ATAMIN DUYDUĞU FACİƏ||--||


ATAMIN DUYDUĞU FACİƏ||--||

 Düşünmüşəm ki, Qarabağ problemi varkən fərdi qayğıları ictimailəşdirmək yersiz görünər. Ancaq illər ötdükdən sonra artıq 17 il əvvəl dünyasını dəyişmiş atamı illərlə dinc buraxmamış övlad itkisi barədə, gerçək faciəyə çevrilmiş yaşantılardan yazmaya bilmədim. Yəqin oxucular da, dostlar da məni başa düşər...

Yaşadığımız zaman müharibə dövrü deyildi. Sovetlərlə almanların tarixə dünya müharibəsi kimi düşmüş savaşından da, qanlı 37-ci il hadisələrindən də xeyli vaxt ötmüşdü. Ara-sıra televizor uzaq ölkələrdəki iğtişaşları göstərirdi. Vəssalam. Bunu da siyasi təhlilçilər iki dünya nəhəngi - SSRİ ilə ABŞ arasında davam edən soyuq müharibənin tərkib hissəsi kimi şərh edirdilər. Yəni o vaxtkı ağsaqqallar demiş, əmin-amanlıq dövrü idi. Hamımız rahat şəkildə məktəbə gedir, ali məktəblərə hazırlaşır, institutlara qəbul olunmağa can atır, imtahandan kəsilən oğlanlar əsgərlik barədə, qızların bir qismi təkrar imtahan vermək barədə düşünür, bir qismi isə yaşlarının keçəcəyindən ehtiyatlanıb ailə qurmağa hazırlaşırdılar. Böyük mənada azadlıqlar olmasa da, şəxsi taleyin müəyyən edilməsi ilə bağlı xüsusi tabular yox idi.

Qəzet səhifələrində siyasi polemikalar açmağı heç ağlına da gətirə bilməzdin. Gətirsəydin belə, bu arzun içində qırılıb qalacaqdı. O dövrün ən oxunaqlı publisist yazıları ya məhəbbət olaylarının ən ciddi şəkildə qələmə alınması ola bilərdi, ya da bir zəhmət adamı və ya elm xadimi haqqında portret cizgiləri. Arabir hansısa məsul vəzifəli şəxs barəsində tənqidi yazılara da rast gəlinirdi. Lakin əksərən həmin şəxsləri yazının çapından az sonra ya işdən çıxarır, ya da həbsxanaya salırdılar deyə insanlar həmin yazıları elə sifarişlə bu  işdən çıxarma və ya həbs olunmaların baş məşqi adlandırırdı. Buna əsas yaradansa bütövlükdə dövlət qəzetlərindən ibarət olan mətbuat və yeganə telekanalın eyni cinayət əməllərinin daha ağır formasını törədənlər barədə susmaları idi.

Əlqərəz, kiminçün əmin-amanlıq, kiminçünsə mənəvi sıxıntılar kimi xarakterizə olunan həmin ziddiyyətli dövrdə atamın narahatlıqlarını heç vəchlə dəf edə bilmirdik. Beş oğul, üç qız böyüdüb ərsəyə çatdıran bu adamın daxilindəki sarsıntıları unutdurmaq çox çətin görünürdü. Çox sonralar hamımıza bəlli oldu ki, ürəkdən sakitləşə bilməməyə onun əsası var imiş...

Ailəni dolandırmaq sarıdan elə ciddi qayğıları yox idi. Böyük ailəni orta səviyyədə dolandıra bilməyə adət etmişdi. Biz də avara uşaqlar olmamışdıq. Həmişə təsərrüfat işlərində ona kömək etmişdik. Tək qoymamışdıq. Yoxsa təkcə feldşer maaşıyla bu işin öhdəsindən gəlmək olmazdı. O, anamla birlikdə bütün ailə gəlirlərini toparlayıb çalışırdı ki, bu orta səviyyəni daim saxlasın, övladları başqa uşaqlardan yaxşı geyinsinlər, yaxşı yesinlər, gəzməli-görməli yerlərə getsinlər. Bir də övladlarının mütləq ali təhsil almasını arzulayır və buna bütün varlığı ilə can atırdı. Onları təkcə təhsilli yox, həm də sözün əsl mənasında savadlı görmək ən böyük arzusu idi atamın.

Qeyd etdiyim kimi, sülh şəraitində doğulub yaşayırdıq. Əslində sakitçilik olduğundan bunun bir o qədər fərqinə də varmırdıq. İllər sonra mən hərbi xidmətdən qayıdıb Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alanda qanlı 20 Yanvar olayı baş vermişdi. Hadisənin səhərisi günü biz  universitet tələbələri Elmlər Akademiyası metrostansiyasının qarşısında tankın üstündə dayanan əsgərlərə yaxınlaşıb onlardan niyə əhalini gülləboran etdiklərini soruşduq, dedik ki, biz də vaxtilə sovet ordusunda qulluq etmişik, ancaq heç kimə güllə atmamışıq. Bu vaxt əsəbindən gözləri az qala hədəqəsindən çıxan rus əsgər O vaxt sülh dövrü idi, indi müharibə dövrüdür demişdi. Bu zaman biz sülh dövrü ilə müharibə dövrünün fərqli tərəflərini və bu dövrlərin spesifik formada əsgərin davranışına da necə təsir etdiyini tələbə şəhərciyimizdə müqayisə-müzakirə etmişdik.

