Bir boşanmanın acıları||--||


Bir boşanmanın acıları||--||

- Əlihüseynova Zenfira Məmmədqulu qızı. 1977-ci il iyunun 17-də Cəlilabad rayonunun keçmiş Svetlaya Zarya, indiki Muğan kəndində anadan olmuşam. Ailədə beş bacı və bir qardaşıq. Orta təhsilliyəm. 1994–cü ildə Cəlilabad rayonunun Muğan kəndində anadan olmuş, Cəlilabad şəhəri Babək küçəsi 14 saylı evdə qeydiyyatda olan Zeynalov Vətən Mirzəxan oğlu ilə ailə qurduq.




“İki övladımız dünyaya gəldi...”


Əvvəllər pis yaşamırdıq və heç bir problemimiz yox idi. 1995-ci il avqust ayının 9-da ilk övladımız, qızım, 1997-ci ilin may ayının 9-da isə 2-ci övladımız, oğlum dünyaya gəldi. Bu bir neçə ili həyat yoldaşımın atasıgildə yaşayırdıq. Çünki hələ öz evimiz yox idi.


“Rusiya Federasiyasına getdik...”


1998-ci il həyat yoldaşımın yaxınlarının yaşadığı Rusiya Federasiyasının Tümen şəhərinin Putyaq qəsəbəsinə getdik. 2001-ci ilə kimi orada yaşadıq. Amma elə orada həyat yoldaşımla aramızda olan mübahisələrdən sonra iki övladımla öz ata evimə qayıtdım.


“2005-ci ildə boşandıq...”


2005-ci ilə kimi belə yaşadıq. Sonra 2005-ci ildə Cəlilabad rayon Məhkəməsinə müraciət edərək rəsmi şəkildə boşandıq. Məhkəmə qərar çıxardığı zaman mənə 2 uşağa görə aliment, birgə nikah vaxtı birlikdə olan əmlakımızdan pay və bir də Vətən Zeynalovun ata evindən pay verilməsi ilə bağlı qərar qəbul etdi.


“Bakı Apellyasiya məhkəməsi bunları ləğv etdi...”


Bundan sonra Vətən Zeynalov Cəlilabad rayon Məhkəməsinin qərarından narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi. Bakı Apellyasiya Məhkəməsi aliment ödənməsini qüvvədə saxlayaraq məni qalan imtiyazlardan məhrum etdi.


“Alimentimi ala bilmirəm...”


Sonra Vətən Zeynalov yenidən Rusiyaya qaçaraq aliment ödəməkdən boyun qaçırdı. Bu günə kimi, ötən 9 ildə mən 2 uşağa görə cəmi 340 manat aliment almışam. İndi keçmiş həyat yoldaşımın mənə alimentə görə 3000 manat və bir də birgə nikah vaxtı aldığımız maşından 1400 ABŞ dollar borcu qalıb. Amma təəssüflər olsun ki, Vətən Zeynalov bu borcları ödəməkdən boyun qaçırır.


“Axtarışda olan şəxsi necə azadlığa buraxıblar...?”


Vətən Zeynalov bu ilin mart ayında Rusiya Federasiyasından ölkəmizə keçərkən həbs edildi və 20 gün həbsdə qaldıqdan sonra müəmmalı şəkildə azadlığa buraxıldı. Halbuki, Cəlilabad Rayon Polis Şöbəsi Vətən Zeynalov haqqında 25.05.2010-cu il tarixdə 16030 saylı axtarış işi açmışdır.


“İcraçılar prosesdən yayınır?...”


Mən bu problemlə bağlı dəfələrlə Cəlilabad Rayon Məhkəməsində olmuşam. Hələ indinin özünə kimi də yollardayam, amma heç bir tədbir görmürlər. İcraçılar da məni get-gələ salırlar. Vətən Zeynalov azadlığa buraxıldıqdan sonra qardaşı Zeynal Zeynalovun bildirdiyinə görə, Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayır.


“Bölmə rəisindən açıqlama...”


Məsələ ilə bağlı Cəlilabad Rayon Məhkəmə İcraçıları Bölməsinin rəisi, 1- ci dərəcəli ədliyyə qulluqçusu Şöhlət Şahverdiyevlə əlaqə saxladıq. Ş.Şahverdiyev bizə bunları bildirdi:


- Vətən Zeynalov 2005-ci ildən Rusiya Federasiyasında gizlənərək, aliment ödəməkdən boyun qaçırırdı. Amma bu ilin mart ayında Rusiya Federasiyasından ölkəmizə daxil olarkən haqqında axtarış elan olunduğuna görə saxlanılaraq Cəlilabad rayon Məkhəməsinə təhvil verildi. Məhkəmə Vətən Zeynalova 20 gün həbs verdi. İyirmi günlük həbs müddəti başa çatdıqdan sonra Vətən Zeynalova tapşırıq verildi ki, 10 gün ərzində alimenti ödəsin. Vətən Zeynalov alimenti ödəmək əvəzinə, yenidən istintaqdan yayındı. Hal-hazırda Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən yenidən axtarışa verilib. Biz onunla bağlı sənədləri Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərmişik. Yəni Vətən Zeynalovla Zenfira Əlihüseynovanın işinə biz yox, Ədliyyə Nazirliyinin İstintaq İdarəsi baxacaq. Bu yaxınlarda hər iki tərəf Ədliyyə Nazirliyinə dəvət olunacaq.




Vasif Əlihüseyn






 

R4suloffR4suloff

OXUNMA SAYI :1763

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff