LƏNKƏRAN BÖLGƏSİ: KİLSƏLƏR, SİNAQOQLAR


1917-ci ilə qədər Lənkəranda 5 rus kilsəsi, 1 alman kilsəsi, 1 katolik kilsəsi və 1 sinaqoq olmuşdur.
LƏNKƏRAN BÖLGƏSİ:  KİLSƏLƏR, SİNAQOQLAR
Əvvəlki yazılarımızda məlumat verildiyi kimi, Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədilə Rusiyanın müxtəlif quberniyalarında yaşayan bir çox rus ailələrini Azərbaycana köçürmüşdür.
Rusların köçürülməsi haqqında hökumət sərəncamı 1830-cu il oktyabrın 20-də imzalanmışdır. Həmin sərəncama əsasən təriqətçi (molokan, subbotniklər, babtistlər və d.) və bidətçi ruslar Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülmüşlər (Azərbaycan tarixi, 10-cu siniflər üçün dərslik. B., 2005, səh.12).
Şimali Azərbaycana köçürülmüş rusların müəyyən hissəsi Lənkəran bölgəsində, indiki Cəlilabad, Lənkəran və Masallı rayonlarında məskunlaşdırılmışlar. Bölgədə ruslar əsasən Cəlilabad rayonu ərazisində yerləşdirilmişdir. Bu rayonun oykonimlərində (yunan dilində “yaşayış yeri adı” deməkdir) də öz əksini tapmışdır. Beləki, rayon ərazisində Astraxanka, Astraxanbazar, Andreyevka, Dikalovka, Qriqoryevka, Novoqolovka, Prişib, Petrovka, Pokrovka, Privolnoye, Sviridovka, Svetlaya Zarya, Zubalovka kimi rus mənşəli yaşayış yeri adları olmuşdur. Sonralar bu yaşayış məntəqələrinin adları dəyişdirilmiş (bəzilərini tarixi adı bərpa edilmişdir), təkcə Privolnoye kəndinin adı saxlanılmışdır.
Lənkəranda ruslar Lənkəran şəhərində və Vel kəndində (sonrakı dövrlərdə ayrı-ayrı yaşayış məntəqələrində), Masallıda isə Nikolayevka kəndində məskunlaşmışlar. Nikolayevka kəndi sonralar Kalinovka adlandırılmış, 12 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Viləş adlanır.
Bölgəyə köçürülmüş rusların ibadət etmələri üçün müxtəlif vaxtlarda müəyyən yerlərdə kilsələr (kilsə xristianların dini ibadət yeri deməkdir) tikilmişdir. Bölgədə 1917-ci ilə qədər 7 rus kilsəsi olmuşdur ki, bu kilsələr də konkret olaraq Lənkəran şəhərində (4), Qumbaşı kəndində (Lənkəran r.), Göytəpə (keçmiş Prişib, 1967-ci ildən şəhərdir) şəhərində və Günəşli (keçmiş Pokrovka, Cəlilabad r.) kəndində yerləşmişdir.
LƏNKƏRAN KİLSƏLƏRİ
LƏNKƏRAN BÖLGƏSİ:  KİLSƏLƏR, SİNAQOQLAR
Lənkəran şəhərində 1810-cu ildə 2155 nəfər, 1843-cü ildə 2577 nəfər, 1865-ci ildə 4608 nəfər, 1878-ci ildə 3785 nəfər, 1897-ci ildə 8733 nəfər, 1908-ci ildə 10.463 nəfər, 1917-ci ildə 18.000 nəfər yaşamışdır (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh.297). 1897-ci il siyahıyaalınması zamanı Lənkəran şəhərində yaşamış 8733 nəfər əhalinin 1369 nəfəri rus olmuşdur.
1917-ci ilə qədər Lənkəranda 5 rus kilsəsi, 1 alman kilsəsi, 1 katolik kilsəsi və 1 sinaqoq olmuşdur. Rus kilsələrindən biri Batalyon kilsəsi adlanmışdır. Batalyon kilsəsi hərbçilər üçün nəzərdə tutulmuşdur. Lənkəranda olan kilsələr müvafiq olaraq aşağıdakı ünvanlarda yerləşmişdir:
Lənkəran qalasının Cənub bürcündə,
Lənkəran qalasının Şimal bürcündə (Batalyon kilsəsi),
Lənkəran şəhərinin Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına parkında,
Lənkəran şəhərinin Kiçik bazar ərazisindəki rus qəbiristanlığının yaxınlığında
və Qumbaşı kəndində (Cahid Həsənov. Lənkəranın memarlıq tarixi. B.,2010, səh.82).
Alman kilsəsi, katolik kilsəsi və sinaqoq haqqında sonrakı bölümdə ayrıca məlumat veriləcəkdir.
Lənkəran qalasının Cənub bürcündəki rus kilsəsi XVIII əsrin əvvəllərində, digərləri isə XIX əsrin axırlarında tikilmişdir. Lənkəran qalasının Cənub bürcündəki kilsənin XVIII əsrin əvvəllərində tikilməsi Rusiya çarı (imperator) I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə bağlı olmuşdur.
Tarixdən məlum olduğu kimi I Pyotr 1722-ci ildə Xəzəryanı bölgələrə hərbi yürüşə başlamış və yürüş Peterburq müqaviləsi (1723, 12 sentyabr) ilə başa çatmışdır.
Peterburq müqaviləsinə əsasən Rusiya Gilandan Dərbəndə kimi Xəzəryanı torpaqları, o cümlədən Lənkəran bölgəsini işğal etmişdir (Azərbaycan tarixi, I cild. B.,1994, səh.503-504).
Qamışdan tikilən kilsə
“Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları” kitabında XIX əsrdə Sara (Sarı) yarımadasında kiçik rus kilsəsinin mövcud olması və bu kilsənin tacir Kekin tərəfindən qamışdan tikilməsi faktı da qeyd olunmuşdur (Samir Quliyev, Etibar Vəliyev. B.,2018, səh.44).
Hal-hazırda rus kilsələrindən biri qalmış, digərləri isə sökülmüşdür. Son olaraq şəhərin indiki Əsgər Əliyev adına parkda olan rus kilsəsi sökülmüşdür. Tədqiqatçı-jurnalist Etibar Əhədov yazır: “Tibb elmləri doktoru, professor Abbas Talışinskinin məlumatına görə, o, 1937-ci ildə, şəhərdəki 4 saylı orta məktəbdə oxuduğu dövrdə kilsə sökülmüş, qırmızı kərpiclərindən yeni məktəbin tikintisinə sərf etmişlər” (Lənkəran məscidləri, rus kilsələri... “Aşkarlıq” qəzeti, 07.02.2018).
İndiki Əsgər Əliyev parkı ilk əvvəl Stalin bağı, daha sonra isə “Dostluq” parkı adlanmışdır. Burada rus kilsəsi ilə yanaşı keşişin də evi olmuşdur. Əsgər Əliyev parkındakı rus kilsəsi 4809 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyatına alınsa da, bu gün faktiki olaraq həmin kilsə mövcud deyildir.
LƏNKƏRAN BÖLGƏSİ:  KİLSƏLƏR, SİNAQOQLAR
Mövcud olan rus pravoslav kilsəsi Lənkəran şəhərinin Cavanşir küçəsində, Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının yaxınlığında yerləşir. Kilsə Boqamalinskinin evi kimi tanınır. İki mərtəbəli olan bu kilsə XIX əsrin axırlarında inşa edilmişdir. Kilsənin birinci mərtəbəsi qırmızı kərpicdən, ikinci mərtəbəsi isə ağacdan inşa edilmişdir. Gözəl həyətyanı sahəyə malik olan kilsə mövcud olsa da, lakin fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsi tərəfindən kilsənin mədəniyyət (memarlıq) abidəsi kimi qeydə alınmasından ötrü müvafiq quruma təqdimat göndərilmişdir.
CƏLİLABAD KİLSƏLƏRİ
Lənkəran bölgəsində fəaliyyət göstərmiş kilsələrdən ikisi Cəlilabad rayonunda, konkret olaraq rayonun Göytəpə (keçmiş Prişib) şəhərində və Günəşli (keçmiş Pokrovka) kəndində yerləşmişdir.
GÖYTƏPƏ şəhərindəki kilsə “Müqəddəs Olqa kilsəsi” adlanır. Kilsə Bakı-Astara şose yolunun üstündə yerləşir. O, nəinki, bölgənin, hətta respublikamızın iri kilsələrindən biri sayılmaqla, eyni zamanda gözəl memarlıq üslubunda inşa edilmişdir. Tədqiqatçı-jurnalist Sabir Nəsiroğlu yazır: “Qırmızı kərpicdən hörülmüş bu kilsənin əsası 30 aprel 1868-ci ildə qoyulmuşdur. Kilsənin tikintisində Qafqazın general-qubernatoru Böyük knyaz İ.İ və knyaginya Olqa Fyodrovnanın böyük rolu olmuşdur” (Muğan salnaməsi. B., 2014, səh. 58).
Ateizmin (Allahsızlıq) hökm sürdüyü Sovet dövlətində digər məscid, kilsə və sinaqoqlar kimi “Müqəddəs Olqa kilsəsi” də dindarların üzünə bağlanmışdır. Sovet imperiyası parçalandıqdan sonra Cəlilabad rayonunun digər yaşayış məntəqələrində yaşayan ruslar kimi Göytəpədə yaşayan rusların da böyük əksəriyyəti Rusiyaya, özlərinin ata-baba torpaqlarına qayıtmışdır. Kilsə istifadə edilmədiyi üçün hal-hazırda onun birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşir. “Müqəddəs olqa kilsəsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən 4177 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. Qeyd edək ki, sənədlərdə kilsənin əsasının 30 aprel 1868-ci ildə qoyulduğu göstərilsə də , kilsənin çöl divarında asılmış lövhədə isə onun 1878-ci ildə istifadəyə verildiyi qeyd olunmuşdur.
GÜNƏŞLİ (POKROVKA) kəndi Cəlilabad rayonunun şimal-şərqində yerləşir. Əhalisi 7 min nəfərdir. Kəndin bünövrəsi 1902-ci ildə buraya köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kənd 1992-ci ilə qədər Pokrovka, 1992-1998-ci illərdə Şəhriyar, 1998-ci ildən isə Günəşli adlanır.Kənddə kilsəsi 1914-cü ildə tikilmişdir (Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014, səh. 161-163). Günəşli kilsəsi hal-hazırda fəaliyyət göstərmir.
Lənkəran bölgəsində ruslardan başqa müxtəlif vaxtlarda almanlar və yəhudilər də yaşamışlar. Məhz buna görə də bölgədə rus kilsələrindən başqa 1 alman kilsəsi, 1 katolik kilsəsi və 5 sinaqoqda fəaliyyət göstərmişdir. Alman kilsəsi, katolik kilsəsi və 1 sinaqoq Lənkəran şəhərində, digər 4 sinaqoq isə Cəlilabad rayonunun Privolnoye kəndində yerləşmişdir.
ALMAN KİLSƏSİ
Almanlar Qafqaza 1817-ci ildə köçürülmüşlər. Onların Qafqazda 8 koloniyası olmuşdur ki, bunların da ikisi - Annenfeld (Şəmkir şəhərinə birləşib) və Yelenandorf (indiki Göygöl şəhəri) Azərbaycanda yerləşmişdir. Sonralar almanlar Azərbaycanın digər ərazilərinə, o cümlədən Lənkəran şəhərinə köçmüşlər. 1897-ci ilin siyahıyaalınmasına görə Lənkəran şəhərində yaşamış 8733 nəfər əhalinin 111 nəfəri alman olmuşdur.
Almanların Lənkəran şəhərində yaşadıqları məhəllə Forştat (alman dilində “şəhərdən kənar” deməkdir) adlanmışdır. XIX əsrin sonunda dini etiqadlarına uyğun olaraq şəhərin Firdovsi küçəsində kilsə inşa edilmişdir. Binanın yuxarı hissəsində iri günbəz, oxun üstündə qızıl suyuna salınmış xaç olmuşdur. Alman kilsəsi 1924-cü ilə qədər mövcud olmuşdur (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 44).
Qeyd edim ki, Xristian dini eramızın I əsrində Fələstində yaranmış və 3 çərəyandan (qoldan) ibarətdir: - katolik, pravoslav, protestant. Ruslar xristianlığın pravoslav, almanlar isə protestan və katolik cərəyanlarına sitayiş edirlər.Lənkəran qəzası üzrə əhalinin 1926-cı il siyahıyaalınmasında qəzada 208.479 nəfər əhali yaşamışdır ki, bunun da cəmi 104 nəfəri (əhalinin 0,1 faizi) alman olmuş və onların da 95 nəfəri Lənkəran şəhərində yaşamışdır. Sovet-alman müharibəsinin başlanması ilə əlaqədar Azərbaycanda yaşayan digər almanlar kimi lənkəranlı almanlarda Mərkəzi Asiya və Qazaxıstana sürgün edilmişlər.
KATOLİK KİLSƏSİ
1917-ci ilə qədər Lənkəran şəhərində 1 katolik kilsəsi də fəaliyyət göstərmişdir. Kilsə XIX əsrin axırlarında indiki Koroğlu küçəsində inşa edilmişdir. Katolik kilsəsi sonralar sökülmüş və yerində indiki şəhər 6 saylı tam orta məktəb (keçmiş bina) tikilmişdir (Cahid Həsənov. Lənkəranın memarlıq tarixi. B., 2010, səh. 82).
SİNAQOQLAR

LƏNKƏRAN BÖLGƏSİ:  KİLSƏLƏR, SİNAQOQLAR
Dünyanın qədim xalqlarından biri yəhudilərdir. Yəhudilər cuhud da adlandırılır. Ruslar onlara ”yevrey” (еврей) deyirlər. Dilləri ivrit dili adlanır. Onlar İudaizm dininə sitayiş edirlər. İudaizmə yalnız yəhudilər sitayiş etdiyindən o, milli din hesab olunur. Düzdür yəhudilərdən başqa türk mənşəli karaimlər də bu dinə sitayiş edir, lakin onların sayı olduqca azdır (3 min nəfər). Onlar əsasən Litva Respublikasında yaşayırlar. Böyük əksəriyyəti İsrail, Avropa və Amerikaya mühacirət etmişdir. Yəhudilər demək olar ki, dünyanın dörd tərəfinə səpələnmişlər. Onların yaşadıqları ölkələr arasında Azərbaycan da vardır. Yəhudilər Azərbaycanda kompakt halında Quba rayonunun keçmiş Qırmızı qəsəbəsində, indiki Fətəli xan qəsəbəsində yaşayırlar.
Yəhudilər müxtəlif vaxtlarda Lənkəran bölgəsində də yaşamışlar. 1897-ci ilə dair əhalinin siyahıyaalınmasında Lənkəran şəhərində 150 nəfər (əhalinin 1,72 faizi) yəhudi də qeydə alınmışdır. Lənkəran qəzası üzrə əhalinin 1926-cı ilə dair siyahıyaalınmasında isə qəza üzrə 101 nəfər dağ yəhudisi (əhalinin 0,1 faizi) qeydə alınmışdır ki, onlar da müvafiq olaraq Lənkəran şəhərində (38 nəfər), Boradigah (23 nəfər), Masallı (1 nəfər) və Prişib (Göytəpə; 39 nəfər) dairələrində yaşamışlar. Yəhudilərin bölgəmizdə kompakt halda yaşadıqları yer indiki Cəlilabad rayonunun Privolnoye kəndi olmuşdur. Qəza dövründə Privolnoye kəndi Prişib dairəsinin tərkibində olmuşdur. Lənkəran bölgəsində məscid və kilsələrlə yanaşı 5 sinaqoq da olmuşdur. Bunlardan 1-i Lənkəran şəhərində, 4-ü isə Privolnoye kəndində yerləşmişdir. Sinaqoq iudaizm dinində ibadət yeri hesab olunur.

LƏNKƏRAN SİNAQOQU
Lənkəran sinaqoqu XIX əsrin sonu, XX əsrin əvvəllərində qırmızı kərpicdən tikilmişdir. Sinaqoq şəhərin “Qala” adlanan ərazisində, keçmiş Xasiyev , indiki Mirzə Səlim Axundzadə küçəsində yolun üstündə yerləşir. Sinaqoq dini ibadət yeri kimi fəaliyyətini dayandırmış və hal-hazırda orada ağırlıq qaldırma və tayekvando üzrə məşq salonu yerləşir.
PRİVOLNOYE SİNAQOQLARI
Privolnoye Cəlilabad rayonunda kənddir. O, rayonun cənub-şərqində, Göytəpə şəhərinin yaxınlığında yerləşir. Əhalisi 4500 nəfərdir (2009).
Kəndin əsası 1838-ci ildə Stavropol quberniyasının Privolnoye kəndindən buraya köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Köçürülmüş ruslar məskunlaşdıqları əraziyə doğma kəndlərinin Privolnoye adını vermişlər. Privolnoye rus dilində “azadlıqda olma”, “firavanlıqda yaşamaq” mənasını verir (Sabir Nəsiroğlu. Muğan salnaməsi. B., 2014, səh. 59).
Kəndin adının rus dilində olması və əhalisini vaxtilə rusların təşkil etməsinə baxmayaraq onlar ruslar kimi xristianlığın pravoslav qoluna sitayiş etməmişlər.
Onlar vətənləri Rusiyada kilsəyə itaət etməkdən boyun qaçırmış və yəhudiliyi (iudaizmi) qəbul etmiş subbotnik məzhəbli ruslar idi. Kənddə subbotniklərin 4 sinaqoqu və 4 dini məhəlli məktəbləri fəaliyyət göstərmişdir. Kənd əhalisinin 1873-cü ilin statistik məlumatına əsasən demək olar ki, 94 faizi qədim yəhudi (ivrit) dilində yazıb oxumağı bacarırdı (Sabir Nəsiroğlu. Adı qeyd olunan kitab. Səh. 60).
Buna görə də Privolnoye kəndi bölgədə rus kəndi yox, daha çox ibadət etdikləri iudaizm dininə görə yəhudi kəndi kimi tanınmışdır. Heç də təsadüfi deyildir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra yəhudilərin dövləti olan İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri bir neçə dəfə Privolnoye kəndində olmuş, kənd sakinləri ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır. Kənd əhalisinin çoxu iqtisadi böhran illərində Rusiya, İsrail, ABŞ və Almaniyaya köçdüyündən burada azərbaycanlılar məskunlaşmışlar. Əhalinin cüzi hissəsini ruslar təşkil edir.

P.S.
Dünyada fəaliyyətdə olan ən qədim sinaqoq Praqa sinaqoqudur. Bu sinaqoq 1270-ci ildə tikilmişdir. Praqa Çexiya Respublikasının paytaxtıdır (Vikipediya).
LƏNKƏRAN BÖLGƏSİ:  KİLSƏLƏR, SİNAQOQLAR























İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan tarixi. I cild. B., 1994
Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. B., 2005
E. Muradəliyeva. Şimali Azərbaycan şəhərləri XIX əsrin ikinci yarısında (rusca). B., 1991
Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990
Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014
Cahid Həsənov. Lənkəranın memarlıq tarixi. B., 2010
Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014
Sabir Nəsiroğlu. Muğan salnaməsi. B., 2014
Samid Quliyev, Etibar Vəliyev. Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları. B., 2018
Etibar Əhədov. Lənkəran məscidləri, rus kilsələri... ”Aşkarlıq” q. 07.02.2018
Vikipediya.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

Qeyd: Yazı cenub.xeberleri.com saytının xahişi ilə məxsusi olaraq bu sayt üçün hazirlanıb.R4suloffR4suloff

OXUNMA SAYI :852

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az