizi qılınclayıb ancaq naqqallıqla məşğul olanlar az olmasa da). “Qəzet çıxartmaq istəyirik”- anonsumuza dərhal 200 nəfərdən artıq şəxs cavab verdi. 9 aya yaxındır ki, oxuculardan ayrı düşmüşük. Səbəblər çoxuna bəllidir. Özümüz də çox sıxıntılı günlər yaşadıq. Gah səyahət etdik, gah saatlarla kitablara-musiqiyə qatıldıq. Sonda bəlli oldu ki, əlacımızın yeganə şəfası elə qəzet özü imiş. Fb-də balaca anons verdik ki, qəzetin çapını bərpa edirik. Dərhal 200-dən artıq şəxs səsimizə səs verdi. Nəzərə alanda ki, bütün oxucularımız fb-də yoxdur, yaxud fb-də olan bir çox dostlar müəyyən səbəblərdən “bəyənmə” düyməsini basmağa ehtiyatlanır - daha da ürəkləndik.
Heç bir sponsor-filan yoxdur. Özümüz bir neçə adamın işini görməklə, dostların məhdud maliyyəsi ilə yenidən qayıtdıq. Nə kiməsə yarınmağa, nə partizanlıq etməyə gəlmədik. Gücümüz daxilində ətrafımızda yaxşıya da, pisə də ışıq salmağa çalışdıq.
Qəzetimizi səbirsizliklə gözləyən az deyil. Amma qınayan da yox deyil. Bir aptekçi dostumuz var, deyir ki, əvvəlki kimi yazmırsan. Obyektinin ətrafı gölməçə və zibilliklə doludur - səsi çıxmır. Konkret nəyi istəyir, onu da deyə bilmir. Hamı günahkar axtarır. Əzilən, döyülən, sındırılan. Həbs edilən qələm sahiblərindən xəbəriniz varmı? Hamı rəhbərləri gecə-gündüz tənqid edən qəzet istəyir. Amma həmin şəxsləri gərəndə az qalırlar ayaqlarına yıxılalar. İcra başçısı ilə görüş olur. Sağda-solda əyləşənlər rəhbərlik barədə yanındakılara xoş olmayan sözlər deyir. Çıxışlar başlayanda isə ya susur, ya da tərifləyirlər. Bayıra çıxan kimi isə bizə deyirlər, niyə bunları tənqid etmirsən? Yuxarıda qeyd etdiyimiz kimi, rüşvətə, saxtakarlığa bulaşmamış sahə yoxdur.
Bir yerin ki məktəbindən məhkəməsinədək alverxana ola, ziyalısından ağsaqqallınadək başbilənləri idarə-idarə düşüb pul yığa, nəyi qoyub, nəyi axtarırsan? Hər yerdə olduğu kimi, cənub bölgəsində də təhsil şöbələri 2 rəhbərli, şərikli obyektə çevrildikdən sonra burada “tas”lar nəzərə çarpacaq dərəcədə artıb. Yuxarının da, aşağının da, müavinin də, mühasibin də, balaca mühasibin də “tas”ları bəlli. Bu “tas”ları da düzəltmək üçün müəllimlər bir yana, xadimələri ən azı 2 qat yükləyirlər. 2 sinfə baxmalı olan xadimə 3-4 sinfə baxır. Nəticədə səhər çağları toz əlindən bəzi siniflərə girmək olmur.
Yəqin irad tutacaqsınız ki, bizim də gücümüz xadimələrə çatdı. Desəm ki, çox şey elə xadimədən başlayır, inanmazsınız. Onun oğurlanmış haqqından hər rayonda məktəb direktorundan, təhsil şöbə müdirindən, adam tutan idarələrdən başlamış, ta yuxarılaradək çoxları faydalanır. Necə deyərlər, xadimə biznesi çiçəklənsə, saxta xadimə ştatı çox olsa, basılmaz vətən.
Qaldı ki yuxarıların məsələsinə - orada milyonların, milyardların oğurlanmasından söhbət gedir, hətta məhkəmələr onlara heç nə sübut edə bilməyib bir neçə milyonu qapazlayanı ev dustaqlığına buraxırlar. Bir də oğru oğruya nəyi sübut etməlidir ki?
Yaxşı işlərə hamı sevinirmi? Desək ki, ətrafımızda heç yaxşı iş görülmür bu da yalan olar. Təkcə Masallıda bir sıra maraqlı işlərin şahidi olmuşuq. Masallının simvoluna çevrilmiş “ASANxidmət”-dən tutmuş Diyarşünaslıq muzeyinə, İncəsənət məktəbinə və digər obyektlərin açılışına qədər çox işlər sevindiricidir. Hətta şəhərin mərkəzində 3 yeni İşıqforun quraşdırlmasına da sevinə bilərik. Yaxın vaxtlarda isə cənubun ən möhtəşəm xəstəxanasının Masallıda istifadəyə hazır olması, sənaye məhəlləsinin əsasını qoymağa çox az vaxt qaldığı, sosial evlərin inşasına son hazırlıq işlərinin görüldüyü xəbərindən də ruhlana bilərik.
Amma narazılar, gileylilər yenə çoxdur. Onları qınamalı da deyil. Hər gün, xüsusən yağışlı havalarda çala-çuxur yollarda min əziyyət çəkənləri parıltılı tikililərin işığı da ovundura bilmir. Çoxlarının pulla beşdaş oynadığı vaxtda şəhərin mərkəzindəki avtobus dayancağına (Uşaq Aləmi mağazasının arxası) baxsanız, elə bilərsiniz 17-ci əsrin xarabalıqlarından birinə düşmüsünüz. Natəmizlik, şəraitsizlik - nə oturacaq var, nə iaşə xidməti, nə digər xidmətlər. Hamımız da görür və susuruq. Halbuki ona rəhbərlik edənlərin qazancı həfəlik min manatlarla ölçülür. Dəfələrlə yazılıb, deyilməsinə baxmayaraq şəhərin mərkəzində dayanacaqların olmaması, təzəli-köhnəli yolların göz deşən çala-çuxuru düzəlmir ki, düzəlmir. Necə deyərlər, böyük-böyük nöqsanları deməli deyil (Deesək deməyə qorxuruq - bu da yalan olmaz), balacaların da nəyini deyəsən.
Bu işləri kimlər görəcək? O adamlar ki, heç müəllimliyə layiq deyil, gəlib məktəb direktoru, təhsil başkanı olur, o adamlar ki heç öz ailəsini normal idarə edə bilmir, gəlib bələdiyyə başkanı, təşkilat rəhbəri olur, bəzi idarələrdə “dəvələr” “eşşəklər”in quyruğuna bağlanır və biz də bütün bunlara normal baxırıq. Kimdən küsməliyik ki?
Hamı günahkar axtarır, hamının əlində dağ-qaya yaran bəhanələr var. Hər şeyin üstünə bir halal damğası vurublar, amma axtaranda heç halal molla, halal məscid tapmaq olmur.

Zahir

R4suloffR4suloff

OXUNMA SAYI :1026

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az