Ərkivan qəsəbəsində 2800 abonentdən cəmi 130-u qaz pulu verir.


Qəsəbənin “AzərQaz”-a 340 min manat borcu var
Ərkivan qəsəbəsində 2800 abonentdən cəmi 130-u qaz pulu verir.
2016-ci il, iyun ayının 12-dən Masallı rayonunun Ərkivan qəsəbəsinə qaz verilişi tam kəsilib. (Rayonun Qəriblər kəndi və şəhər ərazisinə daxil olan Kosakül də eyni taleyi yaşayır).
Belə radikal addım atılmasına səbəb nədir? Niyə “quru”nun oduna “yaş” da yanır?
Öncə hökumətin, konkret “AzərQaz”-ın günahları barədə.
2009-cu ildə ölkə başçısının sərəncamı ilə əhalinin qaz borcları silinəndən 1 il sonra bəlli oldu ki, əhalinin borcları əvvəlkindən xeyli çoxdur. Səbəb də o idi ki, əhaliyə yalançı borclar sırınmışdı. Təxmini hesablamalara görə təkcə Ərkivan qəsəbəsində əhalinin yalançı 35 min (!!!) manat borcu var. Tutaq ki, bir vətəndaş sübut edir ki, qəbzlərlə mənim 100 manat borcum var, onu da ödəmişəm. Amma bunlar heç bir arqumentə əsaslanmadan deyirlər ki, yox, sənin 200-300-500 manat borcun var. (Bu mövzuda saxtalıq o qədər çoxdur ki, bir yazıya sığımır).
Beləliklə, əhali saxta borclarla dolanbaca salındı. Onlarla insan müvafiq idarələrə get-gəllər arasında girinc qaldı. Əhali sadə çıxış yolu tapdı- nəinki saxta borcları ödədi, heç real borcu da ödəmədi. Necə deyərlər, dədəsi kündəni saydı, nənəsi kündədən kəsdi. Nəticədə, 35 min manat saxta borcun qarşısına əhali 340 min manat borc qoydu.
Mən özüm də həmin qəsəbə sakini olduğum üçün həmin olayların və pulu ödəsəm də qazı kəsilənlərin içindəyəm.
Çox heyrətli rəqəmlər var ortada- 2800-ə yaxın abonenti olanqəsəbədə cəmi 130 abonent pul ödəyir. Belə çıxır ki, 12 məhəlləsi olan qəsəbədə hər məhəllədən cəmi 10 abonent pul ödəyir.
Çıxış yol nədir?
Birinci, əhaliyə sırınmış saxta borclar dərhal silinməlidir - bu 35 min manatdır.
Bəs real borcların ödənməsi üçün nə etmək lazımdır?
Həqiqi kasıblıq həddində olan, faktiki borcu ödəyə bilməyən şəxslər məhəllə komitələri tərəfindən müəyyənləşib, onlar üçün güzəşt limiti tətbiq olunmalıdır. Yəni, 10 manatlıq güzəşt edilir, artıq işlətsən, pulunu ödəməlisən.
Bu 2 kateqoriya – yalançı məbləğlər və imkansızlar çıxılandan sonra araşdırılmalıdır ki, kim borcunu niyə vermir?
Bir daha əvvəlki rəqəmə qayıdıram- 340 min manatlıq borc, 130 abonentin ödənişi.
Saxta borclar və imkansızlara güzəştlər çıxılarsa, ortada ən az 200-250 min qalır. Bəs bu pulu kim verməlidir? Ərkivanda 2000 nəfərdən artıq müəllim işləyir. Hər birinin əmək haqqı 300-500 arasıdır. Bu 2000-dən 130-u çıxılırsa, bəs qalanları niyə qaz pulu
vermir.

100 manatdan yuxarı borcu olanları sayı 500 nəfərə yaxındır.
250 adamın evinə gələn qaz xətt kəsilib. Digər 2550 nəfərin qaz xəttini bir-bir kəsmək üçün sadəcə texniki imkan yoxdur. AzərQaz-da qazı bir dəfəlik kəsməkdə görür. Beləliklə də, qaz pulu ödəyənlər də eyni cəzanı çəkməli olur.
Ortada normal təhlil yoxdur, iri borcluların adlarının mətbuatda işıqlanması, saytlarda, sosial səhifələrdə paylaşmasına qədər təkliflər var. Pulu olub ödəməyənlər də kifayət qədərdir. Onların arasında rəhbər işçilər, bələdiyyə üzvləri öndədir. Bəziləri zarafatca deyir ki, verilməyən qəzetlər üçün yığılan 10 min manatları yüzlərlə müəllimin qaz pulunu vermək olardı.
Hazırda məscidlərdə, məktəblərdə, kütləvi yerlərdə təbliğat gedir.
Əhali təklif edir ki, heç olmasa Ramazan ayında qadağanı götürsünlər, görək nə edirik.
Görünür ki, Ərkivanda “qazlı oğlanlar” çox olsa da, qaz pulu verənlər olduqca azdır.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :1681

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff