Lerikdən narazılar


Lerikdən narazılar

 


 


 


Ucqar dağ rayonu Lerikdə son vaxtlar xeyli quruculuq işləri görülsə də, bu rayondan narazılar da az deyil. Çoxları adlarını gizli saxlamaq istəsə də, müxtəlif saytlarda bu barədə xeyli məlumatlar yayırlar. Həmin məlumatlardan biri odur ki,

Lerikdə aparılan yenidənqurma və abadlıq işlərində Sabir Baxşəliyev adlı şəxs yaxından iştirak edib. Görülən işlərin icraçısı kimi isə icra başçısı Rövşən Bağırovun qardaşı Fərhad Bağırov təqdim olunur.


Rayonda reallaşan işlərin qiymətini ödəyən şəxs qismində isə ARDNŞ çıxış edib. Həmin layihə çərçivəsində Lerik rayon Mədəniyyət Evinin, 1 saylı orta məktəbin, musiqi məktəbinin, xəstəxananın isitmə sistemləri tam təmir olunmuş və ya yenidən qurulmuşdu. Bildirilir ki, rayon Mədəniyyət Evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdir. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. İrəli sürülən və şikayətin əsas mahiyyətini əks etdirən əsas iddia isə bundan ibarət idi ki, birgə fəaliyyətə başlamazdan əvvəl Fərhad Bağırovun və Sabir Baxşəlyeivin arasında əldə olunacaq gəlirin 50-50-yə bölünəcəyi barədə razılığa gəlinibmiş. Nəzərdə tutulmuş işlərin görülüb başa çatmasından və ödənişlərin həyata keçirilməsindən sonra isə Fərhad Bağırov ilkin vədini təkzib edərək bu işdən onlara qalan gəlirin yalnız 52000 manat olduğunu bildirib. Sonda isə F.Bağırov hətta özünün birtərəfli şəkildə müəyyən etdiyi bölgü ilə də razılaşmayaraq, hər hansısa bir məbləği ödəməkdən imtina edib.

Kütləvi informasiya vasitələrinə narazı vətəndaşlar tərəfindən təqdim olunan müraciətlərdə bildirilir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur: “Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb.

Elə Gülbəsdə Almazovanın şikayət məktubunda da rayon rəhbərliyinin fəaliyyətindən ciddi narazılıq ifadə olunur: “Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi olaraq Lerik rayonuna kuratorluq etməsi rayonda qanunların işləməməsinə səbəb olmuşdur. Bir tərəfdən də Rövnəq Abdullayevin tələbə yoldaşı İqbal Məmmədov Lerik rayonundan deputat “seçildi”. Lerikdə hamı onu, yəni İqbal Məmmədovu, bu rayonun “qubernatoru” kimi tanıyırlar.


Bundan başqa isə vətəndaş həm də ailə üzvlərinin vəzifəli şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qaldığını iddia edir: “Bizim ailəyə də birbaşa İcra başçısının təzyiqi ilə qara yaxılmış, oğluma böhtan atılmışdır. Oğlum Azad Əliyevin heç bir günahı olmadan şərə düşmüşdür. Artıq cana doymuşuq. Qonşu rayonlardan da məktub və teleqramlarımızı göndərə bilmirik. Minbir bəhanə tapırlar. Dolayı yollarla müraciətlərimizin paytaxta getməsinə maneçilik törədirlər.”


Deyilənlərə görə, R.Bağırovu iş yerində tapmaq çətin məsələdir. Ya Bakıda olur, ya da Lerikdəki «Relax» istirahət mərkəzində. Rayonda tapılmayan Rövşən Bağırovu isə onun birinci müavini Cəlil Baxşiyev əvəz edir. Elə bu səbəbdəndir ki, hal-hazırda Lerikdə əksər vəzifələrin birinci müavinin qohumlarında olduğu deyilir”.






Lerik rayonu Nəriman Nərimanov küçəsi, ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev “Yeni Müsavat”a müraciət edərək, kömək istəyib. Bildirib ki, onun 60 sota qanuni sənədi olan həyətyanı sahəsini zorla Lerikin icra başçısı Rövşən Bağırov və rayondan deputat olan İqbal Məmmədov müsadirə ediblər: “Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər. Torpağımızı zorla əlimizdən alan isə Lerikin İcra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur. Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Bu günlər rayonun deputatı İqbal Məmmədov mənimlə

telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deməkdən, nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.


Zərərçəkən Eldəniz Quliyev ailəsinin yaşadığı və başına gələn müsibətlərdən danışdı : “15 ailə üzvümüz var. Ümid yerimiz o torpaq sahəsi idi. Əkinimizi viran qoyub, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn, anonim zənglər edənlər də onlardır. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. ”.


P.S: Yazıda adları çəkilən Lerikin İcra başçısı Rövşən Bağırovun və Milli Məclisin deputatı İqbal Məmmədovun mövqeyini dərc etməyə hazırıq.


 

R4suloffR4suloff

OXUNMA SAYI :1649

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff