Facebookda “dost çıxartma” əməliyyatı


Facebookda “dost çıxartma” əməliyyatı

Kim “bəyənməsə” dostluqdan çıxaracağam

 “Çıxartma” sözü bizdə həmişə dəbdə olub. Bir çox hökmdarlar qədim zamanlarda cəza kimi düşmənlərinin, bəzən Nadir şah kimi hətta qardaşının gözünü çıxartdırıb. Mövhumatçıların isə sön aylaradək “Cin çıxatrma” əməliyyatı çoxlarına bəllidir. (Daha uşaqların etiraz  əlaməti kimi dil çıxartmasını, bəzi insanların “it dirsəyi” çıxartmasını yazmıram). Qeybətçilərin bəzi qızlar haqqında “söz çıxartma” məsəli də həmişə dəbdə olub. Adına söz çıxanların həyatı bəzən zəhərə dönüb.

Son vaxtların dəbdə olan xasiyyətlərindən biri də  Facebookda “dost çıxartmaqdır”.

 Bu, yaxşıdır, ya pis? Öz düşüncələrimi paylaşmaq istəyirəm. Məncə, kimsə ədəb qaydalarına əməl etmədən Facebokda nalayiq ifadələr işlədirsə, kimsə, sənin statuslarını güdmək üçün bu məkana gəlibsə,  nə bilim, heç bir status yazmadan, yaxud bəyənmədən, paylaşmadan illərdir səhifəndə “lal-kar” qalıb yer tutursa... belələrini silmək məncə normaldır.

Bəs nə vaxt normal görünmür?

Kimsə, dostlarının sırasında öz fikrinə zidd fikir söyləyəni dostluqdan silir.

Mirzə Cəlilin məşhur kəlamı yəqin ki, yadda çıxmayıb -  Sözümüzü o kəslərə deyirik ki, onlar bizə qulaq asmaq istəmirlər.

 Vaxt var idi cəbhəçilər Musavatı, müsavatçılar Azadlığı, onlar hər ikisi isə iqtidar qəzetlərin oxumurdular. Düzgün idimi? Məncə yox. Şəxsən mən, dilləırin bilsəm, erməni mətbuatın da izləyərdim ki, görüm, düşmənimiz nə yazır, nələr düşünür.

Əks fikirliləri dostluqdan çıxartmasaq nə olar?

Ən azından həm əks düşərgənin sözçülərinin fikirləri ilə tanış olar, həm də öz fikirlərimizi onlara çatdırmaq imkanı qazanarıq. Bəlkə həmin “pis adam” sənin statuslarını oxuyub daha yaxşı adam olacaq.

Kimisə Facebook dostluğundan çıxartmaq elə də faciə deyil. Bu dost çıxardanın  kiçikliyini, dözümsüzlüyünün nişanəsidir.

Elə gündəlik həyatımıza nəzər salaq. İqtidardakılar iclaslarında bir yad fikirli görəndə dözmürlər. Bəs müxalifət?  Təxminən onlar da eləcə. Adicə müxalif kanallara nəzər salaq. Elə danışırlar ki, ancaq öz tərəfdarlarının “əlinə oynayırlar”. Ancaq onlar, əks düşərgənin insanlarını inandırmaq qabiliyyətində olsalar, daha çox qazanarlar. Necə deyərlər, dostu düşmən etmək yox, düşməni dosta çevirə bilmək daha böyük ustalıqdır.

Kimlərinsə yazdıqlarına etiraz etmək, onlarla polemikaya girmək olar. Amma... düşüncələrimiz fərqlidir deyə “dost çıxartmaq” əməliyyatı, məncə, nalaca uşaqların “küsdüm-küsdüm”. “sənlə yamanam” əməllərinə bənzəyir.

Bir-iki ay öncə Müsavat qəzetinə istinadən  adı heç də xoş olmayan əməllərdə  hallanan bir deputatın xeyriyyəçilik işləri haqqında məlumatı paylaşmışdım. (Bu adan onlarla xəstənin müalicəi, imkansız tələbənin təhsil xərclərini öz üzərinə götürüb, məktəb-filan tikib). Hörmətli siyasilərimizdən biri buna görə məni dostluqdan çıxartdı. Doğrusu, mənə çox gülməli göründü. Bir daha  qeyd edim ki, bunu mən yazmamışam, müəllif özgə, çap edən özgə, sadəcə öz səhifəmdə paylaşmışam. Qoy, hər kəs oxusun, münasibətin bildirsin. Axı, əyri yollarla pul qazananaları tez-tez tənqid edirik ki, bu qədər pul qazanır, amma yetim-yesir üçün, öz xalqı üçün 1 manat xərcləmir.  Xərcləyəndə də hoydu-hoyduya götürürük.

Başqa bir müqayisə aparaq. Orucluqda, məhərrəmlikdə bir çoxları ehsan verir. Bu ehsan verənlərin çoxu əyri yollarla pul qazanandır. İndi o ehsanı heç kim yeməməlidir? Yoxud, bir monopolist öz kəndinəə gedən yolu abadlaşdırır. O yoldan keçməməliyik?

Doğrudanmı, hər şeyi “qara” və “ağa” bölməliyik. Başqa rənglər yoxdurmu?

Qeyd; Kim bəyənməsə, dostluqdan çıxardacam. Zarafat edirəm e. Bizim dost itirən vaxtımız deyil. Gedirəm Alim Qasımovun ifasında “Əziz dost” mahnısına qulaq asmağa.

ZAHİR

R4suloffR4suloff

OXUNMA SAYI :406

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az