“Gülgəz nənəni necə öldürdülər?.”


“Gülgəz nənəni necə öldürdülər?.”
Gülgəz nənənin hədsiz sadəliyi və saflığı onu ölümə necə sürüklədi?
74 yaşlı Gülgəz İsrafilova bizim qonşuluğumuzda yaşayırdı. Olduqca səmimi, şən, hamıya ürək yandıran, hüzr məclislərində mərsiyə deyən və digər gözəl xasiyyətlərə malik, necə deyərlər, ipək kimi bir xanım idi.
O 4 qız, 4 oğul böyüdüb, hamısının toy-mağarını görüb, onlarla nəvə sahibi olan bir nənə idi. Ovladlarının bir çoxu isə Rusiyada yaşayır. Özü isə bir neçə otaqlı, köhnə ata yurdunda qalırdı. Bəzən nəvələri gecələr onunla qalsa da, əsasən həmin evdə tək yaşayırdı.

Gülgəz nənənin ən çox diqqətə çəkən cəhəti həmişə sinəsində asdığı balaca pul bağlaması idi. Hamı bilirdi ki, o bağlamada pul var. Heç özü də gizlətmirdi. Deyirdi ki, heç kimə ehtiyacım yoxdur, dəfn pulumu, hüzr pulumu indidən tədarük etmişəm. Vəsiyyət də eləmişəm ki, hüzr məclisimdə pul yığılmasın. Uşaqlarım Bakıda, başqa şəhərlərdə yaşayır, elin borcunu qaytara bilmərəm.
Gülgəzi İsrafilovun qatili kimi şübhəli bilinib saxlanılan Coşqunun 41 yaşı olub, məktəb yaşlı bir oğlu və bir qızı var. Coşqun Qurbanov qətlə yetirilən qadınla yanaşı, qonşu binada yaşayırdı. Aralarında heç 1 metr məsafə olmazdı. Məlumat üçün bildirək ki, Coşqunun ailəsi toylarda deyilən müqəddəs arzunu reallaşdıranlardandır – ailədə 7 qardaş, 1 bacıdır.
Qardaşların 3-ü ali təhsilli həkim, digərləri sadə peşə sahibləridir. Coşqun isə uzun illərdir ki, kənddə pis imici olan bir insan kimi tanınır. Kimi onu narkoman, kimi oğru, kimi avara həyat sürən biri kimi dəyərləndirir.
O. bundan əvvəl oğurluğa görə həbs edilmiş, şərti cəza ilə azadlığa buraxılmışdı. Məlum hadisədən sonra isə polisin operativ tədbirləri nəticəsində dərhal həbs edilmişdi.
Hələ hadisədən öncə onun hərəkətləri bir çoxunda şübhə doğururdu.
Həmin gün, səhər saat 8-9 arası Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsi növbəti sakit həyatını yaşayırdı. Həyət-bacada iş görən kim, işə tələsən kim.
Saat 10-a qalmış qəfil xəbər hamını şoka saldı. Qəsəbəni bəd xəbər tez yayıldı - Gülgəz gəlini öldürüb, pulun aparıblar.
Deməli, onun Rusiyada yaşayan, sön günlər qəsəbəyə gələn, özünə məxsus evdə yaşayan oğlu Mübariz adlı oğlu səhər tezdən ata evinə gəlir və qapını bağlı görür. Elə bilir ki, anası yatıb. Bir azdan yenə də gəlir. Yenə qapı bağlı. Pəncərədən evə girəndə isə dəhşətə gəlir, ana qan içində.
İlk fərziyyələr çaşdırıcı oldu. Hadisə yerinə təcili gələn hüquq mühafizə orqanlarının işçiləri ilkin araşdırmadan sonra məlumat yaydılar ki, Gülgəz xanım şəkər xəstəsi olub, başı çarpayıya dəyərək ölüb. Hətta onun ölüm xəbərin yayan saytlar da polis rəhbərliyi tərəfindən kəskin qınaq obyekti olub- guya adi ölümü qətl xəbəri kimi yayıblar. Bütün hallarda onun cəsədi ekspertizaya aparıldı və oğlu Mübariz də onlarla getdi. 2 saatdan sonra bəlli oldu ki, Gülgəz İsrafilovun bədənində 3 bıçaq zərbəsi, sinəsində digər xəsarətlər var və başın kərpiclə zərbə endirilib.
Indi qəribə sual doğur. Necə olur ki, 3 bıçaq zərbəsi alan, başından ayağınadək qan içində olan meyit çarpayıya başı dəyib ölən kimi təqdim edilir?
Qətl xəbəri yayılan kimi hamının şübhələri həmin qonşu Coşqun Qurbanova dikəldi. Elə güman edilən kimi də oldu. Polisin operativ tədbirləri nəticəsində o saxlanıldı və hər şeyi etiraf etdi.
Yayılan məlumata görə guya Coşqun bildirib ki, əvvəllər də bu qonşu evə girib, ev sahibindən xəbərsiz evi necə lazımdır ələk-vələk edib, sandıqdan bir neçə dəfə pal-paltar götürüb, hətta bir dəfə 1 manat pul, daha sonra qab-qacağı əkişdirib. Sonuncu dəfə isə axşam “Polis məni qovur” bəhanəsi ilə icazəli şəkildə evə daxil olub. G. İsrafilova ilə xeyli söhbət edib, qonşu çarpayıda yatıb. Daha sonra Gülgəz İsrafilovaya yaxınlaşıb, pul istəyib və qadın ona 40 manat verib. Amma Coşqun razılaşmayaraq, “Səndə hüzrün üçün yığdığın daha bir neçə min manat var, onu ver”- deyərək onunla dirəşməyə başlayıb . İstədiyini ala bilməyən Coşqun kərpiclə onun başına vurub, daha sonra sol və sağ nahiyələrinə və sinəsinə 3 bıçaq zərbəsi endirib. Bundan sonra Gülgəz xanımın boynundakı pul olan bağlamanı qırıb və onun barmağındakı üzüyünü çıxardaraq qaçıb.
İkinci söz-söhbət ondan ibarətdir ki, Coşqun evə arxa pəncərədən girib, qadını qətlə yetirdikdən və pulu göndərdikdən sonra oradan qaçıb.
Coşqunun bu işi tək etmədiyi barədə də söz-söhbətlər var.
Məhəllə sakinləri xof içindədir. Qız-gəlinlər yatarkən yan-yörəsinə bıçaq, ət baltası və sair kəsici alətlər qoyur, hava qaralan kimi çölə çıxmağa qorxurlar.
Bir sual isə gündəmdən düşmür-bu hadisə olmaya bilərdimi? Biz polisin zəhmətini heç də kiçiltmək istəmirik. Bir sıra neqativ hərəkətlərinə baxmayaraq polislər gecə-gündüz fədakarlıqla çalışırlar. Lakin bu da sirr deyil ki, bir sıra oğurluq halları heç da ciddi-cəhdlə araşdırılmır, az qalır ziyan çəkənlər özləri günahkar çıxarılır. Motor, toyuq-cücə, kontur, pul ... oğurluğu baş alıb gedir. Bəzisi şikayət etmir, bəzisi susdurulur. Bu da son. Həmin balaca oğurluqlar gəlib belə dəhşətli nəticələrə səbəb olur.
Sonda ABŞ-da olarkən eşitdiyim ifadəni xatırlamaya bilmirəm. Ohaya ştatında Prokurorluğun Baş Müfəttişliyinin rəisi ilə görüşəndə o cinayətləri açması ilə öyünmədi. Dedi ki, bu, bizim işimizdir. Əsas vəzifəmiz isə cinayətin baş verməməsi, onun qarşısını almaqdır. Yəqin xatırlayarsınız - ötən sayımızda 6 il həbsdə yatan, sonra azadlığa çıxan Seyran adlı şəxsi həbs etdilər. Bu şəxs 100 manatlıq iş üçün onlarla qapı döydü, nə pensiya verdilər, nə işə götürdülər. indi hökumət onun həbsdə saxlanmaq üçün günü 10 manatdan ayda ən azı 300 manat pul xərcləyir. Elə həmin pulun yarısını ona məhbəsdən kənarda versə idilər, heç olmasa bu bədbəxt balalarının yanında ölərdi də.
Qəzet çapa gedən ərəfədə bir maraqlı məlumat da aldıq. Şatırobada bu günlərdə istifadəyə verilən yeni məktəbin direktoru açılışın səhəri günü vəzifəsindən azad edilib. Yayılan, lakin hələ təsdiqini tapmayan məlumata görə həmin direktor şəxsi maşını ilə bir qadını vurub. Qadın vəfat edib. Qarşılıqlı razılığa əsasən həmin qadının pilləkəndən yıxılıb olduğu bildirilir. Məlumat araşdırılır.
ZahirR4suloffR4suloff

OXUNMA SAYI :722

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff