Başçının hesabatı||--||


Başçının hesabatı||--||

Doğrudanmı, Masallıda 36 qeydiyyatdan keçən QHT var?

Süründürməçilik və bürokratçılıq edən təşkilatlar hansılardır?

Kadr məsələsi, doğrudanmı, uğurla həyata keçirilir?

Hansı məsələlərdən açıq danışmayıb, onun yanından keçdilər?

Elektron xidmət niyə arzu olunan səviyyədə deyil? Boş yerlər haqqında məlumatlar İcra Hakimiyyəti başçısı saytının harasındadır?


Bu il fevralın 21-də baş tutmuş Masallı Rayon İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçmişlərdə deyildiyiyi kimi, tam tənqid və özünütənqid şəraitində keçməsə də, bir sıra maraqlı məqamları ilə yaddaqalan olmuşdur. İcra başçısı Rafil Hüseynov hesabat məruzəsində uğurlu işlərə xeyli vaxt ayırsa da, bir sıra nöqsanları etiraf etməyi də unutmamışdır. Eləcə də bəzi nöqsanların yanından keçdi. Həmçinin bu tədbirdə bir sıra önəmli vədlər verildi.

Bu yazımızda öncə icra başçısının etiraf etdiyi nöqsanları kiçik şərhlərimizlə birgə xatırlatmaq istəyirik.

Masallı kənd təsərrüfatı rayonudur. Bu rayon torpaqla yaşayır, onunla güzəran qurur, onunla yaşayır. İcra başçısı səviyyəsində etiraf edilir ki, əhalisinə görə torpağı olduqca az olan bu rayonda 10 min (!!!) hektardan artıq torpaq neçə illərdir ki, əkilib becərilmir. Nədən, səbəblər hansıdır? Heyif ki, bu məqama tam aydınlıq gətirilmir. Həmçinin etiraf edilmir ki, rayonda 2 mindən artıq şəxs payıbəlli torpaqlarda ev, zavod və digər obyektlər tikiblər. Niyə deyilmir ki, Masallı rayonunun əksər torpaqları, binaları 3-4 qoluzorlunun əsarəti altındadır?

Hesabat məruzəsində bildirilir ki, regionaların sosial-iqtisadi inkişafı ilə bağlı Masallı rayonu üzrə 31 maddə müəyyənləşib. Bu maddələrdən 29-u icra olunmuşdur. Eləcə də etiraf edilir ki, 2 maddə icra olunmamışdır - kommunal binaların istilik sisteminin bərpası, sosial sığınacaq və sosial reblitasiya mərkəzinin tikintisi həyata keçirilməmişdir. Niyə icra olunmamışdır, kimdir günahkar? Bunun açıqlaması yoxdur.

Daha bir etiraf: Şəhər üzrə 6721 smart tipli sayğac qoyulmuş, hesabat dövrü ərzində Masallı Elektrik Şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir-bərpa işləri aparılmış, 236 ədəd ağac və dəmir beton dayaq dəyişdirilmişdir. Lakin hələ də elektrik xətti təsərrüfatı acınacaqlı vəziyyətdədir və bu sahədə irəliləyişə nail olmaq mümkün olmamışdır. Masallı şəhəri istisna olmaqla rayon ərazisində mövcud olan elektrik xətti təsərrüfatı bərbad vəziyyətdədir və istifadəyə yararsızdır. Xüsusən də, qış aylarında tez-tez bu xəttlərdə qəzalar baş verir ki, bu da əhali tərəfindən narazılıqla qarşılanır. Bu problem də həlli vacib məsələlərdəndir və bu istiqamətdə səylərimizi davam etdirməliyik. Məlum olduğu kimi son 10 ildə ölkədə elektrik təminatının yaxşılaşdırılmasına milyardlarla pul sərf edilib. Bu sahədə irəliləyişlər də az deyil. Lakin yenə də səbəbsiz olaraq balaca yağış yağan, külək əsən kimi işıqlar saatlarla sönür. Bu sahədə aşkarlıq yoxdur.

Kanalizasiya etirafı: Layihənin icrasına başlanılmasından 2 ilə qədər vaxt keçməsinə baxmayaraq, ləngimələrin yarandığı, bəzi hallarda görülən işlərin keyfiyyətinin aşağı olduğu barədə podratçı təşkilata iradlar bildirilmişdir.

Bəli, 63 milyon dollarlıq layihə Masallının baş bəlasına çevrilmişdir. Necə deyərlər, istisinəqızınmasaq da, 2 ildir kanalizasiya qazıntılarının yayda tozundan, qışda palçığından minlərlə insan zülm çəkir. Bu işin icraçısı və podratçısı rayon rəhbərliyi olmasa da, hesab edirik ki, bu sahədəki özbaşınalığa etirazını daha kəskin ucaltmalıdır.Hesabat məruzəsindən təhsil etirafı: �Bu gün rayon məktəblərində 809 ibtidai sinif müəllimindən 82 faizi, yəni 664 nəfəri orta ixtisas təhsillidir ki, onların da 188 nəfəri Gəncə Məişət Xidməti Kollecinin məzunlarıdır.Onların əksəriyyətinin təhsil səviyyəsi bu gün yüksək səviyyəli təhsilə uyğun gəlmir. Düşünürük ki, bu problemin həlli məqsədilə müəllimlər arasında attestasiyanın keçirilməsi vacibdir. Yaxşı etirafdır. Lakin yenə də açıqlanmır ki, 10 ildən artıq davam edən Gəncə filialının əsl günahkarları kimdir. Sirr deyil ki, bu rüsvayçılığın memarları elə indi də kifayət qədər yüksək postlardadır. Bizim 10 il öncə gördüyümüzü hakimiyyət indi görür, həmin vaxt da yarımçıq etiraflarla kifayətlənirdilər. Bizim yadımıza isə ötən il rayonda keçirilən ən yaxşı müəllim müsabiqəsi düşdü. Belə ki, 99 məktəbdən cəmi 39 nəfər müsabiqəyə sənəd vermişdi. 60-dan artıq məktəbin isə, necə deyərlər, adam içinə çıxarmağa bircə müəllimi də yox imiş. Bu təhsilimizin faciəsidir.

Rayonun səhiyyə sahəsi barədə deyilən xoş sözlər isə reallığı əks etdirmir. Hesabatda oxuyuruq: İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4159 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 521 vərəmli xəstə, 118 nəfər xroniki böyrək çatışmazlığı, 695 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 70 talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Doğrudanmı, belədir? İlin başlanğıcında şəkərli diabet xəsətələri 3 ay güzəştli verilən dərmanı ala bilmədilər. Digər imtiyazlılar da elə o qaydada. Hesabatda qeyd olunur ki, rayonda 4159 şəkərli xəstə var. İstirahət günlərini saymasaq, təkcə şəkərli olan xəstələrdən hər gün 150-nə dərman verilsə, bunu bir aya, növbəti aya kimi paylamaq mümkünsüzdür. Bu sahədə rüsvayçılıq göz deşir. Bunu uğur kimi təqdim etmək nə dərəcədə səmimidir?

Əhaliyə ünvanlı sosial yardımlar verilməsi sahəsində biabırçı hallar minlərlə insana bəllidir. Hesabat məruzəsində bu məqama da toxunulur və bir sıra nöqsanlar etiraf edilir. Hesabatda oxuyuruq: Əvvəlki illərdə aparılan təyinatlara nəzər saldıqda çox acınacaqlı bir mənzərənin şahidi oluruq. Bir çox imkanlı şəxslərə qanunsuz təyinat aparmaqla bərabər, bəzi kəndlərə də kütləvi təyinatlar həyata keçirilmişdir ki, bu da bir çox hallarda şübhə doğurur. Belə ki, 2012-ci ildə 4265 ailəyə 3 milyon 337 min manat ünvanlı sosial yardım təyinatı aparılmışdır. 2013-cü ildə isə 4926 ailəyə 8 milyon 185 min manat ünvanlı sosial yardım təyin edilmişdir. Rəqəmləri müqayisə etdikdə görürük ki, təyinat aparılan ailələrin sayının təqribən 15 faiz artmasına baxmayaraq, onlara ödənilən vəsaitin miqdarı 2,5 dəfə artmışdır. Bu uyğunsuzluq da onu göstərir ki, mərkəzdə ciddi qanun və maliyyə pozuntularına yol verilmişdir.

... Bəs bu nöqsanlar əvvəllər niyə deylmirdi? Niyə nazirlik səviyyəsində aşkarlıq yaradıldıqdan sonra bu nöqsanlar yada düşdü? Niyə DSMF-in Masallı şöbəsindəki eyni xarakterli nöqsanlardan danışılmır. Gözləyirik ki, bu təşkilatda da inqilabi dəyişiklik olsun, biz də sonra hərəkətə gələk?

Hesabat məruzəsində siyasi partiyalar rayondakı QHT-lərlə bağlı da maraqlı məqamlar var. Hesabata nəzər salaq: Rayonda siyasi partiyaların 22 təşkilatı fəaliyyət göstərir. Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmışdır.

Doğrudanmı, belədir? Digər siyasi partiya təşkilatlarının cəmi birinin - Müsavatın yerli təşkilatının 20-25 kvadrat metrlik otağı var. (Hansı ki, həmin 1 otaqda da normal tədbirlər keçirtmək bəzən problemli olur).Halbuki, Yeni Azərbaycan Partiyasının Masallı təşkilatının (90 min üzvündən kimsəsinin qapısını açmadığı) möhtəşəm binasındakı otaqlarının sayı həmin partiyaların sayından çoxdur. Belə vəziyyətdə hansı bərabər şəraitdən danışmaq olar?

Hesabatdan: Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq, gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi, həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdi�.

QHT-lər ilə bağlı bu məlumat isə açıq- aşkar şişirdilmişdir. 5-6 ölkə səviyyəli QHT-lərin filiallarını çıxmaq şərti ilə Masallıda cəmi 1 QHT-nin, ərəqqi adlı İctimai Birliyinin qeydiyyatı var. Digər adı QHT olub, amma özü olmayan qurumlar isə ancaq matəm günlərində əklil qoymaqdan, bayramlarda isə medal və ordenlərini nümayiş etdirmək üçün toy generalları kimi ön cərgədə sıralanmaqdan başqa nəyəsə yaramırlar. Onlar doğrudan varsa, niyə fəaliyyətlərində aşkarlıq yoxdur, niyə mətbuatla işləmirlər? Hətta həmin siyahıda jurnalistlərlə işləyən QHT-nin də olduğu qeyd olunur. Bölgənin ən aparıcı qəzeti kimi bizim həmin QHT-dən xəbərimiz yoxdur. Bir məqamı da xatırlamaq yerinə düşər. Bu günlərdə Avropa Komissiyası və Avropa İttifaqı Masallıya 80-100 min avroluq layihə vermək istəyirdi. Lakin qeydiyyatı olan, dövriyyəsi 10-15 min manat olan bir QHT belə tapılmadı. 210 minlik bu rayonda 2-3 normal xeyriyyə cəmiyyəti də yoxdur ki, insanlar dara düşəndə onlara müraciət etsinlər. Bu gün QHT-lərin araşdırmalı olduğu onlarla sahə var. Vətəndaş cəmiyyətinə belə qeyri-səmimi münasibət başa düşülən deyil.Hesabatda kadr söhbəti: �İcra Hakimiyyəti aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğu vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür�. Biz hansı kadr siyasəti ilə öyünürük ki, Bədəlana təyin edilən icra nümayəndəsi heç 8 ay keçməmiş kənara atılır, onun qonşuluğundakı kənddə gənc nümayəndə xadimələrə görə direktorların üzərinə ayda 500 manatlıq haqq qoymaq istəyir. Qarğalıq ərazi nümayəndəsi üçün cinayət işi açılıb, Həsənli ƏN-nin mühasibi həbs edilib, Tüklə kəndində 1 ildir ki, nə sədr, nə müavin tapılır. Kadr işində o adamların sözü keçir ki, onlar illərlə vəzifədə olsa da, heç vaxt rayonda dəyərli kadr sayılmayıb, ancaq Bakıdan Qəriblərədək özü üçün ev qurmaqla məşğuldur. �Dəvə�lərin �eşşəklərin� quyruğuna bağlanması misalı unudulmamalıdır. Kadr işində xalqın səsinə daha çox qulaq asılmalıdır. Hesabatda deyilir ki, boş vəzifələr barədə İHB-nin saytında məlumatlar yerləşdirilir. Çox axtarsaq da, həmin məlumatları tapa bilmədik. Yeri gəlmişkən, onu da xatırladaq ki, hələ də rayonun əksər təşkilatları elektron xidmətlərdən faydalanmır, əksər məktəblərdə kompüterlər soyuq otaqlarda çürüyür.

... Belə tənqidi qeydlərin sayını artırmaq da olar. Hesabatın istər kitabça, istər qəzet formasında təqdimində şablonçuluq, yoruculuq da qüsurlar sırasındadır. Lakin bütün bunlar o anlama gəlməməlidir ki, Masallıda hər şey bərbaddır. Ədalət naminə deyək ki, ən azı son 2 ildə Masallıda daha böyük, daha sistemli işlər görülüb. Yeni məktəb və səhiyyə ocaqlarının tikintisi, hazırda mərkəzi, Boradigah və Kalinovka xəstəxanalarının yüksək səviyyədə təmiri, H. Əliyev parkında görülən böyük abadlıq işləri, buradakı mərkəzlərdə fəaliyyət göstərən peşəkar səviyyəli dərnəklər, yay estradasının, ahıllar evinin inşası, son 2 ildə ardıcıl keçirilən Beynəlxalq Folklor festifalları, mərkəzi stadionun müasir tələblər səviyyəsində qurulması üçün körülən işlər, kəndlərdə yaradılan istirahət mərkəzləri, 30 kilometrə yaxın kəndarası yolların çəkilməsi... Masallıdakı quruculuq işlərinin tam olmayan siyahısıdır. İcra başçısı Rafil Hüseynovun əhali ilə olduqca açıq və səmimi görüşləri də dəyərləndirilməlidir.

Hesabat yığıncağında qarşıdakı illərdə görüləcək işlərlə bağlı vədlər də yer almışdır.

Hesabatdan �Rayonun 38 kəndində yaşayan 110 minə yaxın əhali bu gün içməli suyun olmamasından əziyyət çəkir. Cənab Prezidentin tapşırığı ilə bu kəndlərimizə içməli su xəttinin çəkilməsi işinə başlanılmışdır. 2014-cü ildə bu işlərin böyük bir hissəsinin yüksək səviyyədə başa çatdırılması və əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi məqsədilə bütün imkanlar səfərbər olunacaqdır.

....Son illərdə Masallı rayonunda kəndlərarası yolların asfaltlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bununla bərabər, hələ də bəzi yolların, o cümlədən ilk növbədə 11 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 12.3 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin, 10 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 12.4 km olan Səmidxan-Xallıcalı-Eminli-Məmmədxanlı istiqamətlərində yeni yolların çəkilməsinə ehtiyac vardır. Bundan əlavə Aqroparkların, logistika mərkəzlərinin yaradılması bu sahənin inkişafı üçün çox əhəmiyyətlidir.

...Bununla bərabər, Masallı şəhərində Turizm İnstitutunun Masallı filialının və ya Turizm Peşə Məktəbinin açılması ilə bağlı səylərimiz davam edəcəkdir�.

Hazırda Masallı parkında müasir tələblərə uyğun Tarix-diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi inşa edilir. Masallı şəhəri və Ərkivan qəsəbəsi arasındakı yolda genişləndirmə işləri aparılır və yolun yaxın vaxtlarda çox yüksək səviyyədə qurulacağı şübhə doğurmur.

Viləş çayının sağ və sol sahillərində bulvar salınması da görüləcək işlər sırasındadır.

Biz irəliyə getmək istəyiriksə, istər ziyalılar, istər müxalifətçilər nöqsanları da tam kəskinliyi ilə deməyi bacarmalı, eləcə də uğurlu işləri də xatırlatmağı unutmamalıyıq. Saman altdan su yeritməklə, kimlərin sifarişi ilə ancaq nöqsan axtarışına çıxmaqla uzağa getmək olmaz. İndiki zamanda icra başçılarının idealı olmur. Amma imin xoşuna gəlsə də, gəlməsə, həqiqət naminə deməliyik ki, bəzi özündən asılı olan və olmayan nöqsanlar istisna olmaq Rafil Hüseynov 21 əsrdə Masallıya rəhbərlik edən icra başçıları ilə müqayisə edəndə onların içində yenə də ən təcrübəlisi, ən tədbirlisi, ən qayğıkeşi kimi ona üstünlük vermək olur.


�Cənub xəbərləri�

Qeyd: Redaksiyanın razılığı olmadan yazıdan istifadə etmək yolverilməzdir. 

R4suloffR4suloff

OXUNMA SAYI :1743

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff