Icra başçısının sürücüsü və bir küçə əhvalatı


Icra başçısının sürücüsü və bir küçə əhvalatı

 Hər iki məktubun məzmunu, demək olar ki, eynidir. Sakinlər yazır: Biz aşağıda imza edənlər Astara şəhərinin əsas küçələrindən biri olan Nizami adına küçədə yaşayırıq. Bu küçə yayda toz olur, qışda isə palçıq. Küçənin uzunluğu 1 kilometrə yaxındır. Küçənin hər ki tərəfində ailələr məskunlaşıb. Yaşlı adamlar, məktəbli uşaqlar bu yolu keçməkdə çətinlik çəkirlər. Küçənin səkisi də bərbad haldadır. Xahişimiz ondan ibarətdir ki, heç olmasa səkini qaydaya salsınlar. Küçənin və səkinin indiki vəziyyəi barədə dəfələrlə müxtəlif instansiyalara müraciət etmişik. Səsimizə səs verən tapılmır. Bu küçə ilə paralel olan H.Əliyev prospektini yüksək şəkildə təmir ediblər. Bəs bu küçənin yiyəsi haçan tapılar?

İmza: Səfura Əliyeva, Xalidə Məmmədova,

İlham Abıyev, Rövşən Ramazanov. Cəmi 13 imza.

Şəhər 1 saylı orta məktəbin müəllimi Tarif Əliyev də məktubunda eyni məsələyə toxunur. Onun məktubundan məlum olur ki, T.Əliyev də eyni adda küçədə yaşayır. O yazır ki, Nizami küçəsində yaşayan, ağsaqqal Adil Abıyevin xahişi ilə Astara rayon icra hakimiyyətində oldum. Binanın qarşısında İcra Hakimiyyəti başçısı Mahir Quliyevlə rastlaşdıq. Nizami adına küçənin bərbad vəziyyətdə olduğunu ona bildirdim. Xahiş etdim ki, heç olmasa səkini təmir etsinlər. O isə dedi ki, həmin küçə bir dəfə təmir edilib. O yoldan Astara gömrükxanasından çıxan maşınlar keçir. Gedin, bu barədə gömrük idarəsinə şikayət edin. Mən sözə başlamamış onun yanında duran sürücüsü Nofəl Şəfiyev dedi ki, Siz yol kəsənsiniz? Mən qeyd etdim ki, hər bir vətəndaşın bu və ya digər məsələlərlə bağlı İcra Hakimiyyəti başçısına müraciət etmək hüququ var. İcra hakimiyyəti başçısı da vətəndaşı dinləməlidir. Mən sizə yox, Astara Rayon İcra Hakimiyyəti başçısına müraciət edirəm. M.Quliyev bizi bu vəziyyətdə qoyub getdi.

Bu söhbətdən sonra Tarif Əliyevin dərs dediyi məktəbə onun işini yoxlamaq üçün adamlar göndərilir. Onu rayon təhsil şöbəsinə çağırırlar. İcra hakimiyyəti başçısının müavini,YAP rayon təşkilatının sədri Natiq İbadov onunla bu barədə söhbət edir. Və soruşur ki, nə baş verib? Məlum olur ki, bu məsələni belə şişirtməyin mənası yoxdur. T.Əliyev deyir ki, özüm məəttəl qalmışam. Əslində M.Quliyev söhbətə müdaxilə etdiyinə görə sürücüsünə irad tutmalı idi. Belə məlum olur ki, Astara Rayon İcra Hakimiyyəti başçısına müraciət etmək təhlükəlidir. Bəs mənim hüququm?

Onu da deyək ki, M. Quliyevin sürücüsü, həm də yerlisi Nofəl Şəfiyev barəsində qəribə söhbətlər gəzir. Deyirlər ki, rayonu o idarə edir. Əslində astaralılar M. Quliyevi yox, N. Şəfiyevi yaxşı tanıyırlar.

Mətləbdən uzaq düşdük. Nizami küçəsinin təmir edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Astara rayon icra hakimiyyəti aparatı ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, həmin küçə ölkə əhəmiyyətli beynəlxalq yoldur. Bu yola cavabdeh olan şəxslər, yəqin ki, gəlib buraya baxış keçirib tədbir görəcəklər. Onu da bildirdilər ki, yolla bağlı şikayət edənlər həddindən artıq ifrata varırlar. Nizami küçəsi asfalt döşənmiş normal yoldur.

Onu da deyək ki, son iki ildə Astara şəhərinin abadlığı ilə bağlı xeyli iş görülüb. Demək olar ki, Astaranın siması yaxşı mənada dəyişilib. Üç il bundan əvvəl Nizami küçəsinə də asfalt döşənib. Söhbət ondan gedir ki, Nizami küçəsi İranla Azərbaycan arasında əsas tranzitə çevrilib. Hər gün bu yoldan yüzə yaxın yüksək tonajlı maşın keçir. Elə maşınlar var ki, 30-40 ton yük vurur. Yol bu yükə dözmür. Maşınlar küçədən keçəndə evlər titrəyir. Küçənin yaxınlığındakı evlərdə çatlar əmələ gəlib. Maşınların bu yoldan keçməsinə etiraz edən sakinlər dəfələrlə yolu kəsmək istəyiblər.

P.S. Bizcə Nizami küçəsinə görə dərd etməyə dəyməz. Gələn il, 2011-ci ildə görkəmli şairimizin anadan olmasının 870 ili tamam olacaq. Yəqin ki, həmin vaxt Nizami adına küçəni təmir edən tapılar. Hələlik isə Nizaminin Sirlər xəzinəsidən Bayquşların söhbəti və digər əhvalatlara qulaq asıb, bu küçənin dərdini unudun. 

R4suloffR4suloff

OXUNMA SAYI :768

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff