Kim hara nə ilə gedir?


Kim hara nə ilə gedir?

İkarus dərdi

"İkarus"un mühərrikinin xarab olması ucbatından bəzən sərnişinlər bütün gecəni Salyanla Biləsuvar arasındakı boş çöllükdə keçirməli olur.

Lənkəranda şəhərlərarası avtobus xidmətinin yenidən təşkilinə ehtiyac var. Bakı-Lənkəran, Bakı-Astara marşrutları üzrə işləyən "İkarus" tipli avtobusların istismar müddəti çoxdan bitsə də, onlar yenə də xəttə buraxılır. Halbuki bu avtobusların əksəriyyəti tam yararsız vəziyyətdədir.

Sovetlər dönəmində rahat və müasir sayılan "İkarus" avtobuslarını sosialist Macarıstanı istehsal edirdi. Bu avtobuslar təkcə SSRİ-yə deyil, digər sosialist ölkələrinə də göndərilirdi. "İkarus"lar Azərbaycana da o vaxtlar gətirilmişdi. Şərqi Avropada "İkarus"lar çoxdan tarixin arxivinə təhvil verilib. Fəqət Azərbaycanda "İkarus"lara "məhəbbət" qalır. Ölkədaxili bəzi marşrut xətlərində, xüsusən, cənub istiqamətində olan xətlərdə hələ də yaradıcılığını davam etdirən "İkarus"larda sərnişinlərin rahatlığı üçün heç bir şərait yoxdur. Salonlarda kondisioner işləmir və avtobuslara sürücülər özbaşına kobud "əlavələr" ediblər. Məsələn, bu günlərdə Bakıdan qayıdan zaman əyləşdiyim avtobusun bütün pəncərələri bağlı idi. Salona isə yük vurmaq üçün uzun-uzun taxçalar bərkidilmiş, pəncərələri açmaq üçün heç bir şans qoymamışdılar. Salon istidən od tutub yanırdı. Oturacaqların əksəriyyətinin üzü cırılmış, onların karkası kobud qaynaq vasitəsilə yenidən birləşdirilmişdi. Avtobusun niyə bu kökdə olması ilə maraqlandıqda sürücü "maşın köhnədir, maya qoyub təzədən yığdırmışam" cavabını verdi. Cənub bölgəsindən Bakı istiqamətinə hərəkət edən "İkarus"ların hamısı bu gündədir. Sərnişinlər məcbur qalıb bu avtobuslara əyləşməli olurlar.

Bakıya gedən Elşad bizimlə söhbətdə bildirdi ki, işi ilə əlaqədar tez-tez paytaxta getməli olur. Dəfələrlə "İkarus"ların yolda sınıb qaldığının şahidi olub. Digər həmsöhbətim İmrana isə köhnə "İkarus"a minmək baha başa gəlib. Bakıdan qayıdarkən "İkarus"un mühərrikinin xarab olması ucbatından onlar bütün gecəni Salyanla Biləsuvar arasındakı boş çöllükdə keçirməli olublar. "Ondan sonra bu avtobuslara minmirəm. Ən yaxşısı Bakıya "xaltura" edən minik avtomobilləridir. Üç saata Bakıya çatdırır", - deyə həmsöhbətim bildirir. Maşınların köhnə olması səbəbindən sürücülər onu çox ehtiyatla sürməyə məcburdurlar. Nəticədə adamlar mənzil başına xeyli gec çatırlar. Maraqlıdır ki, sərnişinlərin təhlükəsizliyinə heç bir təminat verməyən bu avtobuslar çox rahatlıqla Bakı Avtovağzalına reys üçün xəttə qəbul edilir. Bu zaman avtobusun texniki göstəriciləri, istismara yararlılıq müddəti qətiyyən nəzərə alınmır. Lənkəran avtovağzalı rəsmilərindən olan Hicran müəllim bizimlə söhbətdə bildirdi ki, onların reysə çıxan köhnə "İkarus"ları xətdən çıxarmağa ixtiyarları yoxdur: "Maşınlar Bakıdan göndərilir və biz də onları geriyə göndərməliyik". Lənkərandan Bakıya müasir tipli, kondisionerli avtobuslar da işləyir. Amma bunlar azlıq təşkil edir. Köhnə, yararsız "İkarus" avtobuslar daha çoxdur. Bu avtobuslarla reysləri biz ləğv edə bilmərik. Bu, gərək Nəqliyyat Nazirliyi tərəfindən ləğv edilsin".

Avtovağzal rəsmisi əlavə edir ki, bu avtobuslarda təhlükəsizliyə avtobus sürücüləri cavabdehlik daşıyır. Maşın sahibləri yeni avtobuslar almaq istəmirlər və buna onları vadar edən ciddi səbəblər var.

Bizimlə söhbətdə adının çəkilməsini istəməyən şirkət rəhbərlərindən biri qeyd etdi ki, yeni maşın almaq indi sərfəli deyil. "Mənim iki yeni, hər cür şəraiti olan xarici avtobusum var. Amma onları reysə çıxarmaq mənə sərf etmir. Çünki iri tutumlu avtobuslara sərnişin minmir". Bunun səbəbini o, avtovağzalda fəaliyyət göstərən kiçik tutumlu "Qazel" və "Ford" markalı mikroavtobuslarda görür. Sərnişinlər çox vaxt sürətli hərəkət edən bu mikroavtobuslara üstünlük verirlər. Həmsöhbətim bunu qəribə də olsa, adamların hövsələsizliyi ilə bağlayır: "Adamlar hövsələsiz olublar. Mənzil başına tez çatmaq istəyirlər. Böyük avtobuslar isə məsafəni qət etmək üçün çox vaxt sərf edir", - deyə o qeyd edir.

... Hər halda, köhnəlmiş avtobusları yığışdırmağın vaxtı çoxdan çatıb. Çünki nəqliyyat sektorunda sərnişinə xidmət mədəniyyətini yüksəltmək baxımından yeni və müasir avtobuslar gərəkdir.


Xaqani Səfərli 

R4suloffR4suloff

OXUNMA SAYI :1070

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az