Bunlar 1990-cı ildə baş verirdi. Bu zaman atamın daim duyduğu, illərlə qəlbində saxlayıb bir gün də xəyalından uzaqlaşdıra bilmədiyi qorxu hissinin reallaşdığı tarixdən düz bir il keçirdi. Düz bir il öncə o oğlanlarından birini - hamımızın çox istədiyimiz, qədd-qamətli Firdovsini elə daim qorxduğu bir yerdə - əsgərlikdə itirmişdi. Davada-filanda yox. Pəhləvan cüssəli Firdovsi Rusiyanın Smolensk vilayətində tərli-tərli suya düşməsi səbəbindən qıc olaraq boğulmuşdu. 20 yaşına qədər heç bir xəstəlik keçirməyən qardaşım əsgərlikdən evə buraxılmağına üç ay qalmış faciəli şəkildə dünyasını dəyişmişdi. 1989-cu cu ilin isti günlərində - avqustun 3-də baş vermişdi hadisə. Əvvəlcə teleqramı atamdan gizlətmişdilər. Ancaq onun budəfəki narahatlığı qarşısında dayanmağın mümkün olmayacağını başa düşdüklərindən yavaş-yavaş onu faciədən agah eləməyə məcbur oldular. Atamın illərlə içində yaşatdığı qorxu hissinin boş yerdən yaranmadığını hamı onda anladı.

Qohumlar, el-oba daha onu qınaya bilmirdilər. Ümid qalmışdı ancaq təsəlliyə. Təsəlli tapmaqsa onun üçün çox çətin idi. Deyirdi ki, ona təsəllini daim məsləhətçisi və arxası olmuş rəhmətlik həyat yoldaşı verə bilərdi. Hələ cavan yaşlarından ağıllı fikir və tövsiyələrinə görə el-obada və ailədə hörmət-izzət sahibinə çevrilmiş anam Şövkət bir neçə il əvvəl, mən əsgərlikdə olanda - 1986-cı il may ayının 3-də 58 yaşında qəflətən dünyasını dəyişmişdi. Onun qəfil ölümü çox ağır itki olmuşdu. Xatırlayıram ki, atam qardaşımın ölüm xəbərini alandan sonra anamın vaxtsız ölümünə həsəd apardığını dilə gətirdi. Onunla bərabər ölə bilmədiyindən, bu ağrını tək yaşadığından acı təəssüf hissi keçirdi, onun ruhunu köməyə çağırdı.

İnsanın duyumuna bax! Atam daim bir ifadəni təkrarlayırdı: Kimin oğlanları əsgərliyi başa vurub gəlibsə, ancaq o deyə bilər ki, mənim bu qədər övladım var. O, düz iyirmi il öncədən başına, başımıza gələcək dəhşəti duymuşdu. Bu ifadəni hər yerdə, bizim, bütün dost-tanışlarının yanında təkrar-təkrar işlətmişdi. Hər dəfə də Nədən qorxursan, axı indi müharibə-filan yoxdur deməyimiz ondan bu hissləri uzaqlaşdıra bilməmişdi. Hətta ərki çatan qohumların, dost-tanışların Cankişi, hamının uşağı əsgər gedir, səninkilərdən də, şükür Allaha, gedib sağ-salamat qayıdan var kimi ifadələri də qəlbinə hakim kəsilən və sonradan başına gələn faciə qorxusunu ürəyindən çıxarmaqda aciz qalmışdı...

Yaxşı xatırlayıram ki, atam əvvəllər, nisbətən cavan yaşlarında ölməkdən qorxardı. Bu müdhiş olaydan sonra isə elə bil ölüm ona doğmalaşmışdı. Özünü anbaan bu ilahi görüşə hazırlayırdı. Açıqca deyirdi ki, övladının yanına tələsir. Cəmi dörd ilin içində Tanrı onu bu istəyinə qovuşdurdu... Yüksək qan təzyiqi və iflic...

İstəmirəm yazını oxuyan dost-tanışlar, qohumlar pessimist ovqatda qalsınlar. Təbii ki, həyat davam edir, yenilənir, insanlar dəyişir. Böyük yaradana şükürlər olsun ki, bütün insanlara xoşbəxtlik, mehribançılıq, ailə, övlad səadəti arzusu ilə ömürlərini başa vuran ata-anamın ocağında Firdovsi adlı oğul da böyüyür. Düzdür, indiyə qədər məktəb yoldaşları istisna olmaqla, doğmaları onu öz adı ilə çağırmağa ürək eləməyib. Amma yəqin bu yazı heç kimin qadağan etmədiyi, ürəklərdə yaşayan həmin maneələri aşmaqda yardımçı olacaq.

Hamıya xoş günlər arzusu ilə... 

R4suloffR4suloff

OXUNMA SAYI :601

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